Naxçıvan tarixinə yeni töhfələr

 

Arxeoloji tədqiqatlar Yaxın Şərq və Cənubi Qafqaz arxeologiyasının bir sıra problemli məsələlərinin öyrənilməsində mühüm rol oynayacaq

Son 10 il ərzində Naxçıvan Muxtar Respublikasında aparılan tədqiqatlar nəticəsində yüzlərlə yeni tarixi və mədəniyyət abidəsi qeydə alınmışdır. Milli dəyərlərimizin bir hissəsi olan bu abidələrin qorunması və tədqiqi dövlətimizin qayğısı ilə əhatə olunmuşdur. 2014-cü ildə Naxçıvan Muxtar Respublikasının bir çox abidələrində, o cümlədən Xaraba Gilan, Qızqala, Meydantəpə, Qalacıq, II Kültəpə və Şahtaxtıda araşdırmalar aparılmış, maraqlı nəticələr əldə olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyəsi ilə AMEA Naxçıvan Bölməsinin Yeni yol arxeoloji ekspedisiyası təşkil edilmişdir. Arxeoloji ekspedisiyanın apardığı tədqiqatlar nəticəsində yeni abidələr qeydə alınmışdır. Bu abidələrin ikisi - III Kültəpə yaşayış yeri və Dəyirman yeri xüsusilə diqqəti cəlb etmişdir. Arxeolojigeomorfoloji araşdırmalar bu yaşayış yerlərinin e.ə. IV minillikdə baş verən daşqın nəticəsində qalınlığı 2-3 metr olan lil qatı ilə örtüldüyünü göstərir. Həmin abidələr Nuh tufanı əfsanəsinin gerçək hadisələrdən qaynaqlandığını təsdiq edən tutarlı dəlillərdən biridir. Yeni abidələrlə birlikdə Sirabçay və Naxçıvançay hövzəsində Eneolit dövrünə aid tarixi yerlərin sayı 23-ə çatmışdır. Uzun illərdir ki, qafqazşünas arxeoloqlar Naxçıvanı Qafqazın Mesapotamiyası adlandırırdılar. Bu ərazidə qeydə alınan yeni abidələr isə Naxçıvançay və Sirabçay vadilərini Yeni Mesapotamiya adlandırmağa imkan vermişdir. Bu isə o deməkdir ki, Mesapotamiya abidələri Yaxın Şərq mədəniyyəti üçün nə dərəcədə əhəmiyyətlidirsə, Sirabçay vadisinin abidələri də Cənubi Qafqaz üçün bir o qədər əhəmiyyətlidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, AMEA Naxçıvan Bölməsinin apardığı təşkilati işlər və xarici ölkə alimləri ilə əməkdaşlığı muxtar respublikada beynəlxalq ekspedisiyaların fəaliyyəti üçün əlverişli şərait yaratmışdır.

Beynəlxalq Azərbaycan-Fransa arxeoloji ekspedisiyası Babək rayonu ərazisində yerləşən I Kültəpə abidəsində iki ildir tədqiqat işləri aparmaqdadır. Bu il dörd sahədə qazıntı işləri həyata keçirilmişdir. Cənubi Qafqazın ən mühüm Neolit abidələrindən biri olan Kültəpənin tarixini dəqiqləşdirmək üçün vaxtilə Osman Həbibullayev tərəfindən qazılan dərinliyin səviyyəsi müəyyənləşdirilmiş, mədəni təbəqənin müxtəlif səviyyələrindən analiz üçün karbon nümunələri götürülmüşdür.

İkinci sahədə abidənin kəsiyi təmizlənərək stratiqrafiyasının müəyyənləşdirilməsi üçün müəyyən işlər görülmüşdür. Üçüncü sahədə aparılan araşdırmalar zamanı tikinti qalıqları izlənmiş, evlərin döşəməsi altında dəfn edilən insanların skeletlərinin qalıqları aşkarlanmışdır. Bu tip dəfn adəti Kültəpənin Son Neolit təbəqələri üçün xarakterik olmuşdur. Dördüncü sahədə aparılan araşdırma zamanı Son Neolit insanlarının həyat tərzini dəqiqləşdirməyə imkan verən yaşayış evlərinin, təsərrüfat tikintilərinin və məişət əşyalarının qalıqları aşkar edilmişdir. Araşdırmaların yekunları I Kültəpə abidəsində Neolit dövrünə aid sağlam qalmış təbəqələri müəyyən etmiş, Kültəpənin ətrafda yerləşən Eneolit məskənlərinin mərkəzi olduğunu göstərmişdir. Şübhəsiz ki, gələcək tədqiqatlarda I Kültəpədə məskunlaşmanın tarixixarakteri öyrəniləcəkdir.

Beynəlxalq ekspedisiya Kültəpə abidəsinin tədqiqi ilə bərabər, Naxçıvançay və Sirabçay hövzələrində yeni aşkar olunan abidələri də tədqiqata cəlb etmişdir. Sirabçay boyunca Zəngəzur dağlarına istiqamətlənən bu abidələr Yaxın Şərqi obsidianla təmin edən qədim yolun bu vadidən keçdiyini ehtimal etməyə imkan vermişdir. Əgər nəzərə alsaq ki, Şimal-Qərbi İranın qədim yaşayış yerlərində istifadə olunan obsidianın 90 faizi Naxçıvanın yaxınlığında olan Sünik yatağında aparılmışdır, o zaman bu vadinin qədim sivilizasiyalar üçün nə dərəcədə əhəmiyyətli olduğu ortaya çıxar. Naxçıvanın qədim sakinlərinin istifadə etdiyi digər mühüm obsidian yataqları Göyçə gölü vadisində yerləşir.

Məlumat üçün qeyd edək ki, indiki Ermənistan ərazisində məskunlaşan tayfalar Göyçəyə yaxın olmasına rəğmən daha çox Ermənistanın qərbində yerləşən yataqlardan istifadə etmişlər. Bu isə Göyçə hövzəsinin Naxçıvanda yaşayan tayfaların nəzarətində olduğunu deməyə əsas verir. Araşdırmalar Göyçə və Urmiya gölləri hövzəsində məskunlaşan tayfaların iqtisadi-mədəni əlaqələrini aydın şəkildə təsəvvür etməyə imkan verir.

Naxçıvanın Cənubi Qafqazın mühüm metallurgiya mərkəzlərindən biri olduğu qafqazşünas alimlərin araşdırmaları ilə təsdiq edilmişdir. SirabçayQahabçay vadilərində yerləşən abidələrin tədqiqi zamanı metallurgiya və metalişləməyə aid yeni faktlar da aşkarlanmışdır. Sirabçay abidələrində həmçinin xeyli mis mineralı və metal tökmək üçün qəliblərin meydana çıxması bu bölgənin metallurgiyanın inkişafında mühüm rol oynadığını göstərir. Bu vadidə yerləşən abidələrin böyük bir qismi yarımköçmə maldarlıqla məşğul olan insanlara aid olmuşdur. Şübhəsiz ki, həmin faktlar qədim dünya üçün mühüm əhəmiyyəti olan obsidian, duz, mis və digər xammal ehtiyatlarının istifadə edilməsində Naxçıvançay və Sirabçay vadilərində yerləşən tayfaların mühüm rola malik olduqlarını, həmçinin bu vadinin Cənubi Qafqazla Yaxın Şərq arasında keçid məntəqəsi rolunu oynadığını göstərir. Bütün digər məsələlərin təfərrüatını aydınlaşdırmaq məqsədilə Sirabçay vadisində yerləşən Sərinbulaq, Şorsu, Uçan Ağıl, Zirincli və digər abidələrdə də arxeoloji tədqiqatlar aparılmışdır. Şorsu və Zirinclidə irimiqyaslı arxeoloji qazıntılar aparılmış, burada maldarlıqla məşğul olan köçəri insanların məskunlaşdığı müəyyən edilmişdir.

Azərbaycan-Fransa Arxeoloji Ekspedisiyası dünyanın ən qədim duz mədənləri olan Duzdağda araşdırmaları davam etdirmiş, qədim tunellərin birindən Kür-Araz mədəniyyətinə aid gil qab aşkar etmişdir. Tədqiqatlar zamanı mədənlərin birindən Erkən Dəmir dövrünə aid gil qab və həsir səndəl tapılmışdır ki, bu, qədim insanların hansı şəraitdə işləmələri ilə bağlı müəyyən təsəvvür yaradır.

Ovçular təpəsindən aşkar edilən Kür-Araz keramikasının analizi onun Duzdağdan çıxarılan gildən hazırlandığını təsdiq etmişdir. Olduqca maraqlı haldır ki, Duzdağda aşkar olunan qədim daş alətlərin bənzərləri hələlik Naxçıvançay vadisində yerləşən I Kültəpə və II Kültəpə yaşayış yerlərindən məlumdur. Bu faktlar da Naxçıvançay vadisində yerləşən yaşayış yerlərinin qədim insanların iqtisadi-mədəni həyatında əhəmiyyətli rol oynadığını göstərir.

Arxeoloji abidələrin builki araşdırmaları mühüm nəticələr əldə etməyə imkan vermiş, o cümlədən Naxçıvanın qədim tarixi coğrafiyası ilə bağlı aşkar olunan yeni faktların səhih olduğu təsdiqlənmiş, bu diyarın Orta Tunc dövründə Yaxın Şərqin böyük bir qismində yayılan Boyalıqablar mədəniyyətinin ana vətəni olduğunu təsdiqləyən yeni tapıntılar əldə edilmişdir.

Kültəpədə aparılan araşdırmalar qədim insanların burada Neolit dövründən məskunlaşdıqlarını təsdiqləmişdir. Kültəpə abidəsi ətrafında aparılan geomorfoloji araşdırmalar zamanı e.ə. IV minillikdə Naxçıvanda böyük daşqın olduğunu, bəzi yaşayış yerlərinin daşqının lili altında qaldığını ortaya çıxarmışdır.

Belə hesab edirik ki, bu abidələrin gələcəkdə tədqiqi yalnız Naxçıvan tarixinə töhfə verməklə məhdudlaşmayacaq, həmçinin Yaxın Şərq və Cənubi Qafqaz arxeologiyasının bir sıra problemli məsələlərinin öyrənilməsində mühüm rol oynayacaq.

Vəli BAXŞƏLİYEV,

AMEA Naxçıvan Bölməsinin Tarix Arxeologiya

və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix

elmləri doktoru, AMEA-nın müxbir üzvü

Azərbaycan.-2015.- 17 yanvar.- S.7.