Azərbaycan-Türkiyə əlaqələri tarixi köklərə və qardaşlığa söykənir

 

Bir soydan qaynaqlanan etnik ortaqlıqla, dil və mədəniyyət kimi mənəvi dəyərlərlə bir-birinə bağlı olan Azərbaycan və Türkiyə dövlətləri yalnız mehriban qonşuluq münasibətlərini deyil, ölkələrimizin daha da yaxınlaşmasını şərtləndirən mənəvi amilləri də rəhbər tutaraq tarixən mövcud olmuş əlaqələrin daha yüksək səviyyəyə çatdırılması üçün qarşılıqlı olaraq bütün zəruri addımları atıblar. Odur ki, təməlində qırılmaz dostluq və qardaşlıq telləri dayanan Azərbaycan-Türkiyə münasibətləri bu gün həm də strateji önəm daşıyır.

Azərbaycan və Türkiyə dostluq və qardaşlıq münasibətlərindən irəli gələrək bölgədə və dünyada gedən proseslərə münasibətdə həmişə eyni mövqe sərgiləyib, ortaq maraqlardan çıxış ediblər. Dünya siyasi düzəninin indiki şəraitində isə hər iki ölkənin bölgədə və dünyada gedən proseslərə vahid prizmadan yanaşmaları, xüsusən ərazi bütövlüyü kimi həssas məsələlərdə bir-birlərinin maraqlarını müdafiə etmələri daha mühüm əhəmiyyət kəsb edir. Təqdirəlayiq haldır ki, hər iki ölkənin siyasi rəhbərliyi indiki şəraitdə daha prinsipial mövqe nümayiş etdirir.

Ötən 11 ildə türk dünyasının liderləri olan Azərbaycan və Türkiyə çox böyük yüksəlişə nail olub, sosial-iqtisadi baxımdan onilliklərə bərabər inkişaf yolu keçiblər. Bu dövrdə əldə olunan iqtisadi uğurlar, təbii ki, iki ölkənin münasibətlərində özünü yaxından büruzə verib. Ötən illərdə məhz Azərbaycanın təşəbbüsləri sayəsində Türkiyə ilə enerji daşıyıcılarının nəqli istiqamətində əməkdaşlıq əlaqələri dərinləşib. Xüsusən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi dəmir tellər bu iki türk dövləti arasındakı strateji münasibətlərə yeni məzmun gətirib. Bunlardan başqa, ideya təşəbbüsü yenə də Azərbaycana məxsus olan və inşası bu il başa çatacaq Bakı-Tbilisi-Qars dəmiryol xətti də Azərbaycan-Türkiyə münasibətlərinin nə qədər möhtəşəm olduğunu göstərməklə yanaşı, bu iki türk dövləti arasındakı əməkdaşlığın nəinki regional, həm də qlobal miqyasda iqtisadi yüksəlişə və beynəlxalq həmrəyliyə töhfə vermək iqtidarında olmasından xəbər verir. TANAP layihəsi isə Azərbaycanla Türkiyə arasındakı sosial, iqtisadi və digər sahələrdə indiyədək mövcud olan qardaşlıq münasibətlərinə əlavə dəstəkdir. Bütün bu layihələrin gerçəkləşməsində Azərbaycanın bu bölgədə keçirdiyi müstəqil siyasət və Prezident İlham Əliyevin siyasi iradəsi mühüm rol oynayır.

İki ölkə arasındakı münasibətlərə rəmzi baxımdan xüsusi gözəllik qatan mühüm məqamlardan biri də ölkə rəhbərlərinin seçkilərdən sonra etdikləri səfərlərdir. Türkiyə rəhbərliyi seçkilərdən sonra ilk səfərini Azərbaycana, Azərbaycan Prezidenti isə Türkiyəyə edir. Dövlət başçılarının ilk rəsmi səfərlərini məhz qardaş ölkəyə etməsi bir daha təsdiqləyir ki, bu, artıq xoş ənənəyə çevrilməklə yanaşı, ölkələrimiz arasında strateji əməkdaşlığa və müttəfiqliyə verilən önəmin göstəricisidir.

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ildə ilk səfərini məhz dostqardaş Türkiyəyə etməsi də özlüyündə böyük siyasi əhəmiyyət və mühüm rəmzi məna daşıyır. Bu, iki türk dövlətinin bir-birinə nə qədər bağlı olduğunu göstərməklə bir daha nümayiş etdirdi ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər türk dünyasının dahi şəxsiyyətləri olan Heydər Əliyevin və Mustafa Kamal Atatürkün vəsiyyətlərinə uyğun olaraq möhkəmlənir və sarsılmaz olur. Səfər zamanı keçirilən Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasında Prezident İlham Əliyev bu barədə deyib: “Bu, mənim bu il həyata keçirdiyim ilk rəsmi səfərdir. Bu da təbiidir. Bu səfər Türkiyəyə edilir. Bu, gözəl bir ənənədir, həm seçkilərdən sonra, eyni zamanda hər ilin əvvəlində biz bir-birimizi salamlayırıq, görüşürük, çünki qarşıda duran vəzifələr çox önəmlidir. Biz bu vəzifələri uğurla icra etməliyik. Siz qeyd etdiyiniz kimi, son illər ərzində Türkiyə-Azərbaycan əlaqələri - dostluq, qardaşlıq əsasında qurulan əlaqələr strateji əməkdaşlıq səviyyəsinə qalxmışdır”.

İclasda Azərbaycan ilə Türkiyə arasında iqtisadiyyat, enerji, energetika, nəqliyyat, müdafiə, humanitar sahələrdə əməkdaşlığın perspektivləri, Bakı-Tbilisi-Qars, TANAP layihələri ilə bağlı işlərin uğurlu gedişi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə olunub. İkitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb. Təbii ki, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasında müzakirə olunan məsələlər və bu məsələlərin həlli Türkiyə-Azərbaycan əlaqələrini, strateji əməkdaşlıq tellərini daha da yüksək pilləyə qaldıracaq. İclasdan sonra imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 15 yanvar 2015-ci il tarixində keçirilmiş dördüncü iclasının nəticələrinə dair Birgə Bəyanat”da Azərbaycan-Türkiyə əlaqələrinin əvvəlki dövrü, görülən və görüləcək işlər öz əksini tapıb. Əlavə edək ki, iki ölkə arasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti (MMX) ilə Türkiyə Respublikasının Maliyyə Nazirliyinin Maliyyə Cinayətlərinin Araşdırılması Şurası (MASAK) arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqədar maliyyə xarakterli məlumatların mübadiləsində əməkdaşlığa dair Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkiyə Respublikasının Gömrük və Ticarət Nazirliyi arasında Gömrük Məsələləri üzrə Birgə Komitənin yaradılması haqqında Anlaşma Memorandumu” imzalanıb.

Xəbər verildiyi kimi, bu il Türkiyə dövləti “G-20”-yə ev sahibliyi edəcək. Ev sahibliyi məsələsində haqqı olan bir səlahiyyətindən istifadə edən Türkiyə Azərbaycanı daBöyük iyirmiliyin görüşündə iştiraka dəvət edib. Bu, qardaş Türkiyənin Azərbaycana mühüm jesti olmaqla yanaşı, bir daha iki türk dövləti arasındakı bağlılığın nə qədər möhkəm olduğunu göstərir. Mətbuata bəyanatla çıxışı zamanı Prezident İlham Əliyev bu barədə deyib: “Bizim əlaqələrimiz tarixi köklərə, xalqlarımızın qardaşlığına söykənir və bu gün bu əlaqələr dünyada ən yaxın əlaqələrdir. Bu gün dünyada Türkiyə və Azərbaycan kimi bir-birinə bağlı olan, yaxın olan ikinci ölkələr yoxdurbu birliyi təsdiqləyən bir çox məqamlar var. Onlardan biri də, əziz qardaşımın dediyi kimi, Türkiyənin Azərbaycanı “G-20”-yə dəvət etməsidir. Bu, bizim üçün böyük şərəfdir. İlk növbədə ona görə ki, bu dəvət Türkiyədən gəlmişdir və bu, həm Türkiyə və Azərbaycan xalqlarına, həm də bütün dünya xalqlarına bir daha göstərir ki, biz bir-birimizə nə qədər yaxınıq, bir-birimizə bağlıyıq. Bu dəvətə və Azərbaycana göstərdiyiniz bu diqqətə görə əziz qardaşım, şəxsən sizə minnətdaram və əminəm ki, Türkiyə-Azərbaycan dostluq, qardaşlıq əlaqələri bundan sonra da uğurla davam etdiriləcəkdir”.

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə səfəri zamanı bu iki türk dövlətinin onları narahat edən məsələlərdə daim həmrəy olacaqlarına dair dünyaya mesajlar verildi. Prezident İlham Əliyev qeyd etdi ki, bu il Türkiyədə bir neçə tədbir olacaq. Bunlardan biri Çanaqqala döyüşünün 100-cü ildönümü ilə bağlı keçiriləcək tədbirdir. Aprelin 24-də keçiriləcək bu tədbir üçün dünyanın bir çox dövlət və hökumət rəhbərlərinə dəvət göndərilib. Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə mətbuata bəyanatla çıxışı zamanı “Aprelin 24-də Çanaqqala zəfərini də birlikdə qeyd edəcəyik və bu tarixin seçilməsinə görə də öz adımdan və bütün Azərbaycan xalqı adından sizə çox minnətdaram. Bu tarixin seçilməsi çox müdrik bir addımdır” deyən Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, xalqlarımız bunu layiqincə qiymətləndirəcəklər.

Məlum olduğu kimi, ermənilər qondarma soyqırımının ildönümünü qeyd etməyə hazırlaşırlar. Aprelin 24-ü tarixində Çanaqqala zəfərinin qeyd olunması isə ermənilərin “yubileyinə” Azərbaycan və Türkiyənin birgə endirdikləri türk zərbəsi olacaq. Bu tədbir həm də onu göstərir ki, ortaq milli və mənəvi maraqlardan çıxış edən Azərbaycanla Türkiyə Ermənistanın işğalçı siyasətinin ifşa edilməsi, ermənilərin yalanlarının qarşısının alınması və bu məqsədlə planlaşdırdıqları tədbirlərə diqqəti heçə endirmək üçün hücum diplomatiyasını uğurla və əzmlə həyata keçirəcəklər.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2015.- 18 yanvar.-  S.1.