Qəhrəmanlıq salnaməsi

 

20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymətin

verilməsi ulu öndər Heydər Əliyevin sayəsində mümkün olmuşdur

 

Hər bir xalqı beynəlxalq miqyasda tanıdaraq məşhurlaşdıran təkcə onların zəngin təbii sərvətləri və maddi mədəniyyət inciləri deyil, həm də dünya siyasətində mühüm rol oynamış fenomen şəxsiyyətləridir. Məhz belə fenomen şəxsiyyətlərin müəyyənləşdirdiyi mütərəqqi yol hər bir millətin strateji inkişaf konsepsiyasına çevrilməklə, onun dünya arenasında özünəlayiq yer tutmasını təmin edir. Ümummilli liderlik ucalığına yüksəlmiş Heydər Əliyev də dövrünün dahi və yaradıcı şəxsiyyətlərindən biri olaraq, bizlərə Azərbaycan boyda qüdrətli bir əsər bəxş etmişdir.

1988-ci ildə Dağlıq Qarabağda baş qaldırmış erməni separatizminə Kreml rəhbərliyi tərəfindən rəvac verilməsi, 1989-cu ildə SSRİ Ali Sovetinin qərarı ilə DQMV-də yaradılmış Xususi İdarə Komitəsinin Azərbaycana qarşı qərəzli movqeyi sayəsində muxtar vilayətin idarə-muəssisələrinin tədricən Azərbaycanın tabeciliyindən cıxarılması, azərbaycanlıların Ermənistandakı tarixi-etnik torpaqlarından tamamilə deportasiya edilməsi, Moskvanın erməni separatcılarını cəzalandırmaq əvəzinə, Azərbaycan xalqının əl-qolunu bağlaması millətin səbir kasasını daşırmışdı. Nəhayət, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Kreml Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı cıxan Azərbaycan xalqını cəzalandırmaq ucun Qanlı Yanvar qırğınını torətdi.

Bakıdakı faciədən sonra onu və doğmalarını izləyən ağır təhlükələrə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Heydər Əliyev ittifaq mərkəzinin Bakıda keçirdiyi vəhşiliyə qarşı kəskin bəyanat verdi, bu cəlladlığı pislədi. M.Qorbaçovun əli ilə tökülən qanlara etirazını, insanların azadlıq istəyinin məhv edilməsinin mümkünsüzlüyünü bildirdi. Bu, sözün həqiqi mənasında, təkcə Azərbaycan xalqına deyil, SSRİ məkanında azadlıq eşqi ilə yaşayan bütün xalqlara dəstək idi. Heydər Əliyevin həmin bəyanatı bir daha sübut etdi ki, siyasətdə böyük addımları ancaq dahilər ata bilirlər. Heydər Əliyevin M.Qorbaçovun ünvanına söylədiyi ittihamlar təkcə Bakıda deyil, Tbilisi, Vilnüs, Riqa və digər şəhərlərdə də hörmət və ehtiramla qarşılanmış, ulu öndərin bu aydın mövqeyi o dövrün siyasi təlatümlərindən çaşqın vəziyyətə düşən milyonlarla insan üçün aydın bir istiqamətə çevrilmişdi.

Ulu öndər Heydər Əliyev 1990-cı il 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilmiş tədbirdə bildirmişdi: “Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün də zəmin yaranmazdı. Bunlar üçün ilk növbədə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin artıq sabiq birinci katibi Vəzirov müqəssirdir. Bu yüksək vəzifədə olduğu müddətdə o, Azərbaycandakı vəziyyəti sabitləşdirmək üçün heç nə etməmişdir. Əksinə, özünün səhv addımları, yaramaz üslubu, yanlış siyasi manevrləri ilə xalqla öz arasında uçurum yaratmışdır. Xalq isə hiddətlənmişdir. Elə buna görə də Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında aylarla davam edən mitinqlərdə dəfələrlə Azərbaycanın partiya rəhbərlərinin istefası tələbi irəli sürülmüşdür. Söhbət əslində Vəzirovun istefasından gedirdi. Bəs bu məsələ indiyə kimi niyə həll olunmamışdır?

Yalnız dünən Bakı şəhərinə ordu yeridildikdən, qırğın və dağıntılar baş verdikdən sonra Vəzirov Azərbaycandan əslində qaçmışdır. Bu, böyük səhvdir. Ən böyük səhv isə sözsüz ki, qeyri-ciddi, bu yüksək vəzifəyə əsla yaramayan adamın bir vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə birinci katib təyin edilməsi idi. Ancaq, təkcə bununla bitmir. İndi yanvarın 19-dan 20-nə keçən gecə baş vermişbu gündavam edən faciənin üstündə dayanmaq istəyirəm. Hesab edirəm ki, Azərbaycandakı vəziyyəti öz axarına salmaq, siyasi həyatdakı qeyri-sabitliyi nizamlamaq üçün kifayət qədər imkan olmuşdur. Təəssüf ki, Azərbaycan rəhbərliyi, həmçinin ölkənin ali siyasi rəhbərliyi bu imkanlardan istifadə edə bilməmişdir”.

Sov.İKP sıralarını tərk edən ulu öndər özünün partiya ilə əlaqələrinin qırılmasını belə izah etmişdi: “Mən Kommunist Partiyasına xeyli gücenerji sərf etmişəm. Mən SSRİ-nin rəhbərlərindən biri olmuşam. Lakin əmin olanda ki bu quruluşun məhvi labüddür, partiya dönükdür və açıq-aydın xalqın əleyhinədir, mən onun sıralarını heyifsilənmədən tərk etdim. Azadlıq və demokratiya ideallarına xidmət naminə tərk etdim”. Artıq Heydər Əliyev Moskvada qala bilməzdi. Ulu öndəri ölkənin gələcək müqəddəratının həll olunduğu Vətən, coşqun siyasi hadisələrin mərkəzi özünə sarı çəkirdi. Ulu öndərin heç bir vəzifəsi olmadığı və fəal siyasətdən kənarda qaldığı illərdə hörmət və ehtiramla qarşılanan növbəti addımı onun Moskvadan Azərbaycana qayıtmaq barədə qərarı idi. Azərbaycan həmin dövrdə çox ağır günlərini yaşayırdı. SSRİ-nin dağılmasından sonra Azərbaycan ağır bəlalarla üzləşmiş, parçalanmaq təhlükəsi qarşısında qalmışdı. Ona görə də Heydər Əliyev həmin çətin məqamda öz xalqının yanında olmağı məqsədəuyğun saydı və Moskvadan Azərbaycana qayıtdı. Amma Heydər Əliyev Moskvada nə qədər təhdid və təzyiqlər altında yaşayırdısa, Azərbaycanda da onu xalqa zidd hakimiyyət tərəfindən bir o qədər təzyiq və hədələr gözləyirdi. Hətta ulu öndərin siyasi dəst-xəttinə və dövlətçilik təcrübəsinə açıq rəğbət göstərən tanınmış yazıçı Əjdər Xanbabayevin qətlə yetirilməsi ilə Heydər Əliyevə xəbərdarlıq edilmişdi. Ancaq böyük siyasətçinin öz xalqına inamı, eyni zamanda xalqa bağlılığı tam qarşılıqlı idi. Xalq ona inanır və hər zaman öz böyük oğlunu bütün təhlükələrdən qorumağa hazır olduğunu bildirirdi. Məhz həmin inamın nəticəsində Heydər Əliyev 1990-cı il iyulun 20-də təyyarə ilə Bakıya gəldi. İki gün sonra - iyulun 22-də isə səhər saatlarında ulu öndər hakimiyyətin təhdidləri nəticəsində təyyarə ilə Bakıdan Naxçıvana getməyə məcbur oldu. Bu, böyük qayıdışın başlanğıcı idi. Heydər Əliyevin Moskvadan Naxçıvana qayıdışı, o dövrün bəzi qəzetlərində yazıldığı kimi, əyalət mərkəzinə yox, Vətənə, böyük siyasətə fəal şəkildə, birmənalı, ardıcıl, qətiyyətli qayıdış idi.

Azərbaycanın siyasi tarixində özünə parlaq iz qoymuş bu böyük şəxsiyyətin Naxçıvanda yenidən siyasi hakimiyyətə qayıdışı, Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxartdı. Ulu öndər 1990-cı ilin payızında keçirilən seçkilərdə Naxçıvan və Azərbaycan parlamentinə deputat seçildi. 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymətin verilməməsi onu ciddi narahat edirdi. 1990-cı ilin noyabr ayında ulu öndərin böyük siyasi nüfuzu sayəsində 20 Yanvar faciəsinə prinsipial qiymət verilməsi məsələsi yenidən gündəliyə gəldi. Bu mənada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasının noyabrın 21-də keçirilən iclası yadda qaldı. Heydər Əliyev xalq deputatı kimi “1990-cı ilin yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərar layihəsini işləyib Ali Məclisin müzakirəsinə təqdim etdi. Sessiyada çıxışında xalqımızın hərbi, siyasi, mənəvi təcavüzə məruz qalmasından narahatlıqla danışan Heydər Əliyev ürək yanğısı və qətiyyətlə deyirdi: “Başımıza böyük bəla gəlib, millət əzilib, millətə qarşı təcavüz olub, ancaq indiyə qədər Azərbaycan xalqının həyatında baş vermiş bu faciəli hadisəyə qiymət verilməyib... Bu qədər qanunsuzluğa, demokratiyanın pozulmasına dözmək olmaz. Bu məsələyə biz özümüz siyasi qiymət verməliyik, respublikanın ali hakimiyyət orqanından tələb etməliyik ki, bu məsələyə baxsın və günahkarlar cəzalandırılsın”.

Heydər Əliyevin xalqın milli faciəsi ilə bağlı qaldırdığı taleyüklü məsələ xalq deputatları tərəfindən qətiyyətlə müdafiə olundu. Ali Məclisin birinci sessiyasında “1990-cı ilin yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərar qəbul edildi. Naxçıvan MR Ali Məclisinin 21 noyabr 1990-cı il tarixli qərarında göstərilirdi:

Yanvar faciələrinin səbəbkarlarının - istər ittifaq, istərsə də respublika rəhbər-partiya, sovet, hüquq-mühafizə orqanı işçilərinin, hərbçilərin bu günədək aşkar edilib qanunla məsuliyyətə cəlb olunmaması xalqda dərin hiddət və etiraz doğurmuşdur.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi bütün bunları işğalçı siyasət və dəqiq düşünülmüş hərbi təcavüz kimi qiymətləndirərək insan hüquqları bəyannaməsinin kobud şəkildə pozulması kimi nəzərdə tutaraq qərara alır:

1.1990-cı ilin yanvar ayında Bakı şəhərində törədilmiş qanlı hadisələr Azərbaycan SSR-in suveren hüquqlarına, respublikada gedən demokratik proseslərə qəsd kimi qiymətləndirilsin.

2. Dinc əhaliyə, silahsız kütləyə, heç bir müqavimət göstərməyən günahsız adamlara qarşı müasir silahla, hərbi texnika ilə zorakılıq edilməsi, qocaların, qadınların, uşaqların qətlə yetirilməsi Azərbaycan xalqına qarşı açıq təcavüz kimi ittiham edilsin.

3. Bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, Bakı faciələrinə Azərbaycan SSR ali hakimiyyət orqanları tərəfindən siyasi qiymət verilməməsi, bununla əlaqədar yaradılmış Xüsusi Deputat Komissiyasının işinin qeyri-müəyyən səbəblərdən başa çatdırılmaması, qanlı hadisələrin günahkarlarının aşkara çıxarılıb qanuni məsuliyyətə verilməməsinə qəti etiraz olunsun.

Azərbaycan SSR Ali Sovetindən tələb edilsin ki, ən qısa müddətdə həmin məsələni parlamentin müzakirəsinə çıxarsın.

4.Bu qərar qəbul edilən andan 20 Yanvar günü hər il Naxçıvan Muxtar Respublikasında Milli Matəm günü kimi qeyd edilsin.

5. Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin ki, 20 Yanvar günü hər il Azərbaycan SSR-də Milli Matəm günü kimi qeyd edilsin”.

Qərarda 20 Yanvar hadisələri Azərbaycanın suveren hüquqlarına, dinc əhaliyə, günahsız adamlara, Azərbaycan xalqına qarşı açıq təcavüz kimi qiymətləndirilirdi. Həmçinin Azərbaycanın o vaxtkı rəhbərliyinin cinayətkar fəaliyyəti bir daha qeyd olunaraq deyilirdi ki, qanlı yanvar hadisələrinin günahkarlarını üzə çıxarmaq, onu təhlil etmək və siyasi qiymət vermək üçün respublika əhalisinin təkidli tələbinə baxmayaraq faktiki olaraq faciədən ötən müddət ərzində heç bir tədbir görülməmişdir. Qəribə idi ki, respublika Ali Sovetinin yanvar hadisələrini təhqiq etməli olan komissiyası da öz işi ilə məşğul olmamışdır. Respublika rəhbərliyinin bu etinasızlığı haqlı olaraq xalqda hiddət və etiraz doğururdu.

Ulu öndər Heydər Əliyev Azərbaycan xalqına qarşı soyqırımı siyasətini həyata keçirməyə rəvac verənlərlə mübarizəsini ona qarşı az qala düşmən mövqedə duran Ali Sovetdə və digər istiqamətlərdə də davam etdirir, böyükdən kiçiyə qədər hər kəsə məlum olan qatillərin hüquqi müstəvidə aşkar olunmasını, faciəyə siyasi qiymətin verilməsini tələb edirdi. Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı çıxışında deyirdi: “1990-ci il yanvarın 20-də ittifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilmişdir. Heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür. Təəssüf ki, bu təcavüz indiyə qədər davam edir. Bir ildən artıqdır ki, Azərbaycanın paytaxtı fövqəladə vəziyyət şəraitində yaşayır. Bizim sessiyamız da bu şəraitdə keçirilir. Bir ildən artıqdır ki, Azərbaycan xalqı şəhidlərə matəm saxlayır. Respublikanın şəhərlərində, qəsəbələrində, kəndlərində şəhidlərin xatirəsinə abidələr ucaldılır. Fəqət, qatillər indiyə qədər aşkar olunmayıb. Buna heç vəchlə bəraət qazandırmaq olmaz. Bu məsələ müzakirə olunmalıdır. 20 Yanvar faciəsinə Ali Sovetin sessiyası siyasi qiymət verməlidir, onun günahkarlarını müəyyən etməlidir”.

Heydər Əliyev 1991-ci il iyunun 19-da SSRİ Nazirlər Sovetinə göndərdiyi məktubunda yazırdı: “Yanvar hadisələrində yüzlərlə adam öldürüldü və şikəst edildi. Artıq il yarım keçib. Nəinki bu dəhşətli cinayətlərin hamıya çoxdan məlum olan günahkarları üzə çıxarılmayıb, əksinə, bunları ört-basdır etmək üçün əllərindən gələni edirlər. Ümid edirlər ki, zaman keçdikcə bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri on illər keçsə də, unutmaq və bağışlamaq mümkün deyil”.

Azərbaycan Respublikası Ali Sovetinin 29 avqust 1991-ci il tarixli sessiyasındakı çıxışında isə Heydər Əliyev deyirdi: “20 Yanvar faciəsi dövründən il yarımdan çox vaxt keçir. Bu gün burada da, bu salonda cürbəcür söhbətlər gedir. Bir qrup bir fikirdədir, məndən qabaq çıxış edən Rəhimov başqa fikirdədir. Mən sual verirəm, Ali Sovetin Sədri Elmira Qafarovaya, Azərbaycan Prezidenti Ayaz Mütəllibova: nə üçün indiyə qədər bu məsələyə siyasi qiymət verilməyib? Bu məsələnin həm siyasi tərəfi var, həm hüquqi tərəfi var. Bu məsələyə dərhal siyasi qiymət vermək olardı. O ki qaldı hüquqi cəhəti, ayrı-ayrı adamların məsuliyyətə cəlb olunması, onu şübhəsiz ki, istintaq yolu ilə aydınlaşdırmaq lazımdır. Buna siyasi qiymət verilmədiyinə görə başqa tədbirlər həyata keçirmək mümkün olmur”.

Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymətin verilməsi vəzifəsinin qarşıya qoyulması günün tələbi idi. Ulu öndər dövrün mürəkkəbliyinə və görüləsi işlərin çoxluğuna baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəblərini və günahkarlarının araşdırılması ilə də məşğul oldu. Heydər Əliyevin 1994-cü il yanvarın 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı verdiyi fərmanda Milli Məclisə faciəyə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olunurdu. Yalnız bundan sonra aparılan araşdırmalar nəticəsində məlum oldu ki, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməməsində maraqlı olan qüvvələr var imiş. 1991-1993-cü illərdə hakimiyyətdə qalmaq istəyən iqtidar, hakimiyyətə gəlmək istəyən müxalifət nümayəndələri bu dəhşətli faciədən yararlanmaq istəyirmişlər. Heydər Əliyev 1994-cü il yanvarın 12-də dövlət komissiyasının geniş iclasında Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 1992-ci il 19 yanvar tarixli qərarını xatırlayaraq bu qərarda yanvar hadisələrinin əsl səbəblərinin açıqlanmadığını, həqiqi günahkarların aşkar edilmədiyini, iki il ərzində həmin qərarın özünün yerinə yetirilmədiyini nəzərə çatdırdı. Respublika səviyyəsində 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymətin verilməməsini ciddi tənqid edən Heydər Əliyev 1992-ci ildə Milli Şura tərəfindən qəbul edilmiş səthi və başdansovdu qərarın xalqa xəyanət olduğunu bəyan etdi: “Bu qərarı oxuyanda doğrusu çox həyəcanlandım. Düşündüm ki, Milli Şuraüçün öz millətinin, öz xalqının aqibətinə, taleyinə bu qədər biganə qalıb? Qərarı oxuyandan sonra bir daha qəti fikrə gəldim ki, bu faciəyə, bu hadisəyə niyə indiyə qədər siyasi qiymət verilməyib... Mənim fikrim belədir ki, bu qərarın qəbul edilməsi Azərbaycan xalqına bəlkə də 20 yanvar 1990-cı ildə olan faciə kimi böyük xəyanətdir. İki il keçəndən sonra deputat-istintaq komissiyasının ortaya bir şey çıxarmaması, boş-boş sözlərlə camaatı aldatması, qərarda bu komissiyanın işinin qənaətbəxş hesab edilməsi yenə də deyirəm, xəyanətdir”.

1994-cü il martın 29-da Milli Məclis tərəfindən “1990-ci il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” xüsusi qərar qəbul edildi. Qərarda 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycanda vüsət almış milli-azadlıq hərəkatını boğmaq, demokratiksuveren bir dövlət amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Beləliklə, Heydər Əliyevin təkidi və təşəbbüsü sayəsində xalqımıza qarşı törədilən bu qanlı və qəddar aksiyaya siyasi-hüquqi qiymət verildi.

1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı ucun təkcə boyuk faciə deyildir. O, ləyaqətini qorumaq ucun hər cur qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi həm umumxalq faciəsi, həm də mustəqillik, istiqlal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. Umummilli lider Heydər Əliyevin soylədiyi kimi, bu təcavuz xalqımızı mənəvi cəhətdən cox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya bilmədi, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı.

Azərbaycanın ötən 23 ildə müstəqil dövlət kimi əldə etdiyi çoxşaxəli nailiyyətlər, ilk növbədə, əsrlərlə davam edən tarixi mübarizənin nəticəsi sayılmalıdır. Taleyin qismətindən xalqımız milli özünəməxsusluğunu səciyyələndirən keyfiyyətləri, milli dövlətçilik ənənələrini yaşatmaq, azadlıq, müstəqillik nemətinə qovuşmaq üçün çətin sınaqlardan çıxmalı olmuşdur. Bu baxımdan azərbaycanlıların milli dövlətçilik şüurunun və ənənələrinin inkişafı prosesi uzun əsrlər boyu davam etmiş, xalqın formalaşma, təşkilatlanma və özünütəsdiqləmə prosesinə əsaslı təkan vermişdir.

 

Elnur HACALIYEV,

AzərbaycaN.-2015.- 18 yanvar.-  S.4.