Həmidə xanımın ev muzeyinə diqqət də böyükdür, maraq da...

 

Azərbaycanda az kənd olar ki, muzeyi olsunxalq tərəfindən sevilsin. Ağcabədi rayonunun Kəhrizli kəndində fəaliyyət göstərən Həmidə xanım Cavanşirin ev muzeyi belə mədəniyyət ocaqlarındandır. Bu muzey rayon ictimaiyyətinin daim diqqət mərkəzindədir.

Mütəmadi olaraq rayon mərkəzindəki, eləcə də digər kəndlərdəki məktəblərin şagirdlərindən, həmçinin gənclərdən, turistlərdən ibarət qrupların muzeyə ekskursiyası təşkil edilir. Muzeyə maraq böyükdür. Azərbaycanın böyük ədibi Cəlil Məmmədquluzadənin həyat yoldaşı - ictimai və maarifpərvər fəaliyyəti ilə ümumxalq rəğbəti qazanmış Həmidə xanımın ev muzeyində həmişə ziyarətçi olur. Həmidə xanım Cavanşir-Məmmədquluzadə 1873-cü ildə Şuşa qəzasının Kəhrizli kəndində zəmanəsinin görkəmli maarifçi ziyalısı, tarixçi Əhməd bəyin ocağında dünyaya gəlmişdir. Nəcib bir insanın ailəsində dünyaya göz açan Həmidə xanımın Azərbaycan mədəniyyətinə və ədəbiyyatına həsr olunan böyük ömür yolu da məhz ot kökü üstə bitər məsəli ilə tam uzlaşır. Tarix onu həm də böyük xeyriyyəçi və cəfakeş insan kimi yaddaşlara həkk edib. Tək Kəhrizli kəndinin deyil, cümlə Qarabağın ona kömək üçün pənah gətirən insanlarının əlindən tutan, qayğılarını çəkən bu xanım həm də o dövrün yardıma ehtiyacı olan ziyalılarının da bir çox problemlərini həll etmişdir. Ciddi xəstəliyi olan Mirzə Ələkbər Sabir məhz Həmidə xanımın məsləhəti ilə Mirzə Cəlil tərəfindən Tiflisə müalicə üçün dəvət alır. Həmidə xanım 1912-ci ildə Kəhrizlidə öz vəsaiti hesabına məktəb açır və burada dərs deyir. Mirzə Cəlilin vəfatından sonra da ölkənin ictimai-ədəbi həyatında fəal mövqe tutan Həmidə xanım Yazıçılar İttifaqına üzv seçilmiş, ömür-gün yoldaşının əsərlərini tərcümə etməklə yanaşı, bu böyük sənətkarla bağlı kövrək xatirələrini ustalıqla qələmə almışdır. 1955-ci ildə vəfat edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Fəxri xiyabanda Mirzə Cəlilin məzarı yanında dəfn olunmuşdur.

Vüsalə MƏMMMƏDOVA,

Ağcabədi rayonu

Azərbaycan.-2015.- 18 yanvar.- S.7.