Giriş qapısının abidəsi

20 Yanvar 2015

Bakının bir giriş qapısı da buradan başlayır - 20 Yanvar dairəsindən. 1990-cı ilin o müdhiş şənbə gecəsində yaşadığımız faciənin qan izləri bu yerlərə hopmuşdur. O gecə imperiya ordusu dinc əhaliyə zərrə qədər də güzəşt etmədi. Qocaları, xəstələri, uşaqları fərq qoymadan hədəf seçdi. O qanlı yanvar gecəsində şəhid balasının doyumsuz fəryadı, ah-naləsi ərşə qalxmışdı. Amma zalım dünya haqq səsimizə hay vermirdi. İmperiya qəzəbinə tuş gəlmiş Azərbaycan bir gecənin qurbanlarını sayırdı, vətən ağı deyirdi:

- Ağlamalı gün gəldi,

Ağla, qərənfil, ağla!...

O gecə sinoptiklər Bakıya qərənfil yağışı deməmişdilər. Amma qərənfilin göz yaşları dolu kimi süzülürdü, elə bil şaxtalı-sazaqlı gecənin sərtliyini əridirdi... Adamlar bir-birinə sığınıb zalımın zülmünü sovuşdurmaq üçün Tanrıdan güc, qüvvət, səbir, təmkin diləyirdilər. Ayaq üstə qalan şəhər sabahın açılmasını gözləyirdi. Gözləyirdi ki, sabahın aydınlığında xalq öz qəm karvanını sonuncu mənzilə yola sala bilsin...

Düz 25 il o tərəfə Bakının bu günkü 20 Yanvar dairəsi də şəhid qanına boyanmışdı. Bu gün həmin yerdə şəhid olanların əziz xatirəsinə memoreal abidə kompleksi ucaldılıb. Ölçüsü-biçisi o qədər də böyük deyil - eni 50 metr, hündürlüyü - 7 metrdir. Ölüm məqamında da bir-birinə dayaq olan bu günahsız vətən övladları qranit lövhə üzərində hamıdan uca, hündür görünürlər. Ona görə ki, onların amalları, əməlləri müqəddəs bir istəkdən yoğrulmuşdur. O şəhidlərin hər biri milli kamikadze kimi İttifaq bostanına azadlıq toxumu səpirdilər. Azadlığı qan bahasına qazananlar imperiya ordusunun sərt qanunlarına təslim olmadılar. Sübut etdilər ki, azadlıq pay və sədəqə verilmir, onu qazanmaq üçün halal qazancından - Tanrı payı olan canından da keçməlisən...

Qan yaddaşı ilə tarixə yazılan 20 Yanvar gecəsindən 25 il ötür. O gecənin şəhidləri yeni bir nəslin azadlıq himnini, vətən nəğməsini yazdılar. İmperiya buxovlarından xilas olmaq, kölə və qul psixologiyasından, ətalət vərdişlərindən ayrılmağın yolu qanlı-qadalı günlərdən keçirdi. Bu yolu seçməklə vətən övladları öz əxlaqi, mənəvi və ağıl enerjisini ömürlük iflicdən xilas etdilər. O qanlı yanvar gecəsində bizim harayımıza əxlaqi sərvət kimi qazandığımız bir milli meyar - cəsarət kömək oldu. Və nə yaxşı ki, biz halal haqqımızı - azadlığımızı qorxa-qorxa, çəkinə-çəkinə tələb etmədik. Müdriklərin dediyi kimi: Qorxu xalqların qul olmasının başlıca səbəblərindəndir.

20 Yanvar gecəsində qorxu ilə cəsarət arasında örtülü pərdə, qaranlıq məqamlar qalmamışdır. Azadlıq yolunu seçənlər imperiyanın sərt təpkisinə - topuna, tüfənginə, mərmisinə tuş gələcəklərini bilirdilər. Bilirdilər ki, kommunist rejiminin sərt qanunları yalançı humanist şüarları hər an unudub bütöv bir xalqı məhv edə bilər. İmperiyanın üzdə görünən tərəfləri ilə daxili hegemonluğu arasında hər şey açıq-aydın bilinirdi. Nə qədər pərdələməyə, ört-basdır etməyə çalışsalar da, bu xalq halal haqqını, öz müqəddəratını və taleyini qorumağa hazır idi. Artıq elə bir mərhələ yetişmişdi ki, heç bir müqavimət, sərt təpki xalqı azad yaşamaq istəyindən döndərə bilməzdi. Bu, zamanın tələbi idi, millətin daxili səsi, harayı bizi itirdiklərimizi tələb etməyə vadar edirdi...

O müdhiş yanvar gecəsində Bakının indiki 20 Yanvar dairəsi də qan içində idi. İmperiya ordusunun vəhşilikləri ilə üz-üzə qalan günahsız adamlar həlak olurdular. O yerdə ucaldılan abidə kompleksinin divarları üzərində 147 nəfərin adı həkk olunub. Özü də qızılı hərflərlə! Abidə önündə dayanıb bu adamları xatırlayanda qəribə hisslər keçirirsən. İlahi, nə qədər insanın yarımçıq taleyi qırılıb, arzuları, istəkləri bitib tamamlanmayıb. Amma o gecə şəhid olanlar nəyin uğrunda həlak olduqlarını yaxşı bilirdilər. Bilirdilər ki, vətən belə oğulların qüruruna, təəssübkeşliyinə, cəsarətinə güvənir. Neçə illər, əsrlər ötsə də, bu qranit lövhədə, biryeni nəsillərin yaddaşında o adamların adı və əməlləri yaşayacaq. Bizim hər birimiz o şəhid övladların yarımçıq qalan arzularını göyərtmək üçün mənəvi məsuliyyətimizi dərk etməli, onların ruhu qarşısında borcumuzu ödəməliyik.

Abidə kompleksinin memarı Ədalət Məmmədov, heykəltəraşlar Azad Əliyev, Cavanşir Dadaşov bitkin bir əsər, dolğun kompozisiya yaratmaq üçün müxtəlif mənbələrdən faydalanıblar. Amma xalq ruhu, əyilməzlik simvolunun təcəssümü başlıca meyar kimi əks olunub. Təxəyyüllə həqiqətin simvolu, insan xarakterinin, mətinliyinin qranit lövhədə həlli hər kəsdə o günlərə qayıdış əhvalı yaradır, faciənin ağrısını-acısını yaşadır. Milli qürur və əzəmət abidəsinə çevrilən bu kompleks şəhərimizin giriş qapısında - 20 Yanvar dairəsində əsl simvola çevrilib...

Totalitar sovet rejimi o gecə Bakıda tarixin qara bir səhifəsini yazdı. Hələ bu qara səhifəni yazanlar qanunla mühakimə olunmayıb. Bir gecədə 134 nəfər mülki vətəndaş öldürülüb, 600 nəfər yaralanıb. Amma bu bəşəri faciədən bir müddət dünya xəbərsiz qaldı. Azərbaycan informasiya blokadasında öz dərdlərinə yalnız daxildə əlac axtarırdı. Ən nəhayət, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qanlı 20 Yanvar hadisəsinə hüquqi siyasi qiymət verildi. Məsələnin daha ciddi araşdırılması üçün təşəbbüs göstərildi. Bu gün biz itirilən haqqımızı tələb etməklə çox məqsədlərə çata bilərik. Uzun illərdir ki, bu istiqamətdə məqsədyönlü addımlar atılır, ciddi işlər görülür. Öz təşəbbüslərimizə görə dünya bizim dərdlərimizə şərik olur, səsimiz beynəlxalq qurumlarda eşidilir, tələblərimiz müzakirə mövzusuna çevrilir...

 

Bəşir ŞƏRİFLİ,

Azərbaycan.-2015.- 20 yanvar.- S.10.