İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı

 Konfransının 10-cu sessiyası keçirilir

 

Xəbər verdiyimiz kimi, İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının 10-cu sessiyası işə başlayıb. Ölkəmizi sessiyada Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti təmsil edir.

Sessiyada İran tərəfi İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransına sədrliyi Türkiyəyə təhvil verdi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov, Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, İran İslam Şurası Məclisinin sədri Seyid Əli Laricani və başqalarının çıxışları dinlənildi.

Çıxışlarda təşkilatın ötən dövrdə gördüyü işlərdən, qarşıda duran vəzifələrdən bəhs edildi.

Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanın mədəniyyətlər, sivilizasiyalar və dinlərarası dialoq siyasətinin müsbət nəticələri barədə məlumat verdi. Prezident İlham Əliyevin İslamın sülh, dostluq və həmrəylik dini olması barədə fikirlərini sessiya iştirakçılarının diqqətinə çatdıran Oqtay Əsədov Bakının 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı olmasını və 2018-ci ildə isə Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı seçilməsini Azərbaycanda İslama münasibətin göstəricisi kimi dəyərləndirdi.

Milli Məclisin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, işğal altındakı Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad olunması, o cümlədən Xocalı soyqırımı barədə qəbul etdiyi qətnamələrə, bu məsələlərdə dəyişməz, ədalətli mövqe nümayiş etdirdiyinə görə, İslam Əməkdaşlıq Təşkilatının bütün üzvlərinə təşəkkürünü bildirdi. Azərbaycan parlamentinin rəhbəri əminliklə qeyd etdi ki, bəşəriyyətin qarşısında duran ağır sınaqları keçə bilməsi üçün müxtəlif sivilizasiyalara mənsub cəmiyyətlər, xalqlar və millətlər arasında qarşılıqlı hörmətə, etimadahüquq bərabərliyinə əsaslanan işbirliyinin və uzlaşmanın təmin edilməsi həyati əhəmiyyətə malikdir.

Oqtay Əsədov Azərbaycanın sürətli inkişafı, humanitar sahədə əldə olunan nailiyyətlər, Bakı-2015 Avropa Oyunları, eləcə də 2017-ci ildə ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı hazırlıq işlərinin yüksək səviyyədə aparılması və digər uğurlar barədə sessiya iştirakçılarını məlumatlandırdı.

Son illər bir sıra İslam ölkələrində hökm sürən ictimai-siyasi gərginliyin və silahlı münaqişələrin bütün dünya üçün ciddi təhlükə mənbəyinə çevrildiyini diqqətə çatdıran Türkiyə Böyük Millət Məclisinin sədri, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının yeni sədri Cəmil Çiçək çıxışında Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini kəskin şəkildə pislədi. İşğal nəticəsində yurd-yuvasından didərgin düşən bir milyondan çox azərbaycanlının hüquqlarının pozulduğunu bildirən Türkiyə parlamentinin sədri vurğuladı ki, ölkəsi hər zaman Azərbaycanın ərazi bütövlüyünü müdafiə edəcək.

Sessiya işini yanvarın 22-də yekunlaşdıracaq.

 

Sabir Şahtaxtı

AzərTAc-ın xüsusi müxbiri

İstanbul

Azərbaycan.-2015.- 22 yanvar.-  S.3.