Təzə ad düşərli oldu

 

Təbiət bu yerlərə hər gözəlliyi bəxş edib. Bu qədim diyar yaşıl örpəkli, səfalı bir guşədə, məxməri dağların, al-əlvan yamacların qoynunda yerləşir. Kəpəzin, Göygölün, Hacıkəndin gözəlliyi hər qarışına hopub.

Regionların inkişafına göstərilən diqqət sayəsində Göygöl ilbəil tanınmaz olur. Son illər dövlət başçısı İlham Əliyev 3 dəfə bu yerlərə səfər edib, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı 5 sərəncam imzalayıb. Nəticədə son 10 ildə rayon üzrə ümumi məhsul istehsalı 4,7, sahibkarların sayı 3,6 dəfə çoxalıb, 7 mindən çox yeni yeri açılıb, orta aylıq əməkhaqqı 6,3 dəfə artıb.

Göygöl bu gün başdan-başa yenidən qurulur. Küçələr, səkilər abadlaşdırılır,  işıqlandırılma sistemi təzələnir, binaların dam örtükləri dəyişdirilir, fasadları müasir üslubda təmir edilir. İndiyədək onlarca küçəyə asfalt döşənib, bir neçə müəssisə üçün inzibati bina tikilib, çox yerdə işıq və istilik sistemləri sahmana salınıb.

Ötən ilin ən yaddaqalan hadisələrindən biriGöygöl şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulmasıdır. Bu məqsədlə Murovdağ-Göygöl su kəməri çəkilmiş, şəhərin mərkəzində 134,5 min metr uzunluğunda kanalizasiya sistemi qurulmuşdur. Obyektin açılışında iştirak edən Prezident İlham Əliyev demişdir: “Bütövlükdə rayonda bu gün bir neçə tədbirdə iştirak etmişəm. Onların içərisində, əlbəttə ki, su-kanalizasiya layihəsini xüsusi qeyd etmək istəyirəm. Siz yaxşı bilirsiniz ki, Göygöl rayonunda su təchizatı həmişə böyük problem olub. Təmiz, keyfiyyətli, içməli su həmişə problem olub. Bu problem artıq aradan qaldırılıb. İndi ölkəmizdə ən təmiz və keyfiyyətli sulardan biri artıq Göygölə verilir. Şəhər içməli su ilə təmin edilib. Bu su kəmər boyu yerləşən 7 kəndə verilir. Gələcəkdə başqa kəndlərin su problemi də həll ediləcək. Bu, tarixi layihədir, tarixi nailiyyətdir. Çünki bu ərazidə, bu rayonda heç vaxt keyfiyyətli su olmamışdır. Bax Azərbaycan dövlətinin siyasəti və gücü bunda özünü göstərir”.

Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası ilə əlaqədar hər sahədə çox böyük işlər görülüb - bir-birindən yaraşıqlı binalar tikilib, parklar salınıb, istirahət guşələri düzəldilib. Son illərin yadigarları olan Heydər Əliyev Mərkəzi, Gənclər sarayı, Olimpiya İdman Kompleksi, Bayraq meydanı, Uşaq əyləncə mərkəzi, yay kinoteatrı Göygölün ictimai-mədəni  həyatına əvəzsiz zənginlik gətirib. Həmin obyektlərin hər biri - xüsusən Heydər Əliyev Mərkəzi Azərbaycanın milli-mənəvi dəyərlərinin zənginliyini nümayiş etdirmək baxımından çox mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısının xeyir-duası ilə istifadəyə verilən Olimpiya İdman Kompleksi saf, sağlam gənc nəslin yetişdirilməsində mühüm rol oynayır. Rayonun ən baxımlı yerində ucaldılan Bayraq kompleksi də diqqəti cəlb edir. Məşhur Hacıkənd-Göygöl qoruğu yolunun üstündə, səfalı bir guşədə 50 metr yüksəkliyə qaldırılmış dövlət bayrağı rayonun hər yerindən aydın görünür. Kompleksdə geniş gəzinti zolaqları yaradılıb. “Azərbaycan dövlətinin rəmzləri muzeyinin işıqlı, yaraşıqlı zallarında ölkəmizin müxtəlif dövrlərindəki bayraqları, gerbləri nümayiş olunur. Heydər Əliyev Mərkəzi kimi, Bayraq meydanı da gənclərin and yerinə çevrilib.

Bir sözlə, rayonun təzə adı düşərli olub.   

 

Əhməd İSAYEV,

Azərbaycan.-2015.-23 yanvar.-S.7.