Qanlı Yanvar yaddaşımızın əks-sədası

 

Tarixin qan yaddaşı

 

Hər bir xalqın ağrı-acısını, dərd-kədərini, faciələrini tarixdə yaşadan, unutmağa qoymayan minlərlə bədii əsəri, şeiri, musiqisi, kinosu, rəssamlıq və memarlıq nümunələri var. Belə əsərlər ruhu oxşayır, dərdlərin təsəllisinə çevrilir, insanlara faciələrdən güc almaq dərsi öyrədir. Axı, şeir, musiqi, bədii və təsviri sənət qədər insanı yaşadan möcüzə yoxdur...

20 Yanvar faciəsi artıq xalqımızın qan yaddaşına çevrilib. Bu hadisə dünya azərbaycanlılarını ayağa qaldırdı, xalqın siyasi iradəsini ifadə etdi, bizi yumruq kimi birləşdirdi, gücümüzü, yenilməzliyimizi, milli birliyimizi hamıya nümayiş etdirdi. Ötən illər ərzində 20 Yanvar mövzusu hamını düşündürdü, xüsusilə yaradıcı insanları. Filmlər çəkildi, musiqi əsərləri yazıldı, təsviri sənət və memarlıq nümunələri yaradıldı. Görkəmli kinorejissor Vaqif Mustafayevin TaleBir həsədin tarixi filmlərində ulu öndər Heydər Əliyevin Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək hadisələrə münasibətini bildirməsi sənədli ekranın dili ilə ustalıqla əks etdirildi. Xalqın taleyinintarixi yaddaşının əks-sədası idi bu çəkilişlər.

O məşum gecədə kinematoqrafçılarımız həyatlarını ölüm təhlükəsi qarşısında qoyaraq tariximiz üçün çox qiymətli olan xronika yarada bildilər. Həmin kadrlar bu gün neçə-neçə sənədli və bədii filmlərimiz üçün zəngin material oldu.

Dövlət mükafatı laureatı, xalq artisti Xamis Muradov 20 Yanvar hadisələri ilə bağlı verdiyi müsahibədə bildirirdi ki, 1980-ci illərin sonunda ölkədəki vəziyyəti görəndə Salnamə film studiyasının tərkibində xüsusi qərargah yaradıldı. Operatorlar Qazaxdan Sədərəyə qədər gedib çıxırdılar. Hər gecə bir nəfər növbətçi qalırdı. Çünki rayonlarla əlaqələr vardı, zəng vurub plyonka istəyirdilər. Bakıda isə hadisələr elə cərəyan etmişdi ki, artıq tanklar gəlib Biləcəri yoxuşunda dayanmışdılar: Həmin hadisə günü evə gələndən saat yarım sonra zəng vurdular ki, qoşun bu gün şəhərə girəcək. Ardınca ikinci zəng gəldi, artıq narahat oldum. Kinostudiyaya qayıtmalıydım. O vaxt Karl Marks heykəli olan yerin yanından keçəndə işıqsaçan güllələri atmağa başladılar. Bir təhər studiyaya çatdıq. Hamı yığışmışdı. Qrupları Salyanski kazarmanın, filarmoniyanın qabağına, Biləcəriyə, 20 Yanvara göndərdim. Əsgərlər studiyanın qabağında yanan lampaları daşla vurub söndürürdülər... Biz çəkilən materialları gizlədirdik. Çoxunu dostlarımın evində saxlayırdım. 20 Yanvar hadisələrinin 90 faizini, Qarabağ müharibəsinin 50 faizini çəkmişik. Sənədli kinonun bir borcu var, fövqəladə vəziyyəti çəkib gələcək nəsillərə saxlamaq. Salnamə o vaxt bu çəkilişlərdən üzüağ çıxdı. Hərə bir cür vətənə xidmət edir. Bizim sənətkarlar da öz borclarını belə yerinə yetirdilər.

Həmin hadisələrdən sonra bir-birinin ardınca 10-15 silsilə filmlər çəkildi: Azadlığa gedən yollar, Şəhidlərdən şəhidlərə, Qədirin sorağında, Haray, 9 dəqiqə, Cənubda şimal küləyi və s. Bu filmlər 20 Yanvar faciəsinə aparan yolların konkret mənzərəsini yaratmaqla yanaşı, hadisələrin ilkin görüntülərini də əks etdirirdi. Azadlığa gedən yollarda film C.Cabbarlının 1905-ci ildə pyesindəki bir səhnə ilə açılır. Qubernator çarın portreti asılmış otaqda azərbaycanlılarla ermənilər arasında qırğın planları hazırlayır. Belə bir səhnədən sonra tamaşaçı Ermənistanda və Azərbaycanda soydaşlarımızın başlarına gətirilən faciələrlə tanış olur. Qara Yanvar adı ilə tarixə daxil olmuş 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş qanlı hadisələr və bundan sonrakı olaylar filmin əsas süjet xəttini təşkil edir.

2001-ci ildə çəkilən Şəhidlik zirvəsi filmi yanvar şəhidlərinə həsr olunmuşdur. Burada 1828-ci ildən bizim günlərə qədər Azərbaycanda baş vermiş ictimai-siyasi hadisələr geniş əksini tapmışdı. Cənubda şimal küləyi 1990-cı ilin yanvar qırğını zamanı Biləsuvar rayonunda baş vermiş olaylardan bəhs edir. Filmdə arxiv materiallarından istifadə olunmuşdur. 9 dəqiqə, Qədirin sorağında kinolentlərində doğma ocaqlarından didərgin düşmüş Azərbaycan qaçqınlarının çətin güzəranı canlandırılmışdır. 1993-cü ildə istehsal olunmuş Haray filmi Xocalı faciəsi haqqındadır. Ermənilərin azərbaycanlı əsgərlərə verdikləri işgəncələrin şahidi olan iki yeniyetmə çıxış yolunu özlərini dağdan atmaqda görür. Bunların sırasına Qarabağ düyünü, Ömür qatarı, Vətən mənə oğul desə, İnama qayıdış, Qəsd, Xəzər köməyə çağırır, 20 Yanvar faciəsi, Fəryad,Dolu və onlarca sənədli və bədii filmləri, televiziya tamaşalarını əlavə etmək olar. Ekran əsərlərində əsasən el dərdi, el hüznü əks olunur, millətinə, xalqına qarşı haqsızlığa, günahsız insanların qətlinə yönələn neçə-neçə fəlakətli günlərə etirazlar, çağırışlar səslənir, xalqın qəhrəmanlıq ruhu, mübarizə əzmi nümayiş etdirilir.

Yazıçı-dramaturq Tamara Vəliyevanın Mənim göyərçinim tamaşası da 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram olaraq qələmə alınıb. İlknakam məhəbbət haqqında ikihissəli səhnə əsəri teatrsevərlər tərəfindən böyük maraqla qarşılanıb.

20 Yanvar faciəsi musiqi əsərlərimizdə də geniş əksini tapmışdır. Azərbaycan bəstəkarları simfoniyalar, simfonik poemalar, kantatalar, vokal instrumental əsərlər, mahnılar, tar, fortepiano, simli orkestr, orqan üçün musiqilər yazmışlar. Xalqın taleyinintarixi yaddaşının əks-sədası olan bu əsərlərdə millilik anlayışı, azərbaycanlılıq ideyasının geniş miqyasda yayılması və təbliği, ictimai inkişafın müqəddəratını müəyyən edən proseslər və hadisələr canlandırılmışdır. Bu baxımdan xalq artisti, professor Firəngiz Əlizadənin yeni quruluşda təqdim olunan İntizar operası xüsusi qeyd olunmalıdır. Əsərin librettosu əməkdar elm xadimi, professor Nərgiz Paşayeva tərəfindən yazılmışdır. Operanın süjeti Xeyirlə Şərin, Mərhəmətlə Riyakarlığın, bir sözlə, Qara dünyaların əbədi mübarizəsi üzərində qurulmuşdur. Sadə, lakin hər bir sülhsevər insanın qəlbində əks-səda verən mövzu maraqlı bədii tərzdə təcəssümünü tapmışdır.

Bu gün demək olar ki, hər bir bəstəkarın yaradıcılıq irsində 20 Yanvar, Qarabağ müharibəsi, Xocalı faciəsi, şəhidlik, qaçqınlıq və köçkünlük mövzusu əsas yer tutur. Bunlar müxtəlif həcmli rəngarəng janr və formalı əsərlərdir. Görkəmli bəstəkar Cövdət Hacıyevin, Oqtay Kazıminin Şəhidlər, Azər Rzayevin Bakı 90 simfoniyaları, Ramiz Mustafayevin Bu qan yerdə qalan deyil, Haqq səninlədir, Azərbaycan, Mobil Babayevin kantataları, Aydın Əzim Kərimoğlunun orkestr üçün yazdığı Qətl günü, Sərdar Fərəcovun simfonik poeması, Sevda İbrahimovanın bariton səs və orkestr üçün vokal simfonik Vətən şəhidləri, Arif Mirzəyevin orqan üçün Yanvar mərsiyələri, Aqşin Əlizadənin Ana torpaq odası, Vasif Adıgözəlovun Qarabağ şikəstəsi, Qəm karvanı oratoriyaları, Nəriman Məmmədovun Xocalı və s. orijinal üslub xüsusiyyətləri ilə seçilən tarixi, fəlsəfi, qəhrəmanlıq, mübarizlik ruhunda yazılmış əsərlərdir. Aqşin Əlizadənin Muğam sədaları xalqımızın yaşadığı qanlı olayların, kədərli anların təzahürüdür. Bu əsər mənəvi sarsıntıları, insanların iztirablarını əks etdirir. Burada təsviri məqamlar da var: tankların səsi, gəmilərin ümumi faciə ilə həmrəyliyini göstərən siqnallars. Muğam sədalarında həm də Qarabağ təbiəti ilə assosiasiya yaradan lirik təsvirlər, dramatizm, hisslərin faciəvi kulminasiyası öz əksini tapıb. Bəstəkar Sevda İbrahimovanın əsərlərində vətən sevgisi qırmızı xətlə keçir. O, dünyamızda baş verən hadisələrə hər gün, bəlkə də hər an yaşanan olaylara laqeyd qala bilmir. Onun əsərlərində keçirdiyi hissduyğular, ətrafında baş verənlərə münasibət öz əksini tapıb. 1991-ci ildə qaboypiano üçün Qəmginlik, 1994-cü ildə iki piano üçün Azərbaycan təranələri pyeslər silsiləsini, 1999-cu ildə tarsimli orkestr üçün Sənin üçün darıxıram, Şuşam, 2001-ci ildə simli orkestr üçün Vətən düşüncələri əsərini yazıb.

1991-ci ildə Vasif Adıgözəlov Fikrət Qocanın Bir şərqi de şeirinə musiqi bəstələyib. Bu mahnı səslənəndə yalnız 20 Yanvar gecəsinin günahsız qurbanlarını deyil, cəmi şəhidlərimizi xatırlayırıq. Deyirlər ki, musiqi əsəri ruhun təlatümünün ifadəsi kimi yarandıqda ürəkləri riqqətə gətirir. Məhz bu baxımdan V.Adıgözəlovun Şuşam lay-layda bir yurd həsrəti var. Hacı Xanməmmədovun Əzizə Cəfərzadənin sözlərinə yazdığı Əlimdə sazım ağlarda böyük kədərə təsəlli, torpaqlarımıza qayıdış duyğuları var.

20 Yanvar mövzusuna həsr olunmuş musiqi əsərlərinin siyahısı bitmir. Tanınmış sənətşünas, professor Aydın Dadaşov deyir ki, bu, böyük bir mövzudur, faciənin dəhşətini, gerçəkliyini bütün təfərrüatı ilə açmaq, onu yetkin bir sənət əsəri səviyyəsində tamaşaçıya təqdim etmək məsuliyyətdir. Əsl sənətkar ötəri, keçəri meyilləri deyil, tarix boyu yaşayacaq əsərlər yaratmalıdır.

Bizim yaradıcı insanlar bu işin öhdəsindən layiqincə gəlirlər.

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2015.-23 yanvar.-S.10.