Qanla yazılmış tarix bədii sənət əsərlərində

 

20 Yanvar hadisələri zaman keçdikcə yaddaşlarda daha dərin izlər salır. Günahsız insanların o müdhiş şənbə gecəsində qanlarına qəltan edilməsinə fərman verənlər nifrətlə xatırlanır, imperiyanın diz çökməsi uğrunda əzmlə mübarizə aparan azadlıq aşiqləri, ölümün gözünə dik baxaraq şərəflə şəhidlik zirvəsinə yüksələnlər ehtiramla, məhəbbətlə anılır. Çünki onlar daşlaşmış ömür sahiblərinə çevriliblər.

Tarixi hadisələr xalqın yaddaşına o zaman yazılır ki, sənət əsərlərinin də mövzusuna çevrilə bilsin. Bütün dövrlərdə istər münaqişələri, istər müharibələri, istərsə də digər fəlakətləri xalq necə yaşayıbsa, onun yaradıcı övladları həmin hadisələri bədii ifadə vasitələri ilə yaddaşlara yazıblar.

1990-cı il 20 Yanvar tarixi yaddaşlara məhz qanla yazıldı. Təbii ki, imperiya caynaqlarından qurtarmaq o qədər də asan deyildi. Odur ki, 20 Yanvar xalqımızın yaşadığı müsibətlər və faciələr silsiləsindən olsa da, qüruriftixar mənbəyi, milli oyanış, birlik, əsl həmrəylik günüdür!

Ulu öndər Heydər Əliyev 1995-ci il yanvar ayının 18-də R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində keçirilən “Qanlı Yanvar” rəssamlıq sərgisindəki çıxışı zamanı demişdir: “20 Yanvar hadisələrini bir faciə kimi təsvir etmək azdır. 20 Yanvar Azərbaycan xalqının milli azadlıq uğrunda, öz mənliyini müdafiə etmək yolunda göstərdiyi qəhrəmanlıq nümunəsidir. Ona görə də qəhrəman Azərbaycan balalarının tankın altına düşüb əzilməsi faktını göstərməklə kifayətlənməyib, onların qəhrəmanlığını, cəsurluğunu, ölümün gözünə dik baxaraq təcavüzkarın qarşısına çıxmalarını da təsvir etmək lazımdır. Bəlkə də bu, daha çox lazımdır. Təəssüf ki, buradakı əsərlərin arasında mən belələrini görmədim. Ola bilər, bu ondan irəli gəlir ki, biz yanvar hadisələri baş verəndən indiyədək bununla əlaqədar ancaq ağlayırıq. Şübhəsiz ki, kədərimiz, qəm-qüssəmiz böyükdür. Ancaq kədərlənməklə yanaşı, xalqımız göstərdi ki, Azərbaycanın qəhrəman oğulları o böyüklükdə Sovet İttifaqının ordusu qarşısında dayanmağa qadirdirlər”.

20 Yanvardan ötən 25 illik zaman məsafəsindən baxanda o günlərin müdhişliyi, vahiməliyi ilə yanaşı, qəlbləri riqqətə gətirən, gəncliyin yenilməzliyinin, xalqımızın azadlıq səsinin heç bir imperiya cəlladları tərəfindən batırıla bilmədiyini görürük. Təbii ki, hər bir xalq öz azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizə meydanlarında mətinlik dərsi keçir.

Qanları ilə torpağa “Azadlıq” yazan şəhidlərimiz imperiyanın vandalizm, işğalçı, terrorçu, bir sözlə, antiinsani, antihumanist siyasəti qarşısına əliyalın çıxmaqla xalqımızın mübarizliyini və əzmkarlığını təsdiqlədilər. Şəhidlər xiyabanının hər vaxt ziyarət yerinə çevrilməsi də məhz buradan irəli gəlir.

Şənbə gecəsinin səssiz fəryadları bədii sənət əsərlərində də öz əksini tapdı. Sözün ifadə edə bilmədiyini rəssamların fırçaları cızdı, Habil Əliyevin kamanı, Kamil Cəlilovun qaboyu şəhidlərimizə matəm və hüzn dolu “layla çaldı”. Bu fəryada o gecə şəhidlərimizin anası obrazına çevrilən xalq yazıçısı Əzizə Cəfərzadənin dilindən qopan ağı-bayatılar, göylərə sovrulmuş saçları qoşuldu...: “Sən məni dəryaz kimi biç, nə qədər bacarırsan biç, amma mənim şəhidlərimin qanı torpağa toxum kimi düşüb. Hər yerdən boy verib cücərəcək:

Arazam, keç üstümdən,

Keç, karvan, keç üstümdən.

Bu dərdi mən əkmişəm,

Dəryaz al, biç üstümdən”.

Həmin o müdhiş gecə xalqımızın poeziya dilli Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nəbi Xəzri, Xəlil Rza Ulutürk, Mədinə Gülgün, Məmməd Aslan, Cabir Novruz, Tofiq Mütəllibov, Şahmar Əkbərzadə, Nüsrət Kəsəmənli, Fikrət Qoca və digər vətənpərvər söz və qələm adamlarının misralarından boy verdi, boylandı, dağı-daşı yandırdı...

Şəhidlər xiyabanını al-qırmızıya bürüyən qərənfillər Məmməd Aslanın qələmində ağladı. Qərənfil yağışlı, matəm baxışlı misralar anaların ağısına qarışdı:

Bu günahsız qanlara,

Bu didilmiş canlara,

Bu cansız cavanlara,

Ağla, qərənfil, ağla.

Bəxtiyar Vahabzadənin özü meydanda, düşmənə nifrət nidalı misraları xiyabanda fəryad qoparırdı:

Şəhidlərin hamısı bənzəyir bir-birinə,

Bir bax qəbirlərinə!

Hamısı qıpqırmızı qərənfilə bələnmiş,

Hamısı bir biçimdə, bir boyda

cərgələnmiş,

Səbəb birdir, əməl bir, hədəf birdir,

hədə bir!

Məhz bundan sonra bədii əsərlərdə şəhidlərin ölməzliyini müqəddəsliyini təsdiq edən obrazlar yaradıldı. Təkcə poeziyada, nəsr ya səhnə əsərlərində deyil, incəsənətin ayrı-ayrı növlərində 20 Yanvar aparıcı mövzuya çevrildi. Rəssamlıq sahəsində bu şərəfli tariximiz bəlkə daha canlı, qanlı obrazlı təsvir edildi.

Təsviri incəsənətin görkəmli nümayəndəsi, Dövlət mükafatları laureatı, “İstiqlal” ordenli xalq rəssamı Mikayıl Abdullayev 1992-ci ildə yaratdığı “Nakamların dəfni” əsəri ilə bir daha 20 Yanvar faciəsinin zaman-zaman unudulmayacağını göstərdi. Hər il bir qayda olaraq, istər beynəlxalq səviyyədə, istərsə respublika miqyasında bu mövzuya həsr edilmiş əsərlərin sərgiləri keçirildi. Həmin sərgilərin birində Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov dedi: “Xalq yaxşı günləri yaşadıqca faciələrinin unudulmaması naminə onları gələcək nəsillərə çatdırmalıdır. Tarixin belə qanlı səhifələrinin yaddan çıxmaması üçün ən yaxşı vasitələrdən biri bu əsərlərdir. Belə əsərlər qədər çox olarsa, həmin tarixi dünya xalqlarının diqqətinə çatdırmaq bir o qədər mümkünləşər asanlaşar”.

Yalnız bir sərgidə 20-yə yaxın müəllifin 28 qrafika boyakarlıq, 3 heykəltəraşlıq əsərləri nümayiş etdirilirdi. Onların da hər biri vətənə, xalqa, onun tarixinə faciələrinə həsr olunduqları üçün uşaq gənclərə vətənpərvərlik hissi aşılayırdı.

Görkəmli fırça ustası Rasim Babayevin “Təcavüz”, rəngkar Hacırza Fərzəliyevin “Ağlı-qaralı dünya”, Fikrət İbrahimovun “Gələcək naminə”, Həmzə Abdullayevin “Çərxi-fələk”, İsmayıl İsmayılovun “Haqq tərəzisi”, Qafar Seyfullayevin “Öncə Vətəndir...”, Asim Səmədovun “Ruhlar” s. tablolarda qanlı şənbə gecəsinin ağrı-acılı yaşantıları yaddaqalan bədii ifadəsini tapıb.

Qrafika ustası Arif Hüseynovun “Qara tağlı natürmort”, Fəxrəddin Əliyevin “Qara Yanvar” Arif Ələsgərovun “20 Yanvar”, həmçinin Koreyada keçirilən, 68 ölkədən 587 rəssamın qatıldığı 1760-dan artıq əsərin nümayiş etdirildiyi XIX Beynəlxalq Karikatura Sərgisinin mükafatçısı (birinci yerin qalibi), “Kirpi” satirik jurnalının rəssamı Hafiz Nəsiroğlunun əsərləri xalqımızın imperiya təcavüzünə məruz qaldığı gecəyə həsr olunmuş bədii sənət nümunələri olmaqla yanaşı, daim ayıq-sayıq olmağa səsləyir.

Kirman Abdinin 20 Yanvarla bağlı çəkdiyi plakatlar da diqqətçəkəndir. Tariximizin qan yaddaşını plakatlarda əks etdirən rəssamın bədii təxəyyülü ilə sənətkarlığı üst-üstə düşərək o gecənin dəhşətlərinin səbəbkarını, cəllad qatillərini nifrətlə xatırladır.

Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahim deyir ki, 20 Yanvar faciəsi təsviri sənətin əbədi mövzularından biridir: “Bu tarix yaddaşlardan silinməyəcək indiyədək olduğu kimi, bundan sonra da 20 Yanvar Azərbaycan rəssamlarının vətəndaşlıq mövqeyindən daim müraciət etdiyi mövzu olaraq qalacaq. Xalq rəssamları Kamil Nəcəfzadə, Xanlar Əhmədov başqaları da bu mövzuda yaddaqalan sənət əsərləri yaradıblar. Düşünürəm ki, nəinki rəssamlarımız, heykəltəraşlarımız incəsənətin digər növləri ilə məşğul olan bütün yaradıcı insanlar hər zaman bu mövzuya müraciət edəcəklər”.

İncəsənət gimnaziyasının müəllimi, rəssam İlqar Əkbərov bu mövzuya həsr etdiyi əsərini hadisələrin qaynar vaxtı - 1990-cı ildə yaradıb. “Şəhidlər” adlanan əsər R.Mustafayev adına Dövlət İncəsənət Muzeyində nümayiş etdirilir. Onun fikrincə, rəssamlıqla məşğul olan yeniyetmələrə bu mövzunun mahiyyəti izah edilməlidir ki, sonralar onların düşüncələri və təxəyyülləri əsərə çevriləndə obrazlar dolğun yaradılsın. Bu təbliğin nəticəsidir ki, rəssamlığa həvəsi olan uşaqlar da adı çəkilən mövzuya çox maraq göstərirlər.

Tarixi yaşadan incəsənət əsərlərində 20 Yanvar öz təcəssümünü tapıb. Respublikanın müxtəlif bölgələrində 20 Yanvar faciəsinin qurbanlarına həsr olunmuş sənət əsərləri, o cümlədən heykəltəraşlıq nümunələri olan xatirə kompleksləri ucaldılıb. Bakı şəhərinin Yasamal rayonu ərazisindəki metronun “20 Yanvar” stansiyası yaxınlığında Qara Yanvar şəhidlərinin xatirəsinə ucaldılan memorial abidə kompleksləri və s. buna parlaq misal ola bilər. Kompleksin üzərində 20 Yanvar faciəsi zamanı şəhid olmuş 147 nəfərin adı və soyadı, habelə ümummilli lider Heydər Əliyevin Qanlı Yanvarla bağlı söylədiyi “1990-cı il yanvarın 20-si Azərbaycan tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur” fikri qızılı hərflərlə həkk edilib.

20 Yanvar faciəsi, təbii ki, yalnız tanınmış xalq sənətkarlarının əsərlərində deyil, onların yetirmələrinin yaradıcılıq nümunələrində də öz əksini tapır. Bakı şəhəri 2 saylı uşaq incəsənət məktəbinin şagirdlərindən Lalə Babayevanın “20 Yanvar”, Fatimə Əbilovanın “Dünya göz yumur”, Sevinc Məmmədovanın “Ana fəryadı”, Elvin Şahməmmədovun “Sovet ordusunun Bakıya basqını”, Ülkər Əmirovanın “Erməni qəddarlığı”, Ülkər Əliyevanın “Erməni vəhşiliyi”... adı ilə təqdim olunan rəsm əsərləri onların vətənpərvər hisslərlə yaşadıqlarını və bu mövzunun müqəddəs olduğunu təsdiqləyir.

Tarix bütün hadisələri özündə yaşadır. Bu mövzuya həsr olunmuş təsviri sənət əsərlərində, heykəltəraşlıq və memarlıq nümunələrində isə həm tarix yaşadılır, həm də xalqımızın qəhrəmanlığı təbliğ olunur.

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2015.-23 yanvar.-S.10.