Şair oğlunun vətənpərvərlik nümunəsi

 

Tarixin qan yaddaşı

 

Çar Rusiyası Qafqaz xalqlarını həmişə təsir və təzyiq dairəsinə almaqla bu zəngin diyarın yeraltı və yerüstü sərvətlərinə sahiblik etməyə, insanlarını müstəmləkə buxovunda saxlamağa çalışıb. Çar qoşunları 1804-cü il yanvarın əvvəllərində ölkəmizin qərbində minlərlə insanı qıraraq Cavad xanı qətlə yetirdi, Gəncəbasarı işğal etdi. Az sonra Bakıya hücum edən general Sisyanov başından keçməli oldu - şəhərin açarlarını təhvil alan zaman Bakı xanı Hüseynqulu xan xəncəri çıxarıb bir anın içində generalın başını bədənindən ayırdı, Cavad xanın qanını aldı, göstərdi ki, işğalçının aqibəti belə olur. Hadisədən xəbər tutan çar qoşunları Xəzərdən üzük qaşı kimi mühasirəyə aldıqları Bakını gəldikləri yolla da tərk etdilər.

Bundan illər ötsə də, qəsbkarların gözü yenə də Qafqazda idi. Bu dəfə başqa ampluada. Rusiyada ictimai-siyasi hadisələr, iğtişaşlar səngiyəndən sonra hakimiyyətə gələn bolşeviklər Azərbaycandan əl çəkmədilər. 1918-1920-ci illərdə saysız-hesabsız Azərbaycan kəndlərini, şəhər tipli yaşayış məntəqələrini, minlərlə, milyonlarla Azərbaycan türkünü qılıncdan keçirib var-dövlətini qarət edərək yurdumuzu işğal etdilər. Ermənilərlə birləşərək riyakar Şaumyanın əli ilə azəri türklərinin soyqırımını həyata keçirdilər, ən nəhayət, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətini süquta uğradaraq ərazisinə yiyələndilər. Bu, bolşevik Rusiyasının millətçi-şovinist siyasəti idi. O da bir həqiqətdir ki, 1980-1990-cı illərdə Sovet İttifaqı içindən laxlayaraq dağılmaq ərəfəsində Dağlıq Qarabağı Ermənistana birləşdirmək - Azərbaycan torpaqları hesabına qondarma Dağlıq Qarabağ Respublikası adlı ikinci erməni dövləti yaratmaq arzusuyla ölkəmizi bir neçə yerə parçalamaqla Azərbaycanı tarix səhnəsindən birdəfəlik silmək istəyəndə xalq hamılıqla ayağa qalxdı. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda əvvəl gizli, sonra açıq müstəvidə müharibə başladı. Azərbaycan xalqı dədə-baba torpaqlarını geri qaytarmaq, imperiya buxovundan birdəfəlik qurtarmaq, azadlıq və müstəqilliyinə qovuşmaq üçün mübarizəyə qalxdı. Bu mübarizənin bütün məhrumiyyətlərinə sinə gərən insanların rəşadəti sayəsində Moskvaya - SSRİ Silahlı Qüvvələrinə məxsus ordu-qoşun hissələri ölkəmizdən qovuldu. Bu zaman əhalini terror, kriminal hadisələr və şantajla qorxutmağa, iqtisadipsixoloji gərginliklər yaratmağa çalışan sovet hökuməti son dayaq və ümidlərini 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə paytaxt Bakının üzərinə hücuma keçməklə, dinc sakinləri gülləbaran etməklə, tankların və tırtıllı hərbi maşınların təkərləri altında əzməklə itirdi...

Bu cür xəyanəti, ədalətsizliyi tarix heç vaxt unutmur, daim yaddaşında saxlayır. Ötən əsrin əvvəllərindən başlayaraq Rusiyanın müstəmləkəçilik siyasətinə qarşı azərbaycanlıların apardıqları mübarizələrdə göstərdiyi döyüş şücaəti hər bir azərbaycanlı gəncdə böyük qürur hissi yaradır. Təsadüfi deyildir ki, böyük hüzn və kədər hissi ilə yad etdiyimiz həmin tarixi günlərin, faciəli döyüşlərin öndə gedənləri, məsələn, gəncəli Cavad xan, Bakıda Hüseynqulu xan, Vedibasarda Abasqulu bəy Şadlinski, Qarabağ hakimi Mehdiqulu xan, qarabağlı general-qubernator Xosrov bəy əfsanəvi xalq qəhrəmanı səviyyəsində xatırlanırlar. Onlarla birlikdə yüzlərlə, minlərlə hünərvər insan Azərbaycan torpaqlarının müdafiəsi, xalqının azadlığı, milli dövlət quruculuğu uğrunda canlarından keçmişlər. Bu cür vətənpərvər və mənəvi dəyərlərə bağlı köklər üzərində Dağlıq Qarabağ müharibəsi başlanandan bəri onlarla, yüzlərlə Azərbaycan vətəndaşı torpaqlarımızın erməni işğalından azad edilməsi, xalqımızın şərəf və ləyaqəti uğrunda döyüşlərdə qəhrəmancasına həlak olaraq müqəddəs şəhidlik zirvəsinə yüksəlmişdir.

Qürur duyduğumuz şəhidlərimizdən biri də 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə əbədiyyətə qovuşmuş Cavad Yunis oğlu İsmayılovdur. Cavad əslən xızılıdır, Bakıda anadan olub. Atası Yunis kişi böyük şairimiz 1937-ci ilin repressiya qurbanlarından olan Mikayıl Müşfiqlə əmiuşağıdır. Cavadın atası Yunis “Dağlı” təxəllüsü ilə şeirlər yazıb. Şeirləri indi də Xızıda və Bakıətrafı kəndlərdə dillər əzbəridir. 1937-ci ilin tuthatutunda NKVD-çilərdən yayınaraq gedib Astarada hesabdar işləyirdi. Onu oradan necə götürdülərsə, nə öldüsü, nə qaldısı barədə ailəsi, yaxınları uzun müddət məlumatsız qaldılar. Yalnız on bir ildən sonra 1949-cu ildə şaxtalı Sibir meşələrindən sürgündən qayıdanda bildilər ki, şair sağ imiş. Yunis Dağlı atasından əmisi oğlu Müşfiqin vətənpərvər şairimiz Əhməd Cavadla dostluğundan, görüşlərindən, Əhməd Cavadın Xızı kəndinə - əmisigilə gəlişindən maraqla söhbətlər açardı. Yunis Dağlı hətta övladlarından birinin - yazımızın qəhrəmanının adını Əhməd Cavadın şərəfinə Cavad qoymuşdu. Oğluna ad seçəndə Yunis Dağlı deyib ki, şairliyini Allah bilər, amma oğlumun adını Müşfiqlə Cavad əfəndinin dostluğu şərəfinə Cavad qoyuram, qoy böyüyəndə Əhməd Cavad kimi xalqını və vətənini sevən, ləyaqətli sədaqətli insan olsun!

20 Yanvar şəhidi Cavad da gəncliyində bədii ədəbiyyata, şeirə-sənətə böyük maraq göstərib, özü də şeirlər yazıb. Evində, arxivində xeyli əlyazması, qəzet və jurnallarda çap olunmuş şeirləri var. Buna baxmayaraq, Cavad İsmayılov istehsalata meyil göstərib. Uzun müddət Bakı şüşə zavodunda işləyib. Həyat yoldaşı Həcər xanımın xatirələrindən:

- Yanvarın 19-da Cavad evdə idi, yaman narahat görünürdü. Bir-iki gün öncə yazdığı şeirlərindən mənə oxudu. Axşam gecə növbəsinə işə getməli idi. O vaxt böyük qızım Əzizənin 5, Firuzənin isə 3 yaşı vardı. Bütün günü qızlar ataları ilə əyləndilər, arada dükan-bazara dəyib, evə qayıtdılar. Axşamçağı bir az dincəlib işə getdi. Zavodda fəhlələr erməni işğalçılarına havadarlıq edən sovet hökumətinə etiraz əlaməti olaraq tətil etmişdilər. Əslində, zavodda tamam dayanmışdı. Cavad yerinə dəyib metro ilə evə qayıdırdı. Təxminən gecə saat 12-nin yarısı olardı. İndiki “20 Yanvarmetro (o vaxtXI Qızıl ordu” adlanırdı) stansiyasından çıxıb evə gələrkən “Qızıl ordunun əsgərləri camaatı gülləbaran edirdilər. Əhali qaçanda yaşlı bir qadın yıxılır. Cavad çətinliklə də olsa qadını bir-birlərini itələyən insanların ayaqları altından qaldırmaq üçün aşağı əyilir. Qadını qaldırar-qaldırmaz güllə Cavadın kürəyindən dəyir. Bunu görən qonşu uşağı əvvəlcə evlərinə, sonra bizə qaçıb xəbər gətirir. Onda Firuzə yatmışdı. Qayınanam məni və böyük qızımı evdən çölə çıxmağa qoymadı. Özü qonşularla birlikdə səhərəcən xəstəxanalarda Cavadı axtardı.

Biləcəri tərəfdən şəhərə girən tankların, hərbi maşınların, aramsız güllə səsindən, adamların hay-harayından, təcili yardım maşınlarının uğultusundan vahimə içində idik. Bilmirdik nə edək... Səhər açılandan sonra öyrənə bildim ki, Cavad Musa Nağıyev adına Təcili Yardım Xəstəxanasındadır. Qayınanamla tez ora yollandıq. Onu xəstəxananın üçüncü mərtəbəsindəki yaralıların arasında tapdıq, çətinliklə danışırdı... İnana bilmirdi ki, ona atəşi vaxtilə iki il xidmətində durduğu sovet ordusunun əsgərləri açıblar. Həkimlər iki gün çalışsalar da, Cavadı ölümün pəncəsindən qurtara bilmədilər. O, yanvarın 22-də keçindi...

Bu qəmli xatirələrdən ayrılmaq üçün ölkəmizdə şəhid ailələrinə göstərilən qayğıdan söhbət açmaq istədim. Bu istəyimə Həcər xanım özü körpü saldı:

- 1993-cü ilədək bizi - məni və uşaqlarımı şəhid ailəsi kimi tanıyan olmayıb. Bir dəfə də olsun şəhid ailəsinin necə dolanması ilə maraqlanmayıblar. Sağ olsun o böyük insan - Heydər Əliyev! Biz, şəhid ailələri ilə görüşdü, problemlərimizlə maraqlandı. O vaxtdan ailəmizə həmişə qayğı göstərilir. Bu qayğının sayəsində övladlarımı böyütdüm, hər iki qızım ailə qurub. Ailəmizə bu gün də lazımi qayğı göstərilir. Ona görə, ilk növbədə, ölkə Prezidenti İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.

20 Yanvar faciəsindən 25 il, rus generalı Sisyanov tərəfindən Gəncənin alınmasından 211 il, Bakının işğalından 210 il, 1920-ci ildə milli hökuməti devirməklə bolşevik Rusiyası tərəfindən Azərbaycanın müstəmləkəyə çevrilməsindən 95 il ötür. Əsrlər keçsə də, rus qəsbkarlarının xalqımızın müstəqil dövlətçilik tarixinə vurduğu yaralar, ermənilərin yerini isti etmək üçün yeritdiyi işğalçılıq və vandalizm siyasəti heç zamanheç vaxt yaddan çıxmayacaq. Tarixən təkrarlanan bu faciələr bizlərə dönə-dönə dərs oldu... Azərbaycan xalqı sarsılmadı. İmperiyanın xəyanəti bizləri daha ciddi şəkildə düşünməyə sövq etməklə, birliyimizi və həmrəyliyimizi möhkəmlətdi.

Düzdür, biz bu yolda Cavad xandan başlamış Mübariz İbrahimova kimi yüzlərlə, minlərlə şəhid vermişik. Buna baxmayaraq, fəxr etməyə və qürur duymağa dəyər ki, şəhidlərin qanını yerdə qoymayan, Azərbaycanın ərazi bütövlüyünümilli müstəqilliyini göz bəbəyi kimi qorumağa hazır olan qəhrəman oğul və qızlarımız böyüyür.

 

Rəhman SALMANLI,

Azərbaycan.-2015.-23 yanvar.-S.9.