Dövlət İdarəçilik Akademiyasında “Qafqaz Dövlət

 İdarəçiliyi Araşdırma və Tədris Mərkəzi”nin açılışı olub

 

Yanvarın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Qafqaz Dövlət İdarəçiliyi Araşdırma və Tədris Mərkəzi”nin açılış mərasimi olub və “Yüksək vəzifəli dövlət qulluqçularının təlimi” proqramının ilk mühazirələri dinlənilib.

AzərTAc xəbər verir ki, DİA ilə Türkiyə və Orta Şərq Dövlət İdarəetmə İnstitutu (TODAİE) arasında imzalanmış müvafiq Anlaşma Protokoluna uyğun olaraq keçirilən tədbirdə ayrı-ayrı dövlət qurumlarının rəhbərləri, Türkiyə Əmək və Sosial Təhlükəsizlik Nazirliyinin, TODAİE-nin nümayəndələri, alim və mütəxəssislər iştirak ediblər.

Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov çıxış edərək müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin siyasətinin, zəngin dövlət idarəçilik təcrübəsinin əhəmiyyətindən danışıb.

Dahi rəhbər Heydər Əliyevin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirən rektor Azərbaycanın çox sürətlə inkişaf etdiyini vurğulayıb.

DİA-nın fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verən akademik Urxan Ələkbərov bu ali məktəb ilə Türkiyənin müxtəlif təhsil müəssisələri, qurumları, o cümlədən Türkiyə və Orta Şərq Dövlət İdarəetmə İnstitutu arasında səmərəli əməkdaşlığın olduğunu bildirib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan ilə Türkiyənin dostluq və qardaşlıq münasibətlərindən bəhs edib, ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamını xatırladıb.

Nazir Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində ölkəmizdə böyük nailiyyətlər qazanıldığını diqqətə çatdırıb.

Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun ölkələrimiz arasındakı tarixi birlikdən danışıb.

Müasir dünyada elmin, təhsilin mühüm rolunu vurğulayan Türkiyə Əmək və Sosial Təhlükəsizlik Nazirliyinin müşaviri Əhməd Ərdəm və digər çıxış edənlər “Qafqaz Dövlət İdarəçiliyi Araşdırma və Tədris Mərkəzi”nin əhəmiyyəti barədə fikirlərini söyləyiblər.

Sonra “Yüksək vəzifəli dövlət qulluqçularının təlimi” proqramının ilk mühazirələri dinlənilib.

Yanvarın 30-dək qeyd edilən proqram çərçivəsində Türkiyə və Orta Şərq Dövlət İdarəetmə İnstitutunun mütəxəssisləri “Dövlət idarəçiliyi islahatları”, “Dövlət idarəçiliyi nəzəriyyələri”, “Dövlətdə qərar qəbulu prosesi”, “Siyasət nəzəriyyələri” və digər mövzularda dərslər keçəcəklər.

Eyni zamanda, “Qafqaz Dövlət İdarəçiliyi Araşdırma və Tədris Mərkəzi”nin fəaliyyət istiqamətləri kimi müəyyən edilən mövzularda birgə araşdırmalar aparmaq, təhsil və araşdırma heyətlərinin mübadiləsini həyata keçirmək, qısamüddətli tədris proqramlarını təşkil etmək, müştərək magistr tədris proqramları hazırlamaq, elmi-praktiki konfranslar, seminarlar keçirmək və s. nəzərdə tutulur.

 

Azərbaycan.-2015.- 27 yanvar.- S.3.