Cahanın əlləri cahanı bəzəyir

 

El sənətini yaşadanlar

 

Cahan Cəfərovu Göygöl rayonunda hamı yaxşı tanıyır. Onun xarakteri gözəl, əlləri qızıldır deyirlər, həm təsərrüfat qabları, həm də müxtəlif ölçülü, zərif naxışlı suvenirlər hazırlayır.

Ali təhsilli mühəndisdir. Uzun illər mexaniki zavodda işləyib. Ümumi işləri yerinə yetirməklə yanaşı, xalq sənətinin incəliklərini öyrənməyə can atıb. Bu, heçasan olmurdu. O vaxtı nadan qonşularla bir yerdə çalışırdı. Mexzavod başdan-başa ermənilərin əlində idi. Gördülər ki, Cahan duyumludur, hər şeyi öyrənməyə çalışır, onu təkləyir, gözümçıxdıya salır, avadanlığı gizlədir, sərbəst işləməyə qoymur, zavoddan uzaqlaşdırmağa çalışırdılar.

Cahan bütün bunları görür, nankorların xəbis niyyətini duyur, onların fikirlərini anladıqca sənətinə daha möhkəm bağlanır, əlaltdan özünə dəzgah düzəldir, səbirlə, inamla qədim xalq sənət nümunələrini öyrənirdi. Bir neçə dəfə zavoddan uzaqlaşdırılsa da, öz səmimiyyətinə, işgüzarlığına görə geri qayıda bilmişdir. İllər keçdikcə ağac emalı sahəsində xeyli təcrübə qazandı. Nankorların əli-ayağı çəkiləndən sonra özü üçün sex açıb, emalatxana düzəldir. Ən möhkəm ağac materialı, xüsusən palıd və qoz onun əlində mum kimi yumşalır. Gördü ki, bu el sənətinin nümunələrinə tələb də çoxdur, ehtiyac da. Bir kiloqramdan yüz kiloqrama qədər tutumu olan içki, turşu, şoraba çəlləkləri, limon, bal, kampot qabları düzəldir. Onun əllərinin sığalı ilə cilalanan məhsullar, zərif naxışlı suvenir qablar hər yanda tanınır.

Hələ 1996-cı ildə o, xalq sənəti proqramı üzrə Bakıda keçirilən birinci sərgi-yarmarkanın iştirakçısı olmuş, ikinci dərəcəli diploma layiq görülmüşdür. İki il öncə isə ikinci respublika dekorativ tətbiqi sənət festivalında fəxri fərman almışdır.

Cahan Cəfərovun işləri rayonda Diyarşünaslıq muzeyində nümayiş olunur. Neçə-neçə evləri, süfrələri bəzəyir. Tez-tez turistlər gəlir, ustanın əl işləri ilə maraqlanır, milli formalı, ayrı-ayrı ölçülü qabları alırlar. Belə qabların çoxu müxtəlif məclislər, zəngin süfrələr üçün nəzərdə tutulur, Gürcüstana, Rusiyaya, İsrailə, Fransayas. aparılır.

Cahan Cəfərov həm də dəri aşılama sənətinə yiyələnib. Hətta Könüllü kəndində diş həkimi Qədim kişi üçün dəri aşılama sexi düzəldib. Təcrübəli usta həmişə olduğu kimi, yenə də xalq sənətinin bir sıra növlərini yaşatmağa çalışır.

Göygöl rayonunda xalq sənətinin qorunmasına xüsusi önəm verilir. Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Şərqiyyə Hümbətova deyir ki, unudulmaqda olan xalq sənətlərinin bərpası və yaşadılması üçün sistemli işlər görülür. Rəssam Rizvan Əliyevin, toxucu Mələk Rüstəmovanın, dekorativ sənət ustası Mehriban Məmmədovanın, habelə xalça ustalarının və digər xalq sənətkarlarının əsərlərindən ibarət sərgilər təşkil olunur, onların həvəsləndirilməsi üçün tədbirlər görülür.

Bu cür qayğı və diqqətin nəticəsində Qızılca, Balçılı və Quşcu kəndlərində folklor qrupları yaradılıb. Vaxtaşırı görüşlər, sərgilər təşkil olunur, müsabiqələr keçirilir. Xüsusilə fərqlənənlərə fəxri fərmanlar və hədiyyələr verilir. Bütün bu işlərin nizamlanması üçün son vaxtlarda mədəniyyət mərkəzi yaradılmışdır. Bu günlərdə həmin mərkəzdə keçirilən toplantı zamanı qərara alındı ki, Novruz bayramı ərəfəsində rayon üzrə xalq sənəti nümunələrinə kütləvi baxış keçirilsin.

Xalq sənəti xalq ruhunun ən incə təcəssümüdür. Onu müntəzəm yaşadaq gərək, el sənətkarı Cahan Cəfərov kimi.

Əhməd İSAYEV,

Azərbaycan.-2015.- 27 yanvar.- S.6.