“Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı”nın təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 5                                        Bakı şəhəri, 12 yanvar 2015-ci il

 

 

 “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı” təsdiq edilsin (əlavə olunur).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2015.- 29 yanvar.- S.2.

 

 

 

 

 

Azərbaycan  Respublikası  Nazirlər

 Kabinetinin  2015-ci il 12 yanvar

tarixli 5 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

 

Müfəssəl planların  hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların

 

SİYAHISI

 

1.                   Ümumi müddəalar

 

1.1. Müfəssəl planların  hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı (bundan sonra-Qaydalar) “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə  hazırlanmışdır və yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kəndlərin) ərazilərinin və ya onların ərazi hissələrinin, o cümlədən yaşayış məntəqələrinin hüdudlarından kənarda yerləşən ərazilərinin (yaşayış məntəqələrinin perspektiv inkişafı üçün nəzərdə tutulan) müfəssəl planlarının hazırlanması, razılaşdırılması və  təsdiq olunması qaydalarını, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısını  müəyyən edir.

1.2.   Bu Qaydaların tələbləri şəhərsalma və tikinti fəaliyyəti ilə məşğul olan bütün subyektlər üçün mütləqdir.

1.3. Müfəssəl plan yaşayış məntəqəsinin qüvvədə olan Baş planı əsasında hazırlanır. Baş plan olmadığı halda və ya Baş planın hesabat müddəti bitdikdə, kəndlərin, qəsəbələrin və perspektivdə hesabi əhalisi 50 minədək olan şəhərlərin bütün ərazisi üçün müfəssəl planın hazırlanmasına yol verilir.

1.4. Müfəssəl plan planlaşdırılan struktur elementlərinin yerləş-dirilməsini, onların inkişaf parametrlərini müəyyən edən ərazi planlaş-dırılması sənədidir.

1.5.   Müfəssəl plan yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin sifarişi ilə hazırlanır. Ərazi üçün yalnız bir müfəssəl plan olmalıdır.

1.6.  Müfəssəl plan torpaq sahələrinin məqsədli istifadəsi,  həmçinin torpaq servitutlarının tətbiq edilməsi barədə qərarların qəbul edilməsi üçün əsasdır.

1.7. Müfəssəl plan sifarişçi və xüsusi razılığı (lisenziya) olan layihəçi arasında bağlanılmış müqavilə əsasında hazırlanır. Müfəssəl planın sərhədləri müqavilənin ayrılmaz hissəsi olan layihə tapşırığı ilə müəyyən edilir. Layihə tapşırığına olan tələblər bu  Qaydalara Əlavə 1-də, layihə tapşırığının tövsiyə edilən forması isə Əlavə 2-də verilmişdir.

1.8.  Müfəssəl planın layihəçisi müqavilə şərtlərinə riayət edilməsinə, layihə həllərinin keyfiyyətinə, əsaslandırılmasına və razılaşdırılmasına, həmçinin Azərbaycan Respublikasının ərazisində qüvvədə olan normativ hüquqi aktların tələblərinə riayət edilməsinə görə cavabdehdir. Layihəçi ayrı-ayrı bölmələrin (iş növlərinin) icra edilməsinə digər şəxsləri (subpodratçıları) cəlb edə bilər.

 

2.                   Əsas anlayışlar

 

2.1.  Bu Qaydalarda  istifadə olunan  əsas anlayışlar  aşağıdakılardır:

2.1.1. layihə tapşırığı - layihələndirmənin əsasını, mərhələlərini, göstəricilərini, işlənilməsi müddətini, ilkin məlumatların əldə edilməsinə olan tələbləri, layihənin tərkibini müəyyənləşdirən sifarişçi və layihəçi arasında razılaşdırılmış sənəddir;

2.1.2. ərazinin abadlaşdırılması - ərazinin yaxşılaşdırılması və ya onun sonradan tikilib abadlaşdırılmaya hazırlanması üçün layihə və tikinti tədbirləri (mövcud tikililərin sökülməsi, şaquli planlaşdırma, yol-küçə şəbəkəsinin salınması, mühəndis-kommunikasiya xətlərinin və qurğularının tikintisi, ərazilərin yaşıllaşdırılması);

2.1.3. topoqrafik əsas - topoqrafik xəritələr və (və ya) aerokosmik zondla tədqiqetmənin, yaxud torpaq-informasiya sistemlərinin şəhərsalma layihələndirilməsi məqsədləri üçün hazırlanmış məkan məlumatları.

 

3.                   Müfəssəl planın tərkibi və məzmunu

 

3.1.  Müfəssəl planda aşağıdakılar nəzərdə tutulur:

3.1.1. tikinti məqsədləri üçün ərazidən istifadənin növü və miqyası; 

3.1.2. tikinti qaydası (üsulu), üzərində tikinti aparılması mümkün olan və olmayan torpaq sahələri, eləcə də tikinti obyektlərinin yeri;

3.1.3. tikinti aparılan torpaq sahələri üçün həcm, en və uzunluq baxımından minimal ölçülər, yerin təkindən və torpaqdan qənaətlə və səmərəli rəftar olunması ilə əlaqədar yaşayış məqsədləri ilə istifadə edilməsi nəzərdə tutulan ərazilər üçün maksimal ölçülər;

 3.1.4. torpaq sahələrindən istifadə ilə bağlı zəruri digər obyektlər üçün ərazilər (asudə vaxt və istirahət üçün ərazilər), eləcə də dayanacaq yerləri və qarajlar üçün ərazilər;

 3.1.5. ictimai ehtiyaclar, eləcə də idman və oyun qurğuları üçün ərazilər;

 3.1.6.  yaşayış binalarında mənzillərin yol verilən maksimal sayı;

 3.1.7. şəhərsalma məqsədləri üçün xüsusi şərtlərlə istifadə olunan ərazilər;

 3.1.8.  tikinti aparılmayacaq ərazilər və onlardan istifadə;

 3.1.9. hərəkət üçün ərazilər, o cümlədən piyadaların və velosipedlərin hərəkəti, maşınların saxlanılması üçün ərazilər, müəyyən ərazilərin hərəkət üçün nəzərdə tutulmuş ərazilərə birləşdirilməsi üçün ərazilər və bu kimi xüsusi təyinatlı ərazilər;

 3.1.10. təchizat (təminat) məqsədlərinə xidmət edən obyekt və müəssisələr üçün ərazilər;

 3.1.11. mühəndis-kommunikasiya təminatı sisteminin və xətlərinin   çəkilməsi, habelə tullantılar və anbarlar üçün ərazilər;

 3.1.12. parklar və başqa yaşıllıq əraziləri, qısamüddətli istirahət məqsədi ilə çadır qurmaq üçün yerlər, çimərlik yerləri, qəbiristanlıqlar;

 3.1.13. su əraziləri, eləcə də su təsərrüfatı, daşqından qorunmaq üçün qurğuların yerləşdirilməsi və suyun axınını tənzimləmək üçün ərazilər (əgər bu məsələlər digər qanunvericilik aktları ilə həll olunmamışdırsa);

 3.1.14. mühəndis hazırlığının, o cümlədən relyefin layihə təşkilinin aparılmalı olduğu ərazilər (doldurulmalı, qazılmalı olan ərazilər) və ya daş, torpaq, yaxud digər qazıntıların çıxarılması üçün ərazilər;

 3.1.15. heyvandarlıqla bağlı obyektlərin tikintisi (tövlələr, heyvan sərgilərinin keçirilməsi üçün qurğular və s.), habelə otlaqlar və örüşlər üçün ərazilər;

 3.1.16. təbii mühitin və landşaftın qorunması və inkişafı məqsədi ilə tədbirlər (əgər bu məsələlər digər qanunvericilik aktları ilə həll olunmamışdırsa), eləcə də bu tədbirlərin görülməsi üçün ərazilər;

 3.1.17. piyada və ya nəqliyyat vasitəsilə hərəkət üçün ictimaiyyətin və ya maraqlı şəxslər dairəsinin xeyrinə, habelə infrastrukturun yaradılması üçün yüklənməli olan ərazilər;

 3.1.18. ətraf mühitin zərərli təsirlərdən mühafizəsi məqsədi ilə havanı çirkləndirən müəyyən materiallardan istifadənin qadağan edildiyi və yaxud məhdudlaşdırıldığı ərazilər, təmizlənməli və abadlaşdırılmalı ərazilər;

 3.1.19. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş mənada ətraf mühitin zərərli təsirlərdən mühafizəsi məqsədi ilə müvafiq tədbirlərin görülməsi üçün ərazilər, eləcə də belə təsirlərdən qorunmaq və ya belə təsirlərin qarşısını almaq üçün tikinti və digər texniki xarakterli tədbirlər;

3.1.20. kənd və ya meşə təsərrüfatı məqsədləri üçün nəzərdə tutulmuş ərazilər istisna olmaqla, tikinti obyektlərinin hissələri üçün ağacların, kolların və digər bitkilərin əkilməsi, eləcə də onların və su hövzələrinin qorunub saxlanılması üçün dayaqlar.

3.2. Müfəssəl planda aşağıdakılar xüsusi qeyd olunmalıdır:

3.2.1. tikinti zamanı xüsusi tikinti tədbirlərinin və ya təbiət hadisələrinə qarşı xüsusi təhlükəsizlik tədbirlərinin görülməsi üçün zəruri olan ərazilər;

3.2.2.  mədən sənayesi altında olan və ya mineralların emalı üçün nəzərdə tutulmuş ərazilər;

3.2.3.  ətraf mühit üçün təhlükə yaradan materiallarla yüklənmiş ərazilər.

3.2.4. Müfəssəl plan onun tətbiq olunduğu ərazinin sərhədlərini müəyyən edir.

3.2.5. Müfəssəl plana izahat əlavə edilməlidir. İzahatda müfəssəl planın məqsədləri və mühüm təsirləri təsvir olunmalıdır.

3.2.6.  Müfəssəl plan aşağıdakı hallarda hazırlanır və ya dəyişdirilir:

3.2.6.1. ümumi və baş planlara uyğun olaraq yaşayış evlərinin, ictimai təyinatlı obyektlərin, rekreasiya obyektlərinin və ümumi istifadədə olan obyektlərin, sənaye, anbar, kommersiya və ticarət obyektlərinin, mühəndis-kommunikasiya şəbəkələrinin və digər obyektlərin tikintisi məqsədi ilə ərazilər nəzərdə tutulduqda;

3.2.6.2.  yeni tikinti üçün, yaxud kənd və ya meşə təsərrüfatı ilə bağlı olmayan digər fəaliyyət növlərinin inkişafı üçün torpaq sahələri formalaşdırıldıqda;

3.2.6.3. tikinti və digər fəaliyyət növlərinin inkişafı məqsədi ilə torpaqdan istifadənin əsas təyinatı dəyişdirildikdə;

3.2.6.4. ərazidən istifadə növü, binaların yol verilən hündürlük həddi, ərazinin tikinti və tikinti sıxlığı əmsalları ilə bağlı tələblərdən hər hansı biri dəyişdikdə;

3.2.6.5.  sənaye zonaları üçün ərazilər formalaşdırıldıqda;

3.2.6.6. ümumi və baş planlarda mühəndis-kommunikasiya təminatı qurğularının tikintisi nəzərdə tutulmadıqda.

3.2.7. Qüvvədəolma müddəti müəyyən edilməyən müfəssəl planlar müddətsiz istifadə olunur.

3.3                  . Müfəssəl plan qrafiki materiallardan və izahat yazısından ibarətdir.

3.3.1. Qrafiki materiallara aşağıdakılar daxildir:

3.3.1.1. yaşayış məntəqəsinin planında layihələndirilən ərazinin mövqe planı;

3.3.1.2. ərazinin müasir istifadəsi planı (istinad planı);

3.3.1.3. tikinti-planlaşdırma eskizi ilə birlikdə qırmızı xətlərin planı;

3.3.1.4. müfəssəl plan (əsas cizgi);

3.3.1.5. qırmızı xətlərin bölgü planı;

3.3.1.6. küçələrin en kəsikləri (mövcud və layihələndirilən);

3.3.1.7. nəqliyyat və sosial xidmət obyektlərinin yerləşdirilməsi sxemi;

3.3.1.8. magistral mühəndis şəbəkələri və qurğularının yerləşdirilməsi sxemi;

3.3.1.9. ərazinin mühəndis hazırlığı sxemi (ərazinin relyefinin təşkili ilə birlikdə);

3.3.1.10. ərazinin planlaşdırılma məhdudiyyətləri sxemində göstərilən məlumatlar (müfəssəl plan yaşayış məntəqəsinin  bütün ərazisi üçün işləndiyi halda):

3.3.1.10.1. faydalı qazıntıların yerləşdiyi ərazilərin sərhədləri;

3.3.1.10.2. təbii şəraitinə görə tikinti üçün müxtəlif dərəcədə əlverişsiz olan torpaqlar;

3.3.1.10.3. sənaye  müəssisələrinin və digər obyektlərin sanitar mühafizə zonaları;

3.3.1.10.4. hava limanına yaxın ərazilərdə tikintinin aparılması üçün məhdudiyyətli zonalar;

3.3.1.10.5. kurortların su mənbələrinin, su anbarlarının, su kəmərlərinin, yüksəkgərginlikli elektrik ötürücüsü xətlərinin mühafizə zonaları;

3.3.1.10.6. daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonaları.

3.3.2. İzahat yazısında layihələndirilən ərazinin xarakteristikası, təhlili, qiymətləndirilməsi, ərazinin istifadə edilməsi üzrə əsaslandırma və layihə həlləri, onun mühəndis və nəqliyyat təminatı, texniki - iqtisadi göstəriciləri, ətraf mühitin mühafizəsi və fövqəladə halların qarşısının alınması üzrə tədbirlər olmalıdır:

3.3.2.1. layihələndirilən ərazinin xarakteristikasında aşağıdakılar əks olunmalıdır:

3.3.2.1.1.  ərazinin iqlim və mühəndis-geoloji şəraiti barədə məlumat;

3.3.2.1.2. ərazinin müasir istifadəsi (mövcud vəziyyəti) barədə məlumat;

3.3.2.1.3. ərazidəki bina və qurğuların texniki vəziyyətinin qiymətləndirilməsi;

3.3.2.1.4.   ərazinin sanitar vəziyyəti barədə məlumat;

3.3.2.2. layihə təkliflərinin əsaslandırılması aşağıdakıları əks etdirməlidir:

3.3.2.2.1.  əhalinin perspektiv sayının göstəriciləri;

3.3.2.2.2. tikinti növlərinə və onun sıxlığına görə mənzil fondu üzrə təkliflər və hesabatlar;

3.3.2.2.3. sosial, mühəndis və nəqliyyat infrastrukturları obyektlərinin yerləşdirilməsi və tutumu üzrə təkliflər və hesabatlar;

3.3.2.2.4. istirahət və idman (turizm) obyektlərinin yerləşdirilməsi üzrə   təkliflər;

3.3.2.2.5.  ərazi zonaları üzrə layihələndirilən ərazinin balansı;

3.3.2.3.    ərazi üzrə layihələndirmə işlərinə aşağıdakılar daxildir:

3.3.2.3.1. ərazinin struktur-planlaşdırma elementlərinə bölünməsi, onların yerləşdirilməsi, ölçüləri və konfiqurasiyası;

3.3.2.3.2.   tikintinin növləri;

3.3.2.3.3.  şəhərsalma kompozisiyasının prinsip və üsulları;

3.3.2.4.   ərazinin abadlaşdırılması ilə bağlı layihə işlərində aşağıdakı təkliflər və hesabatlar əks olunmalıdır:

3.3.2.4.1.   yol-küçə şəbəkəsinin inkişafı;

3.3.2.4. 2.   nəqliyyat hərəkətinin təşkili;

3.3.2.4.3. avtomobil nəqliyyatının saxlama sahələrinin (dayanacaq və   avtomobil saxlamaq üçün yerlər)  yerləşməsi və parametrləri;

3.3.2.4.4. yaşıllaşdırma növləri nəzərə alınmaqla, landşaft-rekreasiya ərazilər sisteminin yaradılması;

3.3.2.4. 5.  ərazilərin mühəndis hazırlığı;

3.3.2.4.6. su təchizatı və kanalizasiya, istilik, elektrik, qaz təchizatı sistemləri, telefon, televiziya, radio xətləri;

3.3.2.4.7. ərazinin sanitar təmizlənməsi;

 

3.3.2.5. layihənin əsas texniki-iqtisadi göstəricilərində (TİG) bu Qaydalara Əlavə 5-ə uyğun olaraq qəbul edilmiş layihə işlərini səciyyələndirən kəmiyyət parametrləri əks olunmalıdır. TİG - layihələndirmə ilinin yanvarın 1-dək aşağıdakı mərhələlər üzrə: layihələndirmə ilindən başlayaraq layihənin reallaşdırılmasının birinci mərhələsinin sonunadək, birinci mərhələnin sonundan başlayaraq qəbul edilmiş hesabat dövrünün sonunadək (və ya artan yekun üzrə) göstərilməlidir;

3.3.2.6.  ətraf mühitin mühafizəsi ilə bağlı  tədbirlərdə ətraf mühitin mövcud və proqnozlaşdırılan vəziyyətinin xüsusiyyətləri və həmçinin onun optimallaşdırılmasına yönəldilmiş kompleks şəhərsalma tədbirləri əks olunmalıdır və burada aşağıdakılar göstərilməlidir:

3.3.2.6.1. ərazinin landşaft-iqlim xüsusiyyətlərinin təsviri (relyef, bitki örtüyü, mikroiqlim və s.) ;

3.3.2.6.2.   ətraf mühitin mövcud vəziyyətinin xarakteristikası;

3.3.2.6.3.  ətraf mühitin əlverişsiz texnogen təsir mənbələrindən (stasionar, səyyar) mühafizəsinə yönəldilmiş şəhərsalma tədbirləri.

3.4.    Müfəssəl planın təsdiq edilməli hissəsinə daxildir:

3.4.1. müfəssəl plan (əsas cizgi);

3.4.2.  qırmızı xətlərin bölgü planı;

3.4.3.  küçələrin  en kəsikləri.

3.5. Müfəssəl planın layihə tapşırığında nəzərdə tutulduğu halda, ərazinin tikinti-planlaşdırılmasının maketi və ya 3D formatında vizual görünüşü hazırlanmalıdır.

3.6.  Ərazisində tarixi - mədəni dəyərlər yerləşən yaşayış məntəqələri üçün müfəssəl planın tərkibində “Tarixi-memarlıq istinad planı” cizgisi hazırlanmalıdır.

3.7. Layihələndirilən ərazinin mövqe planı 1:5 000 və ya 1:10 000 miqyasında Baş plan materiallarının əsasında yerinə yetirmək tövsiyə edilir. Planda aşağıdakılar əks olunmalıdır:

3.7.1.  müfəssəl planın sərhədləri;

3.7.2. ərazi zonalarının şərti işarələri;

3.7.3. xarici nəqliyyat magistrallarının istiqamətlərinin coğrafi adları.

3.8. “İstinad planı” cizgisi 1:1000 və ya 1:2000 miqyasında aşağıdakılar əks olunmaqla yerinə yetirilməlidir:

3.8.1.  binaların mərtəbəliliyinə, maddi daşınmaz tarixi dəyərlərinə və digər parametrlərə nisbətdə xarakteristikaları göstərilməklə  mövcud tikililəri;

3.8.2. layihələndirməyə başlama tarixinə olan ərazi zonalarının sərhədləri;

3.8.3. layihələndirmə və tikinti üçün ayrılmış torpaq sahələrinin sərhədləri;

3.8.4.  mövcud mühəndis şəbəkə və qurğuları;

3.8.5.  mövcud planlaşdırma məhdudiyyətləri.

3.8.6.“İstinad planı” cizgisində mövcud sənaye müəssisələrinin, sosial infrastruktur və ictimai obyektlərinin  şərhi verilir.

3.9. “Tarixi-memarlıq istinad planı” cizgisi 1:1 000 və ya 1:2000 miqyasında aşağıdakılar əks olunmaqla yerinə yetirilir:

3.9.1.  daşınmaz tarix və mədəniyyət abidələrinin dövlət siyahısına daxil edilmiş ərazisi, bina və qurğuları, həmçinin daşınmaz tarix və mədəniyyət abidələri statusu almağa təklif olunan obyektlər;

3.9.2.   daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonaları.

3.10. “Müfəssəl plan” cizgisi 1:1000 və ya 1:2000 miqyasında aşağıdakılar əks olunmaqla yerinə yetirilməlidir:

3.10.1.   qırmızı xətlər;

3.10.2. bütün növ saxlanılan tikililər (istinad fondu) və təbii landşaft saxlanılan sahələr;

3.10.3. inşa edilən, yenidən qurulan, təmir və bərpa olunan binaların struktur-plan elementləri və şəhərsalma kompleksləri;

3.10.4. layihənin reallaşdırılmasının ilk növbəsi və hesabat mərhələsi  müəyyən edilməklə, planlaşdırılan ərazi zonalarının sərhədləri;

3.10.5.  torpaq sahələrinin istifadəsi və şəhərsalma tənzimlənməsinin tikinti və digər xətləri.

3.11.  Qırmızı xətlərin bölgü planı” cizgisində mövcud qırmızı xətlər, mövcud qırmızı xətlərə, istinad binalarına, koordinat toruna (əyrilərin bucaq və radiusları) bağlanılmaqla dəyişmiş (təyin olunmuş) qırmızı xətlər olmalıdır.

3.12. “Küçələrin en kəsikləri” cizgisi onların elementlərinin ölçülərini və yeraltı kommunikasiyaların yerləşdirilməsini göstərməklə  1:200 miqyasında yerinə yetirilməlidir.

3.13. “Nəqliyyat və sosial xidmət obyektlərinin yerləşdirilməsi sxemi” 1:1000 və ya 1:2000 miqyasında aşağıdakılar əks olunmaqla yerinə yetirilməlidir:

3.13.1.  küçələrin təsnifatı;

3.13.2.  ictimai nəqliyyatın hərəkət xətləri;

3.13.3.  piyada və velosiped yollarının əsas istiqamətləri;

3.13.4.  layihələndirilən nəqliyyat qurğuları;

3.13.5. layihənin hesabi ehtiyacı göstərilməklə, avtomobil dayanacaqlarının və qarajların yerləşdirilməsi, sosial xidmət obyektləri.

3.14.  Mühəndis şəbəkələri və qurğuları sxemlərində 1:1000 və ya 1:2000 miqyasında şəbəkə və qurğuların yerləşdirilməsi yerləri göstərilməklə, ərazinin mühəndis təminatının kompleks texniki həlləri göstərilməlidir. Mühəndis şəbəkələrinin növləri üzrə sxemlərin ayrıca cizgidə tərtib edilməsinə yol verilir.

3.15. 1:1000 və ya 1:2000 miqyasında icra edilmiş ərazinin mühəndis hazırlıq sxemində aşağıdakılar üzrə məlumat olmalıdır:

3.15.1.   ərazinin mühəndis hazırlığı aparılmalı sahələrinin sərhədləri;

3.15.2. yol-küçə şəbəkəsinin şaquli planlaşdırılması (mövcud və layihə hündürlük səviyyələri);

3.15.3.   küçə oxları üzrə mailliklərin istiqamətləri və ölçüləri;

3.15.4. səth sularının kənarlaşdırılması (yağış kanalizasiyası) və drenaj sistemi, ərazinin təhlükəli mühəndis-geoloji proseslərdən mühəndis mühafizəsi sistemi üzrə texniki həllər.

3.16. Müfəssəl plan tərtib olunduqda, onun məhdudiyyətlər sxemində aşağıdakı məlumatlar öz əksini tapmalıdır:

3.16.1. tullantı mənbələri (istehsalat müəssisələri, mühəndis-nəqliyyat infrastrukturu obyektləri, kommunal obyektlər);

3.16.2. sanitar-mühafizə zonaları;

3.16.3. su mühafizə zonalarının sərhədləri və su göllərinin sahilyanı zolaqları, suqəbuledicinin sanitar-mühafizə zonaları, xüsusi mühafizə olunan təbii ərazilər və s.

3.17. “Tikinti-planlaşdırma eskizi” yerin relyefi nəzərə alınmaqla, layihələndirilən ərazinin sərhədlərində tikilinin memarlıq-planlaşdırma və həcm məkan həllini aşkar etməlidir. Onun üzərində bütün növ  saxlanılan tikilinin və təbii landşaftın saxlanılan sahələrinin elementləri və həmçinin layihələndirilən qırmızı xətləri göstərilməlidir. Ərazinin  tikinti-planlaşdırılmasının maketi və ya 3D formatında vizualizasiyası layihə  tapşırığına əsasən yerinə yetirilir.

3.18.    Müfəssəl planın əlavələrinə aşağıdakılar daxildir:

3.18.1. müfəssəl planın hazırlanması üçün əsas (yerli icra hakimiyyəti  orqanı və ya bələdiyyənin qərarı);

3.18.2. istifadə edilən topoqrafik əsas, iqlim və mühəndis-geoloji şərait barədə məlumatlar;

3.18.3. göstərilən ərazi üçün əvvəllər işlənilib hazırlanmış layihə sənədləri barədə məlumatlar;

3.18.4. yerli icra hakimiyyəti və aidiyyəti orqanları tərəfindən müfəssəl planın razılaşdırılması barədə sənədlər;

3.18.5.   müfəssəl planın ictimai müzakirəsinin protokolu.

 

4.                   Ərazinin şəhərsalma məqsədləri üçün istifadəsinin  şərtləri

 

4.1. Ərazinin şəhərsalma məqsədləri üçün istifadəsinin şərtləri tikinti obyektlərinin ərazilərində memarlıq və şəhərsalma fəaliyyətinə olan tələbləri müəyyən edir və onlara riayət edilməsi baxımından müfəssəl planlaşdırma hüdudlarında bütün layihələndirilən ərazinin kompleks və sabit inkişafını  təmin edir.

4.2. Şəhərsalma məqsədləri üçün istifadəsinin şərtləri ərazi zonalarının sərhədlərində yerləşən bütün sahələrə şamil edilir.

4.3. Layihələndirilən ərazi landşaftın təşkili və tikintisi ilə bağlı tələblər, həmçinin ərazi planlaşdırılması sənədləri ilə sərhədlər, torpaqdan istifadənin növü və şərtləri, tikintinin miqyası, eləcə də torpaqdan istifadə ilə bağlı məhdudiyyətlər müəyyən edilməklə  ərazi zonalarına bölünür. Tikinti tənzimlənmə xətləri sanitar və yanğın əleyhinə qaydalara riayət edilməsini təmin etməlidir. Tikinti tənzimlənmə xətləri tikilinin planlaşdırma həllinə uyğun olaraq binaların əsas fasadlarının yerləşməsini və konfiqurasiyasını göstərir. Tikinti tənzimlənmə xətlərinin şərti işarələri ayrı-ayrı sahələr üçün bu Qaydalara Əlavə 4-də göstərilir.

4.4. Sahənin tikinti üçün istifadəsinin intensivlik göstəricilərinə aşağıdakılar  daxildir:

4.4.1.  tikinti əmsalı;

4.4.2.  tikintinin sıxlığının əmsalı;

4.4.3.  tikilinin hündürlüyü (mərtəbəliliyi).

4.5.  Tikililərin hündürlüyü və binalar arasındakı məsafələr yaşayış, ictimai bina və yaşayış ərazilərinin insolyasiyasının normativ davamlılığını təmin etməlidir. Tikilinin  hündürlük xətti kompozisiya keyfiyyətlərinin tənzimlənməsi məqsədi ilə müəyyən edilir.

 

5.                   Müfəssəl planın tərtib edilməsi, razılaşdırılması və təsdiq               edilməsi qaydaları

 

5.1.  Müfəssəl planın tərtib edilməsinə aşağıdakı iş növləri daxildir:

5.1.1. ilkin məlumatların toplanması və təhlili;

5.1.2. ərazinin şəhərsalma qiymətləndirilməsi;

5.1.3. layihə həllərinin (variantların) hazırlanması;

5.1.4. müfəssəl planın tərtibatı;

5.1.5. müfəssəl planın ilkin layihəsini ictimaiyyətə tanışlıq üçün təqdim edilməsi;

5.1.6.   müfəssəl planın razılaşdırılması;

5.1.7. müfəssəl planın yekun layihəsinin ictimai müzakirəsinin təşkili;

5.1.8.  müfəssəl planın təsdiq edilməsi.

5.2.  İlkin məlumatlara daxildir :

5.2.1. topoqrafik əsas, iqlim və mühəndis-geoloji axtarışların materialları;

5.2.2.  dövlət torpaq kadastrının məlumatları;

5.2.3.  torpaq sahələrinin  tikinti üçün ayrılması barədə məlumatlar;

5.2.4.  əhali, yaşayış fondu, xidmət müəssisələri və idarələri, idman, sənaye, nəqliyyat və digər daşınmaz əmlak obyektlərinin sayı barədə məlumatlar;

5.2.5. mövcud küçə şəbəkəsi, nəqliyyat xidməti, hərəkətin təşkili, şəhər sərnişin nəqliyyatı xətləri və dayanacaq məntəqələrinin yerləşdirilməsi barədə məlumatlar;

5.2.6. mövcud yerüstü və yeraltı mühəndis şəbəkələri və qurğuları barədə məlumatlar;

5.2.7. ümumi istifadə üçün (park və bağçalar) mövcud obyektlərin yaşıllaşdırılması və abadlaşdırılması barədə məlumatlar;

5.2.8. ətraf mühitin mövcud vəziyyəti barədə məlumatlar;

5.2.9. tarixi-mədəni sərvətlərin siyahısı, onların mühafizəsi zonalarının işlənilib hazırlanmış və təsdiq edilmiş layihələri;

5.2.10. Baş planın materialları (mövcud olduğu halda).

5.3. İlkin məlumatlar layihələndirmənin başlanması ilinin 1 yanvar tarixinə olan vəziyyətinə görə  layihəçi tərəfindən sifarişçiyə təqdim edilir.

5.4. Layihələndirmə üçün rəqəmsal topoqrafik əsasdan istifadə etmək tövsiyə edilir.  Bu zaman məlumatın həcmi, detallaşması və dəqiqliyi kağız əsasda müfəssəl plan üçün qəbul edilmiş miqyasda (1:1000 və ya 1:2000) topoqrafik planın xüsusiyyətlərinə uyğun olmalıdır.

5.5. Müfəssəl planın qrafiki materiallarının işlənilməsi sxemi bu Qaydalara Əlavə 3-də, müfəssəl plan cizgilərində ərazi (torpaq sahələri) sərhədlərinin şərti qrafiki işarə edilməsi isə bu Qaydalara Əlavə 4-də göstərilir. Hər bir cizgi müvafiq qaydada müfəssəl planlaşdırmanın sərhədləri, qəbul edilmiş şərti işarələr, küləklərin istiqaməti, şimal istiqaməti, əsas yazı (ştamp) nəzərə alınaraq tərtib edilir. Cizgidə ümumi göstəricilərin  qeyd olunmasına yol verilir.

5.6. İzahat yazısı və “Müfəssəl plan” cizgisini layihəni hazırlayan təşkilatın rəhbərləri və müəlliflər imzalayırlar. Digər cizgi və sxemlər  layihəni işləyib hazırlayan təşkilatın  daxili sənədləşdirmə prosedurları ilə müəyyən edilmiş qaydada imzalanır.

5.7. İzahat  yazısının titul vərəqində sifarişçi və layihəni hazırlayan müəssisənin adı, layihənin tam adı, layihənin buraxılması ili və ayı, izahat yazısında isə layihə və bölmələr üzrə müəllif kollektivinin tərkibi və məsul icraçılar, qrafik və mətn materiallarının siyahısı şəklində layihənin tərkibi və layihəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir.

5.8. Təqdimat  materialları və həmçinin maqnit daşıyıcıda layihə sənədləri sifarişçiyə bir nüsxədə, qrafiki materiallar və izahat yazısı isə  üç nüsxədə təqdim edilir.        

5.9.  Müfəssəl planın hazırlanması və ya dəyişdirilməsi barədə qərar, planlaşdırmanın məqsədləri və ehtimal olunan təsirləri, müəyyən ərazinin yenidən qurulması və ya inkişafı ilə əlaqədar müxtəlif həll yolları haqqında sifarişçi tərəfindən əvvəlcədən ictimaiyyətə məlumat verilməlidir.

5.10. Müfəssəl planın hazırlanması və ya dəyişdirilməsi barədə qərarın elan olunduğu gündən 30 (otuz) gün müddətində ictimaiyyət bu Qaydaların 5.9-cu bəndində nəzərdə tutulmuş məsələlərlə bağlı etiraz və təkliflərini sifarişçiyə yazılı şəkildə təqdim edir.

5.11. Müfəssəl planın ilkin layihə materialları tanışlıq məqsədi ilə ictimaiyyətə təqdim edilir. İctimaiyyətin təklifləri nəzərə alınmaqla hazırlanmış müfəssəl planın layihə materialları razılaşdırmaq məqsədi ilə aidiyyəti dövlət orqan və qurumlarına təqdim edilməlidir. Həmin orqanlar və aidiyyəti qurumlar müfəssəl planın layihəsinin onlara göndərildiyi gündən 30 (otuz) gün müddətində həmin sənədlərə dair yazılı rəy bildirməlidirlər. Bu müddətdə onlar rəy bildirmədikdə, sifarişçi ərazi planlaşdırılmasının həmin orqan və qurumların maraqlarına toxunmaması mövqeyindən çıxış edir.

5.12. Bu Qaydaların 5.9-cu və 5.11-ci   bəndlərinin tələblərinə müvafiq verilən təkliflər nəzərə alınmaqla, müfəssəl planın yekun layihəsi hazırlanır və sifarişçinin təşkil etdiyi  ictimai müzakirəyə çıxarılır.

5.13.  Müfəssəl planın ictimai müzakirəsi üçün qrafik və mətn materialları təqdim edilir.

5.14.   Müfəssəl plan layihəsi bələdiyyənin qərarı əsasında hazırlandığı halda, hazırlandığı gündən 10 (on) gün müddətində müvafiq bələdiyyəyə, digər hallarda isə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təsdiq  üçün təqdim edilməlidir.

5.15. Müfəssəl plan layihəsi bələdiyyənin qərarı əsasında hazırlandığı halda, müvafiq qaydada razılaşdırıldıqdan sonra rəy bildirmək üçün yerli icra hakimiyyəti orqanlarının memarlıq bölmələri tərəfindən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilir.

5.16. Müfəssəl plan onun təsdiq olunduğu gündən 5 (beş) gün  müddətində  yerli icra hakimiyyəti orqanı və yaxud bələdiyyə tərəfindən elan olunmalıdır. Müfəssəl plan elan olunduğu gündən qüvvəyə minir.

 

6.                   Müfəssəl  planların  razılaşdırıldığı orqanların siyahısı

 

6. Müfəssəl planlar aşağıda qeyd olunan  orqanları ilə razılaşdırıl-malıdır:

6.1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi;

6.2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi;

6.3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi;

6.4. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi;

6.5. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi;

6.6. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi;

6.7. Azərbaycan Respublikasının Dövlət  Torpaq və Xəritəçəkmə Komitəsi;

6.8. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti;

6.9. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti;

6.10. Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi;

6.11. Layihə tapşırığında qeyd olunan   orqan və qurumlar.

 

7.                  Yekun müddəa

 

7.1. Bu Qaydalara Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla dəyişiklik edilə bilər.

 

_______________________

 

 

 

 

“Müfəssəl   planların   hazırlanması,

razılaşdırılması    təsdiq  olunması

qaydaları,   habelə   həmin   planların

razılaşdırıldığı orqanların siyahısı”na

Əlavə 1

 

(məcburi olan)

 

 

Layihə tapşırığına dair tələblər

 

Layihə tapşırığında aşağıdakılar göstərilməlidir:

layihələndirilən obyektin adı və sərhədləri;

müfəssəl planın hazırlanması üçün əsas ;

müfəssəl planın hazırlanması üçün əsas öhdəliklər və tələblər ;

4. ilkin məlumatların alınması, toplanması, kartoqrafik və topoqrafik əsasların istifadə edilməsi qaydası, əsas cizgilərin icra edilməsi həcmi;

layihə qabağı tədqiqatların, mühəndis axtarışlarının və digər işlərin (təbii şərtlərin müəyyən edilməsi, ekoloji, sosial-iqtisadi, demoqrafik situasiyanın, istehsal, sosial, mühəndis-nəqliyyat infrastrukturunun inkişafı, tarixi-mədəni və təbii irsin mühafizəsi və s.) yerinə yetirilməsi zərurəti ;

müfəssəl planın bölmələrinin  tərkibi və  məzmunu, əsas texniki-iqtisadi göstəricilər ilə bağlı əlavələr, əlavə işlər və layihə materiallarının surətləri barədə göstəricilər;

7. layihəyə baxışı, onun razılaşdırılmasını və ekspertizasını həyata keçirən təşkilatların adı, layihələndirmə prosesində və ya müfəssəl planın ayrı-ayrı mürəkkəb məsələlərinin ilkin razılaşdırılmasının həyata keçirilməsi barədə göstərişlər ;

digər tələb və şərtlər.