Dilbaz atı

 

mədəni irsimiz, milli sərvətimizdir

 

Məlumdur ki, canlı varlıqlar içərisində insana at qədər yaxın ikinci bir varlıq yoxdur, antropoloji və arxeoloji tədqiqatlar atın bizim eradan əvvəl 8000-4000-ci illər arasında türklər tərəfindən Türküstanın İrana yaxın bölgələrində əhliləşdirildiyini sübut edir. Bəzi mənbələr isə atın Xəzərin cənub-şərq, cənub və cənub-qərb sahilləri boyu ərazilərdə əhliləşdirildiyini göstərir. Son Tunc və Dəmir dövründə Qarabağ, Gəncə, Naxçıvan, Qazax, Mingəçevir, Talış kurqanlarında tayfa başçılarına məxsus zəngin qəbir abidələrində təmtəraqla müşayiət olunan at dəfninə tez-tez rast olunması da bununla bağlıdır. Bütün bunlar onu göstərir ki, müasir Azərbaycan Respublikasının əraziləri atın əhliləşdirildiyi hesab olunan məskənlərə təsadüf edir. Bunun nəticəsidir ki, Azərbaycan xalqı ta qədim zamanlardan başlayaraq ata böyük sevgi, qayğı ilə yanaşmış və bu, xalqımızın həyat tərzini özündə əks etdirən maddi-mədəniyyət qalıqlarında, ədəbiyyat və incəsənət əsərlərində təsvir olunmaqla öz təsdiqini tapmışdır.

Azərbaycan ədəbiyyatının qədim nümunələrindən olan “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanlarında, dahi Nizaminin “Xosrov və Şirin” poemasında xalqımızın at çapmaq, at oynatmaq, at belində müxtəlif oyunlar, yarışlar keçirmək adət-ənənələrindən, atların insanlara sədaqətindən bəhs olunur. Azərbaycanın xalq ədəbiyyatından məlumdur ki, Koroğlu, Babək, Qaçaq Nəbi, Qaçaq Kərəm, digər xalq qəhrəmanlarının döyüşdən qalib çıxmaları yüksək qaçış sürətinə malik olan və dağlıq ərazilərdə yaxşı hərəkət edə bilən atların köməyi sayəsində mümkün olmuşdur. Qaçaq Nəbinin Bozatı bütün əlamətlərinə görə Dilbaz atının o zamankı tiplərindən biri idi. Atların xarakteri və digər maraqlı cəhətləri müasir dövrümüzədək olan ədəbiyyat və incəsənət nümunələrində də təsvir edilir. Maraqlıdır ki, ov və döyüş səhnələrinə həsr olunmuş qədim Azərbaycan miniatürlərində iki at tipinin təsviri verilmişdir.

Ölkəmizin ərazisində hələ eramızdan əvvəl V minilliyin sonu, IV minilliyin birinci yarısına aid Əliköməktəpə abidəsində tapılan əhliləşdirilmiş at sümüklərinin də azı iki at tipinə aid olduğu göstərilir. Hazırda dünyada yetişdirilən 260 at cinsinin ikisi - “Qarabağ” və “Dilbaz” atları xalq seleksiyası nəticəsində Azərbaycanda yaranmış və Azərbaycan xalqına məxsusdur. Bu, bütün dünya tədqiqatçıları tərəfindən sübut və qəbul edilir. Güman edilir ki, Qarabağ və Dilbaz at cinsləri qədim dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş həmin iki at tipindən istifadə olunmaqla yaranmışdır.

Müxtəlif tədqiqatçılar Azərbaycan atlarının mənşəyi barədə təhrif olunmuş fikirlər söyləmiş, mülahizələr irəli sürmüşlər. Məsələn, məşhur rus tədqiqatçısı İ.İ.Kolugin Azərbaycan atlarının Ərəb, İran və Monqol atlarından əmələ gəldiyini güman edirdi. Türk dünyasının ən tanınmış araşdırıcılarından olan L.N.Qumilyov “Qədim Türklər” əsərində yazırdı: “Qədim türklərin atları enli döşlü, uzun və incə ayaqları, qısa boynu, ağır başı olması ilə fərqlənirdi. Bu atların Monqol atları ilə heç bir ümumi əlamətləri yoxdur.”

X.Ə.Rəcəbli və N.M.Səfərov “Dilbaz atı” kitabında qeyd edirlər ki, həqiqətən Monqol atları səhra atlarına aid olduğu halda, türk xalqlarının at cinsləri sırasına daxil olan Azərbaycan atlarının, o cümlədən Dilbaz atının dağ cinsinə aidiyyəti heç bir şübhə doğura bilməz. Dilbaz atları da Qarabağ atları kimi ən qədim at cinslərindən biridir. Hələ bir çox xalqlara məxsus məşhur at cinslərinin formalaşmadığı dövrdə Qarabağ və Dilbaz atlarının köhnə tipləri mövcud olmuş, Şərqdə böyük şöhrət qazanmışdı.

Qeyd etmək lazımdır ki, heyvandarlığın digər sahələrində olduğu kimi, atçılıqda da yalnız təmizlikdə yetişdirməklə yüksək keyfiyyətlərə malik cins formalaşdırmaq mümkün deyildir. Ona görə də istənilən cinsin formalaşmasında bir və ya bir neçə digər cinslərdən istifadə etməklə müxtəlif yetişdirmə üsulları tətbiq olunur. Elmin inkişaf etmədiyi, ölkələr arasında əlaqələrin zəif və iqtisadi imkanların məhdud olduğu dövrlərdə xalq seleksiyası yolu ilə yeni cins yetişdirmədə əsasən “bir damcı qan qatma” üsulundan istifadə olunurdu. Belə ki, mövcud cinsin hər hansı bir qüsurlu və çatışmayan əlamətini aradan qaldırmaq və ya yaxşılaşdırmaq, yaxud hər hansı yeni bir əlamət əldə etmək üçün bu əlamətə görə yüksək qiymətləndirilən cinsin törədicisi ilə çarpazlaşdırılması və alınan nəslin öz-özündə yetişdirilməsi geniş tətbiq olunurdu. Şübhəsiz ki, Dilbaz atlarının da müəyyən əlamətlərinin yaxşılaşmasında digər at cinslərindən istifadə olunmuşdur.

Müxtəlif mənbələrdə göstərilir ki, müasir Dilbaz atlarının cins kimi formalaşması XVII əsrin birinci yarısından başlayaraq XVIII-XIX əsrləri əhatə edən uzun bir prosesdir. Məhz həmin dövrdə təmizlikdə yetişdirilən Dilbaz at tiplərinin digər Şərq ( Ərəb, Türk, Qarabağ, sonralar Terek) atları ilə qismən yaxşılaşdırılması prosesi aparılmışdır. Qazax qəzasında Dilbazilər sülaləsinin bir neçə nəslinin, habelə Allahyar bəy Zülqədərov və onun mənsub olduğu sülalənin nümayəndələrinə məxsus at ilxılarında Dilbaz atlarının yaxşılaşdırması istiqamətində aparılan işlər müasir dövrümüzə gəlib çatmış Dilbaz cinsinin formalaşmasında əsas mərhələ olmuşdur.

Dilbazilərin ulu babası Allahyar ağa XVII əsrin əvvəllərində Türkiyə və İraqda təhsil almış, zəmanəsinin savadlı və sayılıb-seçilən simalarından olmuşdur. O, Anadolu türklərindən olan İbrahim bəylə dostluq etmişdir. İbrahim bəyin böyük at zavodu olmuş və burada 20 il müntəzəm olaraq yerli türk atlarının Ərəb cinsli atlarla yaxşılaşdırılması işləri aparılmışdır. Allahyar ağanın bu atlardan xoşu gəldiyini görən İbrahim bəy ona həmin atlardan iki bir yaşar erkək və dişi at bağışlayır. Demək olar ki, ərəbləşmiş bu atları Allahyar ağa Xanlıqlar kəndinə gətirir və onları öz aralarında cütləşdirərək çoxaldır, eyni zamanda, öz ilxılarında yerli atların yaxşılaşdırılmasında həmin atlardan istifadə edir. Bununla da Dilbaz atlarının ilk dövrlərdə yaxşılaşması prosesində əsasən Ərəb və qismən də Türk atları iştirak etmişlər. Allahyar ağanın yetişdirdiyi atlar əksər hallarda boz rəngli və göy xallı olmaqla bəzilərinin dillərinin ortasında haça şəkilli zeh olduğundan onlara “haça dil” atlar demişlər.

Allahyar ağadan sonra, Azərbaycanın mərhum şairi Mirvarid Dilbazinin qeyd etdiyi kimi, nəslin böyük hörmət, nüfuz və söz sahibi olan görkəmli nümayəndələri Alı ağa, Hacı Əbdürəhman ağa, Hacı Allahyar ağa Dilbazi, Hacı Kərim ağa Dilbazi babalarının yetişdirdiyi atların təkmilləşdirilməsi və artırılması ilə məşğul olmuşlar. Artıq XIX əsrdə Dilbazilərin yetişdirdikləri atların şöhrəti bütün mahala yayılmış, həmin dövrün ağa və bəy nəslinin görkəmli nümayəndələri (Zülqədərovlar,Vəkiloğulları, Şıxlinskilər, Miralayevlər, Rüstəmbəyovlar və b.) öz ilxılarında bu atlardan döllük məqsədilə geniş istifadə edir, onların ağ, boz, göydəmir tiplərini saxlayıb minikdə istifadə etməkdən fəxr duyur və zövq alırdılar. Nəhayət, XIX əsrin ortalarından XX əsrin əvvəllərinə qədər olan dövrdə Hacı Kərim ağa Dilbazinin oğlu Hacı Əbdürəhim ağa babalarının nəsildən-nəslə əmanət kimi ötürdükləri cinsi təmizlikdə yetişdirməyə başlayır. Bütün bunlar onu deməyə əsas verir ki, müasir Dilbaz at cinsinin ilkin seleksiya özəyini məhz Dilbazilər bəylərinə məxsus at ilxıları təşkil etmiş və cinsin formalaşmasına zəmin yaratmışlar.

Müasir Dilbaz at cinsinin formalaşmasında Azərbaycan türklərinin ən qədim və çoxşaxəli nəsillərindən biri olan Zülqədərovlar nəslinin davamçısı, XIX əsrin sonu, XX əsrin əvvəllərində tanınmış şəxsiyyətlərdən və böyük mülk sahiblərindən biri olmuş Allahyar bəy Zülqədərovun da böyük xidmətləri olmuşdur. O, çar Rusiyasının Duma üzvü və II Nikolayın yaxın dostu olmuş, Peterburqda Meşəçilik Akademiyasını bitirmişdir. Onun əsas malikanəsi o zaman Qazax qəzasına baxan, Tovuzun Keşkənd kəndində (indiki Gədəbəy rayonunun Qoşabulaq kəndi) yerləşmişdi. Professor R.X.Səttarzadə və S.O.Həsənov “Qarabağ atı” kitabında qeyd edirlər ki, Allahyar bəy Zülqədərov, onun Şəmkir və Zəyəmdə mülkləri olan qardaşlarının ilxılarında 740 başdan çox müxtəlif cinsli atlar yetişdirilirdi. Keşkəndin yaşlı adamlarının verdiyi məlumatlara görə, Allahyar bəyin ilboyu Xınna dərəsində və Öküz dağının ətəyində yerləşən “göydəmir” atlardan təşkil olunmuş ilxıları var idi. O zaman bu cür, yaxud “göydəmir türk atları” adlanan həmin atlar müasir Dilbaz cinsinin o dövrdəki nümunələrindən idi.

Allahyar bəy başqalarından fərqli olaraq ilxılarında damazlıq işlərini zavod səviyyəsində aparırdı. Belə ki, boz, yaxud göydəmir atların sarı və kürən atlarla bir yerdə saxlanmasına və cütləşdirilməsinə yol vermir, ilxılarında yerli sarı və kürən atlarını Ərəb, Axaltəkə və Təmizqanlı İngilis atları ilə yaxşılaşdırırdı. Onun bilavasitə nəzarəti altında aparılan bu işlər məqsədyönlü olmaqla cinsin formalaşmasına, təkmilləşməsinə və yaxşılaşdırılmasına xidmət etmişdir. Allahyar bəy ilxısında yetişdirlən atları sınamaq üçün at yürüşləri təşkil edir və ən yaxşı atları Rusiyanın, eləcə də Avropa ölkələrinin (xüsusilə Fransa, Almaniya) ippodromlarında keçirilən cıdır yarışlarına göndərər, yarışlarda mükafat alan atlardan döllük üçün istifadə etdirərmiş.

Allahyar bəyin Keşkənddən Qovlar kəndinə qədər məsafədə təşkil etdiyi at yürüşlərinin birində Dilbazilər nəslindən olan Osman Dilbazi Allahyar bəylə yaxından tanış olur və onların arasında sıx dostluq əlaqələri yaranır. Onlar bir-birinə yaxşı seçmə atlar bağışlayırlar. Şübhəsiz ki, bu hadisənin də hər iki sülalənin at ilxılarının cins tərkibinə, o cümlədən Dilbaz cinsinin yaxşılaşmasına müsbət təsiri olmuşdur. Hazırda Gədəbəy, Tovuz və Şəmkirin böyük bir ərazisini əhatə edən Xınna dərəsinin kəndlərindəki əhalidə olan atların əksəriyyəti, o cümlədən yerli Dilbaz atları məhz Allahyar bəyin atlarının nəslindəndir.

Dilbaz atlarının yaxşılaşdırılması yalnız Qazax qəzası ilə məhdudlaşdırılmamış və bu işlə Şəki bölgəsində tanınmış şəxslərdən və böyük mülk sahiblərindən olan Ədil xan ( İlisunskiy) məşğul olmuşdur. Ədil xan keçən əsrin əvvəllərində Almaniyada ali təhsilini başa vurduqdan sonra Şəki bölgəsinin Daşüz adlanan ərazisində at zavodu yaratmış, Dilbazilərdən və Allahyar bəy Zülqədərovdan 30 baş damazlıq madyan və 5 baş törədici ayğır alaraq Daşüzə gətirərək zavodda yetişdirməyə başlamışdır. Azərbaycanda sovet hakimiyyəti qurulduqda o, V.İ.Leninə teleqram göndərərək bütün əmlakını sovet hökumətinə bağışlamaq istədiyini bildirmişdir. Onun bu təklifi nəzərə alınaraq mülkü dövlətə keçirilmiş, özü isə bir müddət həmin at zavodunun direktoru işləmiş və müasir Dilbaz atlarının tələbinə cavab verən atlar yetişdirmişdir. Ədil xanın Daşüz at zavodunda yetişdirdiyi atlar (Elbrus, Lakme və s.) Pyatiqorskda 1912-ci ildə keçirilmiş sərgidə iştirak etmişlər. Sonralar kollektivləşmə illərinə qədər Qazax rayonundan Daşüz at zavoduna əlavə 20 baş yüksək sinifli madyan gətirilmişdir.

Məlumdur ki, at cinslərinin formalaşmasında zavod atçılığının əhəmiyyəti böyükdür. Bunu nəzərə alaraq yeni at cinslərinin yaradılması və müasir cinslərin təkmilləşdirilməsi üçün sovet hakimiyyəti illərində zavod atçılığının inkişafına xüsusi önəm verilirdi. Ölkəmizdə ilk müasir atçılıq müəssisələri və zavodları, o cümlədən Bakıda cıdır meydanı-1923-cü ildə, Nuxanın Daşüz ərazisində 71 saylı at zavodu - 1934-cü ildə, Ağdam və Ağstafa at zavodları -1949-cu ildə yaradılmışdır. Həmin zavodlar yaradılarkən vaxtilə xan zavodlarına məxsus atların qalıqlarından istifadə edilmişdir. 1944-cü ildə isə Qazax (Azərbaycan) atlarının dövlət damazlıq ocağının yaradılması haqqında qərar qəbul edildi. 71 saylı zavodda 2 bölmə yaradıldı, onlardan birində Kabardin, digərində Qazax (Azərbaycan) və onların Ərəb atları ilə yaxşılaşdırılmış nümunələri cəmləşdirildi. Bundan əlavə, zavoda Qazax rayonundan 41 baş təmiz cins Dilbaz madyanı və 2 baş törədici ayğır verildi. Bu zavodda Kabardin cinsindən olan atlar yerli şəraitə çətin uyğunlaşdığına görə get-gedə azalaraq sıradan çıxdı. Zavodda Dilbaz atlarının yetişdirilib Bakı Dövlət Cıdır Meydanında cıdır yarışlarında sınaqdan keçirilməsinə və bununla cinsin təsərrüfat-bioloji əhəmiyyətli əlamətlərinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü damazlıq-seleksiya işi aparılmağa başlandı.

Həmin dövrdə fəaliyyət göstərən Dövlət Damazlıq Ocağının xidmət dairəsində 18 atçılıq ferması var idi. Bu fermalarda 4 mindən çox Dilbaz cinsli atlar cəmlənmişdi və təsdiq olunmuş damazlıq planına uyğun yetişdirilirdi.

Həyata keçirilən bu və digər tədbirlər nəticəsində 50-ci illərin əvvəllərində atçılıqda nəzərə çarpan müsbət keyfiyyət dəyişikliyinə nail olundu. 1952-ci ildə artıq Qazax, Tovuz və Şəki rayonlarından 12 baş Qazax (Azərbaycan) atı seçilərək Ümumittifaq Kənd Təsərrüfatı Sərgisində iştirak etmək üçün Moskva şəhərinə göndərildi.

Yuxarıda qeyd olunduğu kimi, Dilbaz atların uzunmüddətli xalq seleksiyası yolu ilə yaranması, yayıldığı arealın genişliyi və cinsin formalaşmasında ayrı-ayrı sülalələrin və şəxslərin iştirakı və digər amillər ona müxtəlif adlar verilməsinə səbəb olmuşdur. Belə ki, orta əsrlərdən XIX əsrin sonlarına, XX əsrin əvvəllərinə kimi cinsin köhnə tiplərinin rəngindən asılı olaraq onu “göydəmir”, “göydəmir türk atı”, yaxud sadəcə “boz at” adlandırmışlar. 1950-1960-cı illərdə bu at onun əsas vətəni hesab edilən bölgənin adı ilə “Qazax” adlandırılırdı. 1960-1970-ci illərdə müxtəlif sənədlərdə, kitablarda, elmi əsərlərdə “Qazax (Dəliboz)”, “Qazax (Diliboz)”, “Qazax (Azərbaycan)”, “Diliboz” və s. variantlar işlədildi. 1980-ci illərdə isə “Dilboz” yazılışına üstünlük verildi. Nəhayət bu məsələyə son qoyuldu, Azərbaycan SSR Nazirlər Sovetinin 22 avqust 1990-cı il tarixli 392 saylı qərarı ilə cinsin adı rəsmi olaraq ilk dəfə, onu yetişdirən sülalənin adına uyğunlaşdırılaraq “Dilbaz” adlandırıldı.

Dilbaz atlarının yaxşılaşmasında digər at cinslərindən istifadə olunduğu kimi, Dilbaz cinsindən də digər at cinslərinin formalaşmasında istifadə olunmuşdur. X.Ə.Rəcəbli və N.M.Səfərovun apardığı tədqiqat nəticəsində (“Dilbaz atı” kitabı, səh. 48) məlum olmuşdur ki, rus xalqının böyük fəxrlə sahib olduğu Orlov minik at cinsinin formalaşmasında Dilbaz atının köhnə tiplərindən də istifadə olunmuşdur. Belə ki, atçılıq üzrə tanınmış alim V.O.Vitt “Rus zavod atçılığının tarixindən” (M,1952) əsərində yazır ki, hələ Orlov at zavoduna Ərəb və Türk atları gətirilməmişdən əvvəl, zavoda üç Asiya atı gətirilmişdi. Onlardan ikisi İrandan gətirilmiş Drakon və Şah adlı atlarla bərabər, üçüncüsü Ermənistandan Hüseyn xanın at zavodundan gətirilən boz ayğır olmuşdur. Həmin boz ayğırdan Lebed adında ağ ayğır alınmışdı ki, bu da Orlov minik at cinsinin əsasını qoyan nəsil başçılarından ən tanınmışı idi. V.O.Vitt Kerstinqin 1822-1824-cü illəri əhatə edən həmin bölgə üzrə hesabatına istinad edərək qeyd edir: “Azərbaycanın İrəvan xanlığında Hüseyn xan ən yaxşı at zavoduna malik idi. O, yüksək ehtiraslı “at ovçusu” idi. Eyni zamanda, tanınmış Belovodski və Xrenovski at zavodlarının “atası” hesab edilən Qromonosets adlı ayğır da Hüseyn xanın boz ayğırından törəmişdi”. V.O.Vittin qeyd etdiyi kimi, Xrenovski at zavoduna Ərəb və Türk atları gətirilənə qədər İrəvan xanlığında zavod atçılığı ilə məşğul olan, milliyətçə azəri türkü Hüseyn xanın adıçəkilən boz ayğırı haqqında müəlliflər qətiyyətlə belə bir fikir irəli sürürlər ki, o, Dilbaz atının o zamana aid tiplərinin nümayəndəsi olmuşdur.

Dilbaz atları qonşu ölkələrin azərbaycanlılar yaşayan ərazilərində - İranın şimal bölgəsində, Gürcüstanın şərq bölgəsində, Dağıstanda və əvvəllər Azərbaycan torpağı olmuş Ermənistanda da geniş yayılmışdır. Görkəmli alim A.Z.Tamamşev bu barədə hələ 1926-cı ildə belə yazmışdır: “Zəngəzur otlaqlarında Azərbaycanın çoxlu miqdarda mal-qarası saxlanır. Ona görə də Azərbaycan (Qazax) atlarının Ermənistan atlarına təsiri mümkündür”. Gürcüstanın keçmiş Sıqnax və Telavi qəzalarında yerləşmiş ilxıların tərkibini öyrənərək N.D.Çexidze qeyd etmişdir ki: “Göründüyü kimi, ən böyük ilxılar çox da olmasa, yenə də Qazax (Dilboz) və Qarabağ at cinslərindən ibarətdir. Odur ki, bu cinslərin Tuşin (Gürcüstan) atına təsiri olmuşdur. Bu təsir hazırda da davam etməkdədir”

Qeyd etmək lazımdır ki, “Dilbaz atı” kitabında müəlliflər Dilbaz atları ilə Ərəb və Terek atlarının qeyri-müntəzəm olaraq çarpazlaşdırılması, damazlıq işinin istiqaməti və səviyyəsi, təsərrüfat və təbii amillərin təsiri nəticəsində bu cinsin müəyyən xüsusiyyətləri ilə fərqlənən “Dilihaça”, “Diliboz”, “Dəliboz”, “Yorulmaz”, “Yorğa”, “Xaldar”, “Durnalar” tiplərinin olduğunu və onlara məxsus xüsusiyyətləri də şərh etmişlər.

Hər bir cinsə xas olduğu kimi, Dilbaz cinsinin də xətləri və ailələri vardır. Şəki rayonunun “Daşüz” DDKTİM-də 70 ildən artıq müddətdə 30-dan çox törədicidən istifadə etməklə aparılan damazlıq-seleksiya işləri nəticəsində 10 xətt və 7 ailə yaradılmışdır. Xətlərdən səkkizi təmizqanlı Ərəb atı cinsindən (Sultan, Sever, Kinq, Pinoqri, Pilon, Mais, Nakir və Bant), ikisi isə təmizqanlı Terek cinsindən (Piqmalion və Selostat) yaranmışdır. Ailələr isə Dilbaz cinsindən olan madyanların (Sultanşa, Zmeyka, Soska, Yarpaq, Buyanka, Susanna və Hayva ləqəbli madyanlar) dişi nəslindən olan atlardan yaranmışdır.

Dilbaz cinsinin ən yaxşı nümayəndələri 1869-cu ildə Moskvada, 1895-ci ildə Tiflisdə və 1912-ci ildə Pyatiqorskda keçirilmiş at sərgilərində nümayiş etdirilmişdir. Bu sərgilər barədə rus tədqiqatçısı V.İ.Koptev yazır: “1869-cu ildə keçirilmiş II Ümumrusiya at sərgisində 22 at nümayiş etdirilirdi ki, bunlardan xüsusilə qızılı rəngli Qarabağ atları və çox qürurlu formaları ilə Ərəb atını xatırladan Dilboz atları nəzəri cəlb edirdi”.

Dilbaz cinsli atlar 1962-ci ildən başlayaraq hər il Moskvada və ittifaqın ayrı-ayrı respublikalarının cıdır meydanlarında keçirilən yarışlarda sınaqdan keçirilmişlər. Bu yarışlarda Dilbaz cinsli 44 at iştirak etmiş və 8 dəfə birinci yeri tutmuşlar. Bu cinsdən olan 5 at (Paketçik, Pamir, Plomba, Pulsana və Raduqa ləqəbli atlar) “Bakı”, “Azərbaycan SSR”, “Tacikistan SSR” mükafatlarının qalibi olmuşlar. Dilbaz cinsli atlar əsasən Qarabağ və Tacikistanın Lokay cinsli atları ilə yarışırlar. Ümumilikdə isə həmin dövrdə Dilbaz cinsli atlar 10026 dəfə cıdır yarışlarında çıxış etmiş və 2426 dəfə (24%) birinci yeri tutmuşlar.

Göründüyü kimi, Dilbaz atları beynəlxalq yarışlarda çox da yüksək nəticələr göstərməmişlər. Bunun başlıca səbəbi isə bu atlarla damazlıq- seleksiya işləri aparmaq üçün Dilbaz cinsinin at zavodunun yaradılmaması və cinslə bağlı bütün fəaliyyətin uzun illər boyu yalnız bir təsərrüfatda-indiki Daşüz dövlət damazlıq kənd təsərrüfatı istehsal müəssiəsinin ( DDKTİM-in), ikinci dərəcəli təsərrüfat istiqaməti kimi fəaliyyət göstərən atçılıq fermasında aparılmasıdır.

Ötən əsrin 80-ci illərinin axırında, 90-cı illərinin əvvəllərində Azərbaycanda baş verən siyasi hadisələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Qarabağ müharibəsi ölkə iqtisadiyyatına, o cümlədən kənd təsərrüfatına ciddi ziyan vurdu. 1993-cü ildə xalqın tələbi ilə ulu öndər Heydər Əliyev dövlət rəhbərliyinə qayıdarkən 10 il əvvəl Azərbaycanda qoyub getdiyi iqtisadiyyat dağıdılmış, sənaye və kənd təsərrüfatı tənəzzülə uğramış, böyük yanacaq-energetika, maşınqayırma, emal müəssisələri iflic vəziyyətinə düşmüşdü. Ölkədə hərc-mərclik hökm sürürdü, ərzaq qıtlığı və işsizlər ordusu yaranmışdı.

Yenidən hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev ilk növbədə Ermənistanla atəşkəsə nail oldu, ölkədə qayda-qanunu bərpa etdi, sabitlik yaratdı. Qısa zaman kəsiyində dövlətin konstitusiya quruluşunu, siyasi kursunu və strateji hədəflərini müəyyən etdi, iqtisadi islahatlara başladı. Heydər Əliyevin bilavasitə rəhbərliyi və iştirakı ilə hazırlanan “Aqrar islahatın əsasları haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında”, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının qanunları MDB məkanında analoqu olmayan aqrar islahatların təməlini qoydu.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş aqrar siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ərzaq təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş bu düşünülmüş siyasət nəticəsində indi Azərbaycanda güclü aqrar-sənaye kompleksi yaranır, iqtisadiyyatın digər sahələrinin, o cümlədən sənaye və tikintinin inkişafı, infrastruktur sahələrin genişlənməsi təmin edilir, kənd ərazilərinin sosial siması kökündən dəyişir. İndi kənd təsərrüfatı respublika iqtisadiyyatının aparıcı sahəsinə çevrilməkdədir.

O dövrdə baş verən hadisələr atçılığa olduqca ağır zərbə vurmuşdu. Ötən əsrin 50-ci illərində Ağdam və Ağstafa at zavodlarında, Daşüz damazlıq təsərrüfatında tikilmiş tövlələr, yem anbarları, yardımçı binalar və qurğular yararsız hala düşmüşdür. Suvarma sistemləri dağılmış, torpaqlar azalmış və şoranlaşmış, yem bazası zəifləmişdir. Damazlıq-seleksiya işləri zavod atçılığı səviyyəsində aparılmır. Uzun illərdir zavodlara yüksək sinifli atlar alınmır. Qarabağ və Dilbaz atlarının damazlıq özəkləri getdikcə məhv olur, cinsin irsi əlamətləri itir. Bütün bunlar, eləcə də digər problemlər sahənin inkişafına ciddi maneçilik törədir.

Hazırda Dilbaz cinsinin təkmilləşdirilməsi üçün damazlıq atlar iki dövlət təsərrüfatında-yuxarıda adıçəkilən Daşüz dövlət damazlıq kənd təsərrüfatı istehsal müəssisəsinin atçılıq fermasında və Bakı Dövlət Cıdır Meydanının Ağstafa rayonunun Sadıxlı kəndindəki “Dilbaz” atçılıq təsərrüfatında cəmləşmişlər. Yeni iqtisadi şəraitdə atçılıqla məşğul olan özəl qurumlar da formalaşmaqdadır. Hazırda ölkədə xüsusi mülkiyyətə əsaslanan 20-yə qədər hüquqi və fiziki şəxsdə 500 başdan artıq yüksək sinifli müxtəlif cinslərə aid atlar var. Sahibkarlıq subyektlərinin şəxsi təsərrüfatlarında Dilbaz cinsindən olan yaxşı göstəricilərə malik xeyli sayda atlar da yetişdirilməkdədir. Buna misal Şəkinin Daşüz damazlıq müəssisəsində icarə əsasında fəaliyyət göstərən Fuad Həsənov və Habil Lələyevin, habelə Şəmsi Səfərovun təsərrüfatlarını, Ağcabədidə Toğrul Məmmədovun, Göyçayda Rəşad Əhmədovun, Bakıda Şəmsəddin və Nurəddin Atayevlərin təsərrüfatlarının adlarını çəkmək olar.

Dilbaz atı hazırda ölkəmizin demək olar ki, bütün ərazilərində yayılmış, 15 rayon üçün isə yaxşılaşdırıcı cins kimi planlaşdırılmışdır. Bununla yanaşı, cinsin müntəzəm olaraq elmi əsaslarla yaxşılaşdırılmasına, çatışmayan xüsusiyyətlərin aradan qaldırılmasına və təkmilləşdirilməsinə ehtiyac var. Ona görə də cinsin genefondunu qoruyub saxlamaq və daha da təkmilləşdirmək üçün müvafiq tədbirlər görülməlidir. Hesab edirik ki, ilk növbədə başqa cinslərdə olduğu kimi, bu cinsin də at zavodları yaradılmalıdır. Respublikanın bütün ərazisində Dilbaz cinsli atların inventarizasiyası aparılmalı, yüksək keyfiyyətli damazlıq Dilbaz və Qarabağ atlarının yetişdirilməsi ilə məşğul olan atçılıq təsərrüfatları dövlət himayəsi ilə təmin edilməlidir.

Dilbaz cinsinin tipləri nəzərə alınmaqla elmi-tədqiqat işləri genişləndirilməli, damazlıq-seleksiya planı tərtib edilməlidir. At zavodları müasir binalar və avadanlıqlarla təchiz edilməli, yem bazası möhkəmləndirilməli, yüksək ixtisaslı mütəxəssis və kadrlarla təmin olunmalıdır. Yetişdirmə texnologiyasının, sınaq prosesinin müasir səviyyədə təşkil edilməsinə, atçılıq zavodlarının, Bakı Dövlət Cıdır Meydanının maddi-texniki bazasının yaxşılaşdırılmasına, immunogenetik ekspertiza, dopinqin müəyyən edilməsi üzrə ixtisaslaşan müasir laboratoriyaların yaradılmasına, mükəmməl identifikasiya sisteminin qurulmasına ciddi ehtiyac var.

Azərbaycanda atçılıqla bağlı daha bir problemi də diqqətə çatdırmağı vacib hesab edirik. Dövlətimizin atçılığın vətəni hesab edilən ölkələr sırasına daxil olmasına baxmayaraq, çox təəssüf ki, son dövrə qədər dünya atçılığı, Azərbaycanın milli atları, ölkədə yetişdirilən at cinsləri barədə iri miqyaslı elmi-tədqiqat işləri aparılmamış, öz dilimizdə elmi ədəbiyyat yazılmamışdır. Düzdür, sovet hakimiyyəti illərində Qarabağ atı haqqında bir neçə xırda həcmli elmi əsər yazılmış, R.X.Səttarzadə və S.O.Həsənovun 1971-ci ildə “Atçılıq”, 1974-cü ildə “Qarabağ atı” kitabları nəşr olunmuşdur. Lakin bəzi keyfiyyətlərinə görə Qarabağ atından və bir çox xalqların milli at cinslərindən geri qalmayan, hətta bəzi göstəricilərinə görə onlardan üstün olan Dilbaz atı haqqında geniş elmi araşdırma və tədqiqat işləri aparılmamış, sanballı elmi əsər çap edilməmişdir. Yalnız 2005-ci ildə, tanınmış atçı mütəxəssislər olan X.Ə.Rəcəbli və N.M.Səfərovun əzmkarlığı, gərgin əməyi və daxili imkanları hesabına Dilbaz atı barədə bir sıra tədqiqat işləri aparılmış, 152 səhifəlik kitab çap etdirilmişdir. Azərbaycanda yetişdirilən digər yerli at tipləri-Quba yorğası və Şirvan atı barədə isə demək olar ki, məlumat yox dərəcəsindədir. Düşünürük ki, Azərbaycanın milli atları barədə geniş tədqiqat işlərinə başlanmalı, onların tarixi inkişaf yolu, damazlıq-seleksiya və təsərrüfat əhəmiyyəti, yetişdirilməsi, təkmilləşdirilməsi, sınağı, artırılması və təlimi metodları barədə elmi əsər hazırlanmalı, kitabçalar, bukletlər, albomlar, elmi qəzet və jurnallarda məqalələr çap edilməlidir. Milli at cinslərimiz - Qarabağ və Dilbaz atlarına dair internetdə saytlar açılmalı, saytlarda bu cinslərin tarixi inkişafı və nailiyyətləri barədə müfəssəl məlumatlar yerləşdirilməli, pasportlaşdırılması, beynəlxalq miqyasda tanınması və təbliği ilə bağlı müvafiq tədbirlər görülməlidir. Bütün bu problemlərin həlli və tədbirlərin həyata keçirilməsi isə dövlət himayəsi altında, xüsusi proqramlar və layihələr əsasında, sahibkarlıq subyektlərinin sifarişi, xarici və daxili investisiyalar, qrantlar hesabına mümkündür.

Onu da qeyd etmək yerinə düşərdi ki, əgər bütün bu işlər əvvəllər həyata keçirilsəydi ermənilər Azərbaycanın digər maddi və mənəvi sərvətləri ilə yanaşı, Qarabağ atımıza da sahib çıxmağa cəhd göstərməzdilər. Onlar 2004-cü ildə buraxdıqları markaya XIX əsrdə Xan qızı Xurşidbanu Natəvanın, yəni Usmiyevlərin at zavodunda yetişdirilmiş, 1869-cu ildə Moskvada ümumrusiya at sərgisində mükafat almış “Əlyetməz” adlı Qarabağ atının şəklini salmışlar. Hamımız bilirik ki, belə markalar bütün dünyada yayılır, filatelistlər tərəfindən uzun illər saxlanılır, beynəlxalq sərgilərdə nümayiş etdirilir və sairə. Rusların “thehorses.ru”internet saytında isə Dilbaz cinsi “Deliboz (Kazax)” adı altında Qazaxstanda yetişdirilən cinslərlə eyniləşdirilir.

Ölkəmizin çoxsaylı atsevərlər ordusu və atçılıq mütəxəssisləri dövlətimizin rəhbəri çox hörmətli İlham Əliyevin kənd təsərrüfatı sahəsində həyata keçirdiyi islahatları dəstəkləyir, aqrar istehsalın inkişafı naminə imzaladığı fərmanları, sərəncamları, qərarları kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət qayğısı kimi qiymətləndirirlər. Möhtərəm Prezident 19 noyabr 2014-cü il tarixli sərəncamı ilə Qarabağ at cinsinin inkişaf etdirilməsi və bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsi məqsədi ilə 2 milyon manat vəsait ayrılmasına göstəriş verməsi və 2015-ci ili “Kənd təsərrüfatı ili” elan etməsi kənd təsərrüfatına göstərilən dövlət himayəsinin bariz nümunəsidir. Hesab edirik ki, Qarabağ at cinsinə göstərilən bu dəstək Azərbaycan xalqının tarixinə olan bir qayğıdır və mənfur qonşumuzun Azərbaycan xalqına məxsus bütün mənəvi dəyərləri və əraziləri mənimsəmək iddiasına qarşı layiqli cavabdır.

Unutmaq olmaz ki, Dilbaz atı mədəni irsimiz və milli sərvətimizdir. Bu cins də Qarabağ atı kimi uzun əsrlər boyu bizdən əvvəlki nəsillərin böyük əziyyəti və fəaliyyəti nəticəsində yaranıb və biz ulu babalarımızdan qalan bu sərvətimizi qoruyub saxlamağa, təkmilləşdirməyə, gələcək nəsillərə ötürməyə borcluyuq.

 

Xəndan RƏCƏBLİ,

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət baytarlıq xidmətinin sektor müdiri,

Deputat SƏFƏROV,

Abşeron regional süni mayalama mərkəzinin direktoru,

Niyazi SƏFƏROV,

alim-zootexnik, Bakı Dövlət Cıdır Meydanının sabiq direktoru

Azərbaycan.-2015.- 30 yanvar.- S.11.