“2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf

 Strategiyası” gənclərin inkişafına təkan verəcək

 

Gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında mühüm rola malik bir qüvvədir. Gənclərə verilən dəstək həm də ölkənin firavan gələcəyinə yatırımdır. Bu gün həyata keçirilən dövlət siyasətinin önəmli tərkib hissəsini məhz gənclər siyasəti təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncamın imzalanması dövlətin gənclərə xüsusi diqqətinin ifadəsidir.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov müsahibəsində bu barədə danışıb.

S.Orucov qeyd edib ki, Azərbaycanda gənclər dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir. Bu gün də Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün ölkədə yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalardaidman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini qoruyublar. Təbii ki, dövlətin bu istiqamətdə gördüyü tədbirlər bundan sonra da davam etdiriləcək.

Bildirilib ki, gəncliyin inkişafı ilə bağlı dövlət proqramları həyata keçirilir. Bu proqramlar Azərbaycan gəncliyinin inkişafına böyük töhfələr verir. Bu baxımdan “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası” böyük əhəmiyyət kəsb edir və həmin sənəd gənclərin inkişafına təkan verəcək.

 

AzərTAc

Azərbaycan.-2015.- 31 yanvar.- S.3.