Barak Obama: “Azərbaycan son dərəcə əhəmiyyətli tərəfdaşdır”

 

Prezident İlham Əliyevin ABŞ səfəri ikitərəfli münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoymasına imkan yaratdı

 

Prezident İlham Əliyevin ABŞ-a səfəri mövcud əlaqələrə əlavə impuls verməklə qarşılıqlı faydalı münasibətlərin daha da genişləndirilməsi üçün yeni imkanlar açdı. Bu səfərin ən mühüm cəhətlərindən biri odur ki, ABŞ-ın ictimai-siyasi fikrini formalaşdıran rəsmi dairələr Prezident İlham Əliyevin yüksək səviyyədə demokratik liderlik keyfiyyətini, onun ən optimaluzaq məqsədlər müəyyən etmək potensialının böyük olduğunu bir daha bəyan etdilər.

Rəsmi Vaşinqtonun Azərbaycanla əməkdaşlığa olan marağı təkcə ölkəmizin malik olduğu strateji-coğrafi mövqe və zəngin karbohidrogen ehtiyatları ilə deyil, həm də möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliklə fəal inteqrasiyaya söykənən dövlətçilik kursunun dönməzliyi ilə şərtlənir. İki dövlətin əməkdaşlığı, bütövlükdə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, qlobal enerjikommunikasiya layihələrinin həyata keçirilməsi baxımından vacib əhəmiyyət kəsb edir. Azərbaycan 2001-ci il 11 sentyabr terror aktından sonra ABŞ-a terrorizmə qarşı mübarizədə qeyri-şərtsiz yardım etmək üçün hazır olduğunu bildirən ilk ölkələrdən olub. Eyni zamanda, Azərbaycan hərbçiləri Əfqanıstanda sülhməramlı əməliyyatlarda yaxından iştirak etməklə bütün sferalarda etibarlı tərəfdaş olduğunu sübuta yetirib.

Prezident İlham Əliyevin Vaşinqtona səfəri zamanı ABŞ-ın dövlət katibi Con Kerri, vitse-prezident Co Bayden, bu ölkənin ictimai xadimləri və böyük şirkət rəhbərləri ilə görüşü və aparılan danışıqlar Azərbaycanın qlobal miqyasda ABŞ-ın maraqlarında mühüm rol oynadığını sübuta yetirdi. ABŞ-ın dövlət katibi Con Kerri Prezident İlham Əliyevlə görüşündə ölkələrimizin birgə əməkdaşlığı üçün geniş imkanların olduğunu bildirdi: “Bizim hazırda üzərində işlədiyimiz bir çox qarşılıqlı maraqlarımız var. Biz sülhməramlı əməliyyatlara verdiyi töhfəsinə, Əfqanıstandakı səylərinə görə Azərbaycana çox minnətdarıq. Məlumdur ki, Azərbaycan indi mürəkkəb bir regionda yerləşir. Hesab edirəm ki, Prezident Əliyev, xüsusilə “Cənub qaz dəhlizi” layihəsinə etdiyi rəhbərliyi ilə bu ehtiyacların bəzilərinin necə qarşılanması üçün çox ciddi səylər göstərmiş və bu məsələni diqqət mərkəzində saxlamışdır. Bu, Avropanın uzunmüddətli strateji maraqları naminə və səmimi söyləsəm, vacib olan enerji mənbələrinin şaxələndirilməsinə cəhd göstərmək üçün atılmış çox ciddi bir addımdır. Əlbəttə ki, digər maraqlarımız da var. Terrorizmlə mübarizə. Biz donmuş münaqişə olan Dağlıq Qarabağ probleminin nəhayət, öz həllini tapmasını görmək istəyirik. Bu münaqişənin həlli üçün danışıqlar aparılmalıdır. Bu məsələ öz həllini tapmalıdır”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ən yüksək səviyyədə danışıqlar aparan cənab İlham Əliyev bu münaqişənin dinc yolla həllinə tərəfdar olduğunu, bununla yanaşı, problemin həllində ABŞ-ın ciddi dəstəyinə ehtiyac yarandığını bildirib. Prezident İlham Əliyev ABŞ-ın dövlət katibi Son Kerri ilə görüşündə bu məsələ ilə bağlı ölkəmizin prinsipial mövqeyini bir daha bəyan etdi: “Ermənistan və Azərbaycan arasında uzun müddət davam edən münaqişənin həlli yollarının tapılması istiqamətində göstərdiyi səylərinə görə ABŞ hökumətinə minnətdarıq. Hesab edirik ki, münaqişə Ermənistan ordusunun işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında həllini tapmalıdır. Ermənistan və Azərbaycan arasındakı münaqişə, postsovet məkanında olan və ümumiyyətlə, dünyada baş verən bütün münaqişələr öz həllini ölkələrin ərazi bütövlüyü əsasında tapmalıdır”.

Əlaqələrə Birləşmiş Ştatların baxış bucağından nəzər saldıqda ilk növbədə, dünyanın bu fövqəldövləti ilə Azərbaycan arasındakı münasibətlərin zəruriliyini şərtləndirən əsas amillər qeyd olunmalıdır. Bu amillər ABŞ-ın ölkəmizin beynəlxalq təhlükəsizliyinə təminat vermək, iqtisadisiyasi dəstək göstərmək, sivil dövlətlərarası münasibətlər sisteminə inteqrasiya olunmasına yardım etmək imkanı ilə əlaqəli olmaqla yanaşı, həm də Azərbaycanın ABŞ-ın milli mənafeləri baxımından əlverişli geosiyasi ərazidə yerləşməsi, zəngin təbii ehtiyatlara malik olması və beynəlxalq prinsiplərə uyğun, sivil və müstəqil siyasət yeritməsi ilə bağlıdır. Bu baxımdan ümumilikdə postsovet məkanına münasibətdə daha praqmatik və incə siyasət yürütməyə çalışan Birləşmiş Ştatların Azərbaycana strateji tərəfdaşlıq prizmasından yanaşması ölkəmizin bölgədəki üstün mövqeyini təsdiq edir. Hazırda iki ölkənin strateji müstəvidə inkişaf edən əlaqələri Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatı, demokratik dəyərlərin daha sürətlə intişar tapması, habelə qlobal enerji-kommunikasiya layihələrinin gerçəkləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Odur ki, rəsmi Vaşinqton Azərbaycanı Cənubi Qafqazda özünün ən etibarlı və sınanılmış tərəfdaşı saydığını açıq ifadə etməkdən çəkinmir.

Bu baxımdan Prezident İlham Əliyevin ABŞ-ın vitse-prezidenti Co Bayden ilə görüşümühüm məqamlarla diqqəti cəlb etdi. Co Bayden Prezident İlham Əliyev ilə görüşlərə böyük əhəmiyyət verdiklərini və bu görüşlərin Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın daha da genişlənməsinə, əlaqələrin yeni səviyyəyə qaldırılmasına xidmət etdiyini bildirdi. O, ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünüsuverenliyini qətiyyətlə dəstəklədiyini, bunun Birləşmiş Ştatlar üçün böyük əhəmiyyət daşıdığını vurğuladı. ABŞ-ın vitse-prezidenti bütün sahələrdə, o cümlədən iqtisadi sahədə ikitərəfli əlaqələrin daha da genişlənməsi üçün yaxşı imkanların olduğunu xüsusi qeyd etdi. Co Bayden ABŞ-ın Azərbaycan ilə müdafiə sahəsində də əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi istiqamətində atılan addımların əhəmiyyətini vurğuladı. Vitse-prezident ABŞ-ın Azərbaycanın “Cənub qaz dəhlizi” layihəsinin həyata keçirilməsi ilə bağlı fəaliyyətini tam dəstəklədiyini və bu sahədə lazımi addımlar atacaqlarını bildirdi.

Prezident İlham Əliyev həmsədr ölkə kimi ABŞ-ın Prezidenti Barak Obamanın mövcud status-kvonun yolverilməzliyi ilə bağlı mövqeyinin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırdı.

Prezident İlham Əliyev münaqişənin sülh yolu və danışıqlar vasitəsilə həll olunmasında ABŞ-ın rolunun mühüm önəm kəsb etdiyini bildirdi. Dövlətimizin başçısı Azərbaycanın ABŞ ilə siyasi, iqtisadienerji sahələrində əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduğunu vurğuladı.

Qeyd edək ki, ABŞ Prezidenti Barak Obama Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitinin yekunlarına həsr edilən mətbuat konfransında bildirib ki, bu prosesdə iştirak edən bir sıra başqa ölkələr kimi Azərbaycan da nüvə materiallarının yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər görüb. O vurğulayıb ki, bununla əlaqədar hər bir ölkə öz fəaliyyət planını təqdim edib. Prezident Barak Obama Azərbaycanın son dərəcə əhəmiyyətli tərəfdaş olduğunu bildirib: “Bəzi ölkələrin zənginləşdirilmiş uran ehtiyatları var, onlar həmin ehtiyatların azaldılmasına dair qərar qəbul ediblər. Başqa ölkələrin mülki nüvə obyektləri var, lakin həmin obyektlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində təcrübələri yoxdur. Buna görə də onlar təhlükəsizliyin təmin edilməsi üçün daha yaxşı təcrübəni qəbul edirlər. Elə ölkələr də var ki, onlar nüvə materialları qaçaqmalçılığı üçün potensial tranzit məntəqələri ola bilər. Biz belə ölkələrlə sərhədyanı nəzarət və nüvə materiallarının aşkar edilməsi üzrə əməkdaşlıq çərçivəsində aparırıq. Azərbaycan yerləşdiyi əraziyə görə bu prosesdə son dərəcə əhəmiyyətli tərəfdaşdır”.

Azərbaycan özünün mürəkkəb coğrafi məkanını öz xeyrinə istifadə edərək müxtəlif layihələrlə Qərblə Şərqi, Şimal ilə Cənubu bir-birinə sıx bağlayıb. Bütün bu nailiyyətlərə Azərbaycan özünün düşünülmüşçox praqmatik siyasəti ilə müvəffəq olub. Göründüyü kimi, Azərbaycan özünü müstəqil siyasət yeridən etibarlı tərəfdaş kimi təsdiq edib. Rəsmi Bakı həmin xətti bundan sonra da davam etdirəcək. ABŞ Azərbaycanla bütün sahələrdə əməkdaşlığı daha da inkişaf etdirməyə maraqlıdır. Bir sözlə, Prezident İlham Əliyevin Vaşinqtona səfərinin yekunları əminlik yaradır ki, ABŞ-Azərbaycan münasibətləri qarşıdakı illərdə də yüksələn xətlə inkişaf edəcək.

 

Elnur HACALIYEV,

 

Azərbaycan 2016.- 3 aprel.- S. 1, 3.