İki görkəmli dövlət xadimi, sərkərdə və şair Bakıda yad olunub

 

Aprelin 7-də Rəşid Behbudov adına Mahnı Teatrında görkəmli dövlət xadimləri, sərkərdə və şairlər - Şah İsmayıl Xətai və Zəhirəddin Məhəmməd Babura həsr edilmişİki sərkərdə, iki şair” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyəti, Özbəkistanın ölkəmizdəki səfirliyi və Azərbaycan Yaradıcılıq Fondunun birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdən əvvəl iştirakçılar Özbəkistanın Azərbaycandaki səfirliyi tərəfindən hazırlanmış özbək sənətkarlarının əl işləri və suvenir qablardan ibarət sərgi ilə tanış olublar.

Tədbirdə Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Eldar İbrahimov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, son dövrlər erməni silahlı qüvvələri tərəfindən cəbhədə baş verən hadisələrdən və əsgərlərimizin qəhrəmanlıqlarından söz açıb.

Xalqlar arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsində belə mədəni tədbirlərin böyük əhəmiyyət daşıdığını söyləyən Eldar İbrahimov rəhbərlik etdiyi Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin həyata keçirdiyi layihələrdən danışıb. Bildirib ki, 2002-ci ildən etibarən fəaliyyət göstərən bu təşkilat Azərbaycan və özbək xalqlarının mədəni həyatında yadda qalan bir sıra tədbirlərə imza atıb. Bugünkü tədbir də görülən işlərin davamıdır.

Natiq bildirib ki, Şah İsmayıl Xətai Azərbaycan xalqının həyatında, Zəhirəddin Məhəmməd Babur isə özbək və Orta Asiya xalqlarının həyatında mühüm rol oynayıb.

O deyib: “Dövlətçilik ənənəsinə sahib olmaq, hər xalqın taleyinə yazılmış qismət deyildir. Biz Azərbaycan türkləri olaraq dünya mədəniyyətinə verdiyimiz əvəzsiz töhfələrlə yanaşı, həm də tarixin dərin qatlarına gedib çıxan, zəngin dövlətçilik irsinin varisləriyik. Dövlətçilik tariximizin ən şərəfli səhifələrindən biri isə şübhəsiz ki, Şah İsmayıl Xətainin adı ilə bağlı olan Səfəvilər dövlətidir. 1501-ci ildə Şah İsmayıl Xətainin başçılığı altında yaradılan Azərbaycan Səfəvilər dövləti milli tariximizdə mərkəzləşmiş dövlətçiliyin əsasını qoyub. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Şah İsmayıl Xətainin tarixi missiyası haqqında yazdığı əsərində qeyd edir ki, siyasi xaosbirliyin olmadığı vaxtda dövlət sükanı arxasına keçən Şah İsmayılın şəxsiyyəti və əməlləri xalq tərəfindən dövlət başçısı postuna çağırılmış Heydər Əliyevin şəxsiyyəti ilə çox baxımdan oxşardır. Bu həqiqətən də belədir”.

Vurğulanıb ki, 500 il bundan əvvəl hər iki xalqın böyük oğulları Şah İsmayıl Xətai və Zəhirəddin Məhəmməd Baburun arzuları bu gün reallaşıb. Hər iki xalq müstəqilliklərinə qovuşub. Bu gün Azərbaycan dövlətçiliyi Ulu Öndərin qurduğu dövlət nəticəsində və Prezident İlham Əliyevin apardığı uğurlu siyasətlə daha da inkişaf edir, çiçəklənmə dövrünü yaşayır. Bu gün Azərbaycan dövlətçiliyi Prezident İlham Əliyevin qarşıya qoyduğu multikulturalizm prinsiplərində əsaslanır.

Tədbirdə çıxış edən Özbəkistanın Azərbaycandaki səfiri Şerzod Fayziyev ölkələrimiz arasında tarixi dostluq əlaqələrindən danışıb.

Diplomat bildirib ki, Baburun ədəbi yaradıcılığının şah əsəri “Baburnamə” hesab olunur. Müəllif bu əsərdə dahi Nizami Gəncəvini, astronom və riyaziyyatçı Nəsirəddin Tusini, həmçinin xalqlarımızın hörmət bəslədiyi digər görkəmli şəxsiyyətlərin adlarını çəkir.

Hazırda Özbəkistanda Babur Fondunun fəaliyyət göstərdiyini söyləyən səfir bildirib ki, bu tədbir dost olan xalqlarımızın qədim bağlarını xatırlamağa imkan yaradacaq.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Tərlan Quliyevin ssenarisi əsasında hazırlanmış tədbirdə xanəndələrimizin ifasında Şah İsmayıl Xətai və Zəhirəddin Məhəmməd Baburun qəzəlləri səsləndirilib, özbək və Azərbaycan xalq mahnıları ifa olunub.

 

 

AZƏRTAC

Azərbaycan.- 2016.- 8 aprel.- S.2.