Sergey Lavrov Rusiyanın TASS agentliyinə Bakıda olacaq danışıqlar barədə müsahibə verib

 

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və İran XİN rəhbərləri ilə üçtərəfli görüş ərəfəsində TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibə verib.

 

Dağlıq Qarabağda son hadisələrlə əlaqədar üçtərəfli danışıqların gündəliyində dəyişikliklər olduğunu bildirən Rusiyanın xarici işlər naziri qeyd edib ki, indi əsas vəzifə zorakılığın yenidən qızışmasına yol verməmək və hələ 3-4 il bundan əvvəl Rusiya, Azərbaycan və Ermənistanın birgə bəyanatlarında təsbit olunmuş ideyalara qayıtmaq, əsrləri mübadilə etmək, snayperləri təmas xəttindən uzaqlaşdırmaqdır. O deyib: “Dünən İlham Heydər oğlu Əliyevlə görüşdə bu məsələyə toxundum. O, belə yanaşmanı dəstəklədi. Əlbəttə, aydın məsələdir ki, biz bu tədbirləri status-kvonu əbədiləşdirmək üçün həyata keçirməyəcəyik, bunu heç kim istəmir. Biz bunu edəcəyik ki, indi siyasi proses üçün daha əlverişli şərait yaradılsın, bu proses çərçivəsində üç həmsədrin (Minsk qrupunun həmsədrlərinin) səyləri ilə bərabər Rusiya öz təşəbbüslərini də həyata keçirəcək”.

 

S.Lavrov deyib ki, Prezident Vladimir Putin, buna qədər isə Prezident Dmitri Medvedev müxtəlif ideyaları fəal şəkildə irəli sürürdülər. Bu ideyaların Qarabağ ətrafındakı rayonların azad edilməsinə və eyni zamanda, Qarabağın statusu məsələsinin həlli yolu ilə vəziyyətin sadələşdirilməsinə imkan verəcəyini deyən S.Lavrov bildirib: “Təfərrüata varmaq istəmirəm, lakin danışıqlar masası üzərində bir neçə variant qalır, dünən Azərbaycan Prezidenti ilə görüşdə bu məsələyə də toxunduq. Səylərimizi davam etdirəcəyik”.

 

Nazir Sergey Lavrov İran və Azərbaycan XİN rəhbərləri ilə müşavirə barədə sualın cavabında bildirib ki, nazirlər regionda təhlükəsizlik, silahlı terrorçuların trafikinin, narkoişbazların həyata keçirdiyi trafikin qarşısının alınmasında əməkdaşlıq, ümumi təhlükəsizlik, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, Xəzərdə əməkdaşlıq kimi əsas məsələləri müzakirə edəcəklər. Diplomat deyib: “Xəzərin statusu barədə hüquqi sənəd üzərində beştərəfli prosesi ilə yanaşı, Azərbaycan və İranla qarşılıqlı layihələrimiz də var. Məsələn, limanlardan daha intensiv istifadə məsələsi. “Şimal-Cənub” beynəlxalq dəhlizi kontekstində turizmin inkişafı və infrastruktur layihələri çoxdan müzakirə edilir. Hindistandan Skandinaviyaya qədər iyirmiyə yaxın ölkə bu layihə ilə maraqlanır”.

 

S.Lavrovun sözlərinə görə Rusiya, İran və Azərbaycan dəmiryolçuları əsasən İran ərazisindən keçən Rəşt-Astara dəmir yolu sahəsi üzərində işləyirlər. Yolun bu hissəsi yaradılacağı təqdirdə Şimal-Cənub dəmir yolu bütövləşəcək və bir sıra ölkələr ondan səmərəli istifadə edəcəklər.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Azərbaycan.- 2016.- 8 aprel.- S.3.