Vətən sənə oğul dedi

 

 

Aşağı Qaramanlı kəndi heç vaxt belə izdiham görməmişdi. Neftçala rayonunun mərkəzindən, qəsəbə kəndlərdən buraya ardı-arası kəsilmədən insanlar axışırdı.

Neftçala camaatı buraya Qarabağın Tərtər rayonundakı cəbhə xəttində mənfur düşmənin növbəti təxribatının qarşısının alınmasında şəhid olmuş Elimdar Səfərovu son mənzilə yola salmağa gəlmişdi. Cənazənin gəlməsini gözləyən insanlar dəstə-dəstə dayanaraq cəbhə bölgəsində baş verən hadisələrdən, ordumuzun qazandığı uğurlardan qürurla söhbət açırdılar. Hər kəsin üzündə-gözündə əsgərlərimizin şəhid olması kədəri ilə bərabər, cəbhədə ordumuzun qazandığı uğurlarla bağlı qürur iftixar hissi duyulurdu.

Kimsə ucadan deyirdi:

- qədər dözmək, səbir etmək olar? Bu mənfur ermənilər onun-bunun qoltuğuna sığınıb əməllərindən çəkinmir, torpaqları boşaltmaq istəmirlər. Sağ olsun Prezident, sağ olsun hərbi nazir. Mühüm əhəmiyyətli yerləri tutmuşuq. Həmin yüksəkliklərdən ermənilərin lazımi mövqelərini darmadağın etmək artıq mümkündür.

Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Neftçala Rayon Şöbəsinin rəisi polkovnik-leytenant Turan Əliyev cənazəni gətirən hərbçilərin Aşağı Qaramanlı kənd ərazisinə yaxınlaşdığı barədə rayon rəhbərliyinə məlumat verir. Bir azdan hərbi hissəyə məxsus olan “UAZ” markalı tibb xidməti maşını şəhidin böyüyüb boya-başa çatdığı evin həyətinə daxil olur. Əsgərlər Azərbaycan Bayrağına bükülmüş tabutu evin həyətindəki kürsünün üzərinə qoyurlar. Anası, yaxınları şəhidlə vidalaşırlar.

Sonra tabut insan selinin müşayiəti ilə kənd qəbiristanlığına aparılır. Əllərində üçrəngli bayrağımızı başları üstünə qaldırıb dalğalandıran gənclər yol boyu böyük  coşqu ilə təkrar-təkrar: “Vətən  bölünməz! Şəhidlər ölməz!” Vətən! Vətən şüarımız! Şəhidlər iftixarımız!” kimi şüarlar səsləndirirlər.

Bunları görüb duyduqca hər kəsin qəlbinə bir hiss hakim kəsilir düşünürsən: “Var olsun, yaşasın bu xalq, bu millət! Çətin anda, dar məqamda bir olmağı, anamıza ana olan Vətənimizi qorumağı bacarır.”

İnsan izdihamının müşayiəti ilə cənazə çiyinlərdə qəbiristanlığa çatdırılır. Buradakı ərazinin müəyyən hissəsində Qarabağ uğrunda gedən döyüşlər zamanı həlak olan şəhidlərimiz üçün xüsusi yer ayrılmışdır. Quran oxunub, cənazə namazı qılınır. Sonra şəhid torpağa tapşırılır. Əsgərlər yaylım atəşi ilə həlak olan şəhidin ruhunu yad edirlər.

Şəhidin babası Qaraxan Qarayevə başsağlığı verib səbir dilədik. Qaraxan kişi:

- Vətən, torpaq öz  oğulları ilə sayılıb-seçilir. Yaxşı, igid övladları olan torpaq heç zaman düşmənə baş əyməz. Elimdar cəsur uşaq idi. Mübariz İbrahimovun ardıcılı olmağa can atırdı. Deyirdi, mən də onun kimi Vətən uğrunda canımdan keçməyə hazıram. Belə də oldu. Ailədə 6 uşaq olublar. Dörd qiz, iki oğlan. Ataları 2010-cu ildə vəfat edib. Uşaqlar hamısı ağıllı, zəhmətkeşdirlər. Qızlar  köçüb, ailəlidirlər. Elə deyirdik ki, gəl səni evləndirək. Deyirdi, tələsməyin, özüm sizə deyəcəm.

Qardaşı Elizbar Səfərov:

- Elimdar məndən kiçik idi. 1992-ci ildə anadan olmuşdu. Orta təhsilini başa vurduqdan sonra əsgərliyə getdi. Boyca hündür, yaraşıqlı idi, idmanı çox sevirdi. Əsgərliyə gedəndən bir müddət sonra onu kursa yolladılar. 6 ay oxuyub gizir oldu və beləliklə də həyatını birdəfəlik hərbiyə bağlamağı qərara aldı. Təsəllini onda tapıram ki, qardaşım Vətən, torpaq uğrunda şəhid olub.

Lazım gələrsə günü bu gün mən də döyüşməyə hazıram.

Hamımızın təsəllisi budur. Şəhidlər ölmürlər, onların qanı da yerdə qalmır. Vətənimizin bütöv, işğaldakı torpaqlarımızın azad olacağı gün uzaqda deyil.

 

Seyran CAVADOV

Azərbaycan.- 2016.- 8 aprel.- S.5.