Demişdi ki... gələcək

 

O gecəni narahat keçirən Havva ana həmişəkindən tez oyanmışdı. Başını qatmaq üçün toyuq-cücəyə dən səpməsi, həyətdə səliqə-sahman yaratmaq üçün təmizlik işləri ilə baş qatması da, narahatlığını səngitmirdi. Kənddə gəlin olan qızı Fatimə ilə danışanda da qızı: “Nəyin dərdin çəkirsən ay ana, narahatlığın qardaşımdan idi, onunla da iki gün əvvəl telefonla danışmışıq. Şükür Allaha lap yaxşıdır. Xidmətinin də 1 ili tamam olub. Sağlıq olsun, altı aydan sonra gələcək” - dedi.

 

- Allah ağzından eşitsin, ay bala - desə , özünə yer tapa bilmirdi. Qulağı səsdə idi. Demə, ana qəlbinə nəsə dammışdı. Beynindən keçirdiyi isə yalnız “Allah xeyrə calasınkəlamı idi.

Həmin gün günorta saatlarında Zaqatala rayonunun Muxax kənd ərazi dairəsi üzrə nümayəndəsinin müavini Əli Mahmudovun da qəlbindən qara qanlar axırdı. Təxminən bir il əvvəl hərbi xidmətə getməsi ilə bağlı çağırış vərəqəsi təqdim etdiyi Rəvan Nurayevdən xəbər var idi. Aprelin 1-dən 2-nə keçən gecə erməni silahlı qüvvələri iriçaplı silahlardan istifadə etməklə atəşkəsi pozarkən Milli Ordumuzun əks-hücumu zamanı 19 yaşlı gənc qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəlmişdi. Ananın gözünün ağı-qarası olan yeganə oğlunun ölüm xəbərini ona çatdırmaq heç asan deyildi.

Əli Mahmudov Havva Nəbiyevanın kürəkəni Qəhrəmanı yanına çağıraraq onu hadisə barədə xəbərdar edib tapşırdı ki, anaya oğlunun yaralanması haqqında məlumat versin. Xəbəri alan ananın həyəcanı daha da artdı. Bir neçə saatdan sonra həyətdə qurulmağa başlayan mərasim çadırını görəndə Havva ananın ümidlə, arzuyla, xoş duyğularla qanadlanan dünyası yerlə yeksan oldu...

Rəvan Nurayev 1997-ci ilin mart ayının 13-də Zaqatala rayonunun ən böyük kəndlərindən olan Muxaxda dünyaya göz açmışdı. Burada həmişə vətəninin, dövlətinin, xalqının qədrini bilən insanlar yaşayırlar. Onlardan biri şəhid Rəvan idi. Anası Havvaya, bacısı Fatiməyə həmişə qürur yaşadan Rəvan.

Rəvan axırıncı dəfə martın 30-da anası ilə telefonla əlaqə saxlayıb hər şeyin qaydasında olduğunu bildirib. Həmin vaxt o, 9 gün idi ki, xidmət etdiyi Tərtərin “N” saylı hərbi hissədən Mingəçevirə kursa getmişdi. İki gün sonra yenidən xidmət etdiyi hissəyə qayıdan çavuş Rəvan Nurayev aprelin 2-si qanlı döyüşdə yağı gülləsinə tuş gəlib.

İsmayıl kişinin 71 yaşında dünyaya gətirdiyi Rəvan iki yaşından ata məhəbbətindən məhrum olmuşdu. Pis günün ömrü az olardeyən anası Havva xanım heç nəyə baxmadan iki övladının üstünə qanad gərərək bəzən çətinliklərlə qarşılaşsa da, onları böyüdüb ərsəyə çatdırıb. Qızı Fatiməni el adəti üzrə gəlin köçürüb. Rəvan isə orta məktəbi bitirdikdən sonra 2015-ci il aprel ayının 8-də hərbi xidmətə çağırılıb.

Biz yolumuzu bu kənddən salıb şəhidin yas mərasimində iştirak edib doğmalarına, yaxınlarına başsağlığı verdik. Təbiətin oyanışı, çölün, düzün gül-çiçəyə bürünməsi insana xoş gəlsə , daxildə bir üzüntü hiss olunurdu.

Hələ kəndin mərkəzi hissəsinə çatarkən qürurverici bir mənzərə ilə, üçrəngli bayrağımızı dalğalandıran gənclərlə rastlaşdıq. Onlardan biri Ehtiram Əhmədov söhbət əsnasında dedi: “Mən cəbhə bölgəsindən çox uzaqda, bu kənddə yaşayıram. Lakin Qarabağı azad görmək hamımızın arzusudur. Çünki bu Vətənin nemətlərindən bəhrələndiyimiz kimi, onun problemlərinin həllində birlik nümayiş etdirməliyik. Bu hiss bizim hamımızın - bütün muxaxlıların qanında, canındadır. Əgər belə olmasaydı, Qarabağ savaşından bu günədək 22 şəhidimiz olmazdı. Son şəhidimiz isə Rəvan qardaşımızdır. Yeri cənnətlik olsun. Biz fəxr edirik ki, kəndimizin yetirməsi torpaqlarımızın bütövlüyü uğrunda fədakarlıq edərək şəhid olub. Onu həmişə yaddaşlarda yaşadacağıq. Lazım gəlsə, biz Rəvan kimi Vətən yolunda ölümə getməyə hazırıq. Ən böyük arzumuz üçrəngli bayrağımızı Qarabağımızın ən uca zirvəsində dalğalandırmaqdır”.

Söhbətə kənd sakini Kamil Məmmədov da qoşuldu: “Rəvan atasız böyüsə , həmişə qüruru, vətənpərvərliyi ilə seçilirdi. Onun döyüş bölgəsində göstərdiyi qəhrəmanlıqdan hər bir kənd sakini qürur duyur”.

RİH başçısının Muxax kənd ərazi dairəsi üzrə nümayəndəsinin müavini Əli Mahmudovla görüşdük. O, bizi Rəvanın təhsil aldığı Muxax kənd 2 saylı tam orta məktəbinə apardı. Məktəbin foyesində Rəvanın stendi yaradılıb. Şəklinin qarşısına tər çiçəklər düzülmüşdü. Məktəbin direktoru Şaiq Qasayev keçmiş şagirdinin fotoalbomunu vərəqləyə-vərəqləyə dedi: “Rəvan məktəbimizin nizam-intizamı ilə seçilən şagirdlərindən olub. Atasını uşaq yaşlarından itirməsi onu erkən yaşlarından zəhmətə bağlayıb. Əsgər gedəndən sonra evlə əlaqə saxlayıb anasına əminliklə deyirdi ki, qayıtdıqdan sonra ona daha yaxşı kömək edəcək. Orduda da özünü yaxşı əsgər kimi göstərib çavuş rütbəsi almışdı”.

İbtidai sinif müəllimi Fatimə Şabanova da keçmiş şagirdi haqqında ağızdolusu danışdı: “Rəvan sakit və ağıllı uşaq idi. Onun haqqında keçmiş zamanda danışmaq mənə çox ağır gəlir. Onun şəhid olması xəbəri hamımızı çox mütəəssir etdi. Bununla belə qürur duyuruq. Çünki əzəli düşmənimizlə döyüşdə qəhrəmanlıq şöstərərək şəhidlik zirvəsinə qovuşub”.

Nurayevlərin həyətində qurulmuş mağarda Müqəddəs Həmzətovla da tanış olduq. O dedi ki, Rəvan oğlu Asimanla bir yerdə Tərtərdə xidmət edib. Rəvan 1 il, Asiman isə 9 ay xidmət etmişdi. Həyəcan siqnalı veriləndə də döyüşə bir yerdə atılıblar. Oğlum deyir ki, ermənilərin atəşkəsi pozmasından sonra əks-hücuma keçərək düşmənin bir postunu alıblar. Rəvan sərrast atəşlə düşmənin atəş nöqtəsini susdurub. Növbəti post uğrunda gedən döyüşdə isə Asiman qolundan güllə yarası alıb. Komandir onu döyüş xəttindən çıxararkən Rəvanın vurularaq yerə yıxıldığını görüb.

Muxax kənd bələdiyyəsinin sədri Akif Abdullayevdeyir ki, Rəvanın şəhid olması xəbəri hər bir kənd sakini kimi, onu da həyəcanlandırıb. Bununla belə onun böyük bir amal - Vətən torpağı uğrunda canını fəda etməsindən təsəlli tapır. Onun oğlu hazırda zabit kimi ön cəbhədə yerləşən hərbi hissələrdən birində xidmət edir. Rəvan isə kiçik övladı ilə bir məktəbdə təhsil alıb. Xidmət etdiyi hərbi hissənin əsgərləri ilə də söhbətimiz oldu.

Şəhidin əmisi oğlu Şəmsəddin Nurayev dedi ki, Rəvanın itkisi ağır olsa da, qəlbimizdə yaşayır və yaşayacaq. O, təkcə 7 min 800 nəfər əhalisi olan Muxaxın deyil, bütün Azərbaycanın övladına çevrildi.

 

Əli SƏLİMOV,

Azərbaycan.- 2016.- 8 aprel.- S.6.