Ermənistanın işğalçı olduğu etiraf edilir

 

Ermənilərin aprelin 2-dən başlayaraq cəbhə xəttində həyata keçirdikləri təxribatların qarşısını qətiyyətlə alan Azərbaycan Silahlı Qüvvələrinin bölmələri qısa müddət ərzində düşmənə sarsıdıcı zərbə vurublar. Düşmənin cəbhə xəttində illərdən bəri möhkəmləndirdiyi ön xətt ordumuz tərəfindən yarılıb. İşğal altında olan bir neçə yaşayış məntəqəsi və strateji əhəmiyyətli yüksəkliklər ələ keçirilib.

Ermənistan tərəfinin təxribatı nəticəsində cəbhə xəttində baş verənlər beynəlxalq təşkilatların, siyasətçilərin və xarici KİV-nin də diqqətindədir. Artıq beynəlxalq ictimaiyyət də Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini başa düşür, xarici media Azərbaycan ərazilərinin işğalına dair reallıqları əks etdirən xəbərlər yayır. Siyasətçilərin bəyanatlarında birmənalı şəkildə vurğulanır ki, beynəlxalq təşkilatların işğal altında olan ərazilərdən qeyd-şərtsiz çıxmaq barədə qətnamələrinə baxmayaraq, Ermənistan hələ də Dağlıq Qarabağı və ətraf yeddi rayonu tərk etmir.

 

İƏT Gənclər Forumu: “Forum Azərbaycan Prezidentinin mövqeyini tam dəstəkləyir”

 

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin təxribatları ilə əlaqədar İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İƏT GF) idarə heyətinin növbədənkənar iclası keçirilib. İclasda İƏT-yə üzv ölkə olan Azərbaycanda baş verən hadisələr müzakirə olunub və idarə heyətinin bəyanatı qəbul edilib. Bəyanatda deyilir: “İƏT GF aprelin 2-3-də Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı birləşmələrinin Azərbaycana qarşı təxribat xarakterli təcavüzkar hərəkətlərini, Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmasını şiddətlə qınayır, bunu regionda sülhün pozulması və gərginliyin artmasına yönəlmiş akt kimi qiymətləndirir.

Eyni zamanda, Azərbaycan Respublikasının öz ərazilərinin və əhalisinin təhlükəsizliyini qorumağa yönəlmiş cavab aksiyaları təqdirəlayiq qiymətləndirilib. Forum əvvəllər erməni qüvvələri tərəfindən işğal edilmiş və Azərbaycan mövqelərinə qarşı plasdarm kimi istifadə olunan strateji məntəqələrin azad edilməsi istiqamətindəki addımları alqışlayır, Azərbaycan Respublikası Prezidentinin ölkənin ərazi bütövlüyünün qorunması istiqamətində göstərdiyi fəaliyyət və mövqeyini tam dəstəkləyir, işğal olunmuş ərazilərini azad etmək uğrunda atacağı addımları Azərbaycan Respublikasının təbii haqqı hesab edir.

Azərbaycan Respublikasının Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə tərəfdar olduğu barədə dəfələrlə bəyan etdiyi mövqeyini nəzərə alaraq, beynəlxalq təşkilatları bu mövqeyi dəstəkləməyə, əvvəllər qəbul olunmuş beynəlxalq qətnamələrin yerinə yetirilməsi və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasına nail olmağa, prosesi uzadaraq hərbi müstəviyə keçirməyə can atan Ermənistana təzyiqləri artırmağa çağırır.

İƏT Gənclər Forumu bu günlərdə Azərbaycan Respublikası ilə həmrəylik nümayiş etdirərək ona dəstək verən Pakistan, Türkiyə və İƏT-yə üzv olan digər ölkələrə də mövqelərinə görə təşəkkür edir”.

Bəyanatda o da qeyd edilib ki, bu yaxınlarda işinə başlayacaq İslam Əməkdaşlıq Təşkilatı Sammiti çərçivəsindəki tədbirlərdə də bu məsələ müzakirəyə çıxarılacaq. İƏT-yə üzv digər ölkələrin nümayəndələri tərəfindən də müvafiq mövqe nümayiş etdirilməsi istiqamətində addımlar atacaq.

 

TDƏŞ: “Ermənistan ordusu Azərbaycan torpaqlarını tərk etməlidir”

 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən gərginliklə bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, təcavüzkar Ermənistanın açdığı atəşlər nəticəsində Azərbaycanda dinc insanlar arasında itkilər var, o cümlədən mülki əhalinin əmlakına ciddi ziyan dəyir. Bəyanatda beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Ermənistan tərəfi atəşkəs rejiminə əməl etməyə və münaqişənin sülh yolu ilə həllinə çağırılır. Azərbaycan tərəfinin birtərəfli qaydada atəşkəs elan etməsinin məmnunluqla qarşılandığı bildirilən bəyanatda Ermənistanın da atəşkəsə əməl etməsinin zəruriliyi vurğulanır.

BMT Təhlükəsizlik Şurasının, ATƏT-in, Avropa Şurasının, Avropa Şurası Parlament Assambleyasının Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair çağırışlarına əsaslanan TDƏŞ Ermənistan hərbi qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarını tərk etməsinin vacibliyini vurğulayır.

 

Bundestaqın deputatı Aksel FİŞER: “Ermənistan hərbi qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır”

 

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranmış gərginliklə əlaqədar açıqlama verən Almaniya Bundestaqının deputatlarından biri Xristian Demokrat İttifaqının üzvü Aksel Fişerdir. Cəbhə xəttində gərginliyin artmasından narahat olduğunu bildirən A.Fişer qeyd edib ki, Avropa Şurasının üzvləri arasında hərbi münaqişənin aparılması təşkilat daxilində təməl prinsip olan qarşılıqlı əməkdaşlıq ruhuna ziddir. Mövcud münaqişələr sülh yolu ilə həll edilməlidir. Buna görə də hərbi qarşıdurmalar dərhal dayandırılmalı və atəşkəs razılaşmasına hörmətlə yanaşılmalıdır. Ən əsası, Bundestaqın üzvü qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən, Ermənistanın hərbi qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır.

 

Britaniya Parlamentinin deputatı Lord David EVANS: “Beynəlxalq qurumların qərarlarına əməl olunmalıdır”

 

“Beynəlxalq qurumlar münaqişənin sülh yolu ilə həllində fəal olmalıdır”. Bunu Britaniya Parlamentinin deputatı Lord David Evans bildirib. O, Ermənistanın Azərbaycanın torpaqlarının qeyri-qanuni işğalı ilə bağlı təmas xəttində baş vermiş son hadisələrin günahsız qurbanlarına rəhmət, yaxınlarına başsağlığı diləyib və münaqişənin danışıqlar yolu ilə həllinin mümkün olmadığı təqdirdə, Azərbaycanın əməliyyat tədbirlərinin başadüşülən olduğunu diqqətə çatdırıb. ATƏT-in Minsk qrupunun himayədarlığı ilə Azərbaycanın hər zaman münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu qeyd edən deputat onu da bildirib ki, Minsk qrupu həmsədrlərinin sülhə nail ola bilməmələrinə təəssüflənir. O, açıqlamasında Azərbaycan dövlətinin beynəlxalq qurumların çağırışlarını nəzərə alaraq, cavab tədbirlərini birtərəfli qaydada dayandırmaq qərarını alqışlayıb və diqqətə çatdırıb ki, münaqişənin daha da genişlənməsinin və itkilərin qarşısını almaq üçün məsələ BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və digər beynəlxalq qurumların qərarlarına əməl olunaraq həll edilməlidir.

 

Fransa Senatının üzvü Jan-Mari BOKEL: “Ermənistan qoşunlarını işğal etdiyi bütün Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarmalıdır”

 

Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyənlərdən biri Fransa Senatının üzvü Jan-Mari Bokeldir. O, bununla bağlı bəyanatında çoxlu insan itkisinə, eləcə də bir neçə dinc azərbaycanlının ölümü ilə nəticələnən Ermənistanın Azərbaycana qarşı təcavüzünü qəti şəkildə pisləyib.

Fransalı senator Minsk qrupu həmsədrlərinin münaqişədə diqqətsizliyinə və yalnız faciəli qarşıdurmaya gətirib çıxaran ədalətsiz status-kvonun illərdir saxlanmasına təəssüfləndiyini də bildirib. Qeyd edib ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməli və qoşunlarını Dağlıq Qarabağ da daxil olmaqla işğal etdiyi bütün Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarmalıdır.

Jan-Mari Bokel Azərbaycan dövlətinin cavab tədbirlərini birtərəfli qaydada dayandırmaq qərarını alqışlayır və Ermənistanı da belə qərar qəbul etməyə çağırıb.

 

Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko LAQUMCİYA: “Azərbaycanın ərazi bütövlüyünə müdaxilə mənfi nəticələrə səbəb ola bilər”

 

“Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə, həmçinin sülhə müdaxilə regionda sülh və sabitlik üçün mənfi nəticələrə səbəb ola bilər”. Bunu Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdiyi təxribatlarla bağlı Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumciya bildirib. Onun açıqlamasında hər bir ölkədə olduğu kimi, Azərbaycanda da sülhün və ərazi bütövlüyünün qorunmasında, sabitliyin saxlanmasında maraqlı olan hər kəs üçün xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib.

 

Braziliyalı deputat Rodriqo MAYA: “Azərbaycanın haqlı mövqeyinə tam həmrəyliyimizi ifadə edirik”

 

Braziliya Deputatlar Palatasında Braziliya-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Rodriqo Maya və Rio-de-Janeyro Şəhər Şurasının xarici əlaqələr komissiyasının sədri Sezar Maya Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində düşmən tərəfindən atəşkəsin pozulması ilə əlaqədar birgə bəyanatla çıxış ediblər. Bəyanatda deyilir: “Təmas xəttində Ermənistan hərbi qüvvələri tərəfindən Azərbaycana qarşı törədilmiş son təxribatları qınayırıq. Biz hamımız bilirik ki, Azərbaycan erməni təcavüzünün qurbanıdır. İyirmi ildən çoxdur ki, Azərbaycanın 20 faizdən artıq ərazisi Ermənistanın işğalı altındadır. Bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Təəssüflər olsun ki, Ermənistan 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən və həmin dövrdə Braziliyanın Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu zaman dəstəklədiyi 4 qətnamənin icrasına məhəl qoymur. ATƏT-in Minsk qrupu daxil olmaqla beynəlxalq ictimaiyyət öz səylərini səfərbər edərək Ermənistana bu qətnamələri icra etməsi üçün təzyiq göstərməlidir. Baş verənlərlə əlaqədar olaraq Azərbaycanın haqlı mövqeyinə tam həmrəyliyimizi ifadə edirik”.

 

Ukraynanın “Versii.com. Fabrika analitiki” portalı: “Vurulacaq zərbələr daha ağır və sarsıdıcı olacaq”

 

Ukraynanın “Versii.com. Fabrika analitiki” portalında “Dağlıq Qarabağda döyüşlər: onlarca hərbçi həlak olub” sərlövhəli məqalə yerləşdirilib. Məqalədə qeyd olunur ki, aprelin 2-nə keçən gecə və gün ərzində Azərbaycanın bütün cəbhə boyu mövqeləri və yaşayış məntəqələri intensiv atəşə məruz qalıb və bunun nəticəsində mülki əhali arasında həlak olanlar və yaralılar var. Buna görə Azərbaycan Silahlı Qüvvələri təxribatın qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Ağdərə-Tərtər-Ağdam-Xocavənd-Füzuli istiqamətlərində cavab tədbirləri barədə qərar qəbul edib.

Yazıda vurğulanır ki, bir neçə istiqamətdə qısa və sürətli əks-hücumun gedişində Ermənistan silahlı birləşmələrinin uzun illər boyu mühəndis-istehkam qurğuları ilə möhkəmləndirilən birinci müdafiə xətti yarılıb, strateji əhəmiyyət daşıyan bir neçə yüksəklik və yaşayış məntəqəsi düşməndən tam azad edilib.

O da qeyd edilir ki, Talış kəndi ətrafında Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək yüksəkliklər, habelə Seysulan məntəqəsi düşməndən tam təmizlənib. Strateji əhəmiyyətli Horadiz şəhərini düşmən təhlükəsindən müdafiə etmək məqsədilə Füzuli rayonu istiqamətində yerləşən və geniş ərazini nəzarətdə saxlamağa imkan verən Lələtəpə adlı yüksəklik Azərbaycan bölmələrinin nəzarəti altına keçib. Hazırda həmin yüksəkliklərdə və yeni müdafiə xətti boyunca müvafiq möhkəmləndirmə tədbirləri görülür, yeni səngərlər qazılır, mövqelərdə bərkitmə işləri aparılır.

Məqalədə daha sonra deyilir: “Müdafiə Nazirliyi bildirir ki, atəşkəs rejimi haqqında razılaşmanın Ermənistan tərəfindən pozulması təkrarən baş verərsə, düşmənə vurulacaq zərbələr daha ağır və sarsıdıcı olacaq”.

 

İspaniyanın “Europapress.es” portalı: “Azərbaycan sülh tərəfdarıdır”

 

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son günlər yaranmış gərginlik barədə məlumatlar İspaniyanın bir sıra aparıcı mətbu orqanları, xəbər agentlikləri və portallarında da yayılıb. Bu ölkənin EFE informasiya agentliyində yayılan xəbərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında məlumat verilir, Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu göstərilir.

“Europapress.es” portalında yayılan məlumatda isə Azərbaycanın birtərəfli şəkildə atəşi dayandırmaq haqqında qərar verdiyi oxucuların diqqətinə çatdırılır. Bildirilir ki, Azərbaycan beynəlxalq təşkilatların çağırışlarını nəzərə alaraq, sülh tərəfdarı olduğunu bir daha göstərərək hərbi əməliyyatları birtərəfli şəkildə dayandırır və əldə olunmuş mövqelərdə möhkəmləndirmə tədbirləri həyata keçirir.

 

Macarıstanın “Alfahir” nəşri: “Beynəlxalq hüquqa əsasən Dağlıq Qarabağ Azərbaycan ərazisidir”

 

Macarıstanın “Alfahir” nəşrində də Azərbaycanın işğal olunmuş ərazilərində, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində yaranan gərgin vəziyyət haqqında material dərc olunub. Məqalədə qeyd olunur ki, türkdilli hun mənşəli azərbaycanlılar tarixi torpaqlarına sədaqətləri ilə fəxr edir, adı türk dilində olan Qarabağ bölgəsi də bu ərazilərdən biridir. Xatırladılır ki, Ermənistanın təcavüzü nəticəsində təxminən bir milyon nəfər Ermənistandan qaçqın və Qarabağdan məcburi köçkün vəziyyətinə düşüb. “Alfahir” nəşri sonuncuları “daxili köçkünlər” adlandırır, bununla da Qarabağın Azərbaycan ərazisi olmasına işarə edir. Məqalədə deyilir: “Beynəlxalq hüquqa əsasən Dağlıq Qarabağ Azərbaycan ərazisidir”.

Məqalə müəllifi Azərbaycan hərbçilərinin yüksək döyüş ruhundan və Milli Qəhrəman Mübariz İbrahimovdan da bəhs edib. Milli Qəhrəmanın fotosunu da dərc edən “Alfahir”də qeyd olunur ki, Azərbaycanda onun adı əbədiləşdirilib.

 

İsveç mətbuatı: “Dağlıq Qarabağ Azərbaycan ərazisinin tərkib hissəsidir”

 

Ermənistanın ölkəmizə qarşı keçirdiyi təxribat nəticəsində təmas xəttində başlayan toqquşmalar haqqında məlumatlar İsveç mətbuatında da yer alıb. Bu ölkənin ən nüfuzlu gündəlik qəzetlərindən olan “Svenska Dagbladet”, “Aftonbladet” kimi nəşrlərin səhifələrində verilən xəbərlərdə bildirilir ki, keçən günlər ərzində Azərbaycan ərazisinin tərkib hissəsi sayılan Dağlıq Qarabağda - Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında şiddətli döyüşlər baş verib. Bu hadisə uzun çəkən münaqişə tarixində ən böyük toqquşmadır və insan itkiləri olub.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.- 2016.- 8 aprel.- S6.