“AITF-2016” sərgisində 29 ölkədən 300-dən çox şirkət iştirak edir

  

 

Aprelin 7-də Bakı Ekspo Mərkəzində turizm biznesinin peşəkarları üçün nəzərdə tutulmuş aparıcı tədbir olan 15-ci yubiley Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (AITF-2016) sərgisi öz qapılarını ziyarətçilərin üzünə açıb.

 

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə keçirilən “AITF” sərgisi həmçinin bu tədbirdə daim iştirak edən Azərbaycan Turizm Assosiasiyası (“AZTA”) tərəfindən dəstəklənir. Ümumdünya Turizm Təşkilatı (“UNWTO”) və Asiya-Sakit Okean Turizm Assosiasiyası (“PATA”) “AITF” sərgisinə dəstək göstərən beynəlxalq təşkilatlar arasında yer alırlar. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər.

 

Sərginin açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “AITF-2016”nın əhəmiyyətindən söz açıb. Bildirib ki, keçirildiyi illər ərzində “AITF” sərgisi bütövlükdə Xəzəryanı regionda mühüm tədbirlərin təşkil olunduğu, tərəfdaşlıq müqavilələrinin imzalandığı, habelə yeni proqram və istiqamətlərin elan edildiyi əsas turizm tədbirinə çevrilib.

 

Son illər ölkəmizin turizm sahəsində qazandığı uğurlardan söz açan nazir deyib ki, hazırda Azərbaycan bu sahənin inkişafına görə 140 ölkə arasında 36-cı yerdədir. Ölkəmizdə qeyri-neft sektorunun əsas prioritetlərindən biri olaraq inkişaf edən turizm sahəsinin uğurları ilbəil daha da genişlənir. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycanda 250-dən çox turizm şirkəti və 570-dən çox yerləşdirmə yerləri fəaliyyət göstərir. Son illər ölkəmizə gələn turistlərin sayı 5 dəfədən çox artıb.

 

Ölkədə turizm siyasətinin dövlət səviyyəsində həyata keçirildiyini söyləyən nazir bu sahədə iki Dövlət proqramının yerinə yetirildiyini deyib. Bildirib ki, hazırda Milli Məclisdə turizm haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.

 

Ə.Qarayev vurğulayıb ki, ölkəmizin turizm imkanlarının təbliği məqsədilə Türkiyə və Rusiyada Azərbaycan turizm nümayəndəlikləri açılıb.

 

Nazir bildirib ki, son zamanlar Azərbaycan-Ermənistan təmas xəttində yaşanan hadisələr ölkəmizə gələn turistlərin sayına təsir göstərməyib.

 

Tədbirdə İTE Groupun icraçı direktoru Edvard Stroon bildirib ki, üç gün davam edəcək sərgiyə 29 ölkədən 300-dən çox şirkət iştirak edir. Bu ölkələrdən bir çoxu ilk dəfədir ki, sərgiyə qoşulub.

 

Sərgidə səyahətlər turizm ilə yanaşı, stendlərdə tibbi turizm və Bakıda keçiriləcək “Formula -1” üzrə Avropa Qran-prisi barədə maraqlı məlumat veriləcək. Həmçinin ilk dəfə olaraq İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin keramika, zərgərlik, batika kimi əl işləri nümayiş olunur.

 

Sərginin təşkilində dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirən Edvard Stroon Əbülfəs Qarayevə xatirə hədiyyəsi təqdim edib.

 

Sonra tədbir iştirakçıları sərgi ilə yaxından tanış olublar.

 

Qeyd edək ki, yaz sərgi mövsümünün ilk tədbiri olan “AITF” sərgisinin iştirakçıları arasında turizm şirkətləri, aviaşirkətlər, milliregional turizm təşkilatları, otel şəbəkələri, xaricdə daşınmaz əmlak agentlikləri, sanatoriyalar, pansionatlar, müalicə-sağlamlıq və SPA mərkəzləri, o cümlədən idmanekoloji turizm obyektləri yer alıb.

 

Bolqarıstan, Gürcüstan, Dominikan Respublikası, Hindistan, İndoneziya, İran, İspaniya, Serbiya, Tailand, Türkiyə, Xorvatiya, Monteneqro, ÇexiyaUkrayna öz ölkələrinin turizm potensialını və koloritini parlaq şəkildə nümayiş etdirmək məqsədilə sərgidə milli pavilyonlar ilə çıxış edirlər. İlk dəfə olaraq Belarus öz milli stendi ilə bu ölkələrin sırasına qoşulub.

 

Bu il Rusiya Federasiyasının Stavropol Əyaləti, İspaniyanın Katalonya bölgəsi və Latviyanın Yurmala şəhəri ayrıca regional stendlərlə iştirak edirlər. Sərginin builki iştirakçıları arasında beynəlxalq assosiasiyalar, ticarət və sənaye palataları, eləcə də dövlət müəssisələri, o cümlədən İndoneziya və Türkiyənin Azərbaycanda akkreditasiya olunmuş səfirlikləri yer alıb.

 

Daxili turizm Azərbaycanda əsas təmayül olaraq qalır və sərgi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin stendi, eləcə də ölkənin Qax, Qəbələ, Gəncə, Zaqatala, İsmayıllı, Lənkəran, Mingəçevir, Masallı, Sumqayıt və digər regionlarının ənənəvi ekspozisiyası daxili turizm potensialını təqdim edir. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin stendində isə Naxçıvanın unikal təbiəti, tarixi yerləri, o cümlədən mehmanxana və müalicə mərkəzləri təqdim olunur. Qarabağ regionunun gözəlliyini və turizm imkanlarını nümayiş etdirən Qarabağ stendi sərginin ənənəvi iştirakçısıdır. Azərbaycanın 20-dən artıq turizm şirkətinin, eləcə də otel və sanatoriyalarını öz stendinə bir araya gətirən Azərbaycan Turizm Assosiasiyası ekspozisiyası isə həm Azərbaycanda, həm də xaricdə turizm üzrə geniş təklifləri əks etdirir.

 

Qeyd edək ki, sərgidə AZƏRTAC-ın da stendi yer alıb.

 

Sərgi çərçivəsində ənənəvi olaraq, Qafqaz Beynəlxalq “Mehmanxana, restoran və super-marketlər üçün avadanlıq və ləvazimatlar” (“HOREX Caucasus”) sərgisi də start götürüb. Xəzəryanı regionda qonaqpərvərlik sənayesi üzrə yeganə ixtisaslaşdırılmış tədbir olan “HOREX Caucasus” sərgisi bu il onillik yubileyini qeyd edir. Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində isə “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edir.

 

Bu ilHoReCa” qonaqpərvərlik sektorunu təmsil edən istehsalçı və distributorlar tədbir çərçivəsində otel ləvazimatları və ətriyyat, habelə tekstiluniforma, qida məhsullarını uzun müddət ərzində saxlamaq üçün şok kameralar, peşəkar təmizlik avadanlıqları, təqdim edirlər.

 

“HOREX Caucasus 2016” sərgisi müştərilərlə birbaşa əlaqə yaratmaq, yeni səmərəli və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələri quraraq bu əlaqələri genişləndirmək, eləcə də etibarlı podratçılar qazanmaq üçün unikal imkan yaradacaq.

 

“AITF” sərgisi aprelin 7-dən 9-dək yalnız turizm peşəkarları, aprelin 9-da isə bütün ziyarətçilər üçün açıq olacaq.

 

 

AZƏRTAC

Azərbaycan.- 2016.- 8 aprel.- S.7.