Milli Məclis Mərkəzi Seçki Komissiyasının yeni tərkibini təsdiq etdi

 

Aprelin 15-də Milli Məclisin növbəti plenar iclası keçirilmişdir. İclasda Mərkəzi Seçki Komissiyasının tərkibi təsdiq edilib və Hesablama Palatasının hesabatı dinlənilib, bir neçə qanuna dəyişiklik edilib.

Parlament öz işinə müzakirələrlə başlayıb. İlk çıxış edən İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə aparılan həm daxili, həm də beynəlxalq siyasət sayəsində bütün dünya dövlətləri Azərbaycana dəstək olurlar. İslam Əməkdaşlıq Təşkilatının Sammitində də bir çox ölkələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyiblər: “Sammitdə Ermənistanın işğalçı dövlət olmasının vurğulanması, bununla əlaqədar xarici işlər nazirlərindən ibarət komissiyanın yaradılması Azərbaycan Prezidentinin apardığı uğurlu siyasətin nəticəsi, ordumuzun gücünün nümunəsidir”.

Komitə sədri onu da qeyd edib ki, son günlər bəzi mətbuat oqranlarında Azərbaycanın apardığı siyasət və Milli Məclis haqqında xoşa gəlməyən, həqiqətə uyğun olmayan yazılar dərc olunur: “Bu, düşmən dəyirmanına su tökməklə məşğul olan qüvvələrin əməlləridir. ABŞ Dövlət Departamenti Azərbaycan haqqında müsbət sözlər söyləyir. Erməni lobbisinin təsiri nəticəsində isə müəyyən qüvvələr qərəzli fikirlər bildirirlər. Həmin mətbuat orqanları qərəzli fikirləri başlığa çıxarır. Xaricdə olan ayrı-ayrı QHT-lərin fikirləri həmin dövlətin fikri kimi təqdim edilir. Bunlar hamısı qərəzlidir və ermənilərə xidmət edən insanların əməlləridir. Azərbaycan xalqı aprel hadisələrində dövlət-xalq həmrəyliyini göstərib. Milli Məclisin deputatları bu prosesdə aktiv şəkildə iştirak ediblər. Üzdəniraq qüvvələr isə bu məsələlərə kölgə salmaq istəyir, həqiqətə uyğun olmayan fikirlər səsləndirirlər. Müvafiq qurumlar qərəzli mətbuat orqanları ilə əlaqədar tədbir görməlidir ki, şər-böhtanla məşğul olmasınlar”.

Milli Məclisin Sədri Oqtay Əsədov vurğulayıb ki, ABŞ-ın KİV-də Azərbaycanın ərazi bütövlüyü, Ermənistanın işğalçı siyasəti ilə bağlı yazılar dərc olunub. Ancaq Azərbaycanda qərəzli mətbuat orqanları bu yazıları işıqlandırmırlar: “Bəzi mətbuat orqanları Dağlıq Qarabağ haqqında Ermənistanın yazdığı məlumatları başlığa çıxarırlar. Dövlətimizin işinə kölgə salmaq istəyənlər özləri kölgə altındadır”.

Deputat Zahid Oruc Dağlıq Qarabağ ermənilərinə çağırış edib. O bildirib ki, onların təhlükəsizliyinin təminatçısı yalnız Azərbaycan dövləti ola bilər: “Siz yetər ki, Azərbaycan Konstitusiyasına riayət edib, burada yaşamağı qəbul edin, əlinizdəki silahı Serj Sarkisyana çevirin”.

Deputat Fazil Mustafa da ciddi narazılığını bildirib: “Deyirlər ki, şəhidlərin dəfnində hər kəs iştirak etdi, deputatlar yox. Bu, başdan-ayağa yalandır. Deputat həmkarlarım, mən şəhidlərin dəfn mərasimlərində iştirak etdik. Milli Məclisin üzvləri xalqla birlikdə oldu. Bunu xüsusi kateqoriya kimi ayırmaq düzgün deyil. Bunu yazan saytlara, jurnalistlərə də tənqidi yanaşılmalıdır”.

Milli Məclisin Sədri Oqtay Əsədov isə qeyd edib ki, Azərbaycan Ermənistanla müharibə aparmayıb, təxribatlara cavab verib: “Azərbaycan üç gün Ermənistan tərəfindən törədilən təxribatlara cavab verib. Müharibə olsaydı, Azərbaycan hara gedib çıxardı, yaxşı bilirsiniz. Azərbaycan Ordusu göstərdi ki, bu məsələni həll etmək iqtidarındayıq. Bu, Ermənistanı sülhə məcbur etmək üçün vacib məqamlardan oldu. Sülh danışıqları gedir, güman edirəm ki, məsələ öz həllini tapacaq”.

Deputat Qüdrət Həsənquliyev də mətbuatda şəhidlər barəsində yayılan yanlış informasiyalara münasibət bildirib: “Bəzi saytlarda oxuyuram ki, hansısa şəhidlər gizlədilir, gizli dəfn olunur və ya deputatlar iştirak etmirlər. Bu rəzalətdir, bundan böyük alçaqlıq olmaz”.

Deputat Elmira Axundova deyib ki, Rusiyanın bir sıra mediası münaqişəyə münasibətdə qərəzli davranırlar. Azərbaycan diasporu ehtiyatlı olmalıdır. Rusiya mediasında bu işlə bağlı aktiv olmalıdırlar.

Deputatın fikirlərinə münasibət bildirən Milli Məclisin Sədri Oqtay Əsədov qeyd edib ki, təkcə diaspor təşkilatları deyil, Rusiyada fəaliyyət göstərən Azərbaycan əsilli jurnalistlərə də müraciət etmək lazımdır: “Məlumdur ki, Rusiya mediasının 30 faizi ermənilərin əllərindədir. Onlar da öz işlərini görürlər. Kökü azərbaycanlı olanlara müraciət edilməlidir ki, ürəklərində Azərbaycanla olsunlar. Təəssüf ki, azərbaycanlı jurnalistlər azərbaycanlı olduqlarını göstərməkdən qorxurlar”.

Çıxışlardan sonra gündəlikdəki məsələlər müzakirə edilib. Əvvəlcə deputatlar “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə Konstitusiya Qanununa (İkinci səsvermə) müsbət münasibət bildiriblər. Sonra Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında Milli Məclisin qərarı təsdiqlənib (qərar qəzetdə dərc olunur).

Iclasda Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı da dinlənilib. Palatanın sədri Vüqar Gülməmmədov bildirib ki, 2015-ci il son illərdə dünya iqtisadiyyatının rastlaşdığı tərəddüdlü illərdən biri olmuşdur və müxtəlif ölkələr tərəfindən ciddi büdcə qənaətlərinin tətbiqi ilə xarakterizə edilir. Bu faktorlar respublikamızın qlobal iqtisadiyyata inteqrasiya olunmuş iqtisadi sisteminə də öz təsirini göstərmiş, lakin ölkə rəhbəri tərəfindən həyata keçirilən düşünülmüş islahatlar mənfi təsirlərin yumşaldılmasına öz töhfəsini vermişdir.

2015-ci ildə başa çatdırılmış nəzarət tədbirləri 175 qurumun, o cümlədən 29 rayon icra hakimiyyəti orqanının və Azərbaycan Respublikasının xarici ölkələrdəki 4 diplomatik korpusunun fəaliyyətini əhatə etmişdir.

Hesabat ilində dövlət büdcəsinin xərcləri ilə bağlı həyata keçirilmiş nəzarət tədbirləri ilə 4,2 mlrd. manat məbləğində vəsait əhatə olunmuşdur. Ümumilikdə, hesabat ilində dövlət büdcəsinin gəlirləri və xərcləri, Baş Prokurorluğa göndərilmiş materiallar və əvvəlki illərdə aparılmış nəzarət tədbirlərinin nəticələri nəzərə alınmaqla 10286,7 min manat və 60,2 min avro məbləğində vəsait müvafiq qaydada bərpa edilmişdir.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, deputatlardan Qənirə Paşayeva, Əli Məsimli, Əflatun Amaşov, Vahid Əhmədov, Tahir Kərimli bildiriblər ki, palatanın hesabatı ildən-ilə daha da təkmilləşir. Geniş və əhatəli hesabatda nöqsanlar da öz əksini tapıb. Çıxışlardan sonra deputatlar hesabata müsbət rəy bildiriblər.

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair” Sazişin təsdiq edilməsi haqqında qanun layihəsi də təsdiqlənib. Həmçinin “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi də səsə qoyularaq qəbul edilib.

“Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi haqqında məlumat verən parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, qanunun 28-ci maddəsinə təklif edilən dəyişiklik Mülki Prosessual Məcəlləyə uyğun olaraq vətəndaşın razılığı tələb olunmadan ona tibbi yardım göstərilməsi məsələsini tənzimləyəcək. Belə ki, cinayət və ya inzibati həbs nəzərdə tutan inzibati xəta törətməmiş şəxs əgər öz davranış və hərəkətləri ilə yaxın qohumlarına dəfələrlə maddi və mənəvi zərər yetiribsə, uşaqların tərbiyəsinə mənfi təsir göstəribsə, ətrafındakıların hüquqlarını pozubsa, o halda narkomanlığa düçar olmuş həmin şəxsin könüllü müalicədən imtina etməsinə baxmayaraq, uyğun psixiatriya stasionarına qeyri-könüllü yerləşdiriləcək. Dəyişiklik səsə qoyularaq qəbul edilib.

“Psixiatriya yardımı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında da məlumat verən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov qeyd edib ki, dəyişiklik Cinayət-Prosessual Məcəlləsindəki dəyişikliyə uyğunlaşdırılması məqsədini daşıyır. Qanunun 29.3-cü maddəsinə görə, psixi pozuntusu ilə əlaqədar barəsində tibbi xarakterli məcburi tədbirlər görülmüş şəxs psixiatriya stasionarından yalnız həmin məcburi tədbirlərin tətbiqinin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmənin qərarı əsasında çıxarılır.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İclasda müzakirə olunan növbəti məsələ İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi oldu. Məsələ ilə bağlı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim etdiyi qanun layihəsinə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189.2-ci maddəsinin ləğv edilməsi təklif olunurdu. Bu maddədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə valideynlər və ya onları əvəz edən şəxslərin yüz manat məbləğində cərimə edilməsi nəzərdə tutulur. Qısa müzakirədən sonra qanun layihəsi qəbul edildi.

Milli Məclisin iclasında son olaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirəyə təqdim edildi. Məsələ ilə bağlı komitə sədri Əli Hüseynli məlumat verdi. Xatırladaq ki, 2015-ci il oktyabrın 20-də Mülki Prosessual Məcəlləyə dəyişiklik edilib. Həmin dəyişikliklə Məcəlləyə “Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat” adlı yeni 40-2-ci fəsil əlavə edilib. Bununla əlaqədar olaraq qanun layihəsinə əsasən, Məcəllənin 306.1-ci maddəsinə müvafiq dəyişikliyin edilməsi təklif olunur. Qanun layihəsi səsə qoyularaq qəbul edildi.

Bununla da Milli Məclisin iclası başa çatdı.

 

Rəşad CƏFƏRLİ,

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2016.- 16 aprel.- S. 2.