DÜNYA BAKIDA BİRLƏŞİR

 

Prezident İlham Əliyevin dünyada sivilizasiyalararası əməkdaşlığın möhkəmlənməsi prosesini müəyyənləşdirən liderlər sırasında olması BMT səviyyəsində rəsmən etiraf edildi

 

Dünən rəsmi açılışı keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna evsahibliyi etməklə Azərbaycan növbəti uğuruna imza atdı. Özübu uğur yalnız beynəlxalq nüfuzun yüksəlişinin təsdiqilə məhdudlaşmır, əhəmiyyətliliyin daha geniş miqyasını əhatə edir. Dünyanın ən aparıcı təşkilatının ən mühüm strukturlarından olan Alyansın öz ali tədbirini Bakıda keçirməyə razılıq verməsi həm də ölkəmizin iqtisadi inkişafsosial rifah, siyasi modernləşmə və demokratikləşmə, multikulturalizmsivilizasiyalar arası fəal əməkdaşlıq kimi irəli sürülən prinsiplərə də tam cavab verdiyinin beynəlxalq səviyyədə sübutu idi.

 

Niyə məhz Azərbaycanda?

 

BMT-nin Sivilizasiyalar Alyansının fəaliyyət prioritetləri məlumdur: sivilizasiyalararası dialoqun möhkəmləndirilməsindən xalqlar və dövlətlər arasında dostluq, əməkdaşlıq və davamlı inkişafın təşviqinədək sahələr, milli, diniirqi ayrı-seçkiliyin, dünyada sülh və təhlükəsizliyi təhdid edən neqativ halların aradan qaldırılmasından ümumbəşəri əhəmiyyət kəsb edən aktual məsələlərin müzakirəsinə qədər vacib istiqamətlər qurumun diqqət mərkəzindədir. Təşkilatın forumları isə dünyanı narahat edən problemlərin mənbəyini müəyyənləşdirmək, onları aradan qaldırmaq, həllinə dəstək məqsədi daşıyan qlobal platforma kimi qəbul edilir.

Yəni, Alyansın forumu sıradan bir beynəlxalq tədbir sayılmır və ona evsahibliyi etmək üçün tələb olunan şərt də yalnız sosial infrastuktura malik olmaq, qonaqları normal yerləşdirmək kimi öhdəliklər deyil! Tam əksinə, bu tələblər seçimdə müəyyənləşdirici faktorlar sırasında bəlkə də sonda gəlir. 2014-cü ilin sentyabrında BMT Baş Assambleyasının 69-cu sessiyasında Alyansın 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi barədə qərarın qəbulu prosesində də bütün müzakirələrdə Azərbaycanın evsahibliyi etməsi üçün problem görülmədi. Ölkəmizin dünyada sülhün və təhlükəsizliyin təminatına mühüm töhfələr verməsi, həmçinin tolerantlıq və multikulturalizm sahəsində ən mükəmməl modeli yaratması kimi vacib nailiyyətlərlə yanaşı, səmərəli iqtisadisiyasi islahatlar amili də Azərbaycanın şansını artıran səbəb idi.

Ümumiyyətlə, son illər ərzində dünyada baş verən münaqişələrin, həmçinin terrorizmin məhz millidini zəmində süni toqquşmaların nəticəsi kimi meydana çıxdığı dövrdə “sivilizasiyalararası fəal təmas və əməkdaşlığın, multikulturalizmin Azərbaycan nümunəsi” beynəlxalq aləmdə ciddi rezonans yaradıb. Bu modelin xüsusiyyətləri akademik mərkəzlərdə tədqiq edilir, xarici universitetlərdə isə tədris olunur.

Dünyanın təqdirlə qarşıladığı və ölkəmizə, xalqımıza böyük nüfuz, etimad qazandıran bu nümunənin təbliği-təşviqi prosesi dövlət siyasətinin prioritet sahələrindəndir. Son illərdə Prezident İlham Əliyevin bu yönümdə həyata keçirdiyi tədbirlər, şəxsi təşəbbüsləri qlobal miqyasda razılıq doğurur. Alyansın forumunun Bakıda keçirilməsi barədə qərar həm də Azərbaycan Prezidentinə olan ehtiramın və güvənin növbəti nümunəsi idi. Təsadüfi deyil ki, BMT-nin Baş katibi Pan Gi-Mun dövlət başçımıza məktubunda qeyd edir ki, “Sizin şəxsi mövqeyinizliderliyiniz sayəsində Alyansın 7-ci Qlobal Forumu öz gələcək kursunu peşəkarlıqla müəyyən edəcəkdir”. Yaxud BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir tolerantlığın və dialoqun inkişafı, mədəniyyətlərarası əməkdaşlığın təbliğində Prezident İlham Əliyevin liderliyini əlahiddə töhfə kimi dəyərləndirir.

Yəni, Prezident İlham Əliyevin dünyada sivilizasiyalararası əməkdaşlığın möhkəmlənməsi prosesinin perspektiv kursunu müəyyənləşdirən liderlər sırasında olması artıq BMT səviyyəsində rəsmən etiraf edilir!

 

Real fəaliyyət zamanı

 

İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında keçirilən forumda BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla ümumilikdə 2000-ə yaxın qonaq iştirak edir. Üç gün ərzində 30-a yaxın sessiyanın keçiriləcəyi forumda dünən ən mühüm tədbir Gənclər Forumu oldu.

Qeyd edək ki, bu forum dünyada gənclərin iştirakının ən yüksək səviyyədə təmin olunduğu mühüm platformadır. Belə bir əhəmiyyətli tədbirin Azərbaycanda baş tutması ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətinin nəticəsi olmaqla yanaşı, ölkə gənclərimizin də öz təşəbbüsləri, fəallıqları ilə beynəlxalq miqyasda tanınmalarının göstəricisidir.

3000 nəfər namizəd arasında iki ay davam edən seçim prosesi nəticəsində müəyyənləşən 100 gənc əsasən beynəlxalq təşkilatların, xariciyerli gənclər qurumlarının nümayəndələri idilər. BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasirin qeyd etdiyi kimi, planetin bütün bölgələrini təmsil edən gənclər Bakıya öz fikirlərini bölüşməyə və dünyanı narahat edən məsələləri müzakirə etməyə gəliblər. Mədəniyyətlərarası dialoq, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, sülh şəraitində və inklüziv cəmiyyətlərdə yaşamağın üstünlükləri, gənclərin təşəbbüslərinin dəstəklənməsi, bu baxımdan yeni mənbələrin müəyyənləşdirilməsi, gənclərin liderlik bacarıqlarını göstərməsi kimi mövzuların müzakirə olunduğu tədbirdə Azərbaycan təmsilçisi Leyla Əliyevanın çıxışı xüsusi marağa səbəb olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri statusunda gənclərə səslənən Leyla Əliyeva zəngin tarixə malik Azərbaycanın Şərq ilə Qərb arasında körpü rolunu oynadığını, ölkəmizin tolerant, yeni ideyalara açıq, dialoqa meyilli məkana çevrildiyini vurğulayıb. Son beş ildə Azərbaycanda beş milyondan çox ağac əkildiyini, nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvanların qorunması ilə bağlı tədbirlərin görüldüyünü və digər mühüm hadisələri xatırladan Heydər Əliyev Fondunun vitse-prezidentinin gənclərə mühüm çağırışı da vardı: “Artıq fəaliyyət göstərməyin vaxtı çatıb. Gələcəyi daha parlaq, daha yaşıl, daha təkmil qurmağa nail olacağıq”.

BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində dünən biznes simpozium da keçirilib. İnklüziv cəmiyyətdə özəl biznesin rolu və məsuliyyəti mövzusunun müzakirə olunduğu tədbirdə qeyd edilib ki, inklüzivlik, yoxsullar, fiziki və əqli cəhətdən qüsurlu şəxslər, qaçqınlar və köçkünlər, məhkumlar və cəmiyyətin digər həssas qrupları üçün gəlir əldə etmək imkanlarının yaradılması, onların maddi nemətlər əldə etməsi və onlardan yararlanmaq imkanlarının artırılmasını, rifahın təmin edilməsini nəzərdə tutur. İnklüziv cəmiyyətlərin formalaşmasında ən böyük pay özəl biznesin payına düşür. Dünya ölkələrində cəmiyyətin inklüzivliyini təmin etmək üçün bir sıra müxtəlif inkişafsosial yönümlü layihələr icra olunur. Bu sahədə Azərbaycanın mükəmməl təcrübəsi və nailiyyətləri var. Azərbaycanda inklüziv cəmiyyətin formalaşması, qaçqın və məcbui köçkünlərin, əlil və qadınların, digər həssas qrupların rifahının yüksəldilməsinə yönələn layihələr uğurla icra olunur.

BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda bu gün mühüm tədbirlər baş tutacaq. Azərbaycan Prezidentinin çıxışı, BMT Baş katibinin video-müraciəti, nümayəndə heyətləri rəhbərlərinin nitqləri, həmçinin sessiyalar, bölmə iclasları, çoxsaylı görüşlər, müzakirələr forumun bu gün olduqca məhsuldar və səmərəli keçəcəyinə zəmin yaradır.

Əsrlər öncə sivilizasiyaların ticari əməkdaşlığını bərqərar edən Azərbaycan artıq bu ənənəni siyasi, mədəni, humanitar yönümdə gerçəkləşdirir. “Azərbaycan” ifadəsi beynəlxalq miqyasda olduqca intensiv işlənməyə başlayıb. Elə indi də 2000 nəfər iştirakçının - dünyanın nüfuzlu liderlərinin, ictimai xadimlərinin, beynəlxalq təşkilatların rəhbərlərinin, tanınmış biznes təmsilçilərinin, gənclərin timsalında dünya Bakıya toplaşıb. Sülhə, təhlükəsizliyə, rifahainkişafa yönəlmiş təşəbbüslər Bakıda birləşir.

Əgər bu proses Azərbaycandan başlayırsa, demək, nəticə uğurlu olacaq...

 

İxtiyar HÜSEYNLİ,

 

Azərbaycan.- 2016.- 26 aprel.- S. 1.