İlham Əliyevdən dünyaya sülh və əməkdaşlıq çağırışı

 

Azərbaycanda beynəlxalq terrorizmə və sivilizasiyalararası ziddiyyətlərə qarşı qlobal humanitar-mədəniyyət ittifaqı formalaşdırılır

Fərqli dini-mədəni toplumların, müxtəlif sivilizasiyaların təmsilçilərinin artıq üç gündür ki, Bakıda dünyanın ən böyük əməkdaşlıq və təmas formatını yaratmalarının səbəbi yəqin elə xalqımızın malik olduğu dəyərlərdir. Çünki Azərbaycanın öz daxilində çoxsaylı xalqlar, etnik qruplar, dini inanclar əsrlərdir uğurlu birgəyaşayış nümunəsi yaradıb. Bu gün bəşəriyyətin multikulturalizm adlandırdığı ifadəni bizlər yüzillərdir əsl azərbaycanlının həyat tərzi kimi qavramışıq və bir-birini əvəz edən nəsillər bu keyfiyyətləri daha da möhkəmləndiriblər.

İnklüziv cəmiyyətlərdə birgəyaşayışın Azərbaycan nümunəsi

Bəli, öz tərkibində müxtəlif sivilizasiyaların nümayəndələrinin qarşılıqlı etimadını və birgəyaşayışını təmin edən Azərbaycan indi bu modeli dünya miqyasında tətbiq edərək sivilizasiyalararası tərəfdaşlıq və ünsiyyəti lokal çərçivədən qlobal miqyasa qədər genişləndirir.

BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, Dünya Turizm Təşkilatı, ISESCO, Avropa Şurası kimi nüfuzlu beynəlxalq qurumların təşkilatçısı olduğu və 140-dan yuxarı ölkədən 2000 nəfər iştirakçının qatıldığı forumun Bakıda baş tutması dünya birliyinin bu sahədə ölkəmizin tarixi təcrübəsinə verdiyi böyük önəmlə yanaşı, həm də hazırda bu istiqamətdə həyata keçirdiyi, çox hallarda isə müəlllifi olduğu təşəbbüslərə dəstəyidir. İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd mövzusunda keçirilən beynəlxalq tədbirin əsl məqsədi isə cəmiyyətin həssas qruplarına aid olan əlillər, kimsəsizlər, qaçqın və köçkünlər, yoxsullar və digər bu kimi zümrələrin hüquqlarının, rifahının qorunması, təmini kimi məsələlərə töhfə verməkdir.

Əslində, bu sahədə də Azərbaycan mükəmməl təcrübəyə malikdir. Əhalisinin 11 faizi qaçqın və köçkün olan ölkəmizdə bu insanlar üçün 94 yeni yaşayış massivi salınıb, on minlərlə ailə mənzillə təmin edilib, onlar üçün dövlət tərəfindən sosial ödənişlər ayrılır. Yaxud da respublikamızda son 10 il ərzində təqribən 1,5 milyon yeri açılmaqla işsizliyin səviyyəsi 5 faizə enib, yoxsulluq isə 4,9 faizə düşüb. Əlillərin, kimsəsizlərin və digər belə qrupların sosial yaşamı, reabilitasiyası birbaşa dövlətin nəzarətindədir. Ən əsası isə bütün sosial qrupların birgəyaşayış norması tam təmin edilib, onların hər hansı bir təcridi qətiyyən mümkün deyil.

Elə dünənki müzakirələrdə İspaniyanın sabiq baş naziri Xose Luis Rodrigez Zapateronun Bakı BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsi üçün ideal məkandır. Azərbaycan özü-özlüyündə bir sivilizasiya alyansıdır fikrini də ümumilikdə Qlobal Forumun bütün iştirakçılarının ortaq qənaəti kimi dəyərləndirmək olar. Belə yüksək qiymətlər, münasibətlər, bəyanatlar forumun gedişində mütəmadi səslənirdi, Azərbaycanın mədəni həyatdan iqtisadiyyata, multikulturalizmdən siyasi modernləşməyə qədər qazandığı uğurlar barədə ağızdolusu danışılırdı. Dünyanın dörd bir tərəfindən gələn fərqli dini-mədəni dünyagörüşə malik insanların Azərbaycan barədə müsbət ortaq rəydə olmaları əlbəttə ki, hər bir vətəndaşımızda qürur hissi yaradır.

Qürurdan söz düşmüşkən, Sivilizasiyalar Alyansının Qlobal Forumunda fəxr duyulası, iftixar keçiriləsi yetərincə çox hadisə və fakt oldu. Azərbaycan Prezidenti isə öz çıxışında bu beynəlxalq tədbirin ölkəmizdə keçirilməsini yüksək etimad, şərəf kimi qiymətləndirdi. Ümumiyyətlə, Prezidentin nitqini toxunulan məsələlər, dünyaya verilən mesajlar baxımından tarixi çıxış adlandırmaq mümkündür. Ölkə rəhbəri Azərbaycan həqiqətlərini və müxtəlif sahələr üzrə uğur nümunələrini tədbir iştirakçılarının nəzərinə çatdırmaqla yanaşı, həm də qlobal miqyasda baş verən proseslərə dəqiq və obyektiv münasibətini bildirdi, ən əsası isə sivilizasiyalararası əməkdaşlıq, təmas məsələlərinə yeni baxış ortaya qoydu.

Forum iştirakçılarında Bakının möhtəşəmliyinin və Azərbaycanın inkişafının yaratdığı heyranlığa, eyni zamanda, Prezident İlham Əliyevin dünya səviyyəli nüfuzlu liderlik təəssüratı da əlavə olundu!

Prezident İlham Əliyev kürsüdən Azərbaycanın əsl vətənpərvəri, məsuliyyətli vətəndaşı və qətiyyətli lideri kimi danışırdı. Toxunduğu hər bir mövzu əhəmiyyətli olduğu qədər də informativ, səfərbəredici və düşündürücü idi.

Qlobal forum tarixə İlham Əliyev imzası ilə həkk olundu

Əsrlər boyu fərqli mədəniyyətlərin, dinlərin kəsişməsində yerləşən Azərbaycanda hər zaman tolerantlığın, multikulturalizmin mövcud olduğunu xatırladan dövlət başçısı ölkəmizdə bütün etnik qruplar və dinlərin bir arada yaşadığını zənginliyimiz, fərəhli tariximiz kimi qiymətləndirdi. Bəlkə də Prezident İlham Əliyevin bu fikirləri bizim üçün adi səslənə bilər. Amma nəzərə alsaq ki, tədbir iştirakçılarının çoxu məhz dinlər və təriqətlərarası savaşların, etnik qarşıdurmaların baş verdiyi ölkələrdən gəlmişlər, demək, onların Azərbaycan barədə, xalqımız haqqında mövqeləri daha da dolğunlaşdı.

Azərbaycanın bu xüsusiyyəti tarixidirnadirdir! Ən qədim kilsələr də, məscidlər də, sinaqoqlar da Azərbaycanda mövcud olub. Tarixin hansısa dövründə dağıntıya məruz qalsalar da, bu gün yenidən bərpa ediliblər və fəaliyyətdədirlər. Hətta erməni kilsəsi də qorunub saxlanır.

Həmçinin çoxsaylı Avropa təsisatlarının etimad qazanmış üzvü olan Azərbaycan İslam təşkilatlarının da ən fəal, aparıcı mərkəzlərindəndir. Amma ölkəmiz hər iki sivilizasiyaya mənsubluqla kifayətlənmir, onları həm də birləşdirir. İslam Əməkdaşlıq Təşkilatı üzvləri və Avropa dövlətlərinin mədəni, mənəvi, humanitar, həm də siyasi əməkdaşlığını təmin edən və daim genişləndirən Bakı Prosesi buna sübutdur. Elə bu forumu da tam əsasla qlobal təşəbbüsə çevrilən Bakı Prosesinin məntiqi davamı saymaq olar.

Prezidentin nitqinin əsas mahiyyəti o idi ki, Azərbaycan multikulturalizm və tolerantlıq ideyalarına sadiq qalmaqla yanaşı, sivilizasiyalararası, mədəniyyətlərarası proseslərə daha çox töhfə verməyə, onlar arasında səmərəli təması formalaşdırmağa çalışır. Və buna nail olur!

Prezident İlham Əliyev hətta Azərbaycanın malik olduğu enerji resurslarını, logistik layihələrini belə sivilizasiyaların geoiqtisadi durumuna əsaslı təkan verəcək təşəbbüslərə çevirməyi bacarıb. Şərq-Qərb nəqliyyat dəhlizi indi müasir İpək Yoludur, Cənub qaz dəhlizi isə sanki yeni bir sülh və əməkdaşlıq karvanıdır.

Azərbaycan rəhbəri sivilizasiyalararası əməkdaşlığı humanitar-mədəniyyət müstəvisindən iqtisadi-siyasi tərəfdaşlıq səviyyəsinə yüksəltmək məramını irəli sürdü!

Beynəlxalq tədbirin nəticələrinin sivilizasiyalararası əməkdaşlığa böyük töhfə verəcəyi danılmazdır. Əslində isə Bakı Forumu dinlər və mədəniyyətlərarası münasibətləri yeni mərhələyə yüksəldəcək, daha fəal, səmərəli, qarşılıqlı etimada əsaslanan tərəfdaşlığın bərqərarını zəruri edəcəkdir.

Forum digər ölkələrdə də keçirilə bilərdi. Amma həmin tədbirin də belə uğurla gedişini, effektiv müzakirələrin baş tutacağını, lazımi nəticələrin əldə ediləcəyini söyləmək çətindir, bəlkə də mümkün deyil. Bu forumun əhəmiyyətini artıran, ona yüksək əlahiddəlik verən amil isə, əlbəttə ki, Azərbaycanın bənzərsiz multikultural koloriti, rəsmi Bakının siyasi iradəsi və xalqımızın malik olduğu ali dəyərlərdir.

Bir məqamı da unutmayaq ki, Qlobal Forumun Bakıda baş tutması təklifinin müəllifi şəxsən Prezident İlham Əliyevdir. Bu təşəbbüsün BMT tərəfindən dəstəklənməsi və qəbulu da birbaşa Azərbaycan rəhbərinin fəaliyyətinin nəticəsidir. Demək, forumun sivilizasiyalararası əməkdaşlıqda müsbət dəyişikliklərə rəvac verəcək nəticələri də bilavasitə Azərbaycan Prezidentinin uğur aktivinə yazılacaqdır.

Bu baxımdan tam əsasla deyə bilərik ki, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu da tarixə məhz İlham Əliyev imzası ilə həkk olunacaqdır...

 

İxtiyar HÜSEYNLİ,

 

Azərbaycan 2016.- 27 aprel.- S. 1.