Qəbələ festivalında mərhum səfir
Fuad İsmayılovun xatirəsinə konsert təşkil olunub
Qədim və müasir Qəbələ şəhəri Heydər Əliyev Fondunun möhtəşəm beynəlxalq layihəsi olan musiqi festivalına uğurla ev sahibliyi edir.
AZƏRTAC xəbər verir ki, müxtəlif ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər və dirijorların iştirak etdiyi Qəbələ VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində kamera və orkestr konsertləri, muğam axşamı, piano müsabiqəsi keçirilir. Əsasən klassik musiqi əsərlərinin səsləndirildiyi bir musiqi bayramı kimi dünyada tanınan Qəbələ Beynəlxalq Musiqi Festivalında hər il ənənəvi olaraq yubiley tədbirləri, tanınmış musiqiçilərin xatirəsinə həsr edilmiş konsertlər təşkil olunur.
Yerli və xarici musiqisevərlər üçün festivalın proqramına uyğun olaraq avqustun 2-də Heydər Əliyev Konqres Mərkəzindəki kamera zalında Azərbaycanın Avstriyadakı səfiri olmuş və 2011-ci ildə dünyasını dəyişən Fuad İsmayılovun xatirəsinə həsr edilmiş konsert təşkil edilib. Y.Haydn adına Konservatoriyanın və Bratislava Musiqi və İfaçılıq Sənəti Universitetinin tələbəsi, pianoçu Müşfiq Quliyev xatirə konsertində Avropa bəstəkarlarından İ.S.Baxın, F.Şopenin, A.Skryabın və F.Listin əsərlərini səsləndirib.
Məlumat verilib
ki, 2012-ci ildə İtaliyada
keçirilən gənc ifaçıların “XXI əsrin incəsənəti”
müsabiqəsində iki nominasiya
(kamera ansamblı və fortepiano
solo) üzrə qalib
gələn, 2014-cü ildə III Stokholm
Beynəlxalq Müsabiqəsinin laureatı olan
istedadlı gənc pianoçu Müşfiq Quliyev 2013-cü
ildə mərhum səfir Fuad
İsmayılovun xatirəsinə yaradılan “Gələcəyə
doğru” Xeyriyyə Fondunun
təqaüdçüsü seçilib.
O, bu fondun dəstəyi
ilə Avstriyanın Y.Haydn adına Konservatoriyana daxil olub. M.Quliyev hazırda həmin
təhsil ocağında, eyni zamanda Bratislava Musiqi və İfaçılıq Sənəti
Universitetində təhsilini davam etdirir.
Azərbaycan.- 2016.- 3 avqust.- S.7.