Şəhidlik zirvəsinə ucalanlar əbədiyyət qazanırlar

 

Atası Məmməd kişi heç ağlına da gətirməzdi ki, böyük arzularla böyüdüb boya-başa çatdırdığı oğlu Elvinvaxtsa uca zirvələrdə dalğalanan üçrəngli Azərbaycan bayrağına bükülüb kəndə şəhid kimi gətiriləcək. O bayrağa ki, onun uğrunda sayı bilinməyən igid qanı tökülüb.

Elvin Namazov 1990-cı ildə dünyaya göz açanda Qazaxın Yuxarı Salahlı kəndinin sayılıb-seçilən sakinlərindən olan Məmməd kişinin sevinci yerə-göyə sığmırdı. Kənd sakinləri onu təbrik edəndə o, zarafatla: “Qarabağımızı yağı düşməndən azad edəcək daha bir igid oğul dünyaya gəldi”, - deyirdi.

Qazax rayonu Ermənistanla həmsərhəd olduğundan Elvinin tez-tez eşitdiyi silah səsləri digər gənclər kimi, onda da düşmənə qarşı nifrət hissi oyadırdı. Həmyaşıdları ilə söhbətlərində hərbçi olmaq arzusundan danışırdı. Nəhayət, 2007-ci ildə orta məktəbi bitirəndə tərəddüd etmədən sənədlərini Heydər Əliyev  adına Azərbaycan Ali Hərbi Məktəbinə verdi. İmtahanlardan uğurla keçərək məktəbin kursantı oldu. 2012-ci ildə həmin məktəbi leytenant rütbəsi ilə bitirdikdən sonra hərbi xidmətə yollandı. Elvin Namazov hərbin sirlərinə daha mükəmməl yiyələnmək üçün 2013-cü ildə Silahlı Qüvvələrimizin Təlim və Tədris Mərkəzində bir illik kursu da  uğurla bitirdibaş leytenant rütbəsi ilə Müdafiə Nazirliyinin xüsusi təyinatlılardan ibarət “N” saylı hərbi hissəsinə kəşfiyyat komandiri vəzifəsinə təyin edildi.

...Məmməd kişi kənddə böyük toy məclisi qurmuşdu. Dost-tanış, qohum-əqrəba gözaydınlığına gəlmişdi. Ata-ananın sevinci hədsiz idi.  Toydan 10 ay da keçdi. Elvin tez-tez ailəsinə baş çəkər, təmas xəttində ermənilərin törətdikləri təxribatlardan, Azərbaycan Ordusunun bunun qarşısını necə mətinliklə almasından danışardı.

2016-cı ilin aprel ayının əvvəli idi. Ailə üzvləri onun yolunu gözləyirdi. Lakin ermənilərin Tərtər istiqamətində vəziyyəti gərginləşdirmələri onun ailəsində narahatlıq yaratdı. Onlar təmas xəttindəki  vəziyyəti televiziya vasitəsilə öyrənirdilər. Qəfil eşitdikləri xəbər hamını sarsıtdı. Elvin Namazov aprel ayının 2-də Tərtər istiqamətində erməni təxribatının qarşısının alınması zamanı gedən ağır döyüşlərdə qəhrəmancasına həlak oldu, şəhidlik zirvəsinə ucaldı.

Elvinin atası Məmməd Namazov söhbət zamanı dedi ki, o, döyüşqabağı mənə zəng etdi. Dedi ki, ata,  hər şey yaxşıdır: “Bir zirvə var, oranı tezliklə ermənilərdən alacağıq. Bax onda sizinlə görüşə üzüağ gələcəyəm”.

Doğrudur, həmin zirvə alındı. Lakin Elvin onun kimi neçə igid oğlumuzun qanı bahasına...

Onun üçrəngli Azərbaycan bayrağına bükülmüş cənazəsini qarşılamaq üçün  minlərlə rayon sakini gəlmişdi. Rayon rəhbərliyinin, onun xidmət etdiyi hərbi hissə komandirlərinin, eləcə rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Elvin uğrunda canından keçdiyi torpağa - Qazaxın Yuxarı Salahlı kənd qəbiristanlığına tapşırıldı. Dəfn mərasimində çıxış edən hərbçi yoldaşları dedilər ki, xüsusi təyinatlı kəşfiyyat komandiri olan Elvin Namazov həmin gün 12 saat dayanmadan düşmənlə döyüşdü. 2 kəşfiyyat qrupunu mühasirədən xilas etdi. Düşmənin iki tankını partladıb, çoxlu sayda düşməni məhv etdi.

Elvin Namazovun xidməti dövlət başçısı tərəfindən yüksək qiymətləndirilərəkİgidliyə görəmedalı ilə təltif olundu. Medal ölümündən sonra may ayının 23-də şəhidin ailə üzvlərinə təqdim edildi. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun iştirakı ilə keçirilən təqdimetmə mərasimində torpaqlarımızın  düşməndən azad ediləcəyinə şəhidlərimizin qanının yerdə qalmayacağına əminlik ifadə olundu.

Aprel döyüşlərində Qazax rayonu üç şəhid verib. Rayon rəhbərliyi digər şəhidlər kimi, onların da adlarının əbədiləşdirilməsi üçün müxtəlif işlər həyata keçirib. Aprel döyüşlərində şəhid olmuş kapitan Mühüd Orucovun, baş leytenant Elvin Namazovun əsgər Orxan Əliyevin adlarını əbədiləşdirmək üçün Qazax şəhərinin mərkəzində üç bulaq kompleksi inşa edilmiş, “Qarabağa doğruadlı sənədli film çəkilmiş təqdimatı keçirilmişdir.

Elvin Namazov yaşasaydı, 26 yaşı tamam olacaqdı. Lakin vətən sevgisi onu şəhidlik zirvəsinə ucaltdı. Qəhrəmanlığı isə onu əbədiyaşar etdi.

 

Sabir ƏLİYEV,

 

Azərbaycan.- 2016.- 1 dekabr.- S.8.