Andrey Blaqodırenko: Prezident İlham Əliyevin ingiliscə yarım saatlıq səlis nitqi, auditoriya ilə ünsiyyət üslubu güclü təsir bağışladı

 

“Azərbaycan beynəlxalq aləmdə öz imicinin təbliğinə görə postsovet dövlətləri arasında şəksiz liderdir. Eurovision” mahnı müsabiqəsi, “Formula-1” yarışları, müxtəlif çempionatlar, beynəlxalq konfranslarfestivallarbütün bunlar sizin ölkənizin bugünkü simasının göstəriciləridir. Azərbaycanın iqtisadi potensialı, insanların ideyaları, onların peşəkarlığı sizin hər bir tədbiri ən yüksək beynəlxalq səviyyədə keçirməyinizə imkan verir. Heydər Əliyev Fondunun və AZƏRTAC-ın təşkilatçılığı ilə Bakıda keçirilmiş Dünya Xəbər Agentliklərinin V Konqresi bunu bir daha təsdiq etdi”.

Bakı Konqresinin iştirakçısı, “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Multimedia Mərkəzləri Müdiriyyətinin direktoru Andrey Blaqodırenko bu sözləri AZƏRTAC-ın müxbirinə müsahibəsində söyləyib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Xəbər Agentliklərinin V Konqresinin açılış mərasimində çıxışı iştirakçılara güclü təsir bağışlayıb: “Xəbər agentliklərinin Konqresini cənab İlham Əliyev açdı. Prezident Əliyevin ingilis dilində təxminən yarım saatlıq səlis nitqi, onun auditoriya ilə ünsiyyət üslubu, dövlətin birinci şəxsinin Konqres iştirakçıları ilə görüşməyə vaxt tapması faktının özü güclü təsir bağışladı. Düşünürəm ki, belə fikirləşən təkcə mən deyiləm”.

A.Blaqodırenko Dünya Xəbər Agentliklərinin V Konqresininİnformasiya agentlikləri üçün yeni çağırışlar” devizi altında keçirilməsini xatırladaraq qeyd edib ki, müasir dünyada informasiya agentliklərinin hamısı eyni çağırışlarla üzləşir. “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Multimedia Mərkəzləri Müdiriyyətinin rəhbəri deyib: “Mən medianı postsovet, Qərb və ya Şərqi Avropa mediası kimi növlərə bölməzdim. İstifadə edilən texnologiyalar, texniki təchizatın səviyyəsi, informasiya məhsullarını yaradan insanların peşəkarlığı bizim sənayeni bərabərləşdirib. İnternet isə onu kökündən dəyişib. “Ümumdünya hörümçək toru” vaxtilə birinci çap dəzgahının yaradılmasını xatırladır. Bu, həm də informasiya agentlikləri üçün əsas çağırışdır, çünki bu gün sosial şəbəkələrin istənilən istifadəçisi informasiya mənbəyidir. İnformasiyanın istehsalı və yayılması üzərində artıq inhisar yoxdur. Bu mənada informasiya bazarında rəqabət yalnız artacaq”.

Rusiyalı jurnalist AZƏRTAC-ın müxbiri ilə söhbətində Azərbaycan KİV-ləri ilə əməkdaşlıq mövzusuna da toxunub, “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya AgentliyininSputnikmultimedia qrupuna daxil olanSputnik Azərbaycan”ın uğurlu işini vurğulayıb. A.Blaqodırenko deyib: “Sputnik Azərbaycan”ın multimedia redaksiyasının bütün əməkdaşları Azərbaycan vətəndaşlarıdır. Ona görə bu da müəyyən mənada müştərək layihədir. Təbii ki, biz milli media mühitinə daha çox inteqrasiya olunmaq istərdik və güman edirəm ki, bu məsələ yaxın gələcəkdə həll ediləcək. Biz Heydər Əliyev Fondunun nümayəndələri ilə məhz Bakıda keçirilən Konqres sayəsində tanış olduq. Bizim ən yaxın planlarımız sırasında bu Fondla əməkdaşlıq məsələsi də var”.

O, Azərbaycanın paytaxtında dəfələrlə olduğunu vurğulayaraq bu şəhər barədə çox yüksək fikirdə olduğunu söyləyib. Jurnalist sonda deyib: “Bakı çox gözəl, müasir şəhərdir. “Burada Qərb və Şərq, keçmiş və gələcək qovuşur” sözləri Bakıya aiddir. Son dövrlərdə Rusiyada yaranmış tendensiyaturizm axınının müəyyən dərəcədə məhz Şərqə yönəlməsi göz qabağındadır. Mən istərdim ki, həmvətənlərimizin mümkün qədər çox hissəsi Bakı kimi şəhərlərə getsinlər, bu gün həmin şəhərlərdə insanların necə yaşaması və nə ilə məşğul olması ilə tanış ola bilsinlər”.

 

Azərbaycan.- 2016.- 3 dekabr.- S.5.