Naxçıvan şəhəri 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı olacaq

 

Azərbaycanın qədim tarixə və zəngin mədəni irsə malik Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə bağlı 2009-cu ilin oktyabrında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakıda keçirilən altıncı konfransında qərar qəbul edilib. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli sərəncamı ilə təşkilat komitəsi yaradılıb. Komitənin sədri Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov seçilib.

Təşkilat komitəsinin Naxçıvan şəhərində keçirilən ilk iclasında muxtar respublika Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edibbildirib ki, 15 ildir İslam mədəniyyətinin paytaxtı anlayışı gündəlikdədir. Bununla bağlı ilk rəsmi sənəd İslam Ölkələrinin Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ISESCO) təklifi ilə İslam Konfransı Təşkilatına üzv olan ölkələrin mədəniyyət nazirlərinin 2001-ci ildə keçirilmiş üçüncü konfransında qəbul edilib. ISESCO-nun qərarı ilə 2007-ci ilin noyabrında keçirilmiş beşinci konfransda Azərbaycanın paytaxtı Bakı şəhəri 2009-cu il üçün İslam mədəniyyətinin paytaxtı elan olunub: 2009-cu ildə Bakı şəhərinin İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı qazanılan təcrübə 2018-ci ildə Naxçıvan şəhərində tədbirlərin yüksək səviyyədə keçiriləcəyinə əminlik yaradır. Azərbaycanın 5 min illik tarixə malik qədim şəhəri olan Naxçıvan İslam mədəniyyəti nümunələri ilə zəngindir və bəşər sivilizasiyasına dəyərli töhfələr vermişdir.

Ali Məclisin Sədri bildirib ki, ilk olaraq İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018 loqotipi hazırlanacaq və rəsmi internet səhifəsi yaradılacaq. Naxçıvanın İslam mədəniyyətinin paytaxtı olmasını əks etdirən videoçarxlar, suvenirlər, zərf və poçt markaları hazırlanacaq. Muxtar respublika türk-islam mədəniyyət nümunələri, dini abidələrlə zəngindir. Hazırda bu abidələrin tanıdılması ilə bağlı onlardan bəzilərinin ISESCO-nun siyahısına salınması istiqamətində aparılır. Muxtar respublikanın dini abidələri, məscid və ziyarətgahları haqqında kitabların nəşri də nəzərdə tutulur. Bununla bərabər, milli-mənəvi dəyərlərimizə həsr olunmuş sənədli və televiziya filmlərinin çəkilməsi də vacib məsələdir.

Eyni zamanda, təşkilat komitəsi elmi-kütləvi tədbirlərin təşkilini diqqətdə saxlayacaq. Naxçıvanda İslam filmləri həftəsinin keçirilməsi, islam ölkələrinin folklor və rəqs qruplarının iştirakı ilə festivalların, idmançılar arasında isə müxtəlif yarışların keçirilməsi də gözlənilir.

Mədəniyyət və turizm naziri, eyni zamanda təşkilat komitəsi sədrinin müavini Əbülfəs Qarayev çıxışında qeyd edib ki, bu sahədə görülən hazırlıq işləri ISESCO tərəfindən yüksək qiymətləndirilir.

Müzakirələr zamanı AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, akademik Vasim Məmmədəliyev və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxış edərək təkliflər veriblər.

 

Azərbaycan.- 2016.- 4 dekabr.- S.7.