Ustad Şəhriyar

 

Ustad Məhəmmədhüseyn Şəhriyar ilk təhsilini ata-baba yurdu Abbas mahalının Xoşginab kəndində alıb, ona qədər isə yazıb-oxumağı dövrünün tanınmış ziyalısı olan atasından öyrənib. Sonra Təbrizə qayıdıb, “Füyuzat” və “Müttəhidə” mədrəsələrində, daha sonraFirdovsi” və “Məhəmmədiyyə” məktəblərində təhsilini davam etdirib.

Orta təhsilini başa vurduqdan sonra Tehran Universitetinə daxil olur (1921-ci ildə),  burada təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra 1924-cü ildə elə həmin  universitetin tibb fakültəsində oxumağı qərara alır. Ədəbiyyata böyük marağı və sevgisi olan Şəhriyar şeirlər yazır. Tehranın görkəmli sənətkarları, elm, mədəniyyət xadimləri ilə tanışlığı onun ictimai-siyasi baxışlarının formalaşmasında mühüm  rol  oynayır. Gənc şair universitetdə təhsil aldığı illərdə Sürəyya adlı bir qızı sevir, eşqi naminə, onun yaşadığı Behcətabad məhəlləsinin adına uyğun “Behcət” təxəllüsü ilə şeirlər yazmağa başlayır. İlk qələm təcrübələri ədəbi mühitdə, çağdaş İran poeziyasının görkəmli nümayəndələri arasında böyük maraq doğurur.

1924-cü ildə  Əbülhəsən xan Səba və Seyid Əbdülkərim Əmiri Firuzkuhi ilə tanış olur. Onlardan setarda çalmağı öyrənir və deyilənlərə görə, istəklisi Sürəyya-Pəriyə də bu musiqi alətində çalmağı özü öyrədir. Yazdığı bir qəzəl dostları tərəfindən çox bəyənilir, əldən-ələ keçir, oxuyan hər kəs qəzəl haqqında xoş sözlər söyləyir. Şeirinin seviləcəyinə əmin olmayan şair sonralar xatırlayır ki, “...bu hadisə, xoş münasibət mənə böyük zövq verdi. Sanki bir gündə yüz il yol getdim”.

Tələbə-şair 20 yaşında ikən “Şəhriyaram” qəzəlini yazaraq qələm əhlini və özünü mənəvi dünyanın şahı adlandırır. Şəhriyarın bu qəzəlini oxuyan İrəc Mirzə heyrətlə bildirir ki, “Sən bizlərdən deyilsən, böyük Hafizin cərgəsindənsən!” Şəhriyar Tehran Universitetinin tibb fakültəsində 4 il təhsil aldıqdan sonra  1928-ci ildə hərbi həkimlər hazırlayan qrupa keçir və hərbi həkim kimi ixtisaslaşır. Universitet illərində (1924-1929) Şəhriyarın bir sıra şeirləri  mətbuatda çap edilir. 1929-cu ildə “Divanca” adlı ilk şeirlər kitabı  nəşr olunur. Kitabın İran ədəbi ictimaiyyəti tərəfindən təqdir olunması və bəyənilməsi onu yazıb-yaratmağa daha da ruhlandırır.

Şəhriyar tələbə ikən univetsitetdən uzaqlaşdırılır. Bəzi tədqiqatçılar bunun səbəbini şairin  ürəkdən sevdiyi Sürəyya ilə bağlayırlar. Belə ki, Rza Şah Pəhləvinin qohumu da Sürəyyanı sevirmiş və Şəhriyarın onun yolunun üstündə maneə olacağını düşünərək gənci Tehrandan uzaqlaşdırırlar. Nəticədə başı bəlalı şair Xorasan vilayətinə - Nişapura sürgün olunmuşdur. Nişapurda dostlarından, vətənindən uzaq əzab-əziyyətli həyat yaşamağa məhkum edilən şair ötən günlərini tez-tez xatırlayır, Tehranı unuda bilmir. Notariat kontorunda mühasib-hesabdar işləməyə başlayır və “Tehranı yad edərkən” şeirini yazmaqla təsəlli tapır. Daha sonraNişapurda” və “Nişapurda günəş batarkən” məsnəvilərini, “Şairin evlənməsi”ni qələmə alır. Az keçmədən şair Nişapurdan Məşhəd şəhərinə köçürülür, Xorasan ədəbi məclislərində - “Məktəb-e Şahurda, həmçinin Ə.Firdovsinin 1000 illik yubiley tədbirlərində iştirak edir.

1936-cı ildə M.Şəhriyar Tehrana qayıdır. “Divan”ı yenidən çap olunur və “Fəlahət” adlı kənd təsərrüfatı bankında mühasib işləməyə başlayır. Atasının vəfatından sonra ailəsini Tehrana, öz yanına aparır.

1937-ci ildə artıq Təbrizə getməyə izn verildiyindən Şəhriyar doğma şəhərə qayıdır, atasının məzarını ziyarət edir, qohumlarla, dost-tanışla görüşür. 1930-1939-cu illərdə  sıxıntılı həyatı, atasının ölümüonun dəfnində olmaması, dostlarının itkisi, ən başlıcası, ilk məhəbbətinin uğursuzluğu və el-obasından 8 illik ayrılıq, üzücü hesabdarlıq işi Şəhriyarın  xəstələnməsinə səbəb olur. Şair bir müddət onu əhatə edən hər şeydən uzaqlaşmağa çalışır. Allaha tapınır, İlahi qovuşuğa, vəhdəti-vücuda can atır, insanı ilahiləşdirməyə meyil edir. Çox gənc olmasına baxmayaraq, oxucuları düşündürən əsərlər yazır və özünü təsəvvüf sairi, ürfani şair kimi təsdiq edir.

Anası  Kövkəb xanımın qayğısı ilə beş ildən sonra Şəhriyar yenidən qələmə sarılır və 40-cı illərin ən gözəl əsərlərindən sayılan “Qaranlıq gecələr”, “Eynşteynə peyğam”, ən nəhayət, “Stalinqrad qəhrəmanları” əsərlərini yazır. O, bu dövrdə İranın görkəmli şairi, “əfsanə şairikimi tanınmış Nima Yuşiclə görüşür (1942), H.Ə.Sayə və Həbib Səmai ilə tanış olur. M.Baharın sədrliyi ilə keçirilən İran yazıçılarının I qurultayında iştirak edir. “Sədayi-Xuda (Allahın-Haqqın səsi)” (1942) və “Stalinqrad qəhrəmanları” poemaları (1946) çap olunur. 1945-1946-cı illərdə məşhur “Heydərbabaya salam” mənzuməsini yazaraq bütün mənfi təmayüllərə sarsıdıcı zərbə vurur.

1949-cu  ildə Şəhriyar kənd təsərrüfatı peşə və sənət bankında mühasibat uçotu şöbəsinin müdirliyindən kənarlaşdırılandan sonra Təbrizə qayıdaraq Ziraət bankında işə girir (1953). Bu  bankdan kreditlə pul götürüb Ərk qalası yaxınlığındakı Məqsudiyyə məhəlləsində kiçik bir ev alır. 1953-cü ilin avqustunda bibisi Səyyarənin kiçik qızı Əzizə xanımla nikahlanır. Bu izdivacından dörd övladı dünyaya gəlir. Bir-birinin ardınca doğulan Şəhrizad (1955), Əbülhəsən (o, 1956-cı ildə doğulduqdan az sonra vəfat edir), Məryəm (1957) və Hadi (1959) onun niskilli könül dünyasına sevinc gətirir.

1954-cü ildə ata-baba yurdu Xoşginaba gedir, qohum-əqrəbadan sağ qalanları ilə görüşür. Doğma yurduna illərdən sonra dönüşü, həyatda gördükləri və anası Kövkəb xanımın dünyasını dəyişməsindən duyduğu üzüntülərin təsiri ilə “Heydərbabaya salam” poemasının II hissəsini yazır.

1969-cu ildə şair Bulud Qaraçorlu Səhəndin xahişi ilə yenidən Tehrana gedir. Tehranın görkəmli ədəbi simaları ilə görüşür. 1972-ci ildə uzun illərdən bəri dostluq etdiyi Böyük Nik Əndişlə birlikdə Tehrana gedən Şəhriyar yenə Səhəndin evinə düşür. Səhənd Şəhriyar, C.Heyət, Sahir, Cosğun, Savalan, Sönməzin və başqalarının iştirakı ilə təntənəli şeir məclisi keçirir. Həmin gecədə Tehranda ezamiyyətdə olan Quzey Azərbaycanın tanınmış şərqşünas alimi Rüstəm Əliyev də iştirak edir. Odlu-alovlu şair Səhənd “Heydərbabaya salama cavab olaraq yazdığı “Hörmətli ustad böyük Şəhriyara” şeirini coşqunluqla söyləyir. Məclisdə “Türkün dilişeirini oxuyan Şəhriyar bu görüşü uzun müddət unuda bilmir. 1976-cı ildə Doktor Cavad Heyətin yardımı ilə Tehranda bir evdə yerləşir. Lakin bu gediş sairə uğur gətirmir. Əzizə xanım dünyasını dəyişir. O, sevimli xanımına “Əzizə can”, “Bir gəlin”, “Yar qasidi” ağı-mərsiyələrini yazaraq ələm və iztirablarını ifadə edir. 1965-ci ildə Kənd Təsərrüfatı bankından istefaya çıxan şair bütün qüvvə və diqqətini yaradıcılığa yönəldir. Əsərləri kütləvi tirajla çap olunur. Xidmətlərini yüksək qiymətləndirən Təbriz Universiteti Şəhriyara “Fəxri ustad” dərəcəsi verirŞiri-Xurşid zalında onunla təntənəli görüş keçirilir. 1977-ci ildə Təbrizə qayıtdıqdan sonraZaman səsi” (1979) şeirini yazır.

Şeirə, söz sənətinə və öz yazdıqlarına ciddi tənqidi münasibəti olan Şəhriyar əsərlərinin çapına son dərəcə məsuliyyətlə  yanaşırdı. Buna görə də əsərlərinin tam külliyyatı - IV cildlik divanı ilk dəfə 1957-ci ildə çap olunmuşdur. Külliyyatın I cildində fars dilində yazılmış qəzəllər, qitələr və rübailər, II cilddə məsnəvilər, qəsidələr və müxtəlif şeirlər, III cilddə “Şəhriyar məktəbi” adı altında digər şeirpoemalar, həmçinin “Heydərbabaya salam” mənzuməsi, IV cilddə “Gecənin əfsanəsi”, “Stalinqrad qəhrəmanları”, “Şeir və hikmət”, “Ey-vay, anam”, “Qardaşım oğlu Hunəngə”, “Mumiyalanmış adam” məsnəvi və poemaları, “Qəsidə”, “Səba ölərmi?” kimi müxtəlif poetik formalarda qələmə alınmış əsərləri toplanmışdır.

“Heydərbabaya salam” poeması 80-dən çox xalqın dilinə tərcümə olunmuşdur. Şəhriyarın “Heydərbabaya salam” mənzuməsinin İrandabütün Yaxın Şərqdə çox geniş yayılması əslində, qadağayasaqlar dövründə Azərbaycan türkcəsinin milli düşüncə kontekstində yenidən çağlaması ilə bağlı idi.

Şəhriyar əsərlərini 30 il fars dilində yazmışdır. Buna görə ustadın İran ədəbiyyatına “fars şairikimi düşməsi təsadüfi deyil. Şairin “Heydərbabaya salam” poemasını qələmə alması və bu poeziya incisinin doğurduğu əks-səda qüdrətli sənətkarın milli zəminlə nə qədər bağlı olduğunu sübut etdi.

“Heydərbabaya salam”ın ilk nəşrinə (18 dekabr 1953-cü il) yazdığı müqəddimədə Əbdüləli Karəng heç bir ədəbi məktəbin təsiri altına düşməyərək poeziyada öz yolunu müəyyənləşdirən Şəhriyarı yüksək qiymətləndirirdi: “Şəhriyar heç bir məktəbin təsiri altına düşməyib. Bu gözəl və bikr (bakirə - E.Ş) mənalar, oynaq və xoşagələn üslub təkcə onun sağlam zövqü və qüdrətli təbinin məhsuludur”.

Təvazökar şairin yazdıqlarına çox ciddi, tələbkar və tənqidi münasibət bəslədiyini, bu üzdən də əsərlərinin divan şəklində çapına uzun müddət izn verməməsini ilk dördcildlik divanının naşiri Əli Zəhri belə izah edir: “...Şəhriyar, əsl sənətkarlar kimi, öz yazdıqlarının ən qəddar, ən rəhmsiz, gözündən heç bir şeyi qaçırmayan tənqidçisidir. Buna görədir ki, onun əsərlərinə aşiq olan oxucuların təkrar-təkrar etdikləri arzu, təklif və xahişlərə baxmayaraq, əsərlərinin külliyyatı indiyə qədər çap edilməmişdir. Bunun bircə səbəbi varsa, o da ondan ibarətdir ki, Şəhriyar özünün, hələ əsərlərini divan şəklində nəşr etdirmək dərəcəsinə yüksəlmiş bir şair hesab etmir”. Çünki o, bütün böyük mütəfəkkir şairlər kimi düşünürdü ki, oxucu məhəbbətini, diqqət və ilgisini daim saxlamaq üçünşair gərək öz hörmətini saxlasın, oxuculara da rəhmi gəlsin..., hər şeyi çap etdirmək olmaz”.

Şəhriyarın adı bütün türk dünyasında ehtiramla çəkilir, onun poeziyası bədii sözə qiymət verilən bir yerdə tədqiqat obyektinə çevrilirdi. Buna görə də şairin əsərləri, xüsusilə “Heydərbabaya salam” poeması təkcə İran və Azərbaycanda deyil, Yaxın və Orta Şərqdə, Pakistan, Hindistan, Misir, İraq və Türkiyədə də tədqiqatçı alimlərin diqqətini cəlb etmişdir. Bu mənzumə ilə Şəhriyar müəyyən durğunluq keçirən İraq ədəbiyyatını, ədəbi fikrini də oyatmışdır. Ə.Bəndəroğlu, S.Nacioğlu, İ.Sərt Türkman, M.Bayatoğlu, Əkrəm Fevzi, “Heydərbabaya salama nəzirə, təzim və cavablar yazmışlar. M.T.Zəhtabi isə O.Bəndəroğlunun “Heydərbabaya salama nəzirə yazdığı “Gur-gur baba” poemasını mənzumə ilə müqayisə edərək qiymətli fikir və mülahizələr yürütmüşdür. XX əsrin ədəbi hadisəsi kimi qiymətləndirilən “Heydərbabaya salam” poemasının, bütövlükdə Şəhriyar poeziyasının dünya miqyasında ədəbi ictimaiyyət tərəfindən nəşri, tədqiqi və təbliği bu gündavam edir.

Türkcə qələmə aldığı “Heydərbabaya salam” mənzuməsinədək fars dilində yaratdığı silsilə əsərlər onu dövrünün Hafizi-sanisi, Sədisi, XX əsrin klassiki, qəzəl ustadı kimi tanıtdırmışdı. Ustad şair dərin məzmunlu əsərlərində bəşəri-humanist qənaətlərini, ictimai varlıq, realideal aləm, insan taleyi, şəxsiyyət və zaman kimi fəlsəfi mahiyyət daşıyan problemləri təhlil süzgəcindən keçirir, bədii sözün imkanları  çərçivəsində oxuculara çatdırır. Vətənin və millətin taleyini, tərəqqisini, səadətini düşünməklə kifayətlənməyən Şəhriyar “öz xalqının, vətəninin taleyini, tarixini, məhrumiyyət və faciəsini, təbii-mənəvi keyfiyyətlərini bəşər həyatının ümumi axınından kənarda təsəvvür etmir, insanların əsrlər boyu ideal həyat axtarışlarının əsas istiqamətlərindən təcrid edilmiş şəkildə götürmür”.

Fəlsəfi-romantik üslubda yazılmış “Gecənin əfsanəsi” poeması yüksək bədiiliklə, kamil sənətkarlıqla təsvir olunan romantik səhnələr, real lövhələrlə zəngindir. Poemada şərin xeyirin üzərində, mənfur ehtirasların təmizlik, paklıq, məsumluq və gözəllik üzərində qələbə çalmasına, mənəvi zülməti yarmaqda idrakın, ağıl və düşüncənin gücsüzlüyünə qarşı filosof-alimin humanizm duyğuları ifadə edilir.

Şairin humanist düşüncələri “Eynşteynə peyğam” poemasında daha da qabarıqlaşır, konkret məcraya yönəlir. O, insan təxəyyül və təfəkkürünün məhsulu olan müxtəlif elmi-tarixi kəşflərdən imperialist qüvvələrin dünyanın dinc nizamını pozmaq, dağıtmaq üçün istifadə etmələrinə dərindən təəssüflənir. Məşhur elm dühaları EdissonEynşteynin böyük zəhmətinə heyisilənir, bu zəhmətin nəticəsi olan möhtəşəm kəşfdən - atom enerjisindən fəlakət, ölüm, dağıntı törətmək məqsədilə istifadə edən zülmkar hakimlərə, bu yolla dünyaya ağalıq etmək iddiasında olan hegemon dövlət başçılarına qarşı qəlbində sonsuz nifrət hissi baş qaldırır.

1946-cı ildə nəşr olunmuşStalinqrad qəhrəmanları” poeması aktuallığı, obrazların kamilliyi, ictimai idealın ülviliyi ilə seçilir, canlı, real, döyüş səhnələrini bənzərsiz sənətkarlıq qüdrətilə təsvir etməklə şair faşistlərin törətdikləri müharibəyə nifrətini bildirir.

Şəhriyar həm fars dilində, həm də Azərbaycan türkcəsində yazdığı əsərlərdə poetik “Mən”inə, amal və məqsədinə sadiq qalmış, millətinin, xalqının, ölkəsinin taleyini düşünmüş, onları problemlərlə, ağır gün-güzəranla üz-üzə qoyan səbəblərin aradan qaldırılması uğrunda mübarizə aparmışdır.

Ustad  şair əsasən “Şeir və hikmə” məsnəvisində, yeri gəldikcə digər əsərlərində ədəbi-estetik görüşlərini şərh etmiş, şeir sənətinin məqsəd və vəzifələrini, onun idraki, tərbiyəvi əhəmiyyətini müəyyənləşdirərək oxucuya açıqlamağa çalışmışdır. Şəhriyarın qənaətinə görə şair-sənətkar öz dövrünün səsi, vicdanı, xalqının dostu, dünya nemətlərinə aldanmayıb mərdanə yaşayanların, məzlumların - əzilənlərin pənahıdır, dərddaşıdır.

Şəhriyar uzun illər əsərlərini fars dilində yazmasına baxmayaraq, sənət aləmində böyük Azərbaycan şairi kimi tanınmışdır. Bu, hər şeydən əvvəl, şairin Təbrizdə doğulması, türkəsilli, türk ruhlu olması və əsasən də bütün Şərq aləmində əks-səda doğurmuş “Heydərbabaya salam” mənzuməsinin, eləcə də “Səhəndiyyə”, “Türkün dili”, “Dərya elədim”, “El bülbülü”, “Dövünmə və sövünmə”, “Behcətabad xatirəsi”, “Türkiyəyə xəyali səfər”, “Aman ayrılıq”, “Şatır oğlan”, “Bacım oğlu Behruzun bayatıları”, “Gözün aydın”, “Can Rüstəm”, “Oyun olduq”, “İnsü cin”, “İman ilə getdi”, “Məlul yazıq neyləsin?”,Yalan dünya”, “Analar oxşaması”, “Can alır indi” və s. əsərlərinin Azərbaycan türkcəsində yazılması ilə bağlıdır.

“Heydərbabaya salamda millilikdən doğan xəlqilik ruhu, Azərbaycan koloriti çox güclüdür. Eyni zamanda, burada millilik beynəlmiləlçilik, ümumbəşəriliklə bağlıdır və milli gerçəklik, xalq mənəviyyatı ən yüksək ideallarla aşılanır. Məhz bu baxımdan “Heydərbabaya salam” mənzuməsi Azərbaycanın zəngin tarixinə, kənd həyatının bu gününə və dünəninə, zəhmətkeş kənd elatının indisinə və keçmişinə taybatay açılan pəncərədir. Kəndlinin məişəti, evi, məşğuliyyəti, çeşidli çərəz və yeməkləri, geyimi bütün təbiiliyi, özünəməxsusluğu, cazibədarlığı ilə bu tabloda görünməkdədir. Şəhriyar gözəllik, zəriflik, ülvilik, doğma yurda, insanın doğulduğu ocağa məhəbbət, sevgi duyğuları aşılayan vətənpərvər şairdir.

İran İslam Respublikasının rəhbəri olmuş Seyid Əli Xamneyi Şəhriyar yaradıcılığı barədə demişdir: “Şəhriyar kimi ustad şairlərin olması bizim üçün böyük nemətdir. Şəhriyarın şeir dili, xüsusən türkcə şeirləri çox cazibəli, güclü, axıcı və ürəyəyatandır. Şairin “Heydərbabaya salam” poeması bunu kamil surətdə göstərir. Dünyada bu poemanın çox mühüm mövqeyi vardır. Bu poema çox ali əsərdir”.

Şəhriyar romantikya realist üslubda əsər yaratmaq qəlibini deyil, hər iki cərəyanın vəhdətində ənənəviçilik yolunu novatorcasına getmək prinsipini əsas götürən  ənənəvi şeir üslublarında, əruz və heca vəzni qəliblərində mükəmməl əsərlər yaratsa da, qələmini azad, yeni şeir üslubunda - sərbəst vəzndə də sınayaraq uğurlu əsərlər yazmağa nail olmuşdur, “Səhəndim” poeması kimi misilsiz sənət nümunəsi yaratmışdır.

Xalqın taleyində müəyyən müsbət və ya mənfi rolu olmuş hadisəyə şəxsi fikir prizmasından nəzər salan Şəhriyar, hətta milli bayramların özünəməxsus orijinallığını tərənnüm edərkən belə, fərdi xüsusiyyətlər, milli-xəlqi məsələlər öz çərçivəsindən çıxır və bəşəri məna kəsb edir. Şəhriyar milli koloritin, Azərbaycan milli xarakterinin, bunlarla sıx bağlı olan xalq həyatının bədii ədəbiyyatda daha ətraflı, daha güclü inikasına nail olmaq üçün milli təfərrüata dərindən varır, ən incə detalları belə nəzərdən qaçırmır. Xalqın qonaqpərvərliklə bağlı adət-ənənələrini də əsərlərində əks etdirməsi bu qəbildəndir. Yar qasidi”, “Əmioğlum Mirəbülfəzlə”, “Səreyinli şairə”, “Kərəc xatirəsi” və ya “Nənəqız əmiqızının oğlu Əli ağaya bir yadigarlıq” adlı əsərlərində qədim adətimizin orijinallığına, qonaqpərəstlikdə milli Azərbaycan çalarının qabarıqlığına diqqəti cəlb edir.

Ömrü boyu yalnız Azərbaycanın, Azərbaycan xalqının taleyini düşünən, səsini əsrin səsi, əsərlərini xalq hərəkatının tərcümanı sayan, el-obasının sevincinə sevinib, qəminə kədərlənən Şəhriyar möhtəşəm dövlətlərin, qüdrətli ordu sərkərdələrinin qılınc, silah gücünə əldə edə bilmədiklərinə sözün ecazkar qüdrəti, gücü ilə nail oldu. Türk dünyasını mənən birləşdirməyi bacardı. Şəhriyar öz dahiliyi ilə o taylı-bu taylı Azərbaycanın bütövlük rəmzi oldu.

 

Esmira  ŞÜKÜROVA,

filologiya üzrə fəlsəfə doktoru

 

Azərbaycan.- 2016.- 6 dekabr.- S.8.