Səbail rayonunda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

 

Dekabrın 6-da Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Musiqili Teatrında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Milli Məclisin deputatları, rayon ərazisində fəaliyyət göstərən idarə və təşkilatların, aliorta təhsil müəssisələrinin kollektivləri, ictimaiyyətin nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak ediblər.

Mərasimdə xalq artisti Teymur Göyçayevin bədii rəhbəri və baş dirijoru olduğu Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında İohan Baxın əsərləri səsləndirilib. Orkestrin ifası zamanı ümummilli lider Heydər Əliyevin mənalı həyatının və çoxşaxəli siyasi fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən film nümayiş olunub.

On üç il əvvəl - 2003-cü il dekabrın 12-də müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyev əbədiyyətə qovuşdu. Xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyət, hələ sağlığında ikən canlı əfsanəyə çevrilmiş Heydər Əliyev sadəliyi, səmimiyyəti, vətənpərvərliyi və yüksək insani keyfiyyətləri ilə hər bir azərbaycanlının qəlbində unudulmaz izlər buraxıb. Bu dahi insanın adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Həyatı və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olub.

“Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” - deyən Heydər Əliyev həyatının mənasını yalnız xalqına xidmətdə görüb, ömrünü onun firavan gələcəyinə həsr edib. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dayanıqlı inkişaf siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı möhtəşəm uğurlar ulu öndər Heydər Əliyevin müəllifi olduğu dinamik inkişaf strategiyasının bəhrəsidir.

Tədbirdə tanınmış incəsənət xadimləri, xalq artistləri Alim Qasımov və Murad Hüseynov, əməkdar artistlər Aygün Bəylər və Fərqanə Qasımova, beynəlxalq müsabiqələr laureatları Fəridə Məmmədova, Nigar Cəlilova, skripkaçı Rövşən Əmrahov çıxış ediblər. Anım mərasimi gənc istedadlı müğənni İlham Nəzərovun ifasında Müslüm Maqomayevin müəllifi olduğu “Azərbaycan” mahnısının səsləndirilməsi ilə başa çatıb.

 

Azərbaycan.- 2016.- 7 dekabr.- S.4.