Azərbaycan xalçaçılığı yeni inkişaf dövrünü yaşayır

 

Prezident İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli sərəncamına əsasən hər il mayın 5-də Xalçaçı Günü peşə bayramı qeyd ediləcək.

Xatırladaq ki, bu günlərdə dövlət başçısı Füzuli və Beyləqan rayonlarına səfərləri çərçivəsində Horadizdə xalça kombinatının açılışında iştirak edib. “Azərxalça” ASC-nin ilk filialı məhz burada açılıb. Yeni kombinat Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən birini - Qarabağ xalçaçılıq məktəbini təmsil edəcək. Cəbhə bölgəsində ümumi sahəsi 586 kvadratmetr olan binanın tikilməsi, onun toxuculuq emalatxanası, anbar, yeməkxana, tibb otağı, digər bölmələrlə təchiz edilməsi və burada belə bir müəssisənin fəaliyyətə başlaması mənfur düşmənlərimizə ciddi mesajlardandır.

Bu, ilk növbədə o deməkdir ki, siz buralarda heç vaxt at oynada bilməyəcəksiniz. Bir addımlıqda dayansanız da, sizi saya alan yoxdur, biz öz işimizdəyik. Tikirik, qurub-yaradırıq. Tezliklə ətrafda ayaq izinizqalmayacaq...

Prezident İlham Əliyevin bu il imzaladığı sərəncama əsasən yaradılan “Azərxalça” ASC-nin ilk filialının məhz Füzuli rayonunda açılması dövlətin məcburi köçkünlərə qayğısından qaynaqlanır. Belə ki, burada 160 toxucunun və 10 inzibati-təsərrüfat işçisinin məşğulluq problemi öz həllini tapıb. Toxucular həm Horadiz şəhərinin, həm də Füzuli rayonunun ayrı-ayrı kəndlərinin, o cümlədən hazırda işğal altında olan kəndlərinin sakinləridir.

Bir önəmli fakt da odur ki, onlar işə kor-koranə qəbul edilməyiblər, bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarını keçib, çalışacaqları sahədə bacarıq və vərdişlərini təkmilləşdiriblər.

Gənc xalçaçı Röya Abbasova deyib ki, bura mənim ilk yerimdir. Sağ olsun müəllimlərimiz, bizə bu sənəti öyrədiblər. İndi işə başlayırıq. Çalışırıq ki, öyrəndiklərimizi işdə tətbiq edək. İstəyirik ki, xalçalarımız yaxşı alınsın.

Prezidentə xalçaçıların minnətdarlıqlarını çatdırarkən kombinatın işçisi Mahnur Alıyeva deyib: “Təşəkkürümüzü bildiririk ki, bizə belə müəssisə, belə yeri açmısınız. Hazırda 160 nəfər qadın burada işlə təmin olunub. Gün o gün olsun ki, işğal altındakı torpaqlarımız qaytarılsın və orada belə müəssisələr açılsın, bizim qarabağlı qadınlar Qarabağ xalçaları toxuyub nümayiş etdirsinlər”.

Horadiz filialında 43 dəzgahda Qarabağın tarixi xalça çeşniləri əsasında “Azərxalça”nın xalçaları toxunacaq. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, eləcə də Azərbaycanın ayrı-ayrı bölgələrindən toplanan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb.

Yeni müəssisədə dəzgahların əksəriyyəti Azərbaycan brendidir. Burada hər ay 250 kvadratmetrdən çox xalça toxunması nəzərdə tutulur. Xalçalar Qarabağın 16 rayonunun müxtəlif çeşniləri, tarixi ənənələri əsasında toxunacaq.

Xalçaçılıq Qarabağ xanımlarına nənələrindən qalan sənətdir. Füzulidə də qız-gəlinlər xalça toxumağı əzəldən seviblər. Az qala, hər kənd öz xalçasının “müəllifi” olub. Belə xalçalardan biri “Xanlıq” xalçasıdır. Yeni kombinat unudulanları yada salmağa, köhnə çeşniləri bərpa etməyə təkan verdi.

“Azərxalça” ASC-nin yaradılmasının əsas məqsədlərindən biri məhz bu tarixi mirasımızı qorumaqdır. Qurum eyni zamanda xalçaçılığı inkişaf etdirərək ölkədə bu istiqamətdə güclü sənaye potensialı yaradacaq.

Xalçaçılığın inkişafı təkcə sözügedən bölgədə deyil, Azərbaycanın digər rayonlarında da yeni yerlərinin açılmasına imkan verəcək. Prezident İlham Əliyevin dediyi kimi: “Bu məqsədlə bir çox rayonlarda, o cümlədən Füzuli rayonunda “Azərxalça”nın xətti ilə belə gözəl müəssisələr yaradılıb və yaradılır. Hamımız yaxşı bilirik ki, xalçaçılıq sənətini qadınlar yaşadırlar. Bu müəssisələrin yaradılması, fəaliyyətə başlaması qadınlar üçün yerlərinin açılması deməkdir. Bu da çox vacibdir. Çünki qadınlar üçün yerləri açmaq o qədər də asan məsələ deyil. Ancaq bu gün siz burada işləyirsiniz, yaxşı maaş alırsınız, həm ailə büdcəsinə bunun böyük töhfəsi olur, eyni zamanda qədim sənətimiz yaşayır, yaşayacaq, gənc nəslə də siz öz təcrübənizi öyrədəcəksiniz”.

Qeyri-neft sektorunun inkişafının prioritet təşkil etdiyi müasir dövrdə dövlət başçısının “Azərxalça”nın yaradılması barədə sərəncamı xüsusi əhəmiyyət daşıyır. Çünki Azərbaycanda xalçaçılığın inkişafı bir çox səbəblərdən önəmlidir. Əvvəla, bu addım ta qədimdən dünyanı heyran qoyan xalçaçılıq sənətinin yeni layihələrlə zənginləşməsi deməkdir. Nəticədə xalçaxalça məmulatlarının istehsalı artırılacaq, bu məhsulların ölkənin daxilində və xaricində satış şəbəkəsi genişləndiriləcək. Bunun üçün isə maddi-texniki bazanın müasirləşdirilməsi, ondan səmərəli istifadə edilməsi və digər tədbirlərin görülməsi tələb olunur ki, həmin şərtlər də dövlət başçısının sərəncamında nəzərə alınıb.

Xalçaçılığın inkişafı eyni zamanda iqtisadiyyatın şaxələndirilməsi deməkdir. Bu sahə inkişaf etdikcə məhsul istehsalı da artacaq və ölkənin ixrac potensialı güclənəcək. Çünki Azərbaycan xalçaları öz təkrarolunmaz gözəlliyi və yüksək keyfiyyəti ilə həmişə diqqəti cəlb edib. Bu gün biz xarici bazara çoxlu sayda və yüksək keyfiyyətə malik xalçalar göndərsək, onların alıcı marağına səbəb olacağı, həvəslə alınacağı şəksizdir.

“Azərxalça”nın Qarabağ torpağında fəaliyyətə başlayan ilk filialının “qədəmlər”inin yüngül olacağına da şübhə yoxdur. Onun ardınca özünün xalçaçılıq ənənələri olan digər bölgələrimizdə - Ağdamda, Tovuzda, Ağstafada, Qazaxda, Şəmkirdə, Qubada, İsmayıllıda, Xaçmazda, Qəbələdə filiallar açılacaq. Hazırda bu rayonlarda həmin müəssisələrin binalarının tikintisinə başlanıb. Yerlərdə əvvəlcədən xalçaçılıq üzrə hazırlıq tədris kursları, ustad dərsləri təşkil edilib. Eləcə də işçi potensialının müəyyənləşdirilməsi və gücləndirilməsi üçün müvafiq tədbirlər görülüb.

Elə artıq mövcud olan Horadiz xalça kombinatının özünün də genişləndirilməsi gözlənilir. Belə ki, Prezident İlham Əliyev müəssisədə olarkən buradakı istehsal sahələrinin xeyli artırılması barədə təkliflər irəli sürülüb. Bildirilib ki, Füzuli rayonunda 500-600 xalçaçı var və onların hamısının işə cəlb olunması məqsədəuyğundur.

Ölkəmizin bir çox bölgələrində, o cümlədən qədim Qarabağ torpağında qızlarımızın yüksək zövq, incə naxışla yaratdığı bu təkrarsız əsərlər bütün dünyaya bir daha sübut edəcək ki, xalçaçılıq sənətinin vətəni Azərbaycandır.

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2016.- 7 dekabr.- S. 5.