133 yaşlı kənd məktəbi

 

O xalq xoşbəxtdir ki, yaxşı məktəbi, müdrik müəllimləri var. Məktəb millətin dirçəlişi, inkişafı və tərəqqisi, bütün dünyada layiqli yer tutması üçün əvəzsiz ocaqdır. Hansı dövlətin tarixinə nəzər salsaq, öncə onun təhsil sistemi, elmi, intellektual səviyyəsi diqqəti cəlb edir.

Bu baxımdan rayonumuzun ən qocaman təhsil ocağı olan Qarğabazar kənd orta məktəbinin fəaliyyəti xüsusi vurğulanmalıdır. Bu günlərdə onun 133 yaşı tamam oldu. 1883-cü il oktyabrın 17-si Qarğabazar camaatının elm-maarif, mədəniyyət və tərəqqi yolunu işıqlandıran məktəbin yaradıldığı tarixdir. Cəmi 12 şagird ilə fəaliyyətə başlayan bu məktəb o zamankı Cəbrayıl qəzasında ilk dünyəvi təhsil ocağı idi.

Çar Rusiyası dövründə Cəbrayıl qəzasına aid edilən və sonradan inzibati-ərazi vahidi kimi formalaşan Füzuli rayonu XIX əsrin ikinci yarısından başlayaraq özünün füsunkar təbiəti, zəngin təbii ehtiyatları və mütərəqqi fikirli ziyalıları ilə nəinki Dağlıq Aran Qarabağda, eləcə də ondan uzaqlarda da məşhurlaşmışdı. O zaman rayonun maarifpərvər insanları yaşadıqları dövrün tələblərinə uyğun olaraq əsasən ruhani təhsili alsalar da, dünyəvi elmlərə də önəm verirdilər.

Birya iki sinifli, təhsil müddəti üçbeş il olannormal məktəblər adlanan ilk kənd məktəbləri ilə yanaşı, bir sıra yerlərdə savad məktəbi adlı təhsil ocaqları da meydana gəlməyə başladı. Adından göründüyü kimi, bu məktəblərdə ancaq ilkin savad verilirdi.

1883-cü ildə təkcə Gəncə quberniyasında 9 kənd məktəbi açıldı. Ağdamda, Ləmbəranda, Qarğabazarda, Alpoutda, Bərdədə, Kasapetdə, Xaçmazda, VandamdaPadarda belə tədris müəssisələri fəaliyyətə başladı.

133 yaşını qeyd etdiyimiz Qarğabazar məktəbi isə kəndin varlı sakinlərindən olan Allahverdi Ağayevin 5 otaqdan ibarət xüsusi binasında yerləşmişdi. Bu bina dərs otağından əlavə müəllimin yaşayış yeri, həmçinin ətraf kəndlərdən gələn şagirdlər üçün sığınacaq və kitabxana kimi istifadə edilmişdir.

Cəbrayılın qəza həkimi Q.V.UrazovunYelizavetpol quberniyası Cəbrayıl qəzasının tibb topoqrafik oçerki” adlı məqaləsində oxuyuruq: “Qarğabazar birsinifli məktəbində 30 şagird oxuyur. Onların hamısı müsəlmandır. Məktəb ikimərtəbəli evdə yerləşir. Sinif otağının uzunluğu 13 arşın, eni 4,75 arşın, hündürlüyü 3,25 arşın, ümumi sahəsi 200,70 arşındır”. İlk dəfə 12 şagird ilə dərsə başlayan Qarğabazar məktəbində şagirdlərin sayı demək olar ki, ildən-ilə artmışdır. Şagirdlərin sayının artımı həm də qonşu Qaradağlı, Qarakollu, Saracıq, Qoçəhmədli və s. kəndlərdən gələn uşaqların hesabına da olmuşdur.

Ümumiyyətlə, çar Rusiyası milli ucqarlarda təhsili inkişaf etdirməklə idarəetmə sistemini möhkəmləndirməyə çalışırdı. Məhz ona görə də XIX əsrin ortalarından başlayaraq milli ucqarlarda ibtidai təhsil verən, rus dilində yazıb-oxumağı bacaran kiçik məmurlar hazırlamaq məqsədilə bəzi məktəblərin açılmasına şərait yaradılmışdı. Sözsüz ki, həmin dövrün görkəmli ziyalıları bundan bəhrələnib yeni məktəblər açmışdılar. Qarğabazar birsinifli məktəbi də belə bir şəraitdə fəaliyyətə başlayaraq Cəbrayıl qəzasında əhalinin maarifləndirilməsində müstəsna rol oynamışdır.

Məktəbin tədris planına şəriət, ana dili, rus dili, hesab və hüsn-xətt daxil idi. Hesab və hüsn-xətt rus dilində tədris edilirdi. Məktəbin müəllim heyəti cəmi 2 nəfərdən ibarət olmuşdur. Bir nəfəri elm-fənn müəllimi olub, dünyəvi fənləri, digəri isə şəriət dərsini keçirdi. Elm-fənn müəllimi vəzifəsinə əsasən müəllimlər seminariyasını bitirənlər, şəriət (bəzən həm də ana dili) müəllimi vəzifəsinə ruhani təhsili görmüş yerli ziyalılardan təyin edilirdi. Məktəbin ilk müəllimi Əlişbəy Tahirov, digər müəllimi və müdiri H.Kostandov olmuşdur.

Azərbaycanın şəhər və kəndlərində dünyəvi təhsil verən qız məktəblərinin meydana gəlmə tarixi isə XIX əsrin ortalarına təsadüf edir. O vaxta qədər qızların təhsili ayrı-ayrı qadın məktəbdarların evində və ya ailələrdə həyata keçirilirdi və əsasən dini xarakter daşıyırdı. Mütəşəkkil olmasa da bu məktəblərdə qızlar ruhani təhsildən əlavə, həm də az-çox dünyəvi bilik əldə edir, əsasən oxu, yazı vərdişi qazanır, əl işləri öyrənirdilər.

XIX əsrin sonlarına doğru qadın təhsilinin əhəmiyyətini dərk edən mütərəqqi ziyalılar dövrün tələbi üzündən imkanları daxilində mövcud oğlan məktəblərinə qızların da cəlb edilməsinə cəhd göstərmişlər. Belə məktəblərdən biriQarğabazar kənd məktəbi olmuşdur.

Arxiv sənədlərində qeyd edilir ki, 1893-1894-cü dərs ilində Cəbrayıl qəzasının kənd məktəbində oğlanlarla bərabər qızlar da təhsil alırlar. Qarğabazar məktəbində oğlanlarla bərabər 17 nəfər qız da oxuyur. Bir müddət sonra dövrün qabaqcıl fikirli adamlarının, ilk növbədə Əsgər Eyvazovun, Əşrəf Ağayevin və başqalarının təşəbbüsü ilə 1911-ci ildə Qarğabazarda ilk dəfə olaraq müstəqil qız məktəbinin əsası qoyulur. Məktəbin ilk müdiri Azərbaycanın görkəmli pedaqoqu Rəşid bəy Əfəndiyevin (1863-1942) qızı Maral xanım olmuşdur.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra əhalinin maarifləndirilməsi və savadsızlığın ləğvi istiqamətində aparılan tədbirlərdə Cəbrayıl qəzasının ziyalıları da fəallıq göstərmişlər.

1930-cu illərin ortalarında yeddiillik məktəbə çevrilən Qarğabazar məktəbinin maddi bazası möhkəmlənmiş və şagird kontingenti xeyli artmışdır. 1946-1947-ci dərs ilində məktəb Azərbaycan SSR Maarif Nazirliyi tərəfindən orta məktəbə çevrilmişdir. Məktəb yarandığı vaxtdan etibarən rayonumuzda təhsilin inkişafına töhfə vermiş, əhali arasında savadsızlığın ləğv edilməsində əhəmiyyətli rol oynamışdır. Onun məzunlarından olan görkəmli elm xadimləri içərisində professor Əlibəy Əlibəyov, Əsgər Eyvazov, akademik İbrahim İbrahimov, professor Bahadur Eyvazov, xalq artisti İslam Rzayev, professor Qalib Qarayev və başqalarının adlarını qeyd etmək olar.

Qarabağ dağ silsiləsinin ətəyində yerləşən Qarğabazar kəndi 23 ildir ki, erməni işğalı altındadır. Kəndin 110 yaşlı məktəbi, uşaq bağçası, kənd klubu, zəngin kitabxanası, tibb məntəqəsi və rabitə şöbəsi, avtomat telefon stansiyası, neçə-neçə xidmət obyektləri, XIII əsrin yadigarı olan məscid və karvansarası var idi.

Respublikamızın qocaman təhsil ocaqlarından biri kimi Qarğabazar məktəbi 23 ildir köçkünlük həyatı yaşayır. Buna baxmayaraq, məktəbin pedaqoji kollektivi özünün keçmiş ənənələrinə sadiq qalaraq ildən-ilə fəaliyyətini gücləndirir.

 

Bayram NİFTƏLİYEV,

Füzuli Rayon İcra Hakimiyyəti

başçısı aparatının şöbə müdiri

 

Azərbaycan.-2016.- 8 dekabr.- S.6.