Gəncə xalçaçılıq məktəbi ənənəni yaşadır

 

Azərbaycan xalçaları kompozisiya zənginliyinə, naxış elementlərinə və rəng koloritinə görə həmişə seçilib. Ölkəmizin həm coğrafi mövqeyinə, həm də milli düşüncə tərzinə uyğun şəkildə toxunan xalçalar tarixin bütün dönəmlərində insanların maraq dairəsində olub.

Aparılan tədqiqatlar deməyə əsas verir ki, Azərbaycan xalçaları Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz olmaqla 7 məktəbə bölünübbu məktəblərin hər biri özünəməxsusluğu ilə fərqlənib. İndi nəinki mütəxəssislər, eləcə də adi insanlar belə rənglərinin intensivliyi, bədii elementlərinin orijinallığı və naxışlarının incəliyinə görə xalçanın hansı məktəbə və yaxud bölgəyə məxsus olduğunu seçə bilirlər.

Azərbaycanda xalçaçılıq sənətinin inkişafında Gəncənin də öz yeri var. Gəncə xalçaçılıq məktəbi Gəncə şəhərini, ətraf kəndləri, eləcə də Gədəbəy, Goranboy, Şəmkir, Samux rayonlarının ərazisini əhatə edib. X-XI əsrlərdə yüksək keyfiyyətli xalça istehsalı mərkəzi olan Gəncədə xalça emalatxanaları fəaliyyət göstərib. Bu emalatxanalarda Qədim Gəncə, Çölkənd, Faxralı, Çaykənd və digər kompozisiyalı xalçalar toxunub. Təqdirəlayiq haldır ki, bu gün də həmin ənənələr qorunub saxlanılır.

Bəs indi Gəncə xalçaçılıq məktəbinin yaşadılması üçün hansı işlər görülür?! Gəncə Xalça Yaradıcılıq Birliyinin ən böyük xalça toxuculuğu sexinə rəhbərlik edən Faiq Osmanov bununla bağlı dedi ki, incəsənətin bu növünə maraq həmişə olubbu günvar. Əsasən xanımların qüvvəsindən istifadə olunan bu ecazkar sənətin sirlərinə yiyələnmək həvəsi onlarda çox olsa da, bəzən satış problemlərinin yaranması xalçaçılığın inkişafına maneçilik törədir.

Faiq Osmanov 1993-cü ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin Bədii toxuculuq və rəssamlıq fakültəsini bitirib. 1996-cı ildən Gəncə Xalça Yaradıcılıq Birliyinə sədrlik edir. Onun sözlərinə görə, elə xalçalar var ki, aylarla, hətta illərlə işləməli olursan. Xalça toxumaq arzusunda olanların əksəriyyəti isə ancaq portret janrına maraq göstərir. Nəticədə ulularımızdan bizim dövrə qədər gəlib çıxan, milli ornamentlərinə və rəng çalarlarına görə bənzəri olmayan Gəncə xalçaları unudulmaq təhlükəsi ilə üz-üzə qalır. Halbuki vaxtilə Şərqdə xalça emalatxanalarının çoxu bu şəhərdə olub.

Hazırda qədim Nizami yurdunda dörd xalçaçılıq emalatxanası fəaliyyət göstərir. Onlardan biri Heydər Əliyev Mərkəzində, biri Məhsəti Mərkəzində, biri toxuculuq kombinatının nəzdində, biri isə əməkdar rəssam Şərif Şərifovun emalatxanasındadır.Toxuculuq kombinatında 20, Heydər Əliyev Mərkəzində 11, Məhsəti Mərkəzində 9, Şərif Şərifovun emalatxanasında 8 toxucu dəzgahı var. Ümumilikdə 25 nəfər toxucu işlə təmin olunsa da, şəhərdə bu işin biliciləri daha çoxdur.

Mütəxəssis Gəncə adı ilə tanınan xalçaların kompozisiyasına, rəng seçiminə, xonçaların düzümünə görə özünəməxsus xüsusiyyətlərindən də söz salaraq dedi ki, Gəncə xalçaları digər xalçalardan fərqlənir. Ara sahəsi diaqonal xətlərlə əmələ gətirilən və bu xətlər üzərində müxtəlif formada düzülmüş butalar olan xalçalar ancaq Gəncə xalçaçılıq məktəbinə aiddir. Hazırda sexdə Qollu çiçi, Faxralı, Qədim Gəncə, Köhnə Qazax, Butalı Gəncə və sair adda xalçalar toxunur. Toxunan xalçaların ipliklərinin İrandan gətirildiyini söyləyən Faiq Osmanov onu da əlavə etdi ki, ipliklərin boyanması təbii yolla aparılır. Bu rənglər əsasən nar qərzəyindən, soğan qabığından, itburnu çiçəyindən, boya kökündən və sair bitkilərdən alınır.

Gəncədə toxunan xalçalara xarici ölkələrdə indiböyük maraq göstərilir. Faiq Osmanov dedi ki, bu xalçalar istər respublika daxilində, istərsə də xarici ölkələrdə keçirilən sərgilərdə böyük maraq doğurur. Məsələn, iki il əvvəl Fransanın Reyms şəhərində böyük Azərbaycan şairi Məhsəti Gəncəvi yaradıcılığının 900 illiyi ilə əlaqədar keçirilən yubiley tədbirlərində Gəncə xalçalarının da sərgisi düzənlənmişdi. Fransızlar Nailə Namazovanın, Sahilə Qədimovanın, Reyhan Qədimovanın, Qırmızıgül Sadıqovanın toxuduqları xalçalara heyranlıqla baxır, böyük dəyər verirdilər.

Yeri gəlmişkən, Gəncə xalçaları sovetlər dönəmində də şöhrət qazanmışdı. Şəhərdə ən böyük istehsal gücünə malik olan xalça kombinatının məhsulları nəinki müttəfiq respublikalara, eyni zamanda xarici ölkələrə də ixrac edilirdi. İkinövbəli sistemlə işləyən kombinatda nəhəng dəzgahlarda toxunan xalçalara, demək olar, hər yerdə tələbat var idi. Xalçalar dəzgahlarda toxunsa da, xalçalarda Gəncə xalçaçılıq məktəbinin ənənələri qorunurdu. Hətta Gəncə xalçasını almaq üçün insanlar növbəyə dayanırdılar. Sovetlər birliyi dağıldıqdan sonra, təəssüf ki, bu müəssisə də fəaliyyətini dayandırdı. Demək olar ki, uzun illər bu sahədə zəngin təcrübə toplamış xalçaçılar dolanışıq üçün başqa peşələrə üz tutdular.

Hazırda Gəncədə xalçaçılıq məktəbinin yaşadılmasına xüsusi diqqət və qayğı göstərilir. Fəaliyyət göstərən belə sexlərdən birinə əməkdar rəssam Şərif Şərifov rəhbərlik edir. Sexdə çalışanlar əsasən portret xalçalar toxumaqla məşğuldurlar.

Gəncədə bu sənətin davam etdirilməsi və yaşadılması üçün bir sıra tədbirlər həyata keçirilir. Hazırda uşaq yaradıcılıq və incəsənət mərkəzinin xalçaçılıq dərnəyində gənc nəslin nümayəndələrinə xalça toxuculuğunun sirləri öyrədilir. Bu sənətə böyük maraq göstərən gənclər bacarıqlı ustalardan xalça toxuculuğunun sirlərinə yiyələnirlər. Keçən il dərnəyin üzvləri maraqlı bir təşəbbüslə çıxış etdilər. Onlar Gəncə abidələri adlı xalça toxudular. Sənət əsərinin layihəsi də Gəncə şəhər uşaq yaradıcılıq və incəsənət mərkəzi tərəfindən hazırlanmışdı. Layihəyə əsasən xalça üzərində dövlət başçısının qayğısı sayəsində əsaslı şəkildə yenidən qurulmuş İmamzadə dini memarlıq kompleksi, Şah Abbas məscidi, Çökək hamam, Nizami Gəncəvi məqbərəsi, Cavad xan və Comərd qəssab türbələri, eləcə də Qoşa Qala qapıları kompleksi, Kəpəz dağının görünüşü və ən nəhayət, Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binası əks olunmuşdur. Dərnəyin iki təcrübəli müəlliminin toxuduğu bu sənət əsəri Gəncə xalçaçılıq məktəbinin ənənələrinə əsaslanır. Xalçanın toxunuşunda müxtəlif ipliklərdən istifadə olunmuşdur. Həmin ipliklərdə arğac sapları da öz əksini tapıb. İpliklərin müxtəlifliyinə səbəb isə Gəncənin qədimliyini göstərməkdir. Gəncə üçün xarakterik olan kərpiclərin rənginin olduğu kimi verilməsi xalçanı bir qədər də baxımlı edib.

Gəncə xalçaçılıq məktəbinin davam etdirilməsi, bu sahənin yenidən dirçəldilməsi üçün digər bir məkanda, Heydər Əliyev Mərkəzində də xalçaçılıq dərnəyi fəaliyyət göstərir. Gənclərin burada xalça toxuculuğunun sirlərinə yiyələnməsi üçün hər bir şərait yaradılmışdır.

 

Sabir ƏLİYEV,

 

Azərbaycan.- 2016.- 9 dekabr.- S.11.