Vətən təəssübünü çəkən mücahid

 

Azərbaycan İstiqlal Muzeyində Xalq Cümhuriyyəti Parlamentinin 98-ci ildönümü münasibəti ilə parlamentin üzvü olmuş Hacı Mirzə Səlim Axund Axundzadəyə həsr olunmuş sərgi və onun “Azərbaycan torpağına türbət demişəm” kitabının təqdimatı keçirilmişdir.

Hacı Mirzə Səlim Axund Axundzadə 1872-ci ildə Lənkəran şəhərində tanınmış ziyalı, pedaqoq, Azərbaycanın klassik şairlərindən biri olan Mirzə İsmayıl Qasirin  ailəsində anadan olmuşdur. İlk təhsilini atasının üsuli-cədid məktəbində aldıqdan sonra rus gimnaziyasında oxumuşdur. Bir müddət polis idarəsində katib işləmiş, kargüzarlıq etmiş, islam dininə və mədəniyyətinə meyilli olduğundan Lənkəran mədrəsələrindən birində təhsilini davam etdirmiş, ərəb dilini mükəmməl öyrənmişdir. Sonra Ərdəbilə getmiş, bir ildən sonra Zəncanda oxumuş, üç il ərzində islam hüququna yiyələnərək vətəninə qayıtmışdır. Hacı Mirzə Səlim Ərdəbil və Zəncanda təhsil alarkən maddi çətinliklərlə üzləşsə də, həmin vaxt Məkkəni ilk dəfə ziyarət etmişdir. Lənkəranda çalışarkən bir çox ruhanilərin islamı təhrif edərək xurafatı yaydıqlarına qarşı çıxmış, onların cəhalət və fanatizm yolunda olduqlarını pisləmişdir. 1911-ci ildən 1916-cı ilədək gimnaziyada həm islam dini və şəriəti, həm də fransız dilini tədris etmişdir. Onunla ədavət edənlər Hacı Səlimə böhtanlar atmış, hökumət idarələrinə şikayətlər göndərmişlər. Nəticədə dövlət tərəfindən ona qarşı təzyiqlər başlanmış, evində axtarışlar aparılmış, bütün yazı və sənədləri təftiş edilmişdir. 1916-cı ilin əvvəllərində Türkiyəyə gedən Hacı Səlim vətəninə 1917-ci ilin iyun ayında, Rusiya burjua inqilabından sonra qayıtmış və ölkədə cərəyan edən siyasi hadisələrdə fəal iştirak etmişdir.  Həmin vaxt o, “Müsavata üzv olaraq partiyanın birinciikinci qurultaylarının iştirakçısı olmuş, Lənkəran özəyini yaratmışdır. O, 1918-ci ildə təşkil olunmuş Zaqafqaziya Seymində Müsəlman fraksiyasının üzvü kimi Zaqafqaziya Komissarlığında fəaliyyət göstərmişdir. 1918-ci il may ayının 28-də Milli Şuranın üzvü olan Hacı Səlim İstiqlal Bəyannaməsinin qəbul edilməsinə ikin imza atanlardan biri olmuşdur.

Hər zaman vətən təəssübünü çəkən mücahid Xalq Cümhuriyyəti ParlamentininMüsavat” və Bitərəf fraksiyasına daxil idi və həmin dövrdə Azərbaycanın müxtəlif bölgələrində cərəyan edən ictimai-siyasi və mədəni-maarif sahələrində görülən təşkilati işlərdə fəallıq göstərmişdir. Bölgələrdə qırğınlar törədən ermənilərə qarşı döyüşlərdə iştirak etmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti bolşevik hakimiyyəti tərəfindən istila olunub süqut etdikdən sonra burada fəal cümhuriyyətçilərə qarşı qırmızı terror başlayır. Bu səbəbdən Hacı Səlim də mühacirət həyatı yaşamağa məcbur olur. Onun sorağı əvvəlcə Əfqanıstandan gəlir, sonra Orta Asiyaya keçir, Türküstanın bolşeviklərə qarşı azadlıq mübarizəsinə rəhbərlik edənlərdən biri olur. 1924-cü ildə Ənzəliyə gəlir və orada böyük hörmətlə qarşılanır. Axundzadə-Mühacir soyadı ilə tanınır, şəhərin dövlət mədrəsəsində müəllimlik edərək islam dini, şəriət, ərəb və fransız dillərini tədris edir. Bununla belə, o, yenə də mübarizəsindən dönmür. Şimalda olan məsləkdaşları ilə əlaqə yaradır, Türkiyədə məskunlaşmış silahdaşları ilə görüşür, məktublaşır. Tez-tez təkrar etdiyi dörd misra onun hər an vətənə sevgisinisona qədər mübarizə əzmində olduğunu göstərir.

 

Azərbaycan torpağına türbət demişəm,

Şoran sularına şərbət demişəm.

İlqarından dönənə lənət demişəm,

Mən ilqarımdan dönən deyiləm.

 

Hacı Səlim 1930-cu il dekabrın 15-də mədrəsədə dərs deyən zaman halı pisləşir. Bu xəbər tez şəhərə yayılır. O, Ənzəlidə böyük hörmət sahibi olduğu üçün tanınmış həkimlər özlərini mədrəsəyə çatdırırlar. Dərman və su vermək istəsələr də, Hacı Səlim oruc olduğundan sudan imtina edir, elə oradaca rəhmətə gedir. Hacı Mirzə Səlim Axund Axundzadə Ənzəli şəhərinin Laləzar qəbiristanlığında dəfn edilir.

Azərbaycan Xalq Cümhuriyyəti dövrünü tədqiq edən “Azərbaycan torpağına türbət demişəm” adlı kitab Hacı Səlimin mühacirətdə olarkən yazdığı “Xatirat”ıdır. Xatirat Azərbaycan tarixinin mühüm bir dövründə cümhuriyyətin yaranmasına gətirən yollarda cərəyan edən hadisələrin bilavasitə iştirakçısı olmuş şəxs tərəfindən yazıldığı və qiymətli materiallarla zəngin olduğu üçün mühüm mənbə kimi dəyərləndirilir. Kitab Hacı Səlimin nəvəsi, tarix elmləri doktoru, professor Tufan Axundov tərəfindən tərtib edilmişdir. Sərgidə Hacı Mirzə Səlim Axund Axundzadənin həyat və fəaliyyətini əks etdirən fotolar, arxiv sənədləri böyük maraqla qarşılanmışdır.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutunun əməkdaşı, professor Tufan Axundov, Şərqşünaslıq İnstitutunun əməkdaşı, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, Tarix İnstitutunun elmi işçiləri Dilavər Əzimli və Kamran İsmayılov, Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Rəhim Əliyev, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, tarixçi, filologiya üzrə fəlsəfə doktoru, professor Ədalət Tahirzadə, Əlyazmalar İnstitutunun əməkdaşı Aybəniz Rəhimova, tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu çıxış etmişlər.

 

İradə ƏLİYEVA,

 

Azərbaycan.- 2016.- 10 dekabr.- S. 7.