Ulu öndər Heydər Əliyev Azərbaycanın inkişaf strategiyasının müəllifidir

 

Dekabrın 10-da Qafqaz Müsəlmanları İdarəsində (QMİ) ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, dini icmaların rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə tədbirdə çıxış edərək ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb. Bildirib ki, Ulu Öndər yorulmaz fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitlik yaradılmasında, dünyada Azərbaycanın nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərib. Buna görə də Heydər Əliyev tarixə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu kimi daxil olub. O, özündən sonrakı dövr üçün də müstəqil Azərbaycanın inkişaf strategiyasının müəllifi və yaradıcısıdır. Ulu Öndər tarixin çətin və keşməkeşli yollarında xalqını ciddi sınaqlardan uğurla çıxarıb, zəhməti, zəkası, fitri istedadı ilə Azərbaycan Respublikasının dünya birliyində özünə layiqli yer tutmasına zəmin yaradıb. Ölkəmizdə azərbaycançılıq ideologiyasının formalaşması Heydər Əliyevin müdrikliyi və sarsılmaz iradəsi sayəsində mümkün olub. Azərbaycan bu gün Ümummilli Liderin qurduğu əsasını qoyduğu təməl üzərində sürətlə inkişaf edir. Ulu Öndərin müəyyənləşdirdiyi siyasətə bu gün də xalqımız böyük etimad göstərir. Çünki bu siyasət Vətənə və xalqa xidmət edir. O, ümummilli lider Heydər Əliyevin qətiyyəti və uzaqgörənliyi sayəsində Azərbaycanda ictimai-siyasi sabitliyə nail olunduğunu, dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas edildiyini vurğulayıb. Ulu Öndərin hakimiyyəti dövründə respublikamızın hərtərəfli tərəqqisində misilsiz nailiyyətlər qazanıldığı, habelə ölkəmizin yüksək iqtisadi inkişaf tempi ilə irəliləməsinin məhz Heydər Əliyev əməyinin nəticəsi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan sənədli film nümayiş etdirilib.

Tədbirdə çıxış edən Mübariz Qurbanlı Azərbaycanın hər hansı bir sahəsinə, onun keçmişinə, bu gününə və gələcəyinə baxanda Heydər Əliyev siyasətinin nəticələrinin göründüyünü bildirib. O deyib ki, Azərbaycan dövləti və dövlətçiliyi Ümummilli Liderin şah əsəridir. Hər bir xalqın əldə etməyə çalışdığı və qazandığı başlıca sərvəti onun dövlətidir. Bu gün müasir Azərbaycan dövləti var, inkişaf edirdaha yüksək nailiyyətlər qazanır. Bu, müdrik rəhbər Heydər Əliyevin ən böyük xidmətidir. Bu gün müstəqil Azərbaycan məhz ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla irəli addımlayır, özünün sabit və davamlı inkişafı ilə bölgədə liderliyini möhkəmləndirir, dünyada nüfuzunu durmadan artırır.

Eldar İbrahimov əsası Ümummilli Lider tərəfindən qoyulmuş siyasəti bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyini bildirib. Vurğulayıb ki, yalnız Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı müstəqilliyin itirilməsi təhlükəsindən qoruya bildi. Öz uzaqgörən və dahiyanə siyasəti ilə ümummilli lider Heydər Əliyev ölkə daxilində sabitlik əldə edilməsinə, dövlətçiliyin əsaslarının qoyulmasına, ölkənin iqtisadi inkişaf strategiyasının yaradılmasına, cəbhədə isə atəşkəs elan edilməsinə nail oldu. Heydər Əliyev özünün siyasi dahiliyi ilə müasir müstəqil Azərbaycanın bugünkü simasını müəyyənləşdirib və xalqımızın həyatında, tarixində silinməz iz qoyub.

 

Azərbaycan.- 2016.- 11 dekabr.- S.2.