Qarşılıqlı etimada əsaslanan strateji müttəfiqlik

 

Azərbaycan-İsrail münasibətləri bölgədə sabitliyin və inkişafın təminatına mühüm töhfədir

 

Azərbaycanın dünyanın müxtəlif qütblərində dayanan ölkələrlə qurduğu ikitərəfli əlaqələr, mehriban dostluq və əməkdaşlıq münasibətləri ölkəmizin həyata keçirdiyi müstəqil xarici siyasətin göstəricisidir. Bu, beynəlxalq münasibətlər sistemində qazandığımız mühüm uğurlardan biri olaraq Azərbaycanın dünya birliyində böyük nüfuz qazanmasına, sivilmodern dövlətlərlə bir sırada dayanmasına zəmin yaradıb, respublikamızın artan imicə malik olmasını təmin edib.

 

Mənəvi təməllərə söykənən sağlam əlaqələr

 

Azərbaycanın Yaxın Şərq dövlətləri ilə uğurlu xarici siyasəti müsəlman dünyası ilə bitmir. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra münasibətləri davamlı və qarşılıqlı şəkildə inkişaf edən ölkələrdən biriİsraildir. İsrail dünyanın böyük dövlətləri sırasına daxil olmasa da, beynəlxalq münasibətlər sistemində özünün xüsusi yeri, çəkisi, nüfuzu və dəstxətti var. Bu baxımdan İsrail dövləti ilə əlaqələrin inkişafına böyük önəm verilməsi ölkəmizin milli maraqlarının təmini baxımından müstəsna əhəmiyyətə malikdir.

Azərbaycan-İsrail əlaqələrinin inkişafını və iki ölkə xalqlarının yaxınlığını bir sıra mühüm amillər şərtləndirir. Bunlardan biri Azərbaycan və İsrail xalqları arasında milli dövlətçiliyin qurulması, tarixi ədalətsizliklər, soyqırımına məruz qalma baxımından bənzərliklərin olmasıdır. Hər iki xalq çox çətinliklə XX əsrdə müstəqil dövlətini qurub, hər iki xalq soyqırımı ilə üzləşib. Azərbaycan vaxtilə İsraildə olduğu kimi, inkişaf mərhələsinə qədəm qoyub, cəmiyyətin demokratikləşməsi baxımından böyük uğurlar qazanıb.

Digər mühüm amil Azərbaycan və yəhudi xalqları arasındakı dostluq münasibətləridir. Yəhudilər Azərbaycanda əsrlər boyu əmin-amanlıq şəraitində yaşayıb, digər azsaylı millətlər kimi heç bir ayrı-seçkiliyə və diskriminasiyaya məruz qalmayıblar. Azərbaycanlılar heç vaxt onları hansısa əcnəbi xalqın nümayəndəsi kimi qəbul etməyiblər. Tarixin müxtəlif dönəmlərində azərbaycanlıların çəkdiyi acılar, ermənilərin dinc azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı aktları yəhudilərdən də yan ötməyib. 1918-ci ildə erməni quldur birləşmələri tərəfindən Quba rayonunda 3 minədək yəhudinin qətlə yetirilməsi tarixi faktdır. Ölkəmizdə yaşayan yəhudilər Azərbaycan elminin, mədəniyyətinin, musiqisinin, səhiyyəsinin, iqtisadiyyatının, sənayesinin inkişafında böyük xidmətlər göstərib, silinməz izlər qoyublar. Bunlar ona görə mümkün olub ki, Azərbaycan xalqı tolerant və sülhsevərdir.

Təsadüfi deyil ki, AvropaABŞ-da yaşayan yəhudilər və onların təşkilatları Azərbaycan dövlətinin milli maraqlarını daim müdafiə ediblər. Xüsusən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyinə ikili standartlardan çıxış edən beynəlxalq təşkilatlar və dövlətlərdən fərqli olaraq birmənalı şəkildə haqq qazandırıblar. Bütün bu faktlar İsrail ilə Azərbaycan, həmçinin xalqımızla dünya yəhudiləri arasında əlaqələrin dostluğa söykəndiyini nümayiş etdirir. Beləliklə, azərbaycanlılarla yəhudilər arasındakı münasibətlərin mənəvi köklərə malik olması bu gün inkişaf edən Azərbaycan-İsrail əlaqələrinin sağlam təməllər üzərində qurulduğunu söyləməyə tam əsas verir.

 

Benyamin NETANYAHU: “Mən Sizin rəhbərliyinizi alqışlayıram”

 

Dövlət müstəqilliyini qazandıqdan sonra İsrailin bir çox rəsmi şəxsləri dəfələrlə Azərbaycanda səfərdə olub, dövlətlərarası və hökumətlərarası əlaqələrin inkişafı üçün məsləhətləşmələr aparıblar. İsrailin Prezidenti bir dəfə, hökumət başçıları isə iki dəfə ölkəmizə səfər ediblər. Nazirlər səviyyəsində səfərlər isə demək olar ki, mütəmadi həyata keçirilir.

İki gün əvvəl İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri bir daha təsdiq etdi ki, bu ölkələr arasında əlaqələr qarşılıqlı maraqlara söykənir və ikitərəfli xarakter daşıyır. Ən əsası, iki ölkə arasında qarşılıqlı faydalı münasibətlər, eyni zamanda dünyadaregionda sülhün, əmin-amanlığın möhkəmlənməsinə xidmət edir.

İsrail Baş nazirinin Bakıda Prezident İlham Əliyevlə görüşlərində iki ölkə arasındakı əlaqələrin müxtəlif aspektləri, əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olundu, müxtəlif sənədlər imzalandı.

Azərbaycan İsrailin enerji məhsulları ilə təminatında etibarlı tərəfdaş kimi çıxış edir. İsrail idxal etdiyi neftin 40 faizini Azərbaycandan alır.

Həmçinin Azərbaycan və İsrail etibarlı hərbi tərəfdaşlıq münasibətlərinə malikdir. Azərbaycanın silah sənayesinin formalaşmasında və ordumuzun müasir silahlarla təchiz edilməsində İsrail əhəmiyyətli müttəfiq kimi mühüm rol oynayır. Bununla yanaşı, əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var. Mətbuata bəyanatla çıxışında Prezident İlham Əliyev ticarət dövriyyəsinin şaxələndirilməsinin və artırılmasının vacibliyini qeyd edib: “Biz bir çox sahələrdə əməkdaşlıq edirik. Bu gün imzalanmış sənədlər əməkdaşlığımız üçün çox böyük potensialın olduğunu açıq-aydın göstərir. Sənədlərin hamısı çox vacibdir. Mən onların arasında ikitərəfli əməkdaşlığın çox səmərəli mexanizmi olan birgə iqtisadi komissiyanı yaratmağa imkan verəcək sənədin əhəmiyyətini vurğulamaq istərdim. Əminəm ki, bu, ticarət dövriyyəsini artırmağa və onu şaxələndirməyə kömək edəcək. Ticarət dövriyyəsi yaxşı səviyyədə olsa da, bu, əsasən Azərbaycandan İsrailə neft ixracına görədir. Biz bunu şaxələndirmək və artırmaq üçün işləməliyik”.

Xatırladaq ki, bu, Benyamin Netanyahunun Azərbaycana ikinci səfəridir. Onun 1997-ci ildə də Baş nazir kimi Azərbaycana səfərinin məqsədi ikitərəfli əlaqələrin inkişaf etdirilməsi idi. Həqiqətən də İsrail Baş nazirinin səfəri zamanı apardığı danışıqlar, onun ümummilli lider Heydər Əliyevlə keçirdiyi görüş münasibətlərin inkişafına böyük təkan verdi.

Mətbuata bəyanatla çıxışında ilk səfərini xatırlayan Benyamin Netanyahu aradan ötən illər ərzində Azərbaycanın inanılmaz dərəcədə inkişaf etdiyini bildirib: “Buraya ilk ziyarətimi çox yaxşı xatırlayıram. Gecə yarısı idi, Sizin rəhmətlik atanız gəlib bizi qarşıladı. Bu, böyük dostluğun nişanəsi idi. Bu dostluq bu günə qədər davaminkişaf edir. Deməliyəm ki, bu gün gündüz vaxtı buraya gələrkən, təyyarədən də Azərbaycandakı ötən iki onillikdə baş verən inanılmaz dəyişikliyi, inanılmaz inkişafı görə bildim. Əlbəttə, hava limanında yerə endikdə, maşına mindikdə şəhərdə, Bakı ətrafında bunu daha aydın görə bildik. Burada çox böyük irəliləyiş əldə edilib. Mən Sizin rəhbərliyinizi alqışlayıram. İsrail ilə Azərbaycan arasındakı tərəfdaşlığı və bunu gələcəyə doğru irəliləyişin bir parçası olaraq görməyinizə görə alqışlayıram”.

 

Bizim üçün ən vacibi dövlətimizin milli maraqlarıdır

 

Azərbaycan-İsrail əlaqələri ikitərəfli xarakter daşıyır və heç bir dövlətlə münasibətlərə xələl gətirmir. Ən əsası, bu gün dünyada ksenofobiyanın, dini zəmində qarşıdurmaların kəskinləşdiyi bir dövrdə Azərbaycanla İsrail arasında olan münasibətlər bir növ model rolunu oynayır. Eyni zamanda bu əlaqələr multikulturalizm və tolerantlıq dəyərlərinin bəşəriyyətin firavanlığı naminə getdikcə daha da önəm kəsb etməsinin göstəricisidir.

O da məlumdur ki, Azərbaycanın İsraillə olan isti münasibətləri bəzi siyasi dairələri daim qıcıqlandırıb və narahat edib. Lakin qeyd etdiyimiz kimi, Azərbaycan dövlət olaraq müstəqil siyasət həyata keçirir və hansısa ölkə ilə tərəfdaşlığını xarici təsirlər altında formalaşdırmır. Ən azından rəsmi Bakının Təl-Əvivlə münasibətləri ölkəmizin milli maraqları və təhlükəsizliyi baxımından olduqca vacibdir. Belə ki, İsrail Azərbaycanın hərbi məsələlərlə bağlı ən yaxın tərəfdaşlarından biridir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, müdafiə avadanlığının alınması ilə bağlı imzalanmış müqavilələrin dəyəri 5 milyard dollara yaxındır. Halbuki İran tərəfinə dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, bugünə kimi Azərbaycana uzaq mənzilli raketlər satılması məsələsinə müsbət baxılmayıb.

Onu da xatırladaq ki, Azərbaycan İsraillə yaxın münasibətləri olan yeganə müsəlman dövləti deyil. Fələstinlə eyni ortaq coğrafiyanı, ortaq tarixi, ortaq mədəniyyəti, dili bölüşən İordaniya ilə İsrailin münasibətləri həmişə yüksək səviyyədə olub. Bu ölkə əhalisinin çoxluğunun keçmiş fələstinlilər təşkil etməsi də ikitərəfli əlaqələrə mənfi təsir göstərə bilməyib. Türkiyə, Misir kimi islam dünyasının aparıcı söz sahibi sayılan dövlətlərin də uzun illər İsraillə sıx əlaqələri olub. Bu gün də həmin ölkələrin İsraillə iqtisadi əlaqələri kifayət qədər sıxdır. İsrail rəsmilərinin səfər etdiyi yeganə müsəlman ölkəsi də Azərbaycan deyil. Xəbər verildiyi kimi, İsrailin Baş naziri Azərbaycandan sonra Qazaxıstana da səfər etdi.

Ölkəmiz, eyni zamanda Azərbaycan-İsrail dialoquna Fələstin məsələsini yoluna qoymaq üçün bir platforma, imkan kimi baxır. Azərbaycan Fələstin məsələsini BMT TŞ-nin qeyri-daimi üzvü olarkən özünün prioritetləri sırasına daxil etmişdi. Ölkəmiz rəsmi səviyyədə Yaxın Şərq münaqişəsinin iki dövlət prinsipi əsasında həllinin tərəfdarı olduğunu və paytaxtı Şərqi Qüds şəhəri olan müstəqil Fələstin dövlətinin yaradılmasında tam dəstəyini bəyan edib. Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə 2012-ci il ərzində humanitar böhranın aradan qaldırılmasına kömək məqsədilə Fələstin xalqına 100 min ABŞ dolları məbləğində maliyyə yardımı göstərilib. 2013-cü il iyunun 11-də Bakıda İƏT Xarici İşlər Nazirlərinin Qüds şəhərinə dəstək məqsədilə donor konfransı və Fələstinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransı keçirilib. Son 5 ildə Fələstinlə Azərbaycan arasında 4 sazişanlaşma memorandumu imzalanıb.

Bütün bunlardan sonra hər hansı bir dövlətin və ya həmin dövlətdəki müəyyən çevrələrin Azərbaycanın İsraillə əlaqələrini təftiş etməsi mənasızdır. Təəssüf ki, bizi ittiham etməyə çalışanlar Dağlıq Qarabağ münaqişəsinin həllində heç də müsəlman həmrəyliyi mövqeyindən çıxış etmir, ədalətli və düzgün mövqe tutmurlar. İsraillə yaxşı münasibətlər isə Azərbaycana həm beynəlxalq arenada kömək edir, həm də öz təhlükəsizliyinin möhkəmləndirilməsinə geniş imkanlar yaradır. Bu mənada bizə vacib olan əsas məsələ dövlətimizin milli maraqları və təhlükəsizliyidir. Ona görə Azərbaycanı ittiham edənlər yaxşı olar ki, əvvəlcə müsəlman həmrəyliyinə nə dərəcədə sadiq olmalarına diqqət yetirsinlər.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan 2016.- 15 dekabr.- S.1, 2.