Azərbaycan-Rusiya əlaqələri son dövrlərdə daha sürətlə inkişaf edir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 16-da Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin daim yüksək səviyyədə əməkdaşlıq, dostluq, qarşılıqlı anlaşma prinsipləri ilə xarakterizə olunduğunu bildirərək, bu prinsiplərin əlaqələrimizin müxtəlif istiqamətləri, o cümlədən siyasi, iqtisadi, ticarət, energetika sahələrində sıx qarşılıqlı fəaliyyət ənənələri əsasında uğurla inkişaf etdiyini dedi. Hökumətlərarası Birgə İqtisadi Komissiyanın fəaliyyətinə toxunan Prezident İlham Əliyev bu gün komissiyanın Bakıda keçirilən iclası zamanı əməkdaşlıqla bağlı müxtəlif məsələlərin konstruktivuğurlu şəkildə müzakirə edildiyini vurğuladı. Azərbaycanın Rusiya ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsində maraqlı olduğunu deyən Prezident İlham Əliyev bildirdi ki, bu əlaqələr son dövrlərdə daha sürətlə inkişaf edir, Azərbaycan və Rusiya prezidentlərinin mütəmadi görüşləri bunun yaxşı göstəricisidir. Dövlətimizin başçısı qeyd etdi ki, bu baxımdan Rusiya Federasiyasının Prezidentinin son üç ildə Azərbaycana üç dəfə səfər etməsi əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür.

Xoş sözlərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Rusiya Federasiyası Baş nazirin müavini Dmitri Roqozin Hökumətlərarası Birgə İqtisadi Komissiya çərçivəsində mütəmadi iclasların keçirilməsinin önəmini qeyd etdi. Dmitri Roqozin bildirdi ki, bu komissiya iqtisadi, ticarət, elmi-texniki, mədəniyyət sahələrində əməkdaşlıqla yanaşı, həmin məsələlərin operativ şəkildə həll edilməsində bir orqana çevrilib. Rusiya Baş nazirinin müavini dedi ki, Rusiya-Azərbaycan əlaqələri artıq yeni istiqamətləri əhatə edərək yüksək texnologiyalar sahəsində də əməkdaşlıq üçün yeni imkanlar açır.

Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

Azərbaycan.- 2016.- 17 dekabr.-  S.2.