Avropa Azərbaycan qazının yolunu gözləyir

 

“Şahdəniz-2” layihəsinin yekun investisiya qərarının verilməsindən 3 il keçir

 

2013-cü il dekabrın 17-də “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi üçün yekun investisiya qərarının verilməsi “Cənub qaz dəhlizi”nin reallaşmasına yaşıl işıq yandırdı. Bu mərhələ çərçivəsində ildə 16 milyard kubmetr qaz hasil ediləcəyi nəzərdə tutulur ki, onun da 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri Avropaya nəql olunacaq.

“Şahdəniz” yatağı Xəzərin Azərbaycan sektorunda, sahildən təxminən 75 kilometr cənubda yerləşir. Yatağın kəşfiyyatı, işlənməsi və Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) 1996-cı il iyunun

4-də imzalanıb. Saziş Milli Məclis tərəfindən ratifikasiya edilib və həmin il oktyabrın 17-də qüvvəyə minib. Növbəti ildə isə yataqda üçölçülü seysmik tədqiqatlar aparılıb. 1999-cu ilin iyun ayında burada birinci kəşfiyyat quyusunun qazılması tamamlanıb. Elə həmin il “Şahdəniz”in kəşf olunduğu tarix hesab edilir. Ümumiyyətlə, 1997-2001-ci illər ərzində yataqda qazılmış kəşfiyyat və qiymətləndirmə quyuları burada dünya səviyyəli qaz-kondensat yatağının olduğunu təsdiqləyib.

“Şahdəniz” 1,2 trilyon kubmetr qaz, 240 milyon tondan çox kondensat ehtiyatı olan böyük yataqdır. Azərbaycan 2006-cı ildən etibarən “Şahdəniz”in birinci mərhələsindən Gürcüstana və 2007-ci ildən isə Türkiyəyə qaz ixrac edir. İkinci mərhələdə Azərbaycan qazını dünya bazarlarına aparan yol xeyli şaxələnəcək. “Şahdəniz-2” layihəsini yüksək dəyərləndirən Prezident İlham Əliyev yekun investisiya qərarı verilərkən demişdir: “Bu layihə regionun və Avropanın enerji xəritəsini dəyişdirəcəkdir. Azərbaycanın qaz ehtiyatları bu sərvəti gözləməkdə olan bazarlara nəql ediləcəkdir. Bizim hesablamalarımıza görə, Azərbaycanın qaz ehtiyatı 3 trilyon kubmetrə bərabərdir”.

“Şahdəniz-2”nin XXI əsrin layihəsi adlandırılması da təsadüfi deyil. Mütəxəssislər bu layihəni bir neçə amilə görə önəmli sayırlar. Əvvəla, ilk dəfədir ki, Azərbaycan və onun timsalında bütün region belə nəhəng miqyaslı bir layihəyə qədəm qoyub. Azərbaycan həmin layihə ilə zəngin qaz ehtiyatlarının istismarına başlayacaq ki, bu da regionun gələcəyinə geniş yol açacaq. İkincisi, sözügedən layihə Azərbaycanı Avropa üçün mühüm enerji təchizatçısına çevirəcək və beləliklə, uzun müddət ərzində aparılan danışıqlar və görülən işlər öz bəhrəsini verəcək. Nəhayət, “Şahdəniz-2” Xəzər regionu ilə Avropa bazarlarını bir-birinə bağlayacaq. Xəzər dənizindən Avropanın mərkəzinə qədər olan ərazidəki bir çox ölkələrə mənfəətlər gətirəcək.

Ümumiyyətlə, yatağın işlənməsinin ikinci mərhələsi və “Cənub qaz dəhlizi”nin boru kəmərləri birlikdə dünyanın neft-qaz sənayesində indiyədək həyata keçirilmiş ən nəhəng, eləcə də ən mürəkkəb layihələrdən biridir. Bu layihə çərçivəsində Azərbaycanın və Gürcüstanın ərazisi boyu uzanan Cənubi Qafqaz Boru Kəməri (CQBK) genişləndirilir. Türkiyə ərazisində Transanadolu Qaz Boru Kəməri (TANAP) tikilir. Yunanıstan, Albaniya ərazisindən və Adriatik dənizinin altından keçərək İtaliyaya çatan Transadriatik Boru Kəməri (TAP) çəkilir. Beləliklə, Azərbaycan qazı bir-birinə calanan üç boru kəməri ilə 3500 kilometrdən çox məsafə qət edəcək. Gələcəkdə bu xətt əlavə həcmlər təchiz etmək məqsədilə ilkin həcmin təxminən iki misli qədər genişləndirilə bilər.

“Cənub qaz dəhlizi” eyni zamanda Yunanıstan-Bolqarıstan interkonnektorununİon-Adriatik qaz kəmərinin təchizatını asanlaşdıracaq. “Şahdəniz” qazını daşıyan kəmərlər zəncirinin İtaliya torpağında bitməsinə baxmayaraq, gələcəkdə təbii qazın ara keçid boru kəmərləri vasitəsilə İsveçrəyə, Avstriyaya, Fransaya, Almaniyaya, Belçikaya, hətta Böyük Britaniyaya ötürülməsinin mümkün olacağı da istisna edilmir.

Cari ilin mart ayının əvvəlində “Cənub qaz dəhlizi” Məşvərət Şurasının Bakıda keçirilən ikinci toplantısında bu məsələlərə bir daha aydınlıq gətirildi. Xorvatiyanın iqtisadiyyat naziri T.Paneniç qazın daha geniş bazara çıxarılmasına imkan verəcək İon-Adriatik kəməri barədə məlumat verdi. Həmin kəmər “Cənub qaz dəhlizi”nə qoşulandan sonra bir sıra ölkələrin sərfəli yanacaqla təchizatında əsaslı dəyişikliyə səbəb olacaq.

Sözügedən tədbirdə Bolqarıstanın energetika naziri T.Petkova bildirdi ki, Bolqarıstan, Yunanıstan və Türkiyə arasındakı interkonnektor infrastrukturu layihənin əhəmiyyətli hissələrindən birinə çevriləcək.

Monteneqronun iqtisadiyyat naziri V.Kavoriç də “Cənub qaz dəhlizi”nə birləşərək Azərbaycan qazını bu ölkəyə çatdıracaq İon-Adriatik qaz kəmərinin perspektivlərindən bəhs etdi.

“Cənub qaz dəhlizi” layihələrinə ümumilikdə təxminən 45 milyard dollar investisiya tələb olunur. Bu vaxtadək həmin layihələr çərçivəsində iştirakçı ölkələr boyunca 40000-dən çox yeni yerləri açılıb.

İlk qaz nəqli 2018-ci ilə Gürcüstan və Türkiyə üçün planlaşdırılır, Avropaya qaz təchizatı isə 2020-ci ilə gözlənilir. Layihə Xəzərdən Adriatik dənizinədək öz qaydasında irəliləyir və 2018-ci ilə planlaşdırılan ilk qazın nəqli üçün qrafikə uyğun davam edir.

“Şahdəniz-2”dən hasil olunan mavi yanacaq “Cənub qaz dəhlizi”nə Səngəçal terminalından vurulacaq. Əslində isə, bu dəhlizin yolu Xəzərin qoynundan başlayır. Bir neçə ay əvvəl burada layihə üçün nəzərdə tutulan iki platformadan birinin dayaq bloku yerləşdirildi. İndi “Şahdəniz” növbəti qurğuların yolunu gözləyir. Onlar Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda və Bibiheybət ərazisindəki ATA (“AMEK-Tekfen-Azfen”) tikinti-quraşdırma sahəsində inşa edilir. Səngəçalda da yeni texniki emalkompressor qurğularının tikintisi sürətlə gedir. Axı, “Şahdəniz-2”nin ilkin qazını qarşılamaq üçün vaxtında hazır olmaq lazımdır.

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2016.- 17 dekabr.- S. 8.