Məcburi köçkünlərin sosial rifahı yeni iqtisadi inkişaf strategiyasında da əsas prioritetlərdəndir

 

Müasir Azərbaycanı fərqləndirən ən mühüm xüsusiyyətlərdən biri də dayanıqlı və davamlı xarakterə malik sosial-iqtisadi inkişafdır. Elə bu səbəbdəndir ki, dünya iqtisadiyyatını silkələməkdə olan qlobal böhranın Azərbaycana təsirləri digər ölkələrlə müqayisədə cüzi xarakter daşıyır və əhalinin maddi rifah halına ciddi təsir göstərmir.

Bu fonda isə Azərbaycanın yeni şəraitə uyğun daha çevik iqtisadi inkişaf yolunu seçməsi ölkəni daha böyük pespektivlərin gözlədiyini deməyə əsas verir.

Qeyd olunan xüsusda Prezident İlham Əliyevin imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərmanı ölkə iqtisadiyyatının inkişafı ilə bağlı yeni hədəflər müəyyən edir. Burada diqqət mərkəzində yer alan əsas məqamlardan biri də əhalinin sosial rifah halının yüksəldilməsinə, mənzil-məişət problemlərinin həllilə bağlıdır. Məsələyə strateji baxış isə ondan ibarətdir ki, Azərbaycanın davamlı iqtisadi inkişafı əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılması və qlobal regional dəyər zəncirlərində özünəməxsus mövqeyinin gücləndirilməsi üzərindən əhalinin sosial rifah halı daha da yüksələcək.

Məhz bu istiqamətdə funksional olaraq 11 sektor müəyyənləşib. Bunlardan ikisi bilavasitə sosial məsələlərlə əlaqədardır. Bu həm də onu göstərir ki, Azərbaycan dövləti indiyədək yürütdüyü sosial bazar modeli fəlsəfəsini qoruyurbundan sonrakı strategiyanın mərkəzində də insan amili dayanır.

Yeri gəlmişkən qeyd edək ki, 2016-2020-ci illərdə strateji yol xəritəsinin həyata keçirilməsi zamanı sosial təsirlər qiymətləndiriləcək, yerlərinin yaradılması ilə yanaşı, mənzil təminatının yaxşılaşdırılması, müasir tələblərə uyğun təhsil və səhiyyə xidmətlərinin göstərilməsinə dəstək verən sistemin inkişafı diqqət mərkəzində yer alacaq. Sosial rifah istiqamətində atılan addımlardan bəhrələnən əhali kateqoriyalarından biri isə məcburi köçkünlər olacaq. Bu qəbildən olan insanların maddi rifah halının yüksəlməsi ilə yanaşı, onların mənzilə olan tələbatının ödənilməsi, bu istiqamətdə digər problemlərin həlli əsas məqsədlər sırasında yer alır. Beləliklə, məcburi köçkünlərin üzləşdikləri problemlərin qarşıdakı müddət ərzində daha çevik həlli nəzərdə tutulur.

Xatırlatmaq yerinə düşərdi ki, bu vaxta qədər də Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində yurd-yuvalarından didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilən insanlara dövlət qayğısı kifayət qədər yüksək olub. Uğurlu sosial-iqtisadi siyasət ölkənin bütün sahələrdə dinamik inkişafına səbəb olmaqla yanaşı, bu insanların problemlərinin həlli istiqamətində mühüm irəliləyişlərə nail olunmasına imkan verib. Onların artıq xeyli hissəsi yeni yaşayış evləri, mənzillərlə təmin olunub. İndiyə qədər məcburi köçkünlər üçün 95 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınıb, 250 min qaçqının və məcburi köçkünün mənzil şəraitinin yaxşılaşdırılması təmin edilib. Amma məcburi köçkünlərin mənzil problemi təkcə dövlət tərəfindən inşa olunan evbinalar hesabına həll olunmur.

Məlumdur ki, dövlət başçısının 2016-cı il 16 noyabr tarixli fərmanı ilə “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin vətəndaşların güzəştlə əldə etməsi Qaydası” təsdiqlənib. Artıq Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi sosial evlərin inşası istiqamətində mühüm addımlar atır və əhalinin konkret təbəqələri tezliklə güzəştli qiymətlərlə mənzil sahibi olacaqlar. Bu güzəşt kateqoriyasına isə məcburi köçkünlər də aiddir. Bütün bunlar həm də ölkə vətəndaşları kimi məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən sosial siyasətin məntiqi davamı da sayıla bilər.

Xatırladaq ki, mənzilləri güzəştlə əldə etmək hüququ olan şəxslər, “Güzəştli mənzil” elektron sistemi vasitəsilə mənzillərin əldə olunması şərtləri və mexanizmi də müəyyənləşdirilib. Qaydaya əsasən, “Elektron hökumət” portalında “Güzəştli Mənzil” sistemi yaradılacaq və vətəndaşlara Mənzil İnşaatı Dövlət Agentliyinə ayrılmış torpaq sahələrində inşa olunacaq yaşayış binalarında mənzilləri güzəştli şərtlərlə əldə etmək imkanı təqdim olunacaq. Sistem 2017-ci il mayın 1-dən etibarən istifadəyə veriləcək. Güzəştli şərtlərin əsas mahiyyəti ondan ibarətdir ki, satılacaq mənzillərin qiyməti həmin ərazidəki orta bazar qiymətindən aşağı olacaq. Eyni zamanda, vətəndaşlar mənzilin dəyərini “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin güzəştli ipoteka krediti vasitəsilə də 3 ildən 30 ilədək müddət ərzində aylıq ödəmək imkanı əldə edəcəklər.

Artıq məlumdur ki, məcburi köçkünya ona bərabər tutulan şəxslər də güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdirlər. Bu da həmin insanların mənzil problemlərinin həllində mühüm rol oynayacaq. Yeri gəlmişkən qeyd edək ki, mənzil tikintisi sahəsində strateji yol xəritəsində də Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətinə geniş yer ayrılıb.

Strateji yol xəritəsində yer alan digər vacib məqamlardan biri qeyd olunduğu kimi, məcburi köçkünlər də daxil olmaqla əhalinin maddi rifah halını yüksəldəcək sosial siyasətin daha geniş miqyasda davam etdirilməsidir. İndiyə qədər bu istiqamətdə zəruri addımlar atılıb. Məsələn, son 13 il ərzində məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinət 4 dəfə, kommunal xidmətlərə görə vəsaitin məbləği 4,5 dəfə artırılıb. Onların problemlərinin həlli ilə bağlı digər sahələrdə də əhəmiyyətli işlər görülüb. Bunlara paralel olaraq məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması tədbirləri nəticəsində onlar arasında yoxsulluq kəskin şəkildə azalaraq son 13 ildə 75 faizdən 12 faizə düşüb.

Məcburi köçkünlərlə bağlı həyata keçirilən aktiv məşğulluq tədbirləri indi bu qəbildən olan insanlar arasında əmək fəaliyyəti ilə məşğul olanların sayında da böyük artım yaşanması ilə müşayiət olunur. Onu da xatırladaq ki, Prezident İlham Əliyevin 7 aprel 2016-cı il tarixli sərəncamına əsasən, əhalinin özünüməşğulluğunun təmin olunması istiqamətində proqram icra olunur. Aztəminatlı ailələrin biznes imkanlarına malik olmalarına şərait yaradan bu proqramın əhatə etdiyi insanlar arasında məcburi köçkünlər də var. Strateji yol xəritəsinin reallaşması ilə qarşıdakı dövr ərzində məcburi köçkünlərin sosial rifah halının daha da yüksəlməsi gözlənilir.

 

Elçin CƏFƏROV,

 

Azərbaycan.- 2016.- 18 dekabr.- S. 1.