Modernləşmə yeni mərhələyə qədəm qoyur

 

Modernləşmə mürəkkəb proses olaraq cəmiyyətin ayrılıqda götürülmüş hansısa bir sahəsini əhatə etmir, onun hüdudları son dərəcə genişdir. Ən ümumi formada desək, modernləşmə yeni əsrdə ictimai həyatın bütün sahələrində ciddi kəmiyyət və keyfiyyət dəyişikliklərini, ictimai şüur və vərdişlərin müasirləşməsini nəzərdə tutur.

Azərbaycanın qlobal böhran şəraitində davamlı inkişafı deməyə əsas verir ki, Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu islahatlar respublikamızın inkişaf etmiş ölkələr sırasına daxil olmasını təmin edəcək.

Prezident İlham Əliyev ilk gündən müəyyən geosiyasi reallıqlardan çıxış edərək demişdi ki, sürətli demokratik yeniliklər cəmiyyətdə yalnız təkamül yolu ilə, mərhələli şəkildə bərqərar ola bilər. Bu qənaəti tamamilə haqlı saymaq olar ki, kənardan süni şəkildə ixrac edilən demokratiya modelləri transformasiyalı cəmiyyətlərdə şəraitə uyğunlaşmağa heç də həmişə hazır olmur. Hər bir ölkə üçün üstün siyasi təsisatların formalaşmasını məhz iqtisadi inkişafın səviyyəsi müəyyən edir. İnkişaf səviyyəsi yüksək olan ölkələr postindustrializm dövrünün tələblərinə uyğunlaşma məsələlərini yalnız müasir demokratik cəmiyyətin kifayət qədər inkişaf etmiş təsisatları mövcud olduqda həll edə bilər. Yəni, siyasi liberallaşmaya xidmət edən islahatlar iqtisadi inkişaf və adambaşına düşən gəlirlər müəyyən bir həddə çatdığı zaman praktik səmərə verə bilər.

Azərbaycan cəmiyyəti modernləşməni milli inkişaf prosesində sosial sifariş kimi qəbul edir. Bu yanaşma yeni dəyərlərin və demokratik transformasiyaya xas olan davranış normalarının mərhələlər üzrə, təkamül yolu ilə tədricən ictimai, kütləvi şüura tranzitinin başa düşülməsini və dərk olunmasını özündə ehtiva edir. Lakin hər bir proses kimi, Azərbaycan cəmiyyətinin modernləşməsi milli ənənə və resurslar, tarixi reallıqlar nəzərə alınmaqla baş verir. Uzun illər dəyişməz siyasi imperativlərə əsaslanan cəmiyyətdə siyasi, sosial və mədəni mühitin fundamental şəkildə dəyişməsi həm də nəsillərin dəyişməsi amilləri nəzərə alınmaqla həyata keçirilir. Siyasi sistem o halda uğurlu fəaliyyət göstərir ki, yetişməkdə olan gənc nəslin cəmiyyətin həyatında qurucu rolu tam şəkildə nəzərə alınır. Bu baxımdan Azərbaycanda modernləşmə prosesinin sürətlə aparılması üçün yeni düşüncəli, intellektual səviyyəli, kreativ baxışlı gəncliyin yetişdirilməsi, maddi resursların insan kapitalına çevrilməsi istiqamətində də kompleks tədbirlər həyata keçirilir. Ulu öndərin bu sahədə müəyyənləşdirdiyi siyasəti keyfiyyətcə yeni mərhələdə inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev elmin, təhsilin problemlərinin həlli istiqamətində inamlı addımlar atır.

Demokratik dəyər və normaların hər hansı cəmiyyətdə möhkəmlənməsi, özünə möhkəm dayaqlar tapması üçün ilk növbədə insanların maddi rifah halı, yaşayış və düşüncə tərzi mütərəqqi dəyişikliklərə məruz qalmalıdır. Məhz bu səbəbdən də Azərbaycanın inkişafının Prezident İlham Əliyev tərəfindən elan edilmiş vacib istiqaməti ilk növbədə əhalinin maddi rifahının yüksəldilməsi, yeni yerlərinin yaradılması, orta təbəqənin mövqelərinin möhkəmləndirilməsidir. Dövlət başçısı praqmatik siyasətçi olaraq bu fikirdədir ki, dövlət idarəçiliyinin, birgəyaşayışın, vətəndaş-dövlət münasibətlərinin bugünkü reallıqda ən yaxşı, ahəngdar forması olan demokratiya yalnız iqtisadi cəhətdən sürətli inkişaf yolu tutan xüsusi mülkiyyətçilik münasibətləri inkişaf edən dövlətlərdə mümkündür. Demokratik dövlətin bir təsisat kimi başlıca vəzifəsi isə bütövlükdə cəmiyyətin və ayrılıqda hər bir vətəndaşın maddi rifah halının yüksəldilməsi, onların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin olunması, habelə şəxsiyyətin azad inkişafı üçün bərabər imkanların yaradılmasıdır.

Dövlət başçısının yürütdüyü sosial islahatların əsas istiqamətləri əhalinin məşğulluğunun təmin edilməsi, yeni yerlərinin açılması və paralel olaraq sosial müdafiəsi məsələlərində ünvanlılıq prinsipinə üstünlük verilməsi, aztəminatlı ailələrin, əlillərin, ailə başçısını itirənlərin, şəhid ailələrinin və bu qəbildən olan digər şəxslərin pensiya və müavinət təminatının yaxşılaşdırılmasından, onların həyat səviyyəsinin yüksəldilməsinə şərait yaradılmasından ibarətdir. Cəmiyyətin demokratikləşməsi millətin intellektual potensialının həyata keçməsinə, yeni sivilizasiyaya yaxınlaşmaq üçün meydan açır.

Ancaq demokratikləşmənin özümilli ideyaya bağlı olmasa, sosiumun milli özəlliyi nəzərə alınmasa, uğursuzluğa məhkumdur. Milli ideyanın millətin inkişafına, dövlətin tərəqqisinə tam dolğun xidmət etməsi üçün o, cəmiyyəti innovasiyalı modernləşməyə istiqamətləndirməlidir. Ümumilikdə isə Prezident İlham Əliyevin imzaladığı 2011-ci il 27 dekabr tarixli “Azərbaycan Respublikasında İnsan Hüquqları sahəsində Milli Fəaliyyət Proqramı”, 23 may 2011-ci il tarixli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında”, 27 dekabr 2011-ci il tarixli, 5 sentyabr 2012-ci il tarixli “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair” 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” sənədlər insan hüquq və azadlıqlarının təmini, demokratik və açıq cəmiyyətin qurulması baxımından yeni imkanlar açmışdır.

Qlobal böhran şəraitində daxili istehsalın təşviq edilməsi, sahibkarlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının müdafiəsi respublikanın neft amilindən asılılığını əhəmiyyətli dərəcədə azaldıb. 2016-cı ildə Azərbaycanın sosial-iqtisadi inkişafı olduqca mürəkkəb xarici iqtisadi mühit, o cümlədən dünya enerji bazarında qeyri-sabitlik, əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının devalvasiyası, bunun nəticəsi kimi ölkənin gəlirlərinin azalması, manata təzyiqlərin artması ilə müşayiət olunub. Neftin qiymətinin yüksək olduğu dövrlərdə də iqtisadi sahədə aparılan siyasətin başlıca istiqaməti neft amilindən asılılığın azaldılmasından və qeyri-neft sektorunun inkişafından ibarət olub. 2004-cü ildən uğurla icra olunan dövlət proqramları bölgələrdə iqtisadi potensialın artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznesinvestisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə şərait yaradıb.

Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixində imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərmanı da bu baxımdan son dərəcə əhəmiyyətli sənəd oldu. Bu strateji sənədin təsdiq edilməsi bir daha göstərdi ki, qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətidir.

Beynəlxalq aləmə çoxşaxəli inteqrasiyanın təmin olunması, iqtisadigeostrateji maraqların ödənməsi, vətəndaşların təhlükəsiz yaşayışının təmin olunması həyata keçirilən xarici siyasətin prioritet məqsədləridir. Prezident İlham Əliyev ötən 13 ildə dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, inkişaf etdirmək, beynəlxalq təşkilatlarda Azərbaycanın mövqelərini gücləndirmək istiqamətində sistemli fəaliyyət göstərir. Son illər mühüm beynəlxalq tədbirlərin keçirilməsi üçün Bakı şəhərinin seçilməsi, eyni zamanda, qlobal əhəmiyyətli tədbirlərə ölkəmizin dəvət olunması Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəldir.

Rəsmi Bakı müstəqil xarici siyasətlə regionda siyasi-hərbi qütbləşmənin dərinləşməsinə deyil, sivil əməkdaşlıq, qarşılıqlı inam mühitinin yaranmasına çalışmışdır. Respublikamızın diplomatiyada ardıcıl, qətiyyətli, prinsipial, öhdəliklərinə sadiq tərəfdaş imicini qazanması onun müxtəlif güc mərkəzləri ilə münasibətlərinin xarakterində hansısa şübhə və tərəddüdlərə yer qoymur. İstənilən siyasi gərginliyin beynəlxalq hüquq prinsipləri əsasında, diplomatik danışıqlar və qarşılıqlı anlaşma şəraitində aradan qaldırılması zərurətini diqqətə çəkən rəsmi Bakı Azərbaycanın geosiyasi rəqabət meydanına çevrilməsinə, hansısa dövlətə hərbü güc tətbiqində platsdarm ərazi kimi istifadə edilməsinə heç zaman yol verməyəcəyini qətiyyətlə bəyan etmiş, bunu əməli fəaliyyəti ilə sübuta yetirmişdir. Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olmaq və Azərbaycanın ərazi bütövlüyünü təmin etmək dövlət başçısı İlham Əliyevin xarici siyasətinin prioritet məqsədləri sırasında xüsusi vurğulana bilər. Aparılan uğurlu diplomatiya nəticəsində beynəlxalq təşkilatlar haqqın və ədalətin Azərbaycanın tərəfində olduğunu etiraf edirlər.

2016-cı il aprelin əvvəllərində təmas xəttində hərbi əməliyyatların fəallaşması ilə dünyanın nəzərləri bir daha bu regiona yönəldi. Təmas xəttində Ermənistan tərəfinin növbəti təxribatçı hərəkətlərə yol verməsi ilə bağlı nüfuzlu təşkilatlar və bir sıra dövlətlərin rəsmiləri narahatçılıqlarını ifadə etdilər. Ermənistan tərəfinin təxribatçı hərəkətlərinə baxmayaraq, Azərbaycan rəhbərliyi bu dəfə də sülhə hörmət əlaməti olaraq atəşkəs elan etdi. Ölkəmiz hərbi əməliyyatlar zamanı üstünlüyü və təşəbbüsü ələ alaraq haqlı mövqeyini qətiyyətlə ortaya qoydu. Həm Ermənistan, eləcə də ATƏT-in Minsk qrupunun üzvü olan dövlətlər də başa düşdülər ki, mövcud status-kvonun zamanı artıq bitib, vaxt uzatmaqla Azərbaycan dövlətini işğal faktı ilə barışmağa məcbur etmək mümkün deyil, bundan sonra da münaqişə dondurulmuş vəziyyətdə saxlana bilməz. Azərbaycan dövləti, xalqı konstruktiv danışıqlar ruhuna sadiq olmaqla yanaşı, münaqişənin istənilən vaxt beynəlxalq hüquq çərçivəsində güc yolu ilə həllinə qadirdir. Aşkar göründü ki, tənzimləmə prosesində beynəlxalq hüquq normalarına istinad imkanları tamamilə daralan işğalçı dövlət, ideoloji, siyasi, hüquqi, iqtisadi və hərbi müstəvilərdə Azərbaycana uduzur.

Ermənistanın ciddi səylərinə və müqavimətinə baxmayaraq, Azərbaycan Ordusunun aprelin əvvəllərində 2 min hektar ərazini işğaldan azad etməsi beynəlxalq birlik tərəfindən qəbul olundu. Ən qısa zamanda düşmən təxribatının qarşısının qətiyyətlə alınması və müzəffər Azərbaycan Ordusunun sürətlə irəliləməsi Ermənistan başda olmaqla onun himayədarlarını da təşvişə saldı. Azərbaycan Ordusunun aprel zəfəri həm Ermənistanı danışıqlar masası ətrafına oturmağa məcbur etdi, həm də ATƏT-in Minsk qrupunu Ermənistana konstruktiv danışıqlar məcrasına qayıtması üçün rəsmi İrəvana təzyiq göstərməyə vadar etdi.

Azərbaycan qısa müddət ərzində bütün sahələrdə əldə etdiyi uğurlarla Cənubi Qafqazın lider dövləti statusuna yiyələnib. İqtisadi, siyasi, hərbi sahədə qüdrətimizin ildən-ilə əhəmiyyətli dərəcədə artması deməyə əsas verir ki, ölkəmizlə təzyiq dilində danışmaq qeyri-mümkündür. Azərbaycan yalnız onunla bərəbərhüquqlu və xoşməramlı əməkdaşlıq etmək istəyən dövlətlərlə əlaqələr qura bilər. Azərbaycanda dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin dərinləşdirilməsi 2017-ci ildə də müsbət nəticələrin əldə olunmasına imkan yaradacaq.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2016.- 18 dekabr.- S. 1, 9.