Səttar Bəhlulzadə fenomeni

 

Səttar Bəhlulzadə öz yaradıcılığı ilə XX əsri şöhrətləndirdi.

Heydər ƏLİYEV

 

Hələ sağlığında müasirləri onu “aramızda gəzən dahi” adlandırırdılar. Özünün bundan xəbəri yox idi, bilsəydi inciyərdi. Tərifi xoşlamazdı. Çəkdiyi əsərləri üzünə tərifləyəndə haldan-hala düşər, gözlərini nəhayətsiz bir nöqtəyə zilləyərək “İşləyirik də... hələ çox şey etmək lazımdı” - deyib söhbətin yönümünü dəyişməyə çalışardı.

Sağlığında bu cür şəksiz təsdiq, ölməzlik qazanmaq tək-tək adama nəsib olur. Səttar Bəhlulzadə xoşbəxt sənətkar idi. Onun əsərlərini fəhlə də, ziyalı da yaxşı başa düşür, oradakı həyat həqiqətlərinin lirik-poetik və romantik-fəlsəfi şərhinə inanırdı. Həyatdan və doğma torpaqdan aldıqlarını birə-beş ona qaytardığı üçün bəlkə də bu qədər sevilirdi və nəhayət, o, “Sənətin Məcnunu” kimi hamının əzizinə çevrildi...

“Səttar nağılı” Abşeronun qədim Əmircan kəndindən başlanır. Çörəyi torpaqdan çıxan Bəhlul kişi ilə Hökumə xanımın ailəsində dünyaya göz açan Səttar Bəhlulzadə üçün kəndin memarlıq tikililəri, burada toxunan məşhur “Xilə” xalçaları gözəlliyə açılan ilk pəncərə olmuşdur. Abşeronun digər kəndləri ilə müqayisədə o qədər də bağ-bağatlı olmayan Əmircan kəndi daha çox oxumuş adamları, ziyalıları ilə məşhurdu. Bu mənada həmkəndlisi Səməd Mənsurun həyatda gördüklərinə və göstərilənlərə haqlı olaraq “həpsi rənglidir” deyib, müasirlərinin yatmış duyğularını oyatmağa çalışdığı bir zamanda Səttarın taleyini bu gerçəkliyi rənglərlə ifadə edəcək rəssamlıq sənətinə bağlamağa qərar verməsini də təbii saymaq olar...

Səttar ixtisas təhsilini əvvəlcə Bakıdakı rəssamlıq texnikumunda, sonra isə Moskvadakı V.İ.Surikov adına Rəssamlıq İnstitutunda alıb. Moskvada diplom işi üçün Babək mövzusunu seçəndə də heç kəs ona etiraz etməyib. Başqalarından fərqlənərək diplom işi olaraq bir yox, iki əsər - “Babək üsyanı” və “Bəzz qalasının müdafiəsi” tablolarını işləyib. Lakin İkinci cahan savaşının başlaması ona diplom müdafiə etməyə imkan verməyib. Müharibədən sonra diplomsuz qalan rəssama dəfələrlə Moskvaya gəlib diplom işini müdafiə etmək təklif olunsa da o, buna etiraz edib və “Məgər diplomsuz rəssam olmur?” - cavabını verib...

“Mən ilhamnatura ardınca Qogen kimi baş götürüb Taiti adasına getmirəm və bunu başqalarına da məsləhət görməzdim. Çünki doğma xalqın həyatı, Vətən torpağı əsl ilham mənbəyidir”. Bu, Səttar Bəhlulzadənin yaradıcılığını səciyyələndirən və doğma Azərbaycan torpağına sevgisini bildirən öz sözləridir. O, doğrudan da bir qərinəlik yaradıcılığı ilə yurdumuzun əsrarəngiz təbiətinə olan Məcnun məhəbbətini həm özümüzə, həm də bütün dünyaya göstərə bildi. Onun doğma Abşeronla yanaşı, Qubaya, Şuşaya, Naxçıvana, Şamaxıya, Cəncəyə, Lənkərana, eləcə də yurdumuzun digər dilbər guşələrinə davamlı yaradıcılıq səfərlərindən sonra özündə Azərbaycan torpağının bənzərsiz gözəlliyini əks etdirən sayagəlməz əsərləri yarandı. “Qudyalçay vadisi”, “Qızbənövşəyə gedən yol”, “Doğma düzənlər”, “Cıdır düzü”, “Muğanda bahar”, “Dədəgünəş”, “Qədim Şamaxı”, “Naxçıvan dağları”, “Abşeronun tacı” tabloları həmin səfərlərin nəticəsində gerçəkləşən sənət inciləridir...

Səttar Bəhlulzadə adlarını çəkdiyimiz və dilə gətirmədiyimiz yüzlərlə əsəri ilə Azərbaycan rəssamlığına əsl poetik ruh gətirdiyini birmənalı olaraq təsdiqləmişdir. Bu poetikanın, lirik bədii şərhin məğzini ölməz Füzulinin fəlsəfi poeziyası, milli miniatür və xalçalarımızın, muğamlarımızın acılı-şirinli ruhu və rəssamın Vətən torpağına sonsuz bağlılığı təşkil edir...

O, dünyaya gələrkən kəşf edəcəyi ideal gözəllik tapmaq yükünü də çiynində - ruhunda gətirmişdi. Sonda arzuladığı ideal təbiət eşqinə yetişə bilməsi də onun həyatı, təbiəti dərk etməsindən keçdi. Dünyanı anlamaq insana eyni zamanda kədər gətirsə də, Səttar elə bu kədərin özü ilə təbiəti dərk etdi. Çox gənc yaşlarından təbiətə vurulanona inanan Səttarın bu vurğunluğunu və səmimiliyini ali yaradıcı da, onun insanlara bütün bəxş etdiklərini də qəbul etdiaz qala “Bizdən nə götürə bilirsən, götür” - dedi. Rəssam da bu cür dəyərləndirilməyə ürəkdən səs verdi və elə o gündən də Əmircandan “çıxdı” və bütün Azərbaycan onun evinə çevrildi. Mənalı həyatı və yaradıcılığı ilə Vətənə əsl oğul oldu. Çox qısa zaman kəsiyində hamının əzizinə çevrilməsi, onu hamının özününku, doğması hesab etməsi də Səttarın bütün mənalarda qəbul olunmasının ifadəsi idi. Onun xalq içində hələ sağlığında “Aramızda gəzən dahi” deyə çağırılması artıq hökumətin onu ən yüksək formada dəyərləndirməsindən də yüksəkdə dururdu. Odur ki, 1974-cü ilin bir payız günü Bakıdakı Aktyor evindən Əmircandakı kənd məzarlığına anası ilə ruhi görüşə çiyinlərdə, əllər üstündə gedəndə də rəssam artıq qoyub getdiyi “iz”dən nigaran deyildi...

Səttar bu qədər təzadlı olan dünyamızda özünü həm də lirika ilə ifadə edən təklənmiş “kədər məcmusu” idi... Rəssamın əsərləri onun özünü dərk edəndən anbaan unutmağa çalışdığı kədərin “qonşuluğunda” yaradılsa da, bütünlükdə, nəticə etibarilə çox tutumlu bir sevinc ensiklopediyasıdır. Belə ki, burada hər şey var - sənətkarlıq da, onu şərtləndirən müdriklik də, gözəllik də, duyğulandırıcılıq və zəngin yaşantı da... Bu tablolar əslində insanın dünya ilə ruhani görüşünün bədii ifadəsidir. Odur ki, Səttarın rəngləri həm də Füzuli ruhunda, fəlsəfə dilində danışır. Ancaq onun ilğıma bənzər tabloları heç də hansısa estetik terminə illüstrasiya deyildir. Onlar mahiyyətcə Azərbaycan rəssamlığında yeni səhifə, milli təsviri sənətimizdə oxşarı olmayan, düşündürücülüyünə görə isə çoxqatlı estetik kateqoriyaya çevrilən fəlsəfi mənzərələrdir. Ona görə də Səttar Bəhlulzadə həm də Azərbaycan rəssamlığında “fəlsəfi mənzərə”nin banisi sayılır...

Gözəllik onun Tanrısı idi. Səttar elə bil gözəlliyi duymaqdan, onu başqalarına tanıtmaqdan ötrü yaranmışdı. Çoxlarına adi görünən dağa-daşa, gülə-çiçəyə, müxtəlif donlu ağaclara hopmuş cüzi gözəllikdən belə heyrətlənə bilirdi. Sonra da bu heyrətini elə bir biçimdə kətan üzərində əbədiləşdirirdi ki, başqaları da bu ecazkarlıq qarşısında heyrətini gizlədə bilmirdi. Doğrudan da, rəssamın əsərlərində təbiətin gözümüzdə adiləşən guşələri elə heyrətamiz ifadə vasitələri ilə çəkilib ki, sanki insan oğlu ilə təbiət bir-birinə meydan oxuyur. Biri ağlasığmaz gözəllik yaratdığı, digəri isə bu gözəlliyi dərindən duyduğu üçün... Onlara baxanda dünyamızın kosmosdan çəkilən şəkilləri, nağıllarda təsvir olunan əfsanəvi mənzərələr yada düşür. Çünki Səttar tabloları da duyulası dərəcədə kosmik və ovsunlayıcıdırlar. “Xəzər gözəli”, “Torpağın arzusu”, “Kəpəzin göz yaşları”, “Bazardüzü ətrafı”, “Azərbaycan nağılı” və “Mavi nağıl” əsərləri dediklərimizə aid sənət nümunələridir. Bu tablolarda həm də Səttar dühasının bənzərsizliyinə, yüksək sənətkarlığına, adi mənzərəni düşündürücü fəlsəfəyə bələmək istedadına, bütünlükdə Səttar Bəhlulzadə fenomeninin mahiyyətini görür, ona şahidlik edirik...

Bütün ömrü boyu ağzı Füzuli misralı olan Səttarın şairin çoxqatlı poeziyasına həsr olunmuş yüzlərlə əsəri göstərir ki, Məcnun məhəbbətinin yanğısına, Füzuli poeziyasının alovuna Səttar Bəhlulzadə özü də əsl mənada yanıb - yaxılıb. Məcnunun halına yana-yana özü də sənətin Məcnununa dönüb. Qeysi Məcnun eləyən nakam, əlçatmaz məhəbbəti, Səttarı sənətin Məcnununa çevirənsə rənglərə və doğma torpağa vurğunluğu olub, desək, həqiqəti ifadə etmiş olarıq...

Səttar Bəhlulzadə bənzərsizliyini şərtləndirən təkcə onun sənəti deyil. O, elə bir insan kimi də bənzərsizdi. Bu mənada onun əliaçıqlığını xüsusi vurğulamaq olar. Əgər desək ki, dünyada bu vaxta qədər Səttar kimi ikinci bir səxavətli rəssam olmayıb, yanılmarıq. Dünyamız çoxdan Səttar əsərlərinin qeyri-rəsmi, ümmansız sərgisinə çevrilib. Bu gün Azərbaycanla yanaşı, dünyanın ən müxtəlif ölkələrində, o cümlədən nüfuzlu muzey və şəxsi kolleksiyalarda onun rəngkarlıq və qrafika əsərlərinin saxlanılması da bunun təsdiqidir. Bütün yaradıcılığı boyu çox məhsuldar işləməsi ilə sayagəlməz bədii irs yaradan rəssamın yalnız Azərbaycanda və keçmiş SSRİ məkanındakı muzeylərin saxlanclarında toplanan 200 əsəri rəsmi şəkildə qonorarla alınıb, sayı bir neçə yüzlərlə ölçülən qalanını isə Səttar Bəhlulzadə təmənnasız olaraq ürəyinə yatan adamlara hədiyyə verib. Başqa sözlə desək, o, heç kimə əsər satmayıb.

Ötən əsrin əllinci illərinin sonunda Moskvada təhsilini başa vurub ailəsi ilə birlikdə Bakıya qayıdan və bu gün çağdaş rəssamlığımızın klassiklərindən sayılan xalq rəssamı Tahir Salahovun mənzilinin olmadığını bilən Səttar Bəhlulzadənin paytaxtda yeni tikilən “Rəssamlar evində” ona ayrılmış ikiotaqlı mənzili gənc həmkarına verməsi o vaxt çoxları tərəfindən gözlənilməz qarşılansa da, Səttar üçün bu adi insani münasibətin nümunəsi idi...

Şəxsi maşını yox idi. İstəsəydi ala da bilərdi, amma elektrik qatarını onu Əmircandan şəhərə aparıb-gətirən ən gözəl minik sayırdı. O, sanki həyatdan, təbiətdən götürdüyü sadəliyə və təbiiliyə haram qatmaq istəmirdi. Səttar sözün əsl mənasında hardasa bu günahlı dünyanın günahsız övladıydı. O, günaha batmadı. Çünki Səttarın sadəcə buna heç vaxtı da yox idi. Onun bu əvəzsiz keyfiyyətini bütün müasirləri də bilirdi. Əlindən heç nə gəlməyən də, böyük ixtiyar sahibi olan da.

Daim gənc rəssamlarla əhatələnməsindən xüsusi zövq alan Səttarın onların ali təhsil almalarına şəxsən qayğı göstərməsi də, yeri gələndə onlara mənəvi və maddi dəstək olması, hətta bu sətirlərin müəllifi üçün Buzovnaya - qız qapısına “hə” almağa getməsi də əsl atalıq qayğısı idi desək, həqiqəti ifadə etmiş olarıq...

Böyük sənətkar ömrünün 65-ci baharında, oktyabr ayının 13-də Moskvada vəfat edib. Üç gün sonra isə onunla Bakıdakı Aktyor evində vida mərasimi keçirildi və vəsiyyətinə uyğun doğulduğu Əmircan qəsəbəsində - anasının uyuduğu məzarlıqda dəfn olundu. Bir çoxları kimi heç vaxt Fəxri xiyabanın həsrətini çəkməyən rəssamın ruhən sevimli anasına, sadə adamlara qovuşmaq istəyinin əleyhinə getməyə də heç kəs cürət etmədi, bunu ona qıymadı. Səttar belə Səttar idi. Bu haqqı da o, sağlığında qazanmışdı...

Heç kim yüz il əvvəl qədim Əmircandakı adi bir kəndli ailəsində dünyaya göz açan oğlan uşağının adını sənət tarixinə yazacağını, bir qərinəlik yaradıcılığı ilə sənət aləmindəki çox məşhur simalardan birinə, dünyanın Səttarına çevriləcəyini bilmirdi... Öz alın yazısını bizlərdən fərqli olaraq oxumağı bacaran Səttarsa 65 illik ömrünü onun son və əbədi ucalıq nöqtəsinə - sənət zirvəsinə yönəldə bildi. Ən böyük qazancı da xalqına başucalığı bəxş etməsi oldu. Onun xidmətləri də cavabsız qalmadı. Sağlığında o, əvvəlcə “Azərbaycanın əməkdar incəsənət xadimi”, sonra isə xalq rəssamı fəxri adlarına layiq görülmüş, bir çox ordenmedallarla təltif olunmuşdur. Onun 1972-ci ildə respublika Dövlət mükafatı alması da dövlətimizin rəssamın sənətinə verdiyi yüksək dəyərin ifadəsidir. 2009-cu ildə onun 100 illik yubileyinin UNESCO səviyyəsində qeyd olunması isə azərbaycanlı sənətkarın yaradıcılığına verilən beynəlxalq dəyərin göstəricisidir.

Vəfatından sonra onun xatirəsi Azərbaycan Prezidenti tərəfindən əbədiləşdirilmiş, doğulduğu Əmircan qəsəbəsində ev-muzeyi açılmış, məzarı üzərində tunc abidəsi ucaldılmışdır. Bakıda və bölgələrdə onun adına küçələr verilmişdir.

 

Ziyadxan ƏLİYEV,

əməkdar incəsənət xadimi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Azərbaycan.- 2016.-18 dekabr.- S.10.