Azərbaycanın enerji siyasəti milli maraqlara və beynəlxalq əməkdaşlığa əsaslanır

 

Azərbaycanın keçən əsrin 90-cı illərinin ortalarından irəli sürdüyü təşəbbüslər və həyata keçirdiyi enerji layihələri bütün regiona xeyir-bərəkət, firavanlıq gətirib. Belə ki, Azərbaycan Xəzərin nəhəng enerji ehtiyatlarını dünya bazarlarına çıxaran ilk ölkədir. Xəzər dənizinin şaxələndirilmiş boru kəmərləri sistemi vasitəsilə Qara və Aralıq dənizləri ilə birləşdirilməsi də Azərbaycanın ən böyük nailiyyətlərindəndir.

Ölkəmiz bütün bunlara qarşılıqlı maraq üzərində qurulmuş geniş regional əməkdaşlıq sayəsində nail olub. Azərbaycan dövləti həmin istiqamətdə səylərini bu gündavam etdirir.

Bu il noyabrın 16-da Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresinin, AsiyaSakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimindəki nitqində Prezident İlham Əliyev bu barədə də bəhs etmişdir. Enerji və nəqliyyat layihələrinin bəhrə verdiyini vurğulayan dövlət başçısı Azərbaycanın bu istiqamətdə də qarşılıqlı marağa söykənən çox məsuliyyətli yanaşma nümayiş etdirdiyini bildirmişdir. Hazırda həyata keçirilən “Cənub qaz dəhlizi”nin qlobal layihə olduğunu bir daha qeyd edərək demişdir: “Onun icrası nəticəsində biz bir sıra ölkələr üçün etibarlı qaz ixracatçısına çevriləcəyik. Layihənin dəyəri təqribən 45 milyard dollardır və Azərbaycan onun həyata keçirilməsində aparıcı rol oynayır. Bu gün biz artıq “Cənub qaz dəhlizi” layihəsinin iştirakçısı olan 7 dövlətlə sıx əməkdaşlıq yaratmışıq”.

Xatırladaq ki, “Cənub qaz dəhlizi” bir neçə mühüm seqmentdən ibarətdir. Bu dəhliz vasitəsilə Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində əldə olunan qaz Avropaya ixrac ediləcək. İlk qazın Gürcüstan və Türkiyəyə 2018-ci, Avropaya isə 2020-ci ildə çatdırılacağı nəzərdə tutulub. “Şahdəniz-2”dən çıxarılan ildə 16 milyard kubmetr qazın 6 milyard kubmetri Türkiyəyə nəql ediləcək, 10 milyard kubmetri isə Avropadakı istehlakçılara çatdırılacaq. Sonrakı illərdə həm qazın həcmi, həm də istehlakçı ölkələrin sayının artacağı gözlənilir.

Azərbaycan qazını nəql edən dəhliz üç böyük ixrac kəmərinin birləşməsindən yaranacaq. Belə ki, mövcud Cənubi Qafqaz Boru Kəməri (CQBK) genişləndirilərək qazı Azərbaycanın və Gürcüstanın ərazisi boyu nəql edəcək. Bu kəmər Səngəçaldan başlayaraq ölkəmizdə 443, Gürcüstanda 248 kilometr məsafə boyu uzanacaq. Gürcüstan-Türkiyə sərhədində CQBK Transanadolu Qaz Boru Kəmərinə (TANAP) qovuşacaq. Öz marşrutuna Türkiyənin şərq hüdudundan başlayan TANAP 20-dən çox bölgədən keçəcək. Türkiyədə 1900 kilometr məsafə qət edəcək kəmər daha sonra TAP-la (Transadriatik Qaz Boru Kəməri) birləşəcək.

Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi ərazisindən başlayan TAP-ın uzunluğu təxminən 870 kilometr təşkil edir. Kəmərin marşrutunun 550 kilometri Yunanıstanın, 210 kilometri Albaniyanın ərazisindən, 105 kilometri Adriatik dənizinin altından keçir, qalan bir neçə kilometr hissəsi isə İtaliya torpağında yerləşir. Kəmər sahilə İtaliyanın Puqlia bölgəsində çıxacaq və burada həmin ölkənin qaz şəbəkəsinə qoşulacaq.

Bu üç boru xətti inşa edildikdən sonra 3500 kilometr uzunluğunda “Cənub qaz dəhlizi” kəmərləri zəncirini yaradacaq. Gələcəkdə bu dəhliz əlavə həcmlər nəql etmək məqsədilə ilkin ötürücülüyünün iki misli qədər genişləndirmək imkanına malikdir.

“Cənub qaz dəhlizi” layihəsinin həyata keçirilməsi 7 dövlətin, 11 şirkətin və 11 topdan qaz alıcısının sıx əməkdaşlığına əsaslanır. Bu il noyabrın 16-da Bakıda keçirilən tədbirdə Prezident İlham Əliyevin dediyi kimi: “Gələcəkdə isə yeni ölkələr layihəyə qoşulacaq ki, bu da bizə öz ehtiyaclarımızı təmin etməyə, böyük qaz ixracatçısına çevrilməyə, tranzit və istehlakçı dövlətlərə isə yeni enerji mənbəyi əldə etməyə imkan yaradacaq. Hər bir dövlətin öz iqtisadiyyatını və sənayesini inkişaf etdirmək üçün buna ehtiyacı var... Layihənin bütün iştirakçıları gəlir paylarını əldə etməlidir və biz enerji əməkdaşlığını ölkələri yadlaşdıran deyil, birləşdirən sahə hesab edirik”.

Hazırda yaranmaqda olan nəqliyyat dəhlizlərinin uğuru da məhz bu cür əməkdaşlıq və tərəfdaşlıq amilinə əsaslanır. Azərbaycan beynəlxalq yolların bir-birinə qovuşduğu məkana çevrilir. Başqa sözlə, ölkəmiz həm də etibarlı nəqliyyat dəhlizlərinin yaradılmasının təşəbbüskarı və iştirakçısıdır. Bunun üçün Azərbaycan üstün coğrafi mövqeyə malikdir. Lakin müvafiq infrastruktur olmadan bu coğrafiya o qədər də böyük əhəmiyyət kəsb edə bilməz. Ona görə ölkəmizin səyi həm də nəqliyyat sahəsində regional əməkdaşlığın möhkəmləndirilməsinə yönəldilib. Bu əməkdaşlıq Şərq-Qərb nəqliyyat dəhlizinin reallaşmasında da özünü aydın göstərir. Sözügedən tədbirdə Prezident İlham Əliyev bu layihənin yekunlaşmaq üzrə olduğunu və artıq ilk sınaq yük qatarının Asiyadan Avropaya Azərbaycan ərazisindən hərəkət etdiyini bildirib.

İcra edilməkdə olan digər bir layihə isə Şimal-Cənub nəqliyyat dəhlizidir. Azərbaycan bu layihənin icrası istiqamətində də mühüm tədbirlər görüb və əməli addımlar atıb. Həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm əhəmiyyətini qeyd edən dövlət başçısı demişdir: “Xəritəyə nəzər salsanız aydın olar ki, hər iki dəhliz əlavə fəaliyyət sahəsi yaradacaq, artımı və sənayenin inkişafını stimullaşdıracaq, müxtəlif dövlətlərə və şirkətlərə vaxta qənaət etməklə yüklərini ixrac etmək imkanı verəcək. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri vasitəsilə yük nəql edən şirkətlər iki həftəyədək vaxta qənaət etmiş olacaqlar”.

Beləliklə, Azərbaycan “Əsrin müqaviləsi”nin imzalandığı tarixdən - 1994-cü il sentyabrın 20-dən indiyədək dünyada beynəlxalq əməkdaşlıq formatı yaradıb və onu getdikcə genişləndirir.

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2016.- 20 dekabr.- S.1.