Zamanının böyük şairi

 

Səməd Vurğun - 110

Səməd Vurğunonun təmsil etdiyi yaradıcı nəsil avtoritar cəmiyyətin ədəbi-siyasi gerçəkliyi müstəvisində yazıb yaratmışlar. Sərt siyasi rejimə, ədəbi-estetik fikrə müdaxilələrə baxmayaraq bu dövrdə Azərbaycan ədəbiyyatı poetik sistem etibarı ilə böyük inkişaf yolu keçmişdir.

Hakim siyasi rejimə əks ədəbi-fəlsəfi təlimlərin, onları təmsil edənlərin taleyi məlumdur. Dünya klassiklərinin kralların, şahların şəninə söylədikləri mədhiyyələr siyasi-dini məzmunlu ədəbi ritorikadan başqa bir şey deyil. Bu gün onların tarixi mənası milli dillərin, bədii ifadə sisteminin təkamül reallığı kimi maraqlıdır. Biz bu ritorikanı qəbul edir, ancaq yaxın keçmişin böyük tarixi diktatorlarına həsr edilmiş siyasi-ədəbi ritorikanı qəbul etmirik. Əslində belə psixoloji durum yaxın zamanın hadisələrinin indinin sosial reallıqları zəminində inkarıdır. S.Vurğun, S.Rüstəm, R.Rza, M.Müşfiq, eləcə də orta nəslin yaradıcılığı belə siyasi ritorikadan xali deyildi. Lakin təkcə 1920-1930-cu illərin bədii fakt mənzərəsi tamam başqa mətləblərdən xəbər verir. Sovet rejiminin ilk 25 ili ərzində ədəbi prosesdə plüralizm mövcud idi. Bədii düşüncədə milli özünüdərk, milli istiqlal amalı alt qata köçmüşdü. Səməd Vurğunun 1934-cü ildə yazdığı Azərbaycan şeiri milli istiqlalın yeni biçimdə poetik məramnaməsi idi. Professor Mir Cəlalın tarixi həqiqətə söykənən sözləri ilə desək, Azərbaycanı şeirə gətirən Səməd Vurğun oldu. XX əsr boyuindiS.Vurğun poeziyası Azərbaycanın poetik rəmzidir. M.Cəlalın bu mülahizəsinin alt qatında Azərbaycanın tarixi, müasir ictimai varlığı və bədii düşüncə, obrazlı ifadə sistemi dayanır. Azərbaycan şeiri əslində xalqın ruhunda əbədi kök salmış himndir.

Səməd Vurğun milli istiqlal hərəkatının beşiyi başında duran qüdrətli sənətkardır. Vaqif dramı Azərbaycanın tarixi taleyinin, bir xalq kimi yaşamaq, var olmaq mücadiləsinin tragizmini ifadə etməklə yanaşı, dünya xalqları içərisində çağdaş təsdiqinin ədəbi-mənəvi qaynaqlarındandır. Xalq dramı kimi etiraf olunan Vaqif xalqın varlığını ehtiva edən tarixi, siyasi-mənəvi institutların təsdiqi idi. Molla Pənah Vaqifin ədəbi missiyası Vaqif dramında xalqın obrazı səviyyəsinə yüksəlmişdi. Ən qatı siyasi rejimə meydan oxuyan Vaqif - Səməd Vurğun idi, millətin danışan dili, xalqın müstəqillik amalının daşıyıcısı idi. Təkcə Azərbaycan şeiriVaqif dramı Azərbaycan Xalq Cümhuriyyəti ideyalarının ədəbi mətndə ifadə olunmuş böyük tarixi missiyanı icra etmiş abidələrdir.

Vaqif əsərinin janrı ilə bağlı tədqiqatları tarixi-xronoloji səpkidə araşdıran Ramin Əhmədov Vaqif dramındakı hadisələrə tarixi kontekstdə də nəzər yetirir. Lakin Vaqif dramının mərkəzində dayanan tragizmin M.P.Vaqifin bioqrafiyasında axtarmaq problemin zahiri tərəfidir. S.Vurğunun Vaqifi 1930-cu illər Azərbaycan gerçəkliyinin sənətkarıdır. Faciə haqqında sovet məkanında ilk və hələ ki ən sanballı əsərin müəllifi Y.Borev daha haqlıdır: ...lirik-fəlsəfi monoloq, düşüncə faciədə başqa heç bir yerdə olmadığı qədər böyük rol oynayır. Hamletin məşhur olum ya ölüm monoloqunun böyük ideya-bədii mənasını başa düşmək üçün çox mühüm bir açar faciənin bu xüsusiyyətində gizlənir.

Sovet incəsənətində adını çəkdiyimiz xüsusiyyət böyük bir qüvvət və aydınlıqla Səməd Vurğunun fəlsəfi cəhətdən müdrik faciəsi Vaqifdə meydana çıxır. Həyatın mənası haqqında faciənin dərin bədii mahiyyətindən qopub gələn gözəl düşüncə nümunələrindən birini misal gətirək. Vaqif öz oğluna xitab edərək deyir:

Sən insan oğlunun taleyinə bax!..

Ona göz dağıdır yerdə yaşamaq,

Lakin ayrılmayır dünyadan ürək,

Ətirlər qoxuyan hər gül, hər çiçək.

Göylərə baş vuran bu qəlbi dağlar,

Dağlar döşündəki şır-şır bulaqlar,

Hər yaşıl mənzərə , hər sarı sünbül,

Güllərin başına dolanan bülbül,

Bizim bu yerlərin gözəl elatı,

Çoban tütəyindən axan bayatı.

Həyata çağırır hər zaman bizi

Yaradır, yaşadır hər nəğməmizi...

Oğlum, düşündükcə, duyduqca dərin -

Qollarda səslənən bu zəncirlərin

Günəşli-gündüzlü bir sabahı var,

Ölsün gələcəyə inanmayanlar.

Cənub mövzusu Azərbaycan ədəbiyyatında milli istiqlal ideyalarının daşıyıcısı kimi 1940-cı illərdən başlayaraq ədəbi fikirdə təkcə cənub dərdini yox, ümumən o taylı bu taylı bütöv bir xalqın tarixi taleyi və gələcəyi naminə poetik tribuna olmuşdur. Şübhəsiz ki, S.Vurğun, S.Rüstəm, R.Rza, M.İbrahimov ənənələrindən kənar milli istiqlal ədəbiyyatı təbii ki, mövcud olmazdı. İkinci Dünya müharibəsinin acı nəticələrinin, Azərbaycan xalqına urcah etdiyi problemlər ayrı-ayrı fərdlərin yox, böyük bir xalqın faciəsi idi. Əslində Səməd Vurğunun şah rejiminə tuşlanan nifrəti, eyni biçimdə yaşadığı rejimə də meydan oxumaq idi. Körpünün həsrəti bəşəri bir kədər ovqatı aşılayır, Yandırılan kitablar isə milli-mənəvi varlığa tuşlanan cəlladın əməllərinə poetik üsyandır. 1947-ci ildə İran irticaçılarının Azərbaycan dilində yazılan kitabların tonqallarda yandırılması S.Vurğun vətəndaşlığının, şair cəsarətinin parlaq ifadəsidir:

Cəllad! Mənim dilimdədir bayatılar, qoşmalar,

De, onları heç duydumu sənin o daş ürəyin?

Hər gəraylı pərdəsində min ananın qəlbi var...

Hər şikəstəm övladıdır bir müqəddəs diləyin;

De onları heç duydumu sənin o daş ürəyin?

Səməd Vurğun sənətinin ən böyük tarixi missiyası bu gün davam edən estetik tutumu Azərbaycan poeziyası tarixində yeni poetik sistem yaratmasıdır. Milli bədii düşüncə - M.P.Vaqif, aşıq poeziyasının yaddaşı kimi S.Vurğun şeirində zahirən çox sadə görünən poetik sistemi reallaşdırdı. Məlum poetik kanonlar sanki hər bir azərbaycanlının deyə biləcəyi, yaza biləcəyi, lakin əlçatmaz bədii estetik tutum qazandı. Milli mədəniyyət tipinin yeni mərhələsini bərqərar etdi.

S.Vurğun poeziyasının məhək daşı olan azərbaycançılıq bu gün öz missiyasını davam etdirdiyi kimi onun ədəbi-nəzəri irsi humanitar fikrin metodoloji axtarışlarında iştirak edir. M.F.Axundzadədən sonra məhz S.Vurğun dünya nəzəri-estetik fikrinin dövriyyəsinə daxil olmuşdur. Onun Rusiya mətbuatında çap olunan ədəbi-nəzəri məqalələri dövrün ən sanballı tədqiqatlarının, aparıcı fikir adamlarının mübahisə, müzakirə predmetinə çevrilmişdir.

Bugünkü elmi reallıqlar baxımından onun nəzəri irsində əsaslandırılmış ədəbiyyatın immanent qanunauyğun inkişaf tarixinə əsaslanan, ədəbi fikrin dövrləşdirilməsi ilə bağlı konsepsiyadır. S.Vurğun xalqın mənəvi tarixini məhdud zaman məkan çərçivəsində təsəvvür etmirdi. Böyük şairin tarixilik barədə mülahizələrinin mərkəzində bunlar dayanır. Müasir zaman hüdudları sənətkar üçün şərtidir. Keçmişin ən nəcib, xeyirxah, humanist sərvətləri bugünün sərvətidir. Azərbaycan ədəbiyyatı müharibə illərində məqaləsində onun elmi-nəzəri imkanları daha konkret görünür. O qədər böyük olmayan zaman kəsiyində ədəbiyyatın inkişafında bir neçə mərhələni duyur konkret əsərlərin təhlili ilə reallaşdırırdı. Birinci dövrdə publisistika, nikbin çağırış üstünlük təşkil edir, ikinci mərhələdə müharibənin dəhşətləri, onun mənəvi ağrıları, arxa cəbhə təsvir olunur. O, operativlik, aktuallıq baxımından ədəbiyyatın rolunu yüksək qiymətləndirirdi. Lakin yüksək sənət kredosunu hər bir amildən üstün tuturdu. Təsadüfi deyil ki, müharibə illərində ədəbiyyatımızın üçüncü bir dövrünü yaşadığımız zamanın böyük fəlsəfi ümumiləşdirmələrini vermək mərhələsi adlandırırdı. O, müharibənin ictimai, mənəvi fəlsəfi mahiyyətini bədii gerçəkliyə çevirməyi tələb edirdi: Etiraf etmək lazımdır ki, müharibə yalnız müxtəlif arzuların, müxtəlif xalqların çarpışması demək deyildir. Müharibə eyni zamanda, müxtəlif dünyagörüşlərin, həyata, insana, hətta təbiətə müxtəlif fəlsəfi baxışların çarpışması deməkdir.

S.Vurğunun ədəbi inkişafı ictimai gerçəkliyi paralel izləmək buradakı fərqli amilləri ümumiləşdirmək , əsaslandırmaq istedadı heyrət doğurur. Humanitar fikrin, o cümlədən ədəbiyyatın dövrləşdirilməsi problemi son illərin ən aktual mövzularındandır bu sahədə S.Vurğunun konsepsiyası öz dövründə olduğu kimi bu gün ciddi metodoloji əhəmiyyət kəsb edir.

O, üçcildlik Azərbaycan tarixi və Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi ilə bağlı yazırdı: Sovet dövrü ədəbiyyatı tarixinin dövrləşdirilməsi, fikrimcə, yaradıcılıq prosesinin ən xarakterik mərhələlərini, yalnız tədqiq olunan dövrün tipik ictimaiictimai-iqtisadi dəyişikliklərini deyil, həm də başlıca olaraq bədii ədəbiyyatın özünün inkişafının daxili qanunauyğunluğu üçün tipik olan mərhələləri ifadə etməlidirlər. Bax buna görə də alimlərimiz sovet ədəbiyyatı tarixini dövrləşdirmək problemini düzgün həll etmək işində tarixin dövrləşməsindən geniş istifadə etmək, onu əsas götürməklə yanaşı, həmin dövrləşdirmənin mexaniki olaraq bədii ədəbiyyat tarixinə köçürülməsindən çəkinməlidirlər.

Milli ədəbi-nəzəri fikrin metodoloji təcrübəsini tarixi kontekstdə öyrənib onun müasir yaşarlığını üzə çıxarmaq baxımından S.Vurğunun nəzəri irsi hələ dürüst qiymətləndirilməmişdir. S.Vurğunun elmi-nəzəri irsinin poeziyası ilə müqayisədə kölgədə qalması AMEA-nın təsisçilərindən biri kimi onun halal haqqının danılması, bəzən şüurlu, bəzən də faktik materiala səriştəsiz münasibətdən irəli gəlir. Səməd Vurğunla eyni vaxtda AMEA-ya həqiqi üzv seçilən Mirzə İbrahimovun da akademikliyi onların ictimai-siyasi nüfuzu ilə bağlanmış, humanitar fikrimizin inkişafındakı xidmətləri arxa planda qalmışdır. Birinci amilin rolu şübhəsizdir, lakin XX əsrin humanitar fikir tarixinə yenidən nəzər yetirdikdə görürük ki, Səməd Vurğun və Mirzə İbrahimov hələ 1930-1940-cı illərdə milli-mənəvi tərəqqiyə istiqamət verən şəxsiyyətlər idilər.

Səməd Vurğun böyük şair olduğu kimi, eyni çəkidə böyük alim, mütəfəkkir idi. Müraciət etdiyi humanitar fikrin nəzəri, tariximüasir problemlərini onun qədər qlobal elmi-ədəbi düşüncə müstəvisində təhlil edən fitri istedad sahibi tarixin nadir zaman kəsiyində yetişir. XX əsr Azərbaycan humanitar fikri bütün istiqamətləri ilə bu böyük şəxsiyyətin cazibəsində olmuşdur. Yaradıcılıq metodu, yaradıcılıq psixologiyası (şairin hüquqları), poeziyanın, tərcümə sənətinin mübahisələrə çevrilən ən mürəkkəb problemləri haqqında Səməd Vurğunun fikirləri çox zaman yekun sözü kimi qəbul edilirdi.

Müstəqillik illərində ortaya çıxan tədqiqatlar Səməd Vurğun haqqında yeni yazılacaq əsərlərin başlanğıcıdır. Yeni yanaşma prinsipləri meydana çıxdıqca böyük şairin irsininyeni ideya-poetik dəyərləri ortaya çıxacaq.

 

Şirindil ALIŞANLI,

filologiya elmləri doktoru, professor

 

Azərbaycan.- 2016.- 20 dekabr.- S. 6.