Söz naxışlı ulu sənətkarlarımız

 

Şirvan aşıq məktəbinin görkəmli nümayəndəsi

 

Azərbaycan aşıq sənətinin inkişafında müstəsna xidmətləri ilə yadda qalan Aşıq İbrahim (Güliyev İbrahim Gülü oğlu) XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində yaşayıb yaratmışdır. O, 1860-cı ildə Şamaxı rayonunun Əngixaran kəndində anadan olmuş, uşaq vaxtlarından valideynlərini itirmiş, dayıları Xəlil və Pənahın himayəsində böyümüşdür.

Dayısı Aşıq Xəlil onun çox şirin, məlahətli səsinin olduğunu görüb elə uşaqlıqdan özü ilə məclislərə apararmış. İbrahim ustad sənətkar yanında püxtələşərək dövrünün adlı-sanlı aşıqlarından olmuşdur. Gözəl avazı və hazırcavablığı gəncə böyük şöhrət gətirmişdir. Tez bir zamanda Şirvanda məşhurlaşmışdır.

Aşıq İbrahim Azərbaycan ellərini oymaq-oymaq gəzib dolaşmış, Naxçıvandan tutmuş Tiflisə, Mərənddən Dərbəndə qədər təşkil olunan məclislərdə iştirak etmişdir. Ustad sənətkar özünə layiq şagirdlər yetirmişdir. Onlardan Daşdəmir, Sədrəddin və Muraddin kimi aşıqların adı indiyədək xalq arasında hörmətlə çəkilir.

Aşıq İbrahimin sənətkarlıq fəaliyyətində öz dəstxətti var idi. O, məclisə girəndə bəstələdiyi “İbrahim” havası ilə camaatı salamlayırdı. Onun xalq yaddaşında qalmış xeyli əsərləri məlumdur. “Üç gül” qoşması isə dillərdə əzbərdir:

Yarın bağçasında üç gül açılmış,

gül, qırmızı gül, bir də sarı gül,

Hər biri bir-birindən sevimli,

gülə yar gözüylə baxmalı,

Qızıl gülü dəstə tutub qoxmalı,

Sarı gülü tər qönçə tək taxmalı,

gül, qırmızı gül, bir sarı gül.

gülü bənzətdim göydə laçına,

Qızıl gülü düzdüm yarın saçına,

İbrahim qurbandır gülün üçünə,

gül, qırmızı gül, bir sarı gül.

Aşıq İbrahimin ən çox oxunan, yadda qalan əsərlərindən biri sevimli oğlunun ölümünə həsr etdiyi şeirdir. Deyilənə görə, təsadüf nəticəsində gözü qarşısında Surxay adlı oğlu dünyasını dəyişmişdir. O, çox qabiliyyətli, mərifətli əməksevər bir gənc idi. Ona görə Aşıq Surxayı o biri oğlanlarından çox istəyirdi. Payız fəsli imiş. Qonşu qadınlar aşığın üstü çardaqlı təndirində çörək bişirirlərmiş. Qadınlardan biri təndirüstü dəstəyə söykənibmiş. Bu zaman necə olursa, dəstək yana əyilir, pərdi dəstəkdən çıxır. Təndirin üstü qadınların başına çökür. Bunu görən Surxay tez özünü yetirir, pərdini çiyninə alıb qaldırır qadınları xilas edir. Pərdini çiyinlərindən buraxarkən paslı bir mismar onun peysərinə keçir. Surxay huşunu itirib yıxılır. Kənddə şivən qopur. Paslı mismarın təsirindən Surxay çox yaşamır, nakam ölür. Bu dəhşətli hadisə aşığı sarsıdır. “Oğluma” adlı şeir yazır. Şeirdə ata yanğısı belə ifadə olunur:

Qəlbim daha heç açılmaz,

Dəhanından dürr saçılmaz,

Bundan müşkül kədər olmaz,

Pünhan-pünhan yanar könlüm.

Qonşuların harayını,

Qohumların ah-vayını,

Nakam ölən Surxayımı,

Yana-yana anar könlüm.

Belə yara qaysaq tutmaz,

Oğul dağı unudulmaz,

Ay İbrahim, qəlbinə yaz,

Günlərini sanar könlüm.

Məlahətli səsi, şirin avazı, zənguləsi, bədahətən şeir deməsi, söz oynatması getdikcə onu bir sənətkar kimi Şirvan mahalında məşhur edir. Sonralar aşığın sorağı Qarabağdan, Muğandan, Naxçıvandan, Arazboyu ellərdən, Dəmirqapı Dərbənddən gəlir.

Şöhrəti bütün Azərbaycana yayılan sənətkar ömrünün son günlərinə kimi saz çalıb, söz qoşmuş, el şənliklərində iştirak etmiş, xalqın dağlar qədər uca, ümman təki geniş dərin məhəbbətini qazanmışdır.

Aşıq İbrahimlə bağlı el yaddaşında “ocaq çatan” xeyli xatirələr vardır.

Söyləyirlər ki, bir gün aşığı Quba mahalına toya aparırlar. Qubada olmasından istifadə edib onu başqa məclislərə dəvət edirlər. Bununla əlaqədar aşığın evə qayıtması bir aya qədər çəkir. Toydan qayıdarkən Çanut meşəsindən keçəndə qaçaqlar yolu kəsirlər. Aşıqdan xəbər çıxmadığını görən qohum-əqrəba belə qənaətə gəlir ki, yəqin onu dəstəsi ilə birgə öldürüblər. Kənddə aşığa ehsan belə verməyə başlayırlar. Bu vaxt uzaqdan Aşıq İbrahimin səsi eşidilir. Atını minən həmin səmtə çapır. Xeyli vaxt keçir, gəlib çıxmırlar. Sən demə, aşıq kənddən xeyli uzaqda oxuyurmuş. Sonradan məlum olur ki, qaçaqlar onu soymaq məqsədilə deyil, səsini-sözünü dinləmək üçün saxlayıblarmış. Üç gün sonra ona xeyli “xələt” verib yola salırlar.

Şirvan aşıqlarının atası Aşıq Bilal (1872-1942), babası isə Aşıq İbrahim (1860-1914) hesab olunur. Rafael Hüseynov “Min ilinci gecə” əsərində yazır: “Aşıq Bilalın ilk ustadı Şamaxının Əngəxaran kəndindən Aşıq İbrahim olub. İlk müəlliminin yanında dərs alıb öyrənməli olduğunu öyrəndikdən sonra ayrılıq günü çatır. O vaxt da qayda beləymiş ki, ustad öz şəyirdini tamam eləyəndə ustad şilləsi vurmalı imiş. Ancaq Aşıq Bilalın oxuması əngixaranlı İbrahimin o qədər xoşuna gəlir ki, deyir: “Sənə aşıqlığın ustad şilləsini mən vururam. Ancaq səndə xanəndəlik irsi var”.

Vaqif Yusifli Şirvan aşıqları barədə bir məqaləsində yazır ki, Ağsu şəhərində yaşayan balabançı ustad Əli Kərimovun (1874-1962) nəvəsi Fikrət Əliyev danışır: “Babam deyərdi ki, o dövrdə bütün Şirvanda Aşıq İbrahim kimi gözəl səsli bir sənətkar olmayıb. Zili-zil, bəmi-bəm yerində elə oxuyarmış ki, hamı nəfəs belə çəkməzmiş. Qocalanda da o, aşıqlığı atıb azan verirmiş. Mirzə (Aşıq Mirzə Bilal nəzərdə tutulur) ilə babamın (Əli Kərimov nəzərdə tutulur) dostluğu on üç-on dörd yaşlarında başlayıb. On yeddi-on səkkiz yaşlarında aşıqlığın bir çox sirlərinə bələd imişlər. Sözü bir yerə qoyurlar ki, Əngixarana Aşıq İbrahimin yanına getsinlər, görsünlər ki, onlardan sənətkar çıxarmı? Axşam tərəfi imiş, kənddə toy-mağara qurulubmuş. Ortalıqda gəzən toybəyiyə deyirlər ki, əgər icazə versəniz, Aşıq İbrahimə sözümüz var. Keçirlər içəri. Toy qurtarana kimi ustada qulaq asırlar heyrətlənirlər. Hətta peşman olurlar ki, birdən uğursuzluğa düçar olarlar. Toy qurtarır ustad soruşur ki, kim idi məni axtaran? “Biz idik” - deyirlər. “Bala, hardansınız “Mən Qəşəd kəndindənəm. Mustafanın oğlu, adım Bilal”, “Mən Kalva kəndindən. Gəlmişik, bizi yoxlayasınız. Görək bizdən aşıq çıxar, yoxsa yox”. Ustad onların qabiliyyətini yoxlayır, görür ki, hər ikisi mahir çalğıçıdır. Əlini kürəklərinə vurub deyir ki, əhsən, bu vaxtacan belə yetişmiş sənətkar görməmişəm. Gedin, sizə tay olmayacaq...

Aşıq İbrahim oğlu Surxayın ölümündən sonra qəhərindən aşıqlıqdan imtina edir. Onu Cümə məscidinə azan verməyə dəvət edirlər. Kəndin adamları Şamaxıdan 10 kilometr aralı Pərdili adlanan yerdə kotan sürərkən belə onun azanının səsini eşidib namaz qılırlarmış.

Deyilənə görə, aşığın altı qızı (Əcəb, Nisbət, Cəmilə, Minayə, Ümgülsüm Sabi) altı oğlu (Etibar, Surxay, Umbay, Nüsrəddin, Abdülxalıq Əlibaba) olub. El sənətkarı 1914-cü ildə vəfat etmiş kənd qəbiristanlığında dəfn olunmuşdur.

Şirvan aşıq məktəbinin görkəmli nümayəndəsi Aşıq İbrahim bütün həyatını xalqa xidmətdə keçirmişdir. Onun nəvəsi, arxeoloq Fərhad Əlibaba oğlu İbrahimov Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirmişdir. 1959-cu ildən Azərbaycan EA-nın Tarix İnstitutunun arxeologiya şöbəsində elmi işçi vəzifəsində çalışmışdır. 1965-1968-ci illərdə SSRİ EA-nın Leninqrad bölməsində tanınmış alim A.L.Yakobsonun rəhbərliyi ilə arxeologiya ixtisası üzrə aspiranturada oxumuşdur. O, Örənqala arxeoloji qazıntılarında aşkara çıxarılmış bütün metal məmulatlarını hərtərəfli tədqiq edərək “IX-XIII əsrlərdə Azərbaycan şəhərlərində metalişləmə sənəti (arxeoloji və etnoqrafık materiallar əsasında)” adlı dissertasiya yazmış və 1969-cu ildə müdafiə etmişdir. 1988-ci ildə həmin mövzunu daha geniş işləyərək monoqrafiya şəklində çapdan çıxarmışdır. Örənqala və Şirvan arxeoloji ekspedisiyasının Şamaxı, Ağsu, İsmayıllı dəstələrinin çöl-tədqiqat işlərində yaxından iştirak etmişdir. 1969-cu ildən Bakı arxeoloji ekspedisiyasında dəstə rəisi, rəis müavini işləmiş və 1976-cı ildən bu ekspedisiyanın rəhbəri olmuşdur. 6 kitabın və 100-dən çox elmi məqalənin müəllifıdir. 3 kitabı və 60 məqaləsi bilavasitə Bakının orta əsr arxeologiyasına həsr edilmişdir. Şəhər həyatı, şəhər sənətkarlığı, xüsusilə metalişləmə, saxsı məmulatı, fayans qablar, bədii incəsənət və s. sahələrə aid əsərlər yazmışdır. Bakı, Moskva, Sankt-Peterburq, Kiyev, Lvov, Səmərqənd, Daşkənd, Tbilisi, Buxara, Minskbaşqa şəhərlərdəki konfranssimpoziumlarda məruzələrlə çıxış etmişdir. Uzun illər Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində “Arxeologiya”, “Orta əsr Azərbaycan şəhərlərinin tarixi” kurslarına dair mühazirələr oxumuşdur.

Aşıq İbrahimin nəticəsi Fərhad İbrahimovun oğlu Rasim İbrahimov böyük musiqi istedadına malik olub, ata babasının yolunu davam etdirmişdir. O, konservatoriyanın bəstəkarlıq fakültəsini bitirmişdir. Hazırda Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Böyük Britaniya Musiqi Akademiyasının fəxri üzvüdür. Dəfələrə ümumittifaq müsabiqələrin laureatı və bir çox klassik musiqi əsərlərinin müəllifidir. Rasim İbrahimov indi Amerikada yaşayır.

Xalqımızın mənəvi yaddaşının söz naxışı olan ulu sənətkarlarımızın nurlu ömür yolu bugünümüzə də işıq saçır. Əngixaranlı Aşıq İbrahim də məhz belə sənətkarlardan idi.

 

Kamil İBRAHİMOV,

professor

 

Azərbaycan.- 2016.- 20 dekabr.- S. 6.