Şəhid, vətəndaş, heykəltəraş Samir Kaçayev Xalq Əmanətində

 

Xalq Bankın Xalq Əmanəti layihəsi bu ilin aprel ayında erməni silahlı birləşmələrinin cəbhə xəttində törətdiyi təxribat nəticəsində başlayan döyüşlərdə qəhrəmancasına şəhid olmuş Samir Kaçayevin həyat və yaradıcılığına müraciət edib. Layihənin sayca on dördüncü nəşri - Heykəltəraşlıq bədii albomu gənc sənətkarın qısa, lakin olduqca dolğun ömür və yaradıcılıq yolunu ehtiva edir.

Samir Ziyatin oğlu Kaçayev 1994-cü il, mart ayının 6-da Şamaxı rayonunun Çuxuryurd kəndində sadə bir ailədə anadan olub. Kiçik yaşlarından sənətə böyük marağı olan Samir rəsm çəkməyi, heykəl düzəltməyi çox sevirdi. Odur ki, orta məktəbi bitirib Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil oldu. 2015-ci ildə akademiyanı müvəffəqiyyətlə bitirərək heykəltəraş ixtisasına yiyələndi. Magistraturaya daxil olub hərbi xidmətə yollandı. Lakin ömür yolu qısa oldu. Aprel ayının 1-dən 2-nə keçən gecə düşmən təxribatı nəticəsində alovlanan döyüşlərdə torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucaldı. Samir Kaçayev göstərdiyi rəşadətə görə ölümündən sonra İgidliyə görə medalı ilə təltif olundu. Samir yaşadığı qısa ömür ərzində böyük işlər görməyə müvəffəq olmuşdur: o, yaratdığı əsərləri ilə, sənətə baxışı, insanlara münasibətilə, vətənə sevgisi ilə onu tanıyanların rəğbətini, həmkarlarının hörmətini, minlərlə həmvətəninin dərin ehtiramını qazanmışdır. Nəşr olunan alboma gənc sənətkarın 50-dən çox heykəltəraşlıq və qrafika işləri daxil edilib. Burada Samir Kaçayevin həyat və yaradıcılığının bütün mərhələləri əks olunub.

Xalq Bankın rəsm qalereyasında təşkil olunan təqdimat mərasımində şəhid heykəltəraşın ailə üzvləri, dostları, müəllimləri, tanınmış incəsənət adamları, ictimai xadimlər, Milli Məclisin deputatları iştirak edirdilər. Milli Məclisin deputatı, akademik Rafael Hüseynov mərasimi açaraq qonaqları salamladı və bu gün Samirin aramızda olmadığına üzüldüyünü bildirdi. Müharibənin ən yaxşıları apardığını deyən deputat, Samir Kaçayevin ruhunun, onun bizə əmanət etdiyi irisi ilə ətrafımızda olduğunu bildirdi. Onun hər bir işində yeni fikirin, baxışın, yanaşmanın sezildiyini, Samirin vaxtilə daim axtarışda olduğunubu axtarışı xaotik deyil, məhz əsl yaradıcı tədqiqat kimi qiymətləndirən Rafael Hüseynov sözü qonaqlara verdi. Samirin böyük istedada, böyük ürəyə malik bir gənc olduğunu söyləyən akademik Ömər Eldarov Samir Kaçayev haqda xatirələrini bölüşdü: O, savadlı, mehriban və özünə qarşı tələbkar bir insan idi. Onun yaratdığı əsərlər bizə böyük, gənc yaşlara sığmayan qəlb müdrikliyindən xəbər verir. Biz hələ də Samirin itkisinin şokundayıq. Son dərəcə istedadlı, yüksək inkişaf potensialı olan bir gəncin həyatı yarımçıq qaldı. Müharibələr minlərlə insanın həyatına son qoyur. Bəşəriyyət, insanlar nəhayət ki, düşünməlidir, nə vaxta qədər bu faciələr davam edəcək, nə vaxta qədər anaların göz yaşları axacaq. Samirin müəllimi Əməkdar incəsənət xadimi, professor Akif Əsgərov Samirin son dərəcə zəhmətsevər, üzərində çalışmaqdan yorulmayan, öz dəst-xəttini, üslubunu formalaşdırmış bir peşəkar heykəltəraş olduğunu söylədi. Akif müəllim Samir itkisinin təkcə onun ailəsinin, yaxınlarının deyil, bütövlükdə Azərbaycan xalqının, mədəniyyətinin, incəsənətinin itkisi olduğunu vurğuladı.

Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik-leytenant Faiq Qəribov Samir Kaçayevin igid, cəsur əsgər olduğunu bildirdi. O, Samirin valideynlərinə belə övlad yetişdirdiklərinə görə minnətdarlığını bildirdi. Qeyd edildi ki, Samir Kaçayevin döyüş meydanında göstərdiyi rəşadət Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmiş və ölümündən sonra İgidliyə görə medalı ilə təltif olunmuşdur.

Heykəltəraşın tədbirdə iştirak edən dostu, tələbə yoldaşı Zamiq Rzayev Samirin daim dostlarının ürəyində yaşayacağını bildirdi. Əsgər yoldaşı Müşfiq Bayramov isə Samirin simasında ən yaxın dostunu, sirdaşını itirdiyini dedi.

Çıxış edənlər bu axşamı təşkil etdiyinə görə Xalq BankaXalq Əmanəti layihəsinin yaradıcı heyətinə minnətdarlığını bildirdilər. Tədbirin rəsmi hissəsi bitdikdən sonra qonaqlar Samir Kaçayevin sərgidə nümayiş olunan əsərləri ilə tanış oldular. Şəhidin valideynləri - anası Əminə xanım, atası Ziyatin kişi Samiri əsərləri vasitəsilə yenidən kəşf edir, onun əllərinin, barmaqlarının izləri həkk olunmuş heykəllərə toxunmaqdan doymurdular.

Xatırladaq ki, Xalq Əmanəti layihəsi Xalq Bank tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar üç dildə - Azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin aliorta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur.

 

Azərbaycan.- 2016.- 20 dekabr.- S.7.