Yazıçılar Birliyində şair-publisist, hərbçi Abdulla Qurbaninin 60 illik yubileyi qeyd olunub

 

Dekabrın 19-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, şair-publisist, rejissor, əməkdar incəsənət xadimi Abdulla Qurbaninin 60 illik yubileyi qeyd edilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən AYB-nin sədri, xalq yazıçısı Anar Azərbaycan ədəbiyyatında vətənpərvərlik mövzusundan, yazıçı və şairlərimizin ordu ilə əlaqələrindən danışıb. Müdafiə Nazirliyində Azərbaycan yazıçıları ilə keçirilən görüşü xatırladan AYB-nin sədri bildirib ki, bugünkü yubiley tədbiri də ordu ilə yazıçılar arasında əməkdaşlığın bir nümunəsidir.

Xalq yazıçısı Anar hərbçi və şair kimi yüksək dəyərləndirdiyi Abdulla Qurbanini 60 illik yubileyi münasibətilə təbrik edib, ona yeni-yeni yaradıcılıq uğurları arzulayıb.

Sonra yubilyara Yazıçılar Birliyinin Fəxri fərmanı təqdim olunub. AYB-nin sədrinə isə Respublika Veteranlar Təşkilatının Veteran həmrəyliyi medalı təqdim edilib.

Xalq şairi Fikrət Qoca yubilyarın həyat yolundan, bədii yaradıcılıq axtarışlarından, xüsusilə onun vətənpərvərliyindən söz açıb.

Milli Məclisin deputatı Xanhüseyn Kazımlı isə Abdulla Qurbani ilə tez-tez cəbhə bölgəsində olduqlarını vurğulayıb, əsgərlərlə görüşlərindən danışıb, onun istər poeziyasının, istər publisistikasının, istərsə də mahnı və hərbi marşlara yazdığı mətnlərin Vətənə, torpağa məhəbbətdən rişələndiyini diqqətə çatdırıb.

AZƏRTAC-ın Baş direktorunun müavini, şəhid atası Dağbəyi İsmayılov çıxışında Abdulla Qurbani ilə Murovdağa - ön cəbhəyə səfərlərindən söz açaraq hər zaman onun daxilindəki tükənməz enerjiyə heyran qaldığını bildirib. Vurğulayıb ki, Abdulla Qurbaninin daxilindəki bu enerji onun Vətən sevgisindən, doğma el-obaya bağlılığından qaynaqlanır. D.İsmayılov onu da diqqətə çatdırıb ki, bu gün hər bir şəhid ailəsində Abdulla Qurbanini tanıyır və sevirlər. Abdulla Qurbaninin ssenarisi ilə keçirilən kütləvi vətənpərvərlik tədbirlərinin, televiziya tamaşalarının hər biri, şəhidlərə həsr etdiyi şeirlər mükəmməl vətənpərvərlik dərsidir. Məhz buna görə o, şəhid ailələrinin sevgisini qazana bilib.

Sonda tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən Abdulla Qurbani bundan sonra da sözün və Vətənin keşiyində duracağını və yeni əsərləri ilə Azərbaycan ədəbiyyatına töhfələr verəcəyini bildirib.

 

Azərbaycan.- 2016.- 20 dekabr.- S.7.