Rauf Məmmədov Avropa çempionatında iki medal qazandı

 

Estoniyanın paytaxtı Tallinndə şahmatın rapidblits növləri üzrə Avropa çempionatı başa çatmışdır. Yarışlarda ölkəmizi beynəlxalq qrossmeyster Rauf Məmmədov təmsil etmişdir. Bir çox tanınmış şahmatçının iştirak etdiyi çempionatda ilk olaraq rapid üzrə yarışlar keçirilmişdir. Ardıcıl olaraq 9 qələbə qazanan şahmatçımız sonuncu tur ərəfəsində qızıl medala yiyələnmək üçün ən real namizəd idi. Belə ki, rusiyalı Aleksandr Ryazantsevlə görüşdə Raufu heç-heçə də qane edirdi. Lakin bu görüşdə də qələbə qazanmağa çalışan şahmatçımız təşəbbüsü əldən vermişdir. Son turdakı uğursuzluq nəticəsində şahmatçımız bürünc medal əldə etmişdir.

Rapid üzrə Avropa çempionatının qalibi isə 9,5 xalla Aleksandr Ryazantsev olmuşdur. Eyni sayda xal toplamış digər rusiyalı şahmatçı Maksim Matlakov əlavə göstəricilərə görə yarışların gümüş medalına yiyələnmişdir.

Srağagün isə blits üzrə yarışlar başlamışdır. Xatırladaq ki, ötənilki sürətli şahmat yarışlarında Rauf Məmmədov Avropa çempionu adına layiq görülmüşdür. O, yenidən qitə yarışlarının qalibi olmaq üçün mübarizəyə qoşulmuş və 6 rəqibi ilə 12 partiya oynayaraq qalib kimi növbəti mərhələyə vəsiqə qazanmışdır. Təəssüf ki, ilk oyun gününün sonuncu partiyasında şahmatçımız rusiyalı qrossmeyster Dmitri Andreykinə məğlub olmuşikinci pillədə qərarlaşmışdır.

Növbəti gün keçirilmiş oyunlarda uğurlu çıxışını davam etdirsə də, sonda Andreykinə çata bilməyən Rauf 20,5 xalla gümüş medala layiq görülmüşdür. Rusiyalı qrossmeyster isə 22 xalla qalib olmuşdur. Bürünc medalı belaruslu şahmatçı Sergey Jiqalko qazanmışdır.

Beləliklə, son illər nəticələrini xeyli yaxşılaşdırmış Rauf Məmmədov budəfəki qitə çempionatında da iki medal qazanmaqla dünya cədvəlindəki reytinqini daha da yaxşılaşdırmışdır.

Rauf  Məmmədov 1988-ci il aprelin 26-da Bakı şəhərində anadan olmuşdur. Şahmat oynamağa 7 yaşından başlayıb. 2004-cü ildə qrossmeyster adını qazanmışdır.  Ölkə çempionatının üçqat qalibidir.

O, 2009-cu ildə Serbiyanın Novi Sad şəhərində 2013-cü ildə Polşanın paytaxtı Varşavada keçirilən şahmat üzrə milli komandaların Avropa çempionatında qızıl, 2007-ci ildə isə bürünc medal qazanmışdır.

2009-cu ildə Rauf Məmmədov Texas ştatının Lubbock şəhərində keçirilən 16-cı kateqoriyalı SPİCE kubok turnirində 1-3-cü yerləri bölüşmüşdür.

2011-ci ildə Corsica Masters blits turnirinin qalibi olmuşdur.

2015-ci ildə Minskdə keçirilən şahm

at üzrə Avropa blits çempionatının qalibidir.

Rauf Məmmədov 2015-ci 2016-cı ildə keçirilən beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Şəmkir beynəlxalq şahmat turnirinin iştirakçısı olmuşdur.

 

Azərbaycan.- 2016.- 21 dekabr.- S.8.