Akif ƏLİZADƏ: “Elm və təhsilin inteqrasiyası AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindəndir”

 

Dekabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bu qurumun ümumi yığıncağı və Təhsil Nazirliyinin Kollegiyasının birgə elmi sessiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadənin “Elm və təhsil: problemlər və perspektivlər” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, elmi sessiyanın məqsədi Azərbaycanda elmlə təhsilin inteqrasiyası istiqamətində əldə olunmuş nailiyyətləri və qarşıda duran vəzifələri müzakirə etməkdir.

Akademik A.Əlizadə deyib ki, son illər AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini elm və təhsilin inteqrasiyası təşkil edir. Artıq akademiyanın bir sıra institut və təşkilatlarında bəzi ali təhsil müəssisələrinin 20-dək baza kafedraları yaradılıb, birgə kadr hazırlığına dair əməkdaşlıq memorandumları imzalanıb. Elm və təhsilin inteqrasiyası sahəsində ən mühüm nailiyyət AMEA-da magistratura təhsilinin yaradılmasıdır. “SABAH” qruplarında təhsil alan tələbələrin AMEA-nın elmi müəssisələrində təcrübə keçdiklərini qeyd edən akademik A.Əlizadə institutlarda təhsil şöbələrinin formalaşdırılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb.

Son illər dövlətin bilavasitə dəstəyi sayəsində elmdə normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini deyən AMEA-nın rəhbəri “Elm haqqında” qanunun Prezident İlham Əliyev tərəfindən təsdiq olunmasını mühüm addım kimi dəyərləndirib. Qeyd edilib ki, sənəddəki yeniliklərdən biri dövlət başçısının bilavasitə təşəbbüsü ilə magistrdoktorantlara hərbi xidmətdən möhlət hüququnun verilməsidir. Vurğulanıb ki, vacib məqamlardan birielmi fəaliyyətin akkreditasiyası ilə əlaqədardır ki, hazırda bununla bağlı müvafiq mexanizmlər hazırlanır.

Ölkəmizdə elm və təhsilin inteqrasiyası sahəsində mövcud problemlərin həlli üçün elm və təhsil ictimaiyyətindən sistemli, enerjili fəaliyyətin tələb olunduğunu söyləyən akademik A.Əlizadə bu istiqamətdə vəzifələrin icrası üçün səylərin birləşdiriləcəyinə əminliyini ifadə edib.

Təhsil naziri Mikayıl Cabbarov “Azərbaycanın dayanıqlı inkişafını təmin edən elm və təhsilin inteqrasiyası” mövzusunda məruzə ilə çıxış edib. Tədbirin elm və təhsilin ölkəmizin davamlı inkişafındakı rolundan, bu sahədə aparılan islahatlardan, mövcud problemlərdən və problemlərin həll yollarından danışmaq imkanı yaratdığını qeyd edən M.Cabbarov aparılacaq müzakirələrin və qəbul olunacaq qərarların elm və təhsil sahəsində ölkədaxili və beynəlxalq əməkdaşlığın daha da möhkəmləndirilməsini, inteqrasiyasının təmin edilməsini təşviq edəcəyinə ümidvar olduğunu söyləyib.

Bildirilib ki, bu gün müstəqil dövlətimiz Prezident İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində öz inkişafını davam etdirməkdədir. Müstəqillik illərində ölkəmizdə təhsil sistemi sürətlə inkişaf edib. 1990-cı ildə respublikada 105 min tələbə kontingenti ilə cəmi 17 ali təhsil müəssisəsi fəaliyyət göstərirdisə, 2016-cı ildə ali təhsil müəssisələrinin sayı 51-ə, tələbələrin sayı isə 160 minə çatıb. Ali təhsil müəssisələrinə qəbul olunanların sayı 2016-cı ildə 1990-cı illə nisbətdə iki dəfəyədək artıb. Aspiranturada, son illər isə doktoranturada təhsil alanların sayı 1990-cı illə nisbətdə iki dəfədən çox artaraq 2.875 nəfər təşkil edib. Hazırda ölkənin müxtəlif universitetləri və elmi təşkilatlarında 33 min nəfər elmi tədqiqatlarla məşğul olur ki, onlardan da 12 mini fəlsəfə doktoru, 2500-ü elmlər doktorudur.

Təhsil naziri həmçinin universitetlərin nəzdində texnoparkların, startap məktəblərinin və biznes inkubatorlarının yaradılmasına başlanıldığını, bütün bunların alimlərin elmi fəaliyyətlərinin inkişafına xidmət etdiyini deyib. Diqqətə çatdırılıb ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində cari ilin yanvarında Ukrayna və İsraildən olan tərəfdaş qurumların iştirakı ilə açılan startap məktəbinin artıq ilk buraxılışı olub. Layihənin məqsədi Azərbaycanda startap hərəkatına töhfə vermək, gənclərin innovativ ideyalarının biznes həllini tapmasına dəstək göstərməkdir.

M.Cabbarov “Tədqiqat universitetləri”nin yaradılmasının müasir dövrün ali təhsil müəssisələri qarşısına qoyduğu yeni tələblərlə bağlı olduğunu vurğulayıb. Qeyd edilib ki, keyfiyyətli təhsil olmadan yüksək elmi yeniliklərə də nail olmaq mümkün deyil. Təhsil sistemi elmi yeniliklərə, yeni elmi kəşflərə açıq olmalıdır.

Məruzələr ətrafında müzakirələr aparılıb, qərar qəbul edilib. AMEA-nın prezidenti, akademik A.Əlizadənin və təhsil naziri M.Cabbarovun məruzələrinin nəzərə alınması, elm və təhsilin inteqrasiyası üzrə birgə fəaliyyət planının hazırlanması qərara alınıb. Sənəddə ali təhsil müəssisələrinin elmi fəaliyyətinin təşviqi və stimullaşdırılması, təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsi məqsədilə AMEA-nın elmi-tədqiqat müəssisələrində ali təhsil müəssisələri üçün təcrübə mərkəzlərinin təşkili, həmin mərkəzlərdə ali təhsil müəssisələri tərəfindən tədqiqatların aparılması və tələbələrin təcrübə keçməsinə şərait yaradılması, həmçinin birgə elmi tədqiqatların aparılması və elmi-tədqiqat işlərinin nəticələrinin tədris prosesinə tətbiqi və digər məsələlər əksini tapıb.

Tədbirdə çıxış edən akademiklər Dilqəm Tağıyev, Əhliman Əmiraslanov, Abel Məhərrəmov, İradə Hüseynova, Rasim Əliquliyev, professorlar Ədalət Muradov, Mustafa Babanlı ölkəmizdə elmin, təhsilin inkişafı və inteqrasiyası sahəsində görülən işlərdən, həyata keçirilən islahatlardan, dövlət proqramlarından və əldə olunan nailiyyətlərdən söz açıb, təkliflərini səsləndiriblər.

 

Azərbaycan.- 2016.- 22 dekabr.- S. 5.