Jurnalistikamızın Nəsir İmanquliyev nümunəsi

 

Mən özüm filoloqam. Ömrümün müəllimlik çağını Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə həsr etmişəm. Lakin tale elə gətirib ki, elmi-tədqiqat işlərimin əsası klassik jurnalistikamızın, xüsusilə Üzeyir bəy Hacıbəyli yaradıcılığının araşdırılması ilə bağlı olub. Bəlkə elə bu səbəbdəndir ki, uzun müddətdən bəri pedaqoji fəaliyyətimdə həm də Jurnalistika fakültəsi üstünlük təşkil edib. Uzun müddətdir ki, hər səhər Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasına gələndə məni bir az kövrəldən, həm də qürur verən böyük bir elm xadiminin, jurnalistikamızın nəzəri və praktik istiqamətlərini öz fəaliyyətində birləşdirmiş professor Nəsir İmanquliyevin barelyefi ilə rastlaşıram. Xatirə lövhəsində bu sözlər yazılıb: “Görkəmli jurnalistictimai xadim Nəsir Əsəd oğlu İmanquliyev 1947-1998-ci illərdə bu kafedrada çalışmışdır”. Bu böyük müəllim ömrünün 51 ilini tələbələrə jurnalist peşəkarlığının sirlərini öyrətməyə sərf etmişdir.

Mən Nəsir İmanquliyev adının qarşısında “böyüksözünü elə bu sözün böyüklüyü qədər məsuliyyətlə işlədirəm. Çünki universitetdə və bu sıradan jurnalistika fakültəsində birgə işimizdə görkəmli elm xadiminin, jurnalistin böyüklüyünü həmişə hiss etmişəm.

Nəsir İmanquliyev Azərbaycan jurnalistika aləminə yeni, indiyədək olmayan tipoloji qəzet modeli gətirmişdi: “Bakı” və “Bakuaxşam qəzetləri. Onun böyük iradə və milli təəssübkeşlik qayğısı ilə min bir zəhmət bahasına hələ 1958-ci ildə yaratdığı “Bakı” qəzeti o zamankı sovet mətbuat sistemində tamamilə yeni bir tipologiyaya malik idi. Bir az keçdibizim hər axşam qəzet köşklərindən uzun növbələrlə aldığımız, “altmışıncılar”ın sevimli qəzeti olan “Bakı” rus dilində də “Baku” adı ilə meydana çıxdı.

Mən yuxarıda özümün ixtisasca filoloq olduğumu nahaqdan dilə gətirmədim. O zaman Rusiyada olduğu kimi, Azərbaycanda da özünü yeni nəsil kimi göstərən və sonralar “altmışıncılar” adlandırılan bütöv bir ədəbi qüvvədə mən də var idim. Anar, İsa Hüseynov, Bəxtiyar Vahabzadə... kimi ədiblər üçün “Bakı” qəzeti doğma bir tribunaya çevrilmişdi. Onun yaradıcısı və redaktoru Nəsir İmanquliyev yeni ruhlu, yeni düşüncəli ədəbi qüvvələri bu qəzetə məhəbbətlə cəlb edirdi. Deməli, “Bakı” axşam qəzeti təkcə axşama çatdırdığı informasiyanı deyil, bütövlükdə cəmiyyətin bütün təbəqələrini maraqlandıran hər şeyi, o cümlədən ədəbi hadisəni də öz səhifəsinə çıxarırdı. Azərbaycan Prezidenti İlham Əliyevin hələ beş il bundan əvvəl bu böyük aliminictimai xadimin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamındakı fikirlərindən biri indi də yadımdadır: “Müasir Azərbaycan jurnalistikasının təşəkkülündə xüsusi yeri olan Nəsrulla İmanquliyev mətbuatımızın inkişafında əvəzsiz xidmətlər göstərmişdir. O, cəmiyyət həyatının ən müxtəlif sahələrini əks etdirən sanballı yazıları ilə mətbuat tariximizə layiqli töhfələr vermişdir. Onun jurnalistika sahəsində zəngin pedaqoji fəaliyyəti Azərbaycan jurnalistlərinin böyük bir nəslinin formalaşmasında mühüm rol oynamışdır”. Bu, həqiqətən belədir. Çünki Nəsir müəllim Bakı Dövlət Universitetində hələ 1945-ci ildən (hətta MDU-dan əvvəl) yaradılmış jurnalistika ixtisasına ömrünün sonunadək sadiq qalmışdır.

Nəsir müəllimin bioqrafiyasına qısaca nəzər salmaq kifayətdir ki, onun hansı çətinliklərdən keçib gəldiyinin şahidi olasan: onun ömrü ötən əsrin 30-cu illərinin repressiyalarından keçib, “Kommunist”, “Yeni yol” qəzetlərində peşəkarlıq qazanıb, 1941-1945-ci illərdə “Döyüşən Krım” qəzetində rəhbər işçilərdən olub, sonradan yenə də “Kommunist” qəzetində çalışıb, Moskvada Mərkəzi qəzet kursunu bitiribBDU-da müəllimliyə başlayıb.

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Nəsir müəllim haqqında məqalələrinin birində yazır: “Nəsir müəllimin universitet ömrünün böyük bir kəsimini müşahidə etmək mənə də qismət olub. Mən də tez-tez onunla ya universitetin dəhlizlərində, auditoriyalarda, ya da həyətdə rastlaşırdım. Vəzifəmin mənə verdiyi ən böyük şans bütün fakültələrdə çalışan müəllimlərlə ünsiyyətdə olmağım idi. Nəsir müəllim cüssəli boy-buxunundan tutmuş nəzakətli, son dərəcə etik davranışına qədər bütün məqamlarında bizim tarixdən və bədii əsərlərdən tanıdığımız klassik müəllimin tipik obrazı idi.

O, universitet auditoriyalarına kimlərinsə yazdığı mühazirə mətnlərini oxumağa gəlməmişdi, özü tədris etdiyi “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” kursunun elmi-praktik əsəslarını hazırlamaqla yanaşı, redaksiya ilə auditoriya, universitetlə mətbuat arasında bir etibarlı körpüyə çevrilmişdi. Onun tələbələri bu böyük qələm sahibindən təkcə jurnalistikanın nəzəriyyəsini öyrənmirdilər, müəllimlərinin çalışdığı qəzetlərin əməkdaşlarına çevrilməklə öz imzalarını hələ tələbəykən təsdiq etmiş olurdular”.

Nəsir İmanquliyevi bir müəllim, jurnalist, təşkilatçı rəhbər kimi yaxından tanıyırdım. Uzun müddət ciddi partiya vəzifələrində olub, Mədəniyyət Nazirliyinin Baş Radio Məlumat İdarəsinin rəisi, Azərbaycan RadioTeleviziya Verilişləri Komitəsində sədr müavini işləyib. Göründüyü kimi, onun ömrü ən ciddi media mühitinə bağlı olub. Amma bu vəzifələrin heç biri sevdiyi, bağlandığı universitet həyatından onu uzaqlaşdıra bilməyib. Həm universitetdə, həm də “Bakı” və “Baku” qəzetlərində ölkəmiz üçün yüzlərlə jurnalistin yetişməsində misilsiz xidməti olub. Onun “Bakı” qəzeti redaksiyasında yetişdirdiyi Əlabbas Əliyev, Yusif Kərimov, Fazil Rəhmanzadə, Şamil Qurbanov, Famil Mehdi, Nüsrət Kəsəmənli, Şaban Şabanov, Şakir Abdullayevb. kimi əməkdaşlar həm də istedadlı yazıçı və şairlər, alimlər, jurnalistlər kimi ölkədə şöhrət tapdılar. Onun tələbələrindən olan professor Yalçın Əlizadənin sözləridir: “Nəsir İmanquliyevin müasir Azərbaycan jurnalistikasında ən böyük və danılmaz xidmətlərindən biri qəzetdə informasiya xidmətinin yüksək statusunun bərpası yolundakı yaradıcılıq əzmkarlığı olmuşdur. Peşəkar duyumlu informasiya bilicisi idi. Qəzetdə informasiya yaradıcılığını ən vacib və gərəkli sahə hesab edən Nəsir müəllim xüsusən, “Bakı” və “Baku” qəzetlərinə rəhbərlik illərində bir daha təsdiq etdi ki, istənilən qəzetin simasını, nüfuzunu, oxucu auditoriyasını onun düşünülmüş və peşəkarlığa söykənən informasiya siyasəti müəyyənləşdirir. Nəsir İmanquliyev bu sahədə bu gün də güvənc yerimiz olan məktəbini yaratmışdır”.

Nəsir müəllimin tələbələri məhz bu məktəbə söykənməklə elm adamı, peşəkar jurnalist oldular. Bu gün jurnalistika elmi-nəzəri mühitində tanınan alimlərdən biri, filologiya üzrə elmlər doktoru, professor Cahangir Məmmədli öz müəllimini xatırlayarkən deyir:

- Nəsir müəllim jurnalistika fakültəsində bizi bir tərəfdən elmi mühitə cəlb edib, digər tərəfdən rəhbərlik etdiyi “Bakı” və “Baku” qəzetlərində yazılarımızı müntəzəm dərc etməklə, praktik yaradıcılığımızın formalaşmasına şərait yaradıb. O böyük müəllimə və jurnalistə hər cəhətdən mənəvi borcumuz var.

Uzun müddət jurnalistika fakültəsinin dekanı olmuş professor Akif Rüstəmov öz müəllimini belə xatırlayır:

- Nəsir İmanquliyev bir müəllim və rəhbər jurnalist idi, bu, öz yerində. Amma Nəsir müəllim fakültədə bizim həm də havadarımız, güman yerimiz idi. Yadımdadır, o vaxtlar oğul-uşaq evləndirəndə ən çətin şey cehizlik mebeli tapmaq problem idi. Nəsir müəllim həm redaktorluq etdiyi qəzetlərdən gələn, həm də mühüm partiya rəhbərliyindəki vəzifələrdən gələn nüfuzu ilə bizə dayaq olurdu, həmin mebelləri bir saatın içərisində bizə çatdırırdılar.

Beləcə, jurnalistika fakültəsində onunla birgə işləmiş hər kəsin öz müəlliminə dərin hörmət və məhəbbəti var. Mən uzun illər universitet həyatında birgə işimizdən tanıdığım Nəsir İmanquliyevi həmişə yaradıcı ziyalı, ərsəyə gətirdiyi iki möhtəşəm qəzetin nüfuzunu göylərə qaldıran, yetişdirdiyi yüzlərlə jurnalistin məhəbbətini qazanan bir şəxsiyyət kimi tanıyıram. Bu böyük insan haqqında Anar, Elçin, B.Vahabzadə, N.Həsənzadə, Y.Kərimov, R.Məcid... kimi sənətkarlar, akademiklər A.Məhərrəmov, A.Mehdiyev, B.Budaqov, B.Nəbiyev, V.Məmmədəliyev və digər elm adamları, onlarca jurnalist öz yazılarında çox qiymətli fikirlər demişlər. Mən də bu kiçik qeydlərimi onlardan biri - uzun müddət Bakı Dövlət Universitetində Nəsir İmanquliyevlə birgə fəaliyyət göstərmiş akademik Abel Məhərrəmovun sözləri ilə bitirmək istəyirəm: “Bakı Dövlət Universitetinin məşhur simaları ilə eyni cərgədə dayanmaq haqqını hələ çox-çox əvvəl qazanan professor Nəsir İmanquliyevin məhəbbətlə xatırlanan şəxsiyyəti, imzası var. Bu imzalar içərisində ən böyüyü “Bakı”, “Baku” qəzetlərinin komplektlərində saxlanılır. Nəsir müəllim 30 il hər gün axşama doğru bu iki qəzeti çapa imzalamışdır. İşindən-gücündən evə yorğun qayıdan şəhər əhalisinin avtobusda, istirahət parklarında maraqla oxuduğu, bitməkdə olan günün xəbərlərini axşam çağında bilmək istədiyi qəzetlər idi “Bakı” və “Baku”. Yeni tipli mətbuat orqanını məktəb səviyyəsinə Nəsir müəllim qaldırmışdı. Bu məktəbin yaradıcılıq prinsiplərini, mahiyyətini yeni nəslə yenə də Nəsir müəllim özü öyrədirdi.

Bu gün xalqımıza, dövlətimizə, gəncliyimizə, bütövlükdə mədəniyyətimizə xidmət edən Bakı Dövlət Universitetinə görə biz onu yaradanlara, yaşadanlara, çağımıza gətirib çıxaranlara borcluyuq. Nəsir İmanquliyev universiteti bu günümüzə gətirib çıxaran ziyalılarımızın ön cərgəsində duran nəhəng simalardan biridir”.

 

Abdulla ABASOV,

filologiya üzrə elmlər doktoru, professor

 

Azərbaycan.- 2016.- 22 dekabr.- S. 6.